"Mələk
qəlbli insanadır bu kitab..."
Ağamir Cavad "Dəniz
adam"
Qələm püxtələşdikcə, hissə-düşüncəyə
isinişdikcə, bədii
yaradıcılıq da
hobbilikdən, həvəskar
məşğulluqdan çıxır,
işə-peşəyə çevrilir. Amma "göstərişi hansısa
müdirdən, hansısa
briqadirdən almaqla, həftədə beş gün, gündə səkkiz saat yox, Allahın
verdiyi fitrət payını ovqatına kökləyərək, daxili
ehtiyacının "buyuruğu"
ilə vaxt-bivaxt çalışırsan - gah
günəş işığına,
gah çıraq şöləsinə. Üstəlik,
nə qədər yorulsan - taqətdən düşsən belə, yükünü yüngülləşdirmək
üçün kimsəni
köməyə çağıra
bilmirsən... Nəhayət, yazı masası arxasından qalxandan sonra əlavə dəstəkdən yararlanmağa
hüququn olur və son zamanların dəbincə getsən, təbiidir ki, ilk növbədə ədəbi
məhsulunu ictimai zövqə təklif edən birini arayırsan.
Şair
Ağamir Cavad "Dəniz adam"
şeirlər toplusunun
nəşrində, görünür,
heç kəsi əziyyətə salmamaqdan
ötrü, bu zəhməti də öz üzərinə götürüb, ön söz adına oxucularına mənzum məktub ünvanlayıb:
...Məhəbbətlə yoğrulubdu
hər sətir,
Hər sözündən,
kəlməsindən eşq
bitir.
Həqiqətlə sabaha bir yol gedir,
Əbədi bir ünvanadır
bu kitab...
Hər kəlmənin nəmin çəkən daş duzam,
İstəyirəm haqq hikmətin düz yozam.
Qəlb
oxşayan ürək
telli bir sazam,
Qəlb
ağladan kamanadır
bu kitab...
Beləcə, lirika evinin qapısını
üzümüzə açır
və ora dəvəti israrlıqdan,
"girişi" məcburilikdən
çıxarmağı da
unutmur. "Qələm...
nadanları ayıltmaz",
- deyib vurğulayır
ki, hər yetən fəna yerə gözlərini vərəqlərə dirəməsin,
yalnız "...haqqa doğru yol gedən..." kövrək,
həssas,
...Bu dünyada öz cənnətin qazanan
Mələk qəlbli insanadır
bu kitab...
İki yüz qırx yeddi səhifə. Sonetlərin sayını nəzərə
alsaq, təxminən, bir o qədər də şeir. Hamısı
bitkin, hamısı oxunaqlı. Amma aralarında daha uğurlu biri var: "Dəniz adam". Zənnimcə, müəllif onu elə-belə başa çəkməyib, sərlövhəsini
təsadüfən kitabın
üz qabığında
imzası ilə qoşalaşdırmayıb. Səviyyəcə boy verdiyinə,
ümumi məzmunu ödədiyinə görə
aparıcı qüvvə
olaraq qəbul edib:
...Dəyişməz imanını,
düşsə də, borana, qara.
İnamı, inadıyla
tufanlarla döyüşər,
Bulananda
dalğasın
çırpar sərt
qayalara...
Hətta
sonsuz, sərhədsiz
...Göylərə ölçü
qoyub
torpağın mizanında
eşqinin dərinliyi...
"Dəniz adam"
şeiri "Dəniz
adam" kitabının
axırıncı misrasına
qədər bizi müşayiət edir, müəllifin ruh təmsilçisi kimi...
Bədii fikir meydanına az-çox bələd olanlar bilirlər ki, vətənpərvərlik
mövzusunda yazarkən,
pafosdan, ritorikadan yayınmaq son dərəcə
çətindir. Ciddi ədəbiyyatda varlığın-yoxluğun məğzi
məhz həm də bu zaman
dəqiqləşir. Düzüb-qoşmaq "fərasəti", qafiyəpərdazlıq
belə yerdə keçmir. Nəzmkeşlik damğasından qurtulub, şairlikdə qalmağın yeganə şərti isə istedaddır. Poetik tapıntılarla,
orijinal çalarlarla lirik dəyəri aktuallıqdan önə çıxarmağı bacarmalısan.
