Taleyi kədər yüklü

Xurşidbanu Natəvan

 

"Xan qızı" təxəllüsü ilə tanınmış Xurşidbanu Natəvan XIX əsrin ikinci yarısı Azərbaycan poeziyasının inkişafında öz mövqeyi ilə seçilmiş sənətkarlardan olmuşdur. Uşaqlıq dövrü sonuncu Qarabağ hökmdarı atası Mehdiqulu xanın sarayında keçərkən, tərbiyəsi ilə təcrübəli ustadlar və tərbiyəçilər məşğul olmuşlar. Eyni zmanda Natəvanın mənəvi baxımdan inkişafında M.F.Axundzadə ilə tanışlıq aparıcı rol oynadığından, o, artıq gənc yaşlarından ictimai problemlərə daha dərindən nüfuz etməyə can atmışdır.

Natəvan hələ 15 yaşına çatmamış atası Mehdiqulu xanın qəflətən vəfatı onun həyatına son dərəcə tutqun və kədərli səhifələr yazmışdır. Atasının ölümü əslində Natəvan üçün faciəyə bərabər olmaqla, həm də dövrün özü son dərəcə mürəkkəb idi. Eyni zamanda bu, elə bir dövrə təsadüf edirdi ki, Rus imperiyası iki onilliyə yaxın idi Azərbaycanda, o cümlədən onun ürəyi Qarabağda at oynadır, yerli xalqa qarşı ardıcıl olaraq diskriminasiya və müstəmləkəçilik siyasəti sərgiləyirdi. Belə siyasəti Qafqaz canışini M.S.Vorontsov Tiflisdə otura-otura xalqa məxsus torpaqların əlindən alınması ilə ona qarşı təzyiqlər edərək həyata keçirirdi və belə olduqda Mehdiqulu xanın da torpaqları, ona məxsus ərazilərdə təhlükə altında qalırdı.

Vəziyyətdən çıxış məqsədilə Mehdiqulu xanın zövcəsi Bədircahan bəyimin qızı Natəvanla Tiflisə getməsi məcburi addım kimi ortaya çıxırdı. Həmin dövrdə canişin M.S.Vorontsovun şəxsi adyutantı, kumux türklərindən olan Xasay xan Usmiyev canişinlə Bədircahan xanımın görüşünü təşkil etmək üçün Natəvanın onun arvadı olması şərtini irəli sürür. Şərt onları mürəkkəb vəziyyətə salsa da, Bədircahan bəyimin onunla razılaşmaqdan başqa bir yolu qalmırdı. Yalnız bundan sonra canişinliyin onların torpağına qarşı iddiası səngimişdi.

Elə belə hallardan başlayaraq görmək olur ki, Natəvanın şəxsi həyatı heç zaman üzünə gülməyəcəkdi. Bundan conra baş verənlər isə daha ağrılı olmuşdu. Nə Xasay xanla, nə də ikinci əri Seyid Hüseynlə bağladığı nikah ona xoşbəxtlik gətirməmişdi. Xasay xan Natəvanı tənha qoyub Dağıstana, öz vətəninə yollandıqdan sonra, o, tamamilə köməksiz qalmış, Seyid Hüseynlə ailə qurduqdan sonra isə vəziyyət bir qədər qaydasına düşsə də, 1885-ci ildə ağır xəstəlikdən dünyasını dəyişmiş ikinci nikahdan doğulmuş Mirabbasın dərdi Natəvanı son dərəcə sarsıtmış və belə hal onun içində ovunması mümkün olmayan mənəvi-ruhi böhran yaratmışdır. Odur ki, Natəvan bütün kədər və qüssəsini "Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!" qəzəlində onun özünün ailə faciəsini xüsusi rənglərlə necə yaratmağa çalışdığını görürük:

 

Yıxıb bu könlüm evin, eyləyib viran getmə!

Yoxumdu tabu təvan, firqətə, cavan, getmə!

...Səninlə rövşən idi qəlbim, ey gözüm nuri!

Güman ki həng ola bu canıma cahan, getmə!

 

...Çıxaydı, kaş gözüm, görməyəydi hicranın,

Ölüncə, bil, edərəm, naləvü fəğan, getmə!

...Di yumma gözlərini, qoy görüm doyunca səni,

Gözümdə cari edib əşk, həm rəvan, getmə!

