Mir Möhsün
Nəvvabın Azərbaycan
musiqişünaslığında rolu
XIX əsrdə Şuşa
ən seçkin mədəniyyət mərkəzlərindən
biri və özünəməxsus ənənələri olan
şəhər kimi bir çox alim və sənətkarların
yaradıcılığının pərvəriş
tapması üçün müstəsna əhəmiyyətə
malik məkan idi. Zəngin kitabxanaları ilə tanınan
Şuşada qiymətli kitabların üzünü
köçürən xəttatlar, onlara miniatürlər
çəkən, binaları unikal naxışlarla bəzəyən
rəssam və nəqqaşlar yaşayır, fəaliyyət
göstərirdi. Bu və digər sənətləri öz
yaradıcılığında uğurla birləşdirən
Mir Möhsün Nəvvab (1833-1918) isə bu sənətkarlardan
bilik və bacarıqlarının universallığı ilə
fərqlənirdi.
Doğma
yurdu Şuşanın
mədəni və ictimai həyatında
fəal iştirakı, qabaqcıl mövqeyi ilə seçilən
M.M.Nəvvab dövrünün ədəbiyyat, musiqi, rəssamlıq,
nəqqaşlıq, xəttatlıq, astronomiya və s. kimi sahələrinə
dəyərli töhfələrini vermiş böyük alimi,
mütərəqqi ziyalısı olmuşdur. Təsadüfi
deyil ki, Nəvvabın çoxşaxəli
yaradıcılığından bəhs edən bütün
mütəxəssislər yekdil olaraq onu
"ensiklopedist-alim" adlandırmış, yeni
düşüncə sisteminin formalaşmağa
başladığı yüzilliyin ortalarında yiyələndiyi
orta əsrlərə aid elmi biliklər sisteminin hərtərəfli
və mükəmməl olduğunu vurğulamışlar.
Həmin dövrdə doğma şəhərinin yetirməsi olan onlarca
şair, xanəndə, iyirmidən artıq musiqişünas,
həmçinin xeyli rəssam, memar, xəttat və b. onu
özünə ustad hesab edirdi. Nəvvab irsinin unikallığı
həm də ondadır ki, əksər sələfi və
müasirləri kimi elm və biliklərə yiyələnmək
məqsədilə səyahətlər etməmiş, dini və
dünyəvi elmlərin hər birinə onların ustadı
olacaq səviyyədə məhz doğma Şuşanın
divarları arasında yiyələnmişdir.
XIX əsrin sonlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində
musiqi məclisləri, dərnəkləri təşkil
olunurdu: Bakıda Məşədi Məlik Mənsurov,
Şamaxıda Mahmud Ağa, Şuşada Xarrat Qulu Məhəmməd
oğlunun, Mir Möhsün Nəvvabın təşkil etdiyi məclislər
fəaliyyət göstərirdi. Şuşada ilk musiqi məclisini
Azərbaycan muğam sənətinin inkişafında
böyük rol oynamış Xarrat Qulu təşkil
etmişdir. Dini məqsədlə yaradılmış bu məclisdə
muğam sənəti öyrənilirdi. 80-ci illərdə
M.M.Nəvvabın məşhur xanəndə Hacı
Hüsü ilə birgə Şuşada yaratdığı
"Musiqiçilər məclisi" yalnız
Qarabağın deyil, bütün Azərbaycanın mədəni
həyatında mühüm hadisə idi. Burada musiqinin estetik
problemləri, ifaçılıq, muğam sənəti
müzakirə olunurdu. Maraqlıdır ki, bu musiqi məclisi
bir çox musiqiçilər üçün ilk təhsil
rolunu oynamışdır: sonralar məşhur xanəndə
olan İslam Abdullayev ilk musiqi təhsilinə sözügedən
məclisdə yiyələnmiş, Məşədi Cəmil
Əmirov musiqi nəzəriyyəsi dərslərini Mir
Möhsün Nəvvabdan almış, Seyid Şuşinski
Şərq muğamları və xalq musiqisinin incəliklərini
ondan öyrənmişdir.