Prezident,
Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Şuşaya
bir nəfəs qədər yaxınıq"
- cümləsini rədif
seçib, dövrəsini
"külün qaralmağı",
"gülün payızda
açmağı", "sözün qurşunu",
"həsrətin hərb
qırışı" kimi
bəlağətli ifadələrlə
hörərək həzin
bir poeziya nümunəsi yaratmaq hər şairin hünəri deyil:
...Şəhidlik müqəddəs,
ən gözəl ölüm,
Kərəmin külütək qaralmaz külüm.
Payızda gül açır
Xarıbülbülüm,
Bir həsrət
varmıdır bu həsrət qədər?
Yaxınıq Şuşaya bir
nəfəs qədər...
Ən odlu gilizdir sözün
qurşunu,
Sən açdın
həsrətin hərb
qırışını.
Sevirik bu yurdun hər
qarışını
Qələbə xəbərin verən kəs qədər.
Yaxınıq Şuşaya bir
nəfəs qədər...
Gərək dili Ağamir Cavad səviyyəsində
biləsən ki, hamıya görünən,
əksəriyyətin əlinə
bir diyircəkli qələmi alıb, üzərlərinə şığıdığı
mövzuları yumşaldıb
şirinləşdirməyin öhdəsindən gələsən...
Və gənclərə
dövlətini-millətini tanıtdıran "Gözün
aydın, Azərbaycan",
"Salam, əsgərim", "Qalibiyyət bayrağı",
"Xocalı", "Vətən"
adlı şeirlər
yazasan...
"Dəniz adam"
kitabındakı "Pak sevgi"
"amfibiya adam"ın
bir qadına mehri kimi adi
sıradan deyil:
Sənin
vəsfin
nə riyazi ölçülərə sığışdı,
nə fiziki qanunlara.
Nə ədəbi janrlara sığışdı,
nə də əlifbamızdakı
otuz iki hərfin yaratdığı
milyon-milyon arzulara...
...böyüklüyünə görə təkdi sevgim.
...gözəlliyi yandırır
ürəyimin başını...
Böyüklüyünün, gözəlliyinin ən yüksək həddi saflıq, bakirəlik olduğuna görə qorunmaq üçün sığınmadı - "...sığışmadı meridianlara,
paralellərə..." bu
sevgi. Nəfəs dəyməsin, əl toxunmasın deyə,
Bu sevgi nə cismə,
nə cana
sığdı,
Nə göyə, nə yerə, cahana sığdı...
"Meracın mübarək"
Zühurdan ötrü təkcə
bir məkan tapa bildi:
...Ürəyimdən keçir
bu sevginin ekvator xətti...
Ağamir
Cavad qismətinə düşmüş "Tanrının
eşq payı"nı altıncı kitabında da, kainatda canlı-cansız nə varsa, hamısı ilə qızırğanmadan bölüşür.
Qoşmalarında, gəraylılarında, təcnislərində, qəzəllərində,
sonetlərində, sərbəst
şeirlərində dağlara,
qayalara, çiçəklərə,
quşlara, insanlara poetik dualarını yetirir. Nikbin tərzdə! Sabaha ümidlə! "Qəlbi
dəmir adam"lara
belə qarğış
yağdırmır "Dəniz
adam". Sadəcə
xəbərdarlıq etməklə
kifayətlənir:
Ey paxıl insanlar,
namərd insanlar,
Özünüz özünüzü aldadırsınız...
Sadəcə, bəd əməllərindən
əvvəl-axır xəcalət
çəkəcəklərini yadlarına salır:
O, ürək qırdı,
Özünə olan inamla birgə
İnsanlara olan inamı qırdı.
Bir ürək sevgi süzüldü
ürəyinin çatından,
töküldü ayaqlarının
altına.
İllər ötdü...
Zaman onu
Uzun-uzun
yollardan keçirib
gətirdi ürəyinin
ayağına...
Həmişə şeir yazmaq, daha doğrusu, yaxşı şeir yazmaq mümkün deyil. Amma gərək
həmişə şair
olasan, şair qalasan, Ağamir Cavad kimi...
Arif FƏRZƏLİ
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.25.