 

Bizə elə gəlir ki, Natəvan bu tipli qəzəllərində oğul itkisi ilə bağlı fəryadını yetərincə böyük ağrı ilə ifadə edə bilmişdir. Nəinki nümunə gətirdiyimiz, həm də Natəvanın "Getdi", "Sənsiz", "Ölürəm", "Əlvida" və digər qəzəllərində oğlu Mirabbasla bağlı dilə gətirdiyi nümunələrin poetik rəngləri, onlarda yer almış diqqətçəkiçi intonasiya son dərəcə orijinal, həm də üzücü təsir bağışlayır. Natəvan insanların keçirdiyi kədərin əksər stadiyalarını yaşayıb, onun daxilini didib-dağıtsa da, burada inkar, qəzəb, kompromis, depressiya kimi kədər mərhələləri olsa da, o, əziz oğlunun ölümünü sona qədər qəbul edə bilməmişdi. Yeri gəlmişkən xatırladaq ki, kədərin stadiyalarının müəyyənləşdirilməsi konsepsiyası yalnız XX əsrin 60-cı illərində Can Boulbi və Kolin Mürrey Parks tərəfindən ortaya atılmış, sonralar bu konsepsiyanı Elizabet Kübler-Ross ölümcül vəziyyətdə olan xəstələr üzərində müşahidələr aparmaqla inkişaf etdirmişdir. Bununla belə, Natəvanın Mirabbasla bağlı keçirdiyi sarsıntılar sanki kədər stadiyasının bütün mərhələlərindən keçməmiş, o, oğlunun ölmünü qəbul etməmiş, öz içində (həm də qəzəllərində) itirilmiş övladın canlı obrazını yaşatmağa çalışmışdır. Belə ovqatı biz Natəvanın "Getdi" qəzəlində daha aydın hiss edirik:

 

Nə yaxşı munis idi, heyif nagəhan getdi,

Məni bu möhnət əra qoydu əlaman, getdi.

 

O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm,

Hilaltək qəddimi eylədi kəman, getdi.

 

...Məni bu möhnət əra qoydu didəsi giryan,

Bəlayi-hicrə salıb, qoydu bağrı qan getdi.

 

Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,

Deyərmisən ki, nə növ ilə Natəvan getdi.

 

Natəvan sevimli və əziz oğlundan sonra yaşamağı sanki özünə rəva bilmir. Odur ki, heyifsilənərək oğlunun nagəhan gedib, anasını əlamanda qoyduğunu, didəsinin giryana qərq olduğunu, onu bəlayi-hicrə salıb, bağrını qan edib getdiyini, dərddən-kədərdən Mirabbasın məzarı üstünə gəlib "əyləndiyini" və özünün dünyadan necə köçəcəyini təsirli poetik boyalarla təsvir etdiyinin şahidi oluruq.

Bütün bunlar bir daha sübut edir ki, min bir bəlaya düçar olmuş Natəvanın lirik qəzəlləri onunçün həyatın mənasının necə itdiyini göstərir. Natəvanın "Ağlar", "Sənsiz", "Əfsus", "Ağlasın", "Olaydı" və digər bu kimi lirik parçalarında biz onun içini param-parça edən hisslərinin fəryad etdiyinin şahidi oluruq, elə "Sənsiz" qəzəlində olduğu kimi:

 

Mənə bədtərdi düzəxdən,

            əzizim, gülistan sənsiz!

Olur hər sünbili-süsən

            gözümdə bir tikan sənsiz!

 

...Əliftək sərv qəddin,

            can içində getdi, qəmxarim!

Necə aram tutsun, bilməzəm,

            cism içrə can sənsiz?

 

...Nəzər qıl, qönçeyi-lalə

            misalı bir-biri üstən

Çəkilmiş sinəmə, gör kim,

            necə daği-nəhan sənsiz!

 

Natəvanın halı son dərəcə dözülməzdir. Həyatı, yaşamı Mirabbassız təsəvvür belə etmir, yarasına məlhəm tapmır, onu ovunduracaq heç bir şeyə bel bağlamır. Sanki qəlbi daim qan ağlayır, qüssə-kədər onun hisslərini dondurduğundan, öz köməksizliyindən məhvə məhkumdur. Bununla belə, dərd-kədər onu poetik-nostalji hisslər tərənnümçüsü edib, içində, qəlbində təlatümlər yaradıb. Hesab edirik ki, bu da təsadüfi deyil. Çünki 1864-cü ildə Qarabağda Mirzə Rəhim Fəna tərəfindən əsası qoyulmuş "Məclisi-üns" ədəbi dərnəyi 1872-ci ildən başlayaraq Xurşidbanu Natəvanın rəhbərliyi ilə fəaliyyət göstərərkən bu ədəbi məclisin şan-şöhrəti həmin dövrdə geniş yayılmışdı. Əgər Mirzə Rəhim Fəna dövründə "Məclisi-üns"ün cəmi 4 üzvü vardısa, Natəvanın dövründə burada toplaşan poetik fikir sahiblərinin sayı 30-a çatmışdı. Belə bir münbit poetik mühitdə Natəvanın bədii səriştəsi, poetik fəhmi təbii ki, getdikcə cilalanırdı. Təsadüfi deyildir ki, klassik Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçı Firidun bəy Köçərli özünün "Azərbaycan ədəbiyyatı" kitabındakı "Xurşidbanu Natəvan" adlı müxtəsərində yaradıcılığı ilə bağlı təqdiredici fikirlər söyləməklə, onun son dərəcə ağıllı və tərbəyəli, bənzərsiz poetik zövqə malik olduğunu söyləmişdir. Bundan başqa, onun Mirzə Rəhim Fəna və Qasım bəy Zakir hecasına pozitiv təsir edib, onların yaradıcılıq dəst-xəttini cilaladığını da dilə gətirmişdir.