Tədqiqatçı Nəsrəddin Qarayev Mir Möhsün Nəvabın evinin mədəniyyət
ocağını xatırlatdığını yazır:
""Məclisi-fəramuşan"ın üzvləri, həmçinin
Qarabağın görkəmli xanəndələri şeir-sənət
və musiqiyə aid məsləhət və təlim almaq
üçün həmişə onun yanına gələrdilər.
Nəvvabın evində musiqiyə aid keçən müsahibələrdə
Seyid Şuşinski, İslam Abdullayev, Məşədi Cəmil
və başqa xanəndələr iştirak edər, ondan
öyrənərdilər. Ümumiyyətlə, Şuşa
ziyalıları, o cümlədən hər iki ədəbi məclisin
üzvləri mübahisəyə səbəb olan
mühüm məsələlərdə, yuxarıda deyildiyi
kimi, həmişə ona müraciət edərdilər".
Nəvvabın bu məclislərdə müzakirəyə
çıxardığı məsələlər sonradan
onun musiqiyə həsr olunmuş əsərlərində,
xüsusən "Vüzuhül-ərqam" risaləsində
geniş şəkildə əksini tapmışdır. Şəriət
qaydalarının musiqi və bütövlükdə incəsənət
növləri ilə bağlı yasaqlarının hələ
də tüğyan etdiyi bir dövrdə musiqi ilə
bağlı risalə yazmaq müəllifdən böyük cəsarət
tələb edirdi. Təşkil etdiyi musiqi məclisləri,
onların formatı onsuz da Mir Möhsün Nəvvabın sənətə
olan sevgisindən, xidmət etmək arzusundan xəbər verir.
Həyat tərzi və şeirlərindən də
göründüyü kimi, M.M.Nəvvab dinə bağlı
bir insan idi. Bununla belə, bu alim və sənətkarın
nümunəsində din və sənətin bir-birinə mane
olan yox, əksinə, insana mənəvi dəyər qatmaq
baxımdan bir-birini tamamlayan anlayışlar olduğunu izləyə
bilirik.
Fərabinin Şərq və
Qərb musiqisinin nəzəri əsaslarını
müəyyənləşdirən "Əl-musiqəl-kəbir"
("Musiqi haqqında böyük kitab");
"türk-İslam musiqi nəzəriyyəsinin inkişaf
tarixində bütöv bir mərhələ
açan" Səfiəddin Urməvinin "Kitabül-ədvar
fi marifətün-nəğam vəl əvtar" (1252);
muğam nəzəriyyəçisi Əbdülqadir
Marağayinin "Əlhani-siqanə" (1377), "Came-əl
əlhan" (1405-1413), "Məqasidül-əlhan",
"Kənz əl-əlhan", "Lahiyyə" , "Risaleyi-
fəvaidiəşərə" kimi musiqi sənətinə
həsr olunmuş əsərlərindən sonra Mir
Möhsün Nəvvabın fars və ərəb dillərində
parçalar yer alsa da, əsasən Azərbaycan dilində
yazdığı "Vüzuhül-ərqam" əsəri
ən yaxşı klassik ənənələr ruhunda qələmə
alınmış, Şərqdə bu qəbil son və
mükəmməl risalələrdən biri kimi qiymətləndirilir.
