Bahadırın qılıncı hardadır?

 

"Evimizin sevinci" povestindən parça

 

Nənəmlə tək yaşayırıq. Nənəm tez-tez fikrə gedir.

- Görəsən, üçün məktub yazır, xəbər göndərir? - deyir.

Anam gedəndən sonra neçə gecə keçdiyini artıq xatırlamıram. Anam gedəndən bu yana evimizdə çox şey baş verib: inəyimiz doğub, qara, buynuzlu qoyunumuzun da iki quzusu olub; quzulardan biri qaradır, o birisi . Hava soyuq olanda quzuları evə gətiririk. Onlar hələ çox balacadır, heç qanmırlar. Gah sobaya söykənib yunlarını yandırırlar, gah da hündür sandığın üstünə tullananda yerə yıxılırlar. Quzular yeyib qızışandan sonra evin içində qaçıb oynaşmağa başlayırlar.

- Eh, yazıq heyvanlar, gör necə sevinirlər! - nənəm deyir.

Nənəm hörməyi saxlayıb eynəyin altından quzulara baxır, gözləriylə mənə işarə edir ki, baxım. Sap yumağı dizlərinin üstündən yerə düşür. Nənəm cəbhədə olanlar üçün əlcək toxuyur.

Mən yerdə oturub valenkalarımla oynayıram, çubuqları valenkalarımın üstünə düzüb körpü düzəldirəm.

Nənəm yenə hörməyə başlayır, əlləri işləyir, özü isə mənə baxıb deyir:

- Gör necə sevinirlər, necə oynayırlar! Quzular da tək olmadıqları üçün şəndilər. Sənin bacın, ya da qardaşın olsaydı, yaxşı olardı...

Nənəmin yanına qaçıb çiyninə qısılıram.

- Fəridin qardaşı var, Maratın da bacısı var. Mənimsə heç kimim yoxdur, - deyə şikayətlənirəm.

- Bacın olsaydı, onu sevərdin? - nənəm soruşur.

- Ço-o-ox sevərdim! O-o-o! Kaş bacım olaydı!.. Onu həmişə əlimin üstündə gəzdirərdim, bir dəfə yerə salmazdım. Marat necə eləyir, elə!

Nənəm yumşaq əliylə başımı sığallayır. İstəyirəm yenə nəsə desin, amma o susur, daha bir kəlmə danışmır.

Körpümün yanına qayıdıram. Amma körpü artıq yoxdur. Quzular oynayanda budaqları yerə salıb. Quzular şəndir, çünki iki dənədirlər. Mənsə tək oynamaq istəmirəm. Kaş, doğrudan da, bacım olaydı! Çıxıb sandığın üstündə otururam. Nənəm deyən bacı gözümün qabağında canlanır, elə bil lap canlıdır. Onu elə aydın görürəm ki. Əvvəlcə balaca görünür, bir az keçəndən sonra isə böyüyüb Maratın bacısı Fəhimə boyda olur. Onun saçları sarıdır, qırmızı paltarının üstündə isə qazımızın gözlərinə oxşayan xırda dairələr çəkilib.

Bütün günü bacı haqqında fikirləşirəm.

Gecə yerimə uzanıb nənəmin işini qurtarmasını gözləyirəm. Hərdən elə olur ki, nənəm gəlib uzanmamışdan qabaq məni yuxu aparır. Amma bu gün yata bilmirəm. Bayırda çovğundur. Külək pəncərə qapaqlarını çırpır, səsi bütün evə yayılır.

Bu qiyamətdə isə atam evdədir, anam! Bəlkə onlar indi hardasa soyuqdan donurlar... Bəs mənim bacım? Mənə elə gəlir ki, o, atamla anamın yanındadır...

Nənəm samovarın suyunu boşaldır, külünü təmizləyir. O, hər axşam gündəlik işlərini bununla yekunlaşdırır. İşığı söndürüb mənim çarpayımdan bir az aralıda, öz yerinə uzanır. Başımı isti adyalın altından çıxarıb yavaşcadan deyirəm:

- Nənə, nənəcan, nağıl danış da.

- Ay gecə quşu, hələ yatmamısan? - nənəm soruşur.

- Cəmisi bir dənə nağıl danış, nənəcan, sonra yatacağam, - deyə yenə xahiş edib yerimdə ona tərəf çevrilirəm.

Ev qaranlıq sakitdir. Elə bil bayırda külək daha əsmir. Nənəm danışmağa başlayır. Onun səsi getdikcə boğulur, elə bil hardansa uzaqdan gəlir... yox, uzaqdan yox, qədim-qədim zamanlardan.

- Qədim-qədim zamanlarda, - nənəm danışır, - yer üzündə bahadır Timerbəy yaşayırdı. Bir dəfə ilan bədənli on iki başlı padşah onun ölkəsinə hücum etdi. Bu padşah özüylə saysız-hesabsız ordu gətirmişdi. Timerbəy igidləriylə bir yerdə ölkəsini qorumağa yollandı. Timerbəyin Ay üzlü, ulduz gözlü bacısı Gülnur isə evdə qaldı.

