Yaşıl sarafanlı qız
Hekayə
Pəncərə tərəfdə oturmuşdum. Yanımda oturan
kimi onu tanıdım, ilk dəfəydi
(yaşıl) sarafanda
görürdüm. Düzü, bu
geyimdə İstanbula
uçması mənə
qəribə gəldi.
Gündən qaralan qolları
nazik olsa da, mənə görə, öpüş
və sığalçün
cazibeyi-qüvvə idi.
Əvvəlki iş yerimdə buna xəbər göndərmişdim
ki, xoşum gəlir, fikrim ciddidir. İstəyimi çatdıran qız
ondan "məsləhət
deyil" cavabı gətirmişdi. Evlənmək
istəyən bütün
subay oğlanlar kimi bir müddət
dilxor olmuşdum, o dərəcədə ki, ona mənəvi zərbə vurmaqçün
ikinci xəbər göndərmək ürəyimdən
keçmişdi: mən
səni sevib eləməmişəm ha, - əslində
vurulmuşdum, - sadəcə,
xoşuma gəlmisən,
dədə-baba qaydasıyla
evlənmək istəmişəm,
vəssalam. Sonra unutmuşdum o qızı.
Başqa qızla evlənəndən,
iki qızım olandan sonra heyifimi
çıxmışdım. Bir gün avtobusda bu qız başımın
üstündə duranda
üzünə baxıb,
salam vermədən
gözlərimi pəncərədən
çölə zilləmişdim.
Düzü, cavan qızlara,
ortayaşlı qadınlara
zatən yer vermirəm, amma tanış-biliş olanda,
bəzən könüllü,
bəzənsə zorən
ayağa dururam.
Yanımda oturan kimi "Aa, salam, necəsiz?" - soruşdum. "Yaxşıyam, siz necəsiz?" - onun cavabını bəlkə də eşitdim, yəqin ki, o, mexaniki "yaxşıyam" dedi, səbirsiz halda "nə xoş bir təsadüf" dedim. "Hə", - candərdi reaksiya verdi... Artıq göydəydik.
"Hara uçursuz?"
- həyəcanlandığımdan
bu axmaq sual ağzımdan çıxdı. "Siz
hara, mən də ora," - yüngül ikrahla cavab verdi.
Görünür, ehtirasdan İstanbula
uçduğumu unutmuşdum,
dəhşətli dərəcədə
qolumla onun qoluna toxunmaq istəyirdim.
Təyyarə qəfil hava boşluğuna düşüb
silkələnməyə başladı,
arvad-uşağın qışqırığı
salonu bürüdü. Qəzanı, ölümü gözümün
altına alsam da, fürsəti əldən vermək istəmədim, tez əlini tutub sıxdım, əlini çəkmədi, qolumu onun qoluna toxundurdum,
yenə sus-pus reaksiya. Sevincimin həddi-hüdudu yox idi, qəza,
ölüm vecimə deyildi, o dərəcədə
ki, sarafanın iplərini aşağı
salmaq istəyirdim.
Hava boşluğundan çıxan
təyyarə nəhayət,
özünə gəldi,
qızın əli isə hələ də mənim əlimdəydi, sığallayırdım...
Necə oldusa, biz göl qırağında oturduq və vəhşi ehtirasla öpüşməyə
başladıq, dil dilə, dodaq dodağa qərq oldu. Sonra öpüşməmiz yavaş tempdə davam etdi. Onu deyim, özgə vaxt silikonlu dodaqlara lağ edirdim, amma indi
bu, vecimə deyildi. Sonuncu dəfə üçüncü
kursda oxuyanda, diskotekada ilk tanış
olduğum qızla eynilə indiki kimi, əvvəlcə vəhşicəsinə, sonra
aramla öpüşmüşdüm.
İndi isə ətraf yamyaşıl meşə, önümüzdə
göl, meh əsir, bizsə öpüşməkdən doymuruq,
- elə bil, bütün bunlar yuxuda baş verirdi. Hiss etdim ki, tək öpüşlə
rahatlanmayacam, dodaqlarımı
onun dodaqlarından aralayıb, əllərimlə
qızın hər iki çiynindən yüngülcə itələdim
ki, arxası üstə çəmənliyə
uzansın, mən də...
Bu vaxt qulağıma
səs gəldi. "Allahu
Əkbər, Allahu Əkbər!", yaxınlıqdakı məsciddən
sübh namazının
azanını verirdilər.
Durub yerimdə oturdum, şirin yuxuda olan zövcəmi
yüngülcə dümsüklədim:
"Dur, sübh namazının vaxtıdı".
Yaxşı ki, yuxuda iş qüsl almağa qədər gedib çıxmamışdı və
ən əsası, bu şeylər yuxuda baş vermişdi. Təyyarədən birbaşa göl
qırağına düşməyimiz
necə oldu, onu yadıma salammadım. "Görən,
o qız sonra ərə getdi?". Dəstəmaz almaqçün ayağa
durdum.
13-19 iyul, 2022
Bakı - Zaqatala - Ləkit
(Qax) - Bakı
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2022.-
23 iyul.- S.17.