XIX əsrin sonunda
Azərbaycan musiqisi haqqında Azərbaycan
dilində (ərəb əlifbası ilə)
yazılmış yeganə risalə olan "Vüzuhül-ərqam"
1884-cü ildə qələmə alınsa da, ilk dəfə
1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində
çap olunmuşdur. Qeyd edək ki, əsər 1989-cu ildə "Elm" nəşriyyatında
kiril əlifbası ilə nəşr edilmiş, kitabı
çapa hazırlayan Zemfira Səfərova ona ön söz,
lüğət və şərhlər də
yazmışdır. Sənətşünas alimin
Şuşanın 270 illiyinə həsr olunmuş ikihissəli
"Şuşa - Azərbaycanın musiqi qalasıdır"
kitabının (2021) birinci hissəsi də Mir Möhsün Nəvvabın
"Vüzuhül-ərqam" əsəri haqqında şərhlər
və risalənin ilk dəfə latın qrafikası ilə mətnindən
ibarətdir.
Mir Möhsün Nəvvabın
bu risaləni yazmaqda məqsədi,
özünün də qeyd etdiyi kimi, müxtəlif elm sahələrində
uğurlar qazanan digər millətlər kimi, elmi biliklərə
yiyələnməkdə, mədəniyyət sahəsində
iz qoymaqda millətimizə yardım etməkdir. Nəvvaba görə, hər
bir alim "əhli-islamın içində mövcud" olan
elmlərə əlavələr etməklə millətə
kömək ola bilər, əgər bunu bacarmırsa, heç
olmasa, mövcud elmi materialların üzünün
köçürülüb yayılmasına xidmət etməlidir.
Göründüyü kimi, bütün işlərində
olduğu kimi, Nəvvabın "Vüzuhül-ərqam"
risaləsi də elmin öyrənilməsinə,
yayılmasına xidmət edən bir vasitə idi.
Risalə
"Musiqi haqqında sual-cavabın surəti" ilə
başlayır: "Musiqi elmində məharəti olub,
özü xanəndəlik etməyən, müğənniliyi
və təğənnini (oxumağı) haram sayan bir şəxs
elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda
saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb
öz kitabxanasında saxlasa, caizdir, ya yox? Qüdrətli alimlər,
mərifəti şüar etmiş şəriətmədar fəqihlər
bu barədə nə buyurmuşlar?". Sual kimi cavabın da
surəti eynilə risaləyə daxil edilir: "Musiqi elmini
öyrətmək və öyrənməyin eybi yoxdur, hətta
vacibdir. Amma onu təcrübədə işlətmək caiz
deyil". Maraqlıdır ki, eyni mövzuya müəllif əsərin
sonunda da toxunur və yenə qeyd edir ki, bu risaləni yazmaqda məqsədimiz
yalnız musiqi elmini qüvvətləndirməkdir,
çünki musiqinin elm niyyəti ilə tədqiqi halal, əməli
cəhətdən məşğul olunması isə
haramdır.
Əlbəttə, musiqi məclisləri
təşkil edən, orada xeyli xanəndənin
yetişməsinin səbəbkarı olan Nəvvabın risalədə
məsələyə bu nöqteyi-nəzəri sərgiləməsi
və qeyri-adi həssaslıqla yanaşaraq onu yeri gəldikcə
təkrarlaması özünün dinə, şəriətə
münasibəti ilə bağlı idisə, digər tərəfdən,
dindarlar, şəriət qanunları ilə yaşayan radikal
görüşlü insanlar tərəfindən
qınanmaması üçün özünümüdafiə
rolu oynayırdı.
Həmin dövrdə musiqiyə, bütövlükdə sənətə
islamın münasibəti geniş mənada insanların
musiqiyə münasibətini şərtləndirirdi. Belə ki, əhali dindar kəsimdən
ibarət idi və şəriət qayda-qanunları onlar
üçün olduqca vacib idi. Bu baxımdan Nəvvab
yaradıcılığında musiqi elminin islam kontekstində
şərhi, araşdırılması təəccüb
doğurmamalıdır. Bununla belə, alimin musiqi ilə
bağlı şərhləri, təfsirləri həmçinin
ədəbiyyat və digər sənət sahələri,
başqa sözlə, vahid mədəni sistem çərçivəsində
həllini tapır.