Bir dəfə Gülnur rəfiqələriylə bir yerdə göldən su gətirməyə gəldi. Birdən tufan qopdu. Qızlar qaçışıb qamışlıqda gizləndilər. Tufan kəsiləndən sonra qızlar qamışlıqdan çıxdılar. Bircə Gülnur üzə çıxmadı. Rəfiqələri gölün ətrafında Gülnuru axtarmağa başladı, axşama qədər axtarsalar da, onu tapa bilmədilər. Beləcə Ay üzlü, ulduz gözlü Gülnur yoxa çıxdı.

İgid bahadırlar ilan bədənli, on iki başlı padşahı qovub sevinc içində evə qayıtdılar. Timerbəy evə qayıtdı. Amma evə çatan kimi sevinci kədərlə əvəzləndi. Heç qanadlı atından yerə düşmədi, bircə anda qırx verst uzaqlıqdakı düşmənə çata bilən qılıncını qınına qoyub Gülnuru axtarmağa getdi.

Bahadır bir ay getdi, bir il getdi, yeddi dənizdə üzdü, yeddi dağı aşdı.

Timerbəy dağ mağaralarından birində saçlı qocaya rast gəldi.

"Salam, babacan! Hansı yol səni bu dağlara gətirib çıxarıb?" - deyə bahadır soruşdu.

"Yolçu, yolun uğurlu olsun! - deyə qoca onu salamladı. - Sən, igid, deyəsən, soruşdun ki, məni hansı yol bura gətirib çıxarıb? Elə mən sən gələn yolla gəlmişəm".

Timerbəy atdan düşüb qocanın qarşısındakı daşın üstündə oturdu. Qoca danışmağa başladı:

"Mən sənin kimi cavan olanda əjdaha bacımı oğurladı. Uzun illər ərzində bacımı axtardım nəhayət, indi tapdım. Bu dağın arxasında qızıl damlı dəmir saray var. Əjdaha orda yaşayır. Amma mən artıq qocalmışam, heydən düşmüşəm, əjdahayla döyüşmək üçün gücüm qalmayıb".

"Yəqin, mənim bacım da o saraydadır. Gəl tez gedək! Belə görünür ki, ikimizə eyni bədbəxtlik üz verib", - Timerbəy bunu deyən kimi atına mindi.

"Səbrli ol, igid, - qoca dedi. - Mən özüm cavanlıqda adlı-sanlı bahadır idim. Amma bu əjdahaya yaxın getmək mümkün deyil. O, sarayına kiminsə yaxınlaşdığını görəndə alov püskürür, o alov qırx verstdən adamı yandırmağa qadirdir".

Timerbəy qocanın sözünü eşidən kimi qılıncını qınından çıxardıb oynatdı qocanın gözləri önündə yerdən göyəcən ildırım çaxdı.

"Bu, qisas qılıncıdır", - Timerbəy dedi qılıncın sehrli gücü haqqında qocaya məlumat verdi.

Bir-birinə qoşulub yola düzəldilər. Gündüz getdilər, gecə getdilər. Səhər bahadırlar hündür dağın zirvəsinə çatdılar. Burdan dəmir saray görünürdü. Sarayın qızıl damı günəş vurduqca parıldayırdı. Sarayın ətrafında isə hər şey qapqara idi, torpaq yanıb külə dönmüşdü. Birdən saraydan bahadırların üstünə alov püskürməyə başladı. Alov getdikcə yaxınlaşır anbaan gurlaşırdı.

"Bu alovu çox görmüşəm, - qoca dedi. - Əjdaha bizi görüb saraydan çıxıb".

Getdikcə böyüyən alovun isə bahadırlara çatmağına lap az qalmışdı. Bu vaxt Timerbəy qılıncını qınından çıxarıb alova zərbə endirdi. Dalbadal zərbə endirsə , alov guruldamağa davam edirdi. Alov bahadırları əhatəyə aldı, üzlərini qarsmağa başladı, amma Timerbəy qıpqırmızı qızarmış qılıncını yerə qoymadı. Timerbəy alovla gecə-gündüz vuruşdu. Üçüncü gün alov yavaş-yavaş səngidi. Timerbəy addım-addım əjdahanın sarayına yaxınlaşmağa başladı. Qoca da onun dalınca gedirdi. Üçüncü günün axşamı alov tamam söndü, yerdən qara tüstü çıxdı. Bu tüstüləyənlər əjdahanın vurulmuş on iki başı idi.

Bahadırlar dəmir sarayın yeddi qapısını sındırıb içəri girdilər. Saray ölkənin ən gözəl qızlarıyla dolu idi, hamısını əjdaha qaçırtmışdı. O qızların arasında Timerbəy , qoca da öz bacısını tapdı. Bütün əsirləri azad edib evə qayıtdılar. Yolda qayıdarkən sevinib-şənlənir, hətta sevincdən ağlayırdılar. Əlbəttə, sevinəcəkdilər, başqa cür ola bilərdi ki?

Nənəm nağıllarını həmişə gözlənilmədən bitirir. O, heç vaxt Mansur baba kimi axırda demir: "Ondan sonra şad-xürrəm yaşamağa başladılar".

Susuram. Gözlərimin qabağında Temirbəyin sehrli qılıncı ildırım kimi parıldayır.

- Nənə, bəs o bahadırın qılıncı indi hardadır? - özümü saxlaya bilməyib soruşuram.

Nənəm səbirsizliklə cavab verir:

- Atandadı indi, Yamil, həmin qılınc indi sənin atandadır... Yat artıq, yat...

 

Mustay KƏRİM

 

Tərcümə: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.20.