Natəvanın lirik dünyası - daim hərəkətdə olan qəm və kədər aysberqini xatırladır. Elə buna görə də Natəvanın poetik misraları və bəndləri oxucuda son dərəcə bədbin elegik əhval-ruhiyyə yaradır. Bununla belə, Natəvan şeirlərində fərdi hiss və düyğuların tərənnümündən, fərdi korporativ maraq və şikayətdən ictimai həyatın eybəcərliklərinə nəzər yetirdiyini, dövrün əyintilərini öz rəngləri ilə təsvir etdiyini də görmək olur. Belə hallarda onun yaradıcılığında Füzulidə olduğu kimi özünü daha çox nümayiş etdirən ibarə və hecalar, ifadəli konstruksiyalar diqqət mərkəzində dayanır. Natəvanın lirik obrazlarının dil üslubu, ritm və qafiyəyaradıcı elementləri, seçmə rədifləri, əruzun harmonik xüsusiyyətləri, əsərlərindəkı ümumiləşdirici mənəvi-ruhi süjetlər diqqət mərkəzində dayanır və belə olduqda fərdi ağrı-acıları ictimai-fəlsəfi motivlərlə culğaşır.

Natəvan yaradıcılığı ilə mülahizələrimizi irəli sürərkən onun əsərlərinin rus tərcümələri haqqında da bəzi ümumiləşdirici fikirlərimizi ortaya qoymağı gərəkli hesab edirik. Qeyd etməliyik ki, Natəvanın qəzəllərinə rus şairlərinin maraq göstərməsi hələ 30-cu illərdən başlamışdır. Həmin dövrlərdə Azərbaycan poeziyasının qədirbilənləri Marqarita Aliger və Yevgeni Dolmatovski şairin bir neçə poetik nümunəsini V.Luqovskoy və S.Vurğunun redaktorluğu ilə 1939-cu ildə Moskvada nəşr olunmuş "Azərbaycan poeziyası antologiyası"nda rus oxucularına çatdırmışlar. Bundan xeyli sonra bakılı rus şairi Abram Plavnik 1982-ci ildə Natəvanınn lirikasını daha geniş tutumda rusdilli oxucu ictimaiyyətinin ixtiyarına vermişdir. 2009-cu ildə isə Anarın baş redaktorluğu ilə Bakıda nəşr olunmuş "Azərbaycan poeziyası antologiyası"nın birinci cildində (prof. Həsən Quliyevin tərtib etdiyi bu kitabda) Natəvanın qəzəlləri M.Aliger, L.Qlebova, Y.Dolmatovski və A.Plavnikin tərcümələrində təqdim olunmuşdur. Yəni demək istəyirik ki, Natəvanın rusdilli oxucu ilə tanışlığının yaşı artıq 90-ı haqlamaqdadır. Bununla belə, Natəvanın şeirlərinin rus tərcümələri həm də ayrıca tədqiqat obyekti olaraq təhlillərə cəlb edilməlidir. Çünki əlimizdə olan tərcümələri orijinalla tutuşdurduqda onların arasında ciddi uyğunsuzluqların şahidi oluruq. Ən başlıcası isə rus mütərcimlərinin heç də bütün hallarda Natəvan poeziyasının bütün təravətini, aydınlığını, ətrini, solmazlığını, intonasiyasını və harmoniyasını qoruyub saxlaya bilmədəklərini və bununla da onun lirikasının milli koloritinin və atributikasının saxlanılmadığı qənaətindəyik.

Xurşidbanu Natəvan adı Azərbaycanda daim böyük hörmətlə yad edilmişdir. Elə böyük şair Səməd Vurğunun 50-ci illərdə onun yaradıcılığı ilə bağlı təqdiredici mülahizələri, İlyas Əfəndiyevin 80-ci illərdə oxuculara və tamaşaçılara təqdim etdiyi "Xurşidbanu Natəvan" dramı da ölməz şairimizə yaradıcı insanlarımızın sevgisinin daimi olduğunu xatırlatmaqdadır. 2022-ci ildə ölkə Prezidentinin Natəvanla sərəncamı da dediklərimizin bariz sübutudur. Natəvan kimi əvəzsiz poetik fikir sahibləri ölmür, onlar yalnız bir yaşam məkanından digərinə keçirlər. Artıq bu gün azad edilmiş Qarabağımızda Natəvanın ruhu aramla uyumaqdadır.

 

Nizami TAĞISOY

Professor

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.23.