Nəvvab
risalədə nəğmənin
həqiqi və ruhani olduğunu yazaraq qeyd
edir ki, odun cövhəri çaxmaq daşında gizli
olduğu, onları bir-birinə vuranda od əmələ
gəldiyi kimi, musiqi də mülayim (yəqin ki, həssas mənasında)
qəlblərdə əks-səda verir. O, eşitdiklərinə
əsaslanaraq yazır ki, deyirlər, guya imam Əli əksər
hallarda "Quran"ı "Rəhavi" üstündə
oxuyub. "Düzünü Allah bilər" qeydi ilə yenə
də duyduqlarının
doğruluğuna əmin olmadığını
vurğulayaraq Davud peyğəmbərin də "Zəbur"u
"Rəhavi" üzərində qiraət etdiyini
yazır. Mətn boyu göründüyü kimi, Mir
Möhsün Nəvvab musiqi elmi haqqında kitab yazması ilə
dindən uzaqlaşmadığını bəlli etməyə,
əksinə, musiqinin dinin ən əhəmiyyətli
fiqurları üçün belə, dəyərli olduğunu
vurğulamağa çalışır.
Kiçik həcminə baxmayaraq,
dövrün musiqi sahəsini narahat edən
xeyli əhəmiyyətli məsələləri əhatə
edən "Vüzuhül-ərqam"da M.M.Nəvvab müsəlman
Şərqinin Fərabi, İbn Sina, Səfiəddin Urməvi,
Əbdülqədir Marağayi kimi görkəmli filosof və
musiqişünaslarının, həmçinin antik
dövrün (Platon, Aristotel) araşdırmalarına əsaslanaraq,
musiqinin mahiyyəti, estetikası, dinləyiciyə emosional,
müalicəvi-psixoloji təsirindən və
ifaçılıq problemlərindən bəhs etmişdir.
Orta əsr risalələrindən də
bəlli olduğu kimi, musiqi riyaziyyat ilə sıx əlaqədə
inkişaf etmişdir. Ərəb dilindən tərcümədə mənası
"rəqəmlərin izahı" olan "Vüzuhül-ərqam"ın
əhəmiyyətli bir hissəsi muğamlar, onların
quruluşu və onlarla bağlı olan rəqəmlərin
izahına həsr olunub: "4 sout, 7 pərdə, 12 məqam,
24 şöbə, 48 guşə və 15 avaz var ki, onların
bəziləri ouc, bəziləri isə həzizdir". Mir Möhsün Nəvvab risalədə
ayrı-ayrı muğamların, bəzi dəstgahların və
onların adlarının mənşəyi haqqında məsələləri
araşdırır, muğamların şeir mətnləri ilə
əlaqəsi, ifaçı və dinləyicinin
qarşılıqlı münasibətləri, akustika
baxımından optimal yerləşməsi problemlərinə
toxunur.
Özünəqədərki ənənələri davam
etdirməklə yanaşı,
"Vüzuhül-ərqam" bu və digər baxımdan
orta əsr risalələrindən fərqlənir. Nəvvab burada ilk dəfə
olaraq "dəstgah" terminindən istifadə edir və o
vaxt Qarabağda məlum olan altı dəstgahın
("Rast", "Mahur", "Şahnaz", "Rəhavi"
(yaxud "Rahab"), "Çahargah" və "Nəva")
adını çəkir. Nəvvaba görə, ifa olunan dəstgahın
tərkibi bir çox hallarda ifaçının zövq və
qabiliyyətindən asılı olur. O, əsərdə həmçinin
Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82
mahnı və muğam adı çəkir.
Bir neçə muğamın
mənşəyini və adının
etimologiyasını araşdıran Mir Möhsün Nəvvab
"Rast" muğamını bahar küləyinin hərəkəti;
"Rəhavi"ni Rəhaviyyə qəsəbəsinin
adı, həmçinin yağış damlalarının səsi;
dörd nəğmə və guşə ilə təkmilləşmiş
"Çahargah"ı ildırımın çaxması;
"Dügahı" fəvvarədən axan suyun səsi;
"Humayu"nu quşların qanad çalması; "Nəva"nı
aşiqlərin ürəkyaxan naləsi; "Mahur"u suyun
şırıltısı; "Şahnaz"ı
bülbüllərin sədası;
"Üşşaq"ı quşların havada süzməsi;
"Üzzal"ı meteoritlərin hərəkəti ilə əlaqələndirir.
Risalədə, həmçinin müxtəlif
musiqi alətlərinin yaranması,
adlarının əmələ gəlməsi ilə
bağlı rəvayətlər də maraq doğurur. Əsərin "Musiqi alətləri"
hissəsində milli alətləri simli və nəfəsli
olmaqla 2 qismə ayıran Nəvvab ikinciləri də 2 yerə
ayırır: 1) tam nəfəslə çalınan ney, şən,
nay, həlq və s. 2) ərğənun. Simli alətlərə
isə qanun, tənbur, nüzhət, cəng, ud, saz və s.
aid edir. Nəvvab bu fəsildə Şərq musiqi alətləri
ilə yanaşı, skripka, fleyta, qarmon, orqan, qusli və
fortepiano kimi Avropa və rus musiqi alətlərindən də
müəyyən qədər bəhs edir. Burada musiqi alətləri
haqqında məlumatlar kifayət qədər geniş və əhatəli
olmasa da, oxucuda müəyyən təsəvvür
yaratmağa bəs edir və öz dövrü
üçün bu bilgilər xeyli dəyərli idi. Belə
ki, istənilən əsər və onun əhəmiyyətinin
miqyasından bəhs edərkən məsələyə
dövr kontekstindən yanaşmaq vacibdir.
Orta əsr muğam nəzəriyyəsi ənənələrinin
yer aldığı bu əsərdə Mir Möhsün Nəvvab
orta əsr risalələrində ətraflı bəhs
olunmuş interval, ritm, tetraxord kimi məsələlər
üzərində yenidən dayanmağa gərək
duymamış, əsasən, praktik əhəmiyyətə
malik məsələlərə vurğu etmişdir.
Musiqişünas bəzən ənənəvi musiqi bilgilərindən
kənara çıxır, əlavə və dəyişikliklər
edir ki, bu da onun risaləsinin orijinallığından xəbər
verir. Göründüyü kimi, müəllif musiqi elmi ilə
bağlı bilgilərini paylaşarkən kor-koranə təqlid
yolunu tutmur, öz düşüncəsincə doğru və
ya uyğun olanı təqdim edir.
Sənətşünas Z.Səfərova "Vizuhül-ərqam"ı
yalnız Azərbaycanda deyil, bütün
Şərq ölkələrində muğam
ifaçılığının və incəsənətin
vacib məsələlərindən bəhs edən qiymətli
bir musiqi əsəri hesab etdiyini yazır. "Vüzuhül-ərqam"
öz dövründə Azərbaycan musiqisi barədə Azərbaycan
dilində yazılıb nəşr olunmuş yeganə risalə idi. Üstəlik,
bütün Şərqdə, xüsusən musiqi haqqında
risalələrin az olduğu bir dövrdə Şuşada belə
bir əsərin ərsəyə gəlməsi əlamətdar
hal idi.
Elmin müxtəlif sahələrinə
aid Azərbaycan, fars və ərəb dillərində iyirmidən
artıq əsər yazmış Mir Möhsün Nəvvabın
musiqi elminə həsr olunmuş əsərlərindən biri
də mətni tapıb üzə çıxaran tədqiqatçı
G.Şamilli tərəfindən "Avropa ibtidai musiqi
savadı dərsliyi" adlandırılan əlyazmasıdır.
Bu kiçik həcmli əsər Gültəkin Şamilli tərəfindən
fars dilindən tərcümə edilərək, onun ön
sözü və şərhləri ilə 1995-ci ildə Azərbaycan
və rus dillərində çap olunub. Əsərin yaranma
tarixi haqqında dəqiq məlumat olmadığından tədqiqatçı
onun yazılma tarixini "1890-1918-ci illər ərzində"
kimi mücərrəd şəkildə təqdim edir. Buradan
belə başa düşmək olar ki, bəlkə də, Nəvvab
vaxtaşırı bu əsər üzərinə
qayıtmış, lakin sona çatdırmamışdır.
Belə ki, cəmi 6 səhifədən ibarət
yarımçıq əlyazmanın birinci təlimində
musiqinin əlifbası öyrədilir, sədalar izah olunur:
musiqi səslərinin yüksəlib-enməsi, enib-yüksəlməsinin
müxtəlif növləri ərəb hərfləri vasitəsilə
işarə edilir.
Dərslik xarakterli bu əsərin 2-ci təlimində isə səsin
vaxt məsafəsi, metro-ritm mövzuları əhatə edilir:
müəllif "həzin", "uzun" və "sərt"
adlandırdığı səsləri - zəngulələri
nöqtələrlə işarə edir. Məsələn, zəngulə
4 nöqtə, yarım zəngulə 2 nöqtə və onun
yarısı qədər səs isə 1 nöqtə ilə
işarə edilir. Zənguləni tam ifadə etmək istədikdə
işarələr sistemində dörd nöqtə əvəzinə,
"o" işarəsi qoymaqla, bir növ, səsin
tamlığını, bütövlüyünü əks
etdirir.
Nəvvabın hansı səbəblərdənsə
tamamlanmamış bu musiqi dərsliyi
temperasiya sistemi hüdudlarında birsəsli diatonik
melodiyaların yazılıb-oxunmasına imkan verir. Baxmayaraq ki, ümumi qəbul
olunmuş fikrə görə, Azərbaycanda Avropa musiqisi ilə
bağlı ibtidai təhsilin tarixi 1931-ci ildən (Üzeyir
Hacıbəylinin redaktəsi ilə tərtib olunan "Not
savadı" dərsliyi) başlanır, Nəvvabın dərsliyi
ilə bu tarixin xeyli irəli - əsrin əvvəllərinə
doğru çəkildiyini demək olur.
Dərslik müəllifinin ərəb
əlifbası əsasında təqdim
etdiyi notları A.İ.Puzırevskinin "Musiqi-nəzəri
biliklərin əsasları" kitabı ilə müqayisə
edən sənətşünas G.Şamillinin əyani təqdimat
üçün hazırladığı cədvəldən
aydın olur ki, Mir Möhsün Nəvvab Qərb musiqi nəzəri
bilgilərindən olduğu kimi, özündən öncəki
Şərq musiqi risalələrindən də xəbərdardır
və tərtib etdiyi kitablar sələflərindən bəhrələnməklə
yanaşı, özünün əlavə və dəyişiklikləri
ilə ərsəyə gəlib.
Tədqiqatçı faktları müqayisə edərək
Nəvvabın tərtib etdiyi bu notasiyanın M.F.Axundzadənin
əlifba islahatının ilk variantı olduğu barədə
düşündürücü bir mülahizə irəli
sürür: Belə ki, M.F.Axundzadənin 1957-ci ildən
başlayan (bəzi tədqiqatçılar bu tarixi daha əvvələ
çəkirlər) əlifba layihəsinin ilk mərhələsi
ərəb əlifbasında saitlərin ekvivalentinin təklifinə
əsaslanır. Həmin dövrdə M.M.Nəvvab məktəbdə
dərs deyirdi. Bu iki ədib görüşməsə də,
Nəvvab M.F.Axundzadənin əlifba islahatları layihəsindən
Xurşidbanu Natəvan vasitəsilə xəbərdar ola bilərdi
və təxminlərə görə, öz məktəbinin
şagirdləri üçün dərslik kimi nəzərdə
tutulan "Avropa ibtidai musiqi savadı dərsliyi"nin
yazılmasında məqsəd "sadə vasitələrlə
təhsil almaq ideyası"nı musiqi nəzəriyyəsinə
tətbiq etmək olmuşdur. Tədqiqatçı Gültəkin
Şamilli maraq doğursa da, dəqiqləşdirilməsinə
ehtiyac duyulan bu mülahizəsini belə əsaslandırır:
"Azərbaycan və qonşu müsəlman ölkələri
mədəniyyətlərinə Axundov əlifbasının
müvəffəqiyyətli tətbiqi şəraitində yeni
notasiya məna etibarilə həmin əlifbanın bir hissəsi
kimi Avropa musiqi nəzəriyyəsinin, güman ki, məhdud
çərçivədə mənimsənilməsinə
imkan verə bilərdi". Başqa sözlə, tanış
olmayan not işarələrinin öyrənilməsinə
ehtiyac qalmazdı. Prinsipcə, cəlbedici olan bu ideya həyata
keçirilmədən "dərslik" Mir Möhsün Nəvvabın
üzə çıxmayan əlyazmaları arasına
qarışıb. Bəlkə də, müəllif
ideyasının reallaşma potensialına güvənməyib
və ya onu hər hansı səbəbdənsə tamamlamaq
imkanı olmayıb. Hər bir halda, Nəvvabın "Avropa
ibtidai musiqi savadı dərsliyi" əsəri Azərbaycan
musiqi tarixində not sisteminin tətbiq edilməsi sahəsində
ilk hesab ediləcək qədər qəti addım olmaq
imkanını əldən verib. Bununla belə, sözügedən
əlyazma Avropa musiqi nəzəriyyəsi ilə bağlı
Azərbaycanda təsəvvür yaratması baxımından və
bütövlükdə müəllifinin maarifyönlü fəaliyyətinin
əhəmiyyətli bir detalı, istiqaməti kimi olduqca dəyərlidir.
Həmçinin mədəniyyətlərarası (Avropa musiqi
nəzəriyyəsinin Azərbaycan musiqisinə
inteqrasiyası) və intermedial (əlifba və musiqi
notları) əlaqələr baxımından böyük
maraq doğurur.
Mir Möhsün Nəvvab, həmçinin "Kəşfül-Həqiqeyi-Məsnəvi"nin
3-cü hissəsində musiqi elminə çox geniş, ətraflı
yer verir və həmin hissəni belə adlandırır:
"Şəriət qanunlarına görə, öyrənilməsi
və hətta öyrədilməsi caiz və hətta vacib
sayılan, ancaq təcrübə olaraq ifa edilməsi haram
sayılan musiqi elmi, muğamat, onun şöbə və
guşələrindəki bəzi istilahların bəyanı".
Fars dilində yazılmış (tərcümə
R.Hüseynova) bu poemada Nəvvab musiqinin nəzəriyyəsi
ilə bağlı məlumat verərək, sahəyə dərindən
bələdliyini əks etdirir. "Muğamların
adları", "Şöbələrin adları",
"Guşələrin adları" və "Avazların
adları" hissələrində muğamla bağlı
bilgilər verir. Məsnəvinin musiqiyə həsr olunmuş
hissəsində xüsusi bədiilik nəzərə
çarpmır və aydın görünür ki, müəllifin
məqsədi muğam haqqında nəzəri bilgiləri
poema çərçivəsində oxucuya
çatdırmaqdır.
Beləliklə, əminliklə deyə bilərik ki, Şuşanın mədəni və
ictimai həyatında fəal iştirak etməklə
bütövlükdə Azərbaycan mədəniyyətinin
inkişafına böyük töhfələr bəxş
etmiş Mir Möhsün Nəvvabın musiqimizin inkişaf tarixində əhəmiyyətli
rolu danılmazdır.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.18-19.