Sən yaratdın şeirimizin Vətənin  

 

Ramiz Qusarçaylının səs-küyə səbəb olan, hadisəyə çevrilən yeni yazdığı  "Vətən" poeması kitabı taleyimizin tariximizin qan yaddaşı ruhunu əks etdirən vətənçiliyin anatomiyasıdır.Oxucu auditoriyasının böyük marağına səbəb olan bu kitab yüksək tiraj satış sayına görə son illərin nəşrləri sırasında ən çox oxunan reklam olunan çap məhsuludur. Nəfis tərtibat yüksək poliqrafiya üsulu ilə nəşr olunan "Vətən" poemasını geniş anlamda həm türklüyün İbrət Manifesti adlandırmaq olar! İbrət dərslərindən qazandıqlarımız qədər gələcək nəsillərə verəcəklərimizin fövqündə yalnız yalnız bir amil dayanır: Türkün yol xəritəsi! Üçüncü minilin fiziki varlığının yuxarı "sam" hissəsində, yəni baş qafasında yerləşən sağlı-sollu, habelə onurğa beyinlərində ən çox çaşdırılmış Saq türklüyü Ata kultunu xilas eləmək... Çünki hər birimizin üzərində "Tarix" adlanan provokasiyalar həyata keçirirlər. Ən əsası onlardan xilas olmaqdır. Xilas olmağın yollarını isə Ramiz Qusarçaylı öz poemasında Tanrıdan gələn ilahi şeir misralarıyla böyük həvəslə qələmə almışdır. Bu mənada müəllif bizlərə çox ağır şərəfli missiyanı daşımağı, o cümlədən, üzərimizə düşən yükü sona qədər çəkə biləcəyimizə And içməyimizi  tövsiyə edir.

O qaladığı Türk ocağını öz şeirlərilə sönməyə qoymur. Onu alovlandırır, qızışdırır, şölələndirir. yaxşı ki, bu ocağın közü təkcə özümüzü yox, dünyanın hər tərəfinə səpələnmiş milyonlarla soydaşımızın Vətən sevdasını sönməyə qoymur. Bu gün o sevgini Günəş işığı qədər qəlblərdə şölələndirən Ramiz Qusarçaylı taleyimizin yeni poeziya vətəninin təməlini qoyur. Ürəklə deyə bilərəm ki, dahi söz peyğəmbərimiz Məhəmməd Füzulinin yaratdığı vətən fəlsəfəsinin bir közü məhz Ramiz Qusarçaylının elə özüdür.

 

Gəl, gəzək tarixin mənbələrini,

Gəzək Vətən-Vətən türbələrini,

Gəzək kitab-kitab kitabələri,

Gəzək yazı-yazı sərdabələri,

Keçək Midiyadan, Mannadan bir ,

Dolaşaq tarixin ucqar yerini,

Açıb günə sərək arxivlərini...

 

İdeologiya hər bir xalqın tarix boyu düşüncələrinin yekunu fəlsəfi tamlığıdır. Bu tamlıq isə bir xalqın poetik düşüncə tərzini gen yaddaşında bəşəri hissin anatomiyasını formalaşdırır. Azərbaycan xalqının milli ideologiya vətənçilik ideyasının kökündə poeziyanın rolu mən deyərdim ki, siyasi dünyagörüşün rolu qədərdi. Daha doğrusu, bir az da ondan üstündür.

Absurd həyat həqiqətlərini hər bir xalqın öz dilində təhtəlşüur məna qatlarına o dilin gücü ilə yerləşdirmək şairdən böyük məharət, ustalıq, sərrastlıq səliqəlilik tələb edir. Əgər Azərbaycan türk dili Xl əsrdən vətənçiliyin əsas qayəsi sayılırsa, Ramiz Qusarçaylının bu dilin imkanları çərçivəsində qələmə aldığı "Vətən" poeması dediklərimizi mütləq mənada təsdiq etmiş olur.

 

Türkün Tanrı dili öz dili idi,

Qopuz dili idi,

saz dili idi,

O boyda cövlanın,

cəngin içində,

O boyda ləngərin,

rəngin içində,

Türkün təlim dili müqəddəs savaş,

Türkün savaş dili dərs dili idi,

Ancaq...

dövlət dili fars dili idi...(?!)

 

Vətən məsələsini ədəbiyyatda ilk dəfə qabardan Abbasqulu ağa Bakıxanov olub. O, "Gülüstani-irəm" əsərində vahid Vətən problemini qoyub bölünmüş Vətənin faciəsini göstərib.

XlX əsrdə Azərbaycan tarixi ədalətsizlik nəticəsində ikiyə bölünərək rus fars imperiyaları tərəfindən işğal edildi. Vətənçilik Azərbaycan ziyalılarının təfəkküründə bu işğaldan sonra gündəmə gəldi. Əslində, vətənimiz ikiyə yox, ona qədər bəlkə iki yüz yerə parçalanmışdı. Bir ucu Arazdan yuxarı Arran (Kürün şimalındakı Şirvan, cənubundakı Albaniya - Ərsaq) Arazdan aşağıdakı Midiya (Mada-Batı) Arran-İran Midiyanın qərbindəki qədim Borçalı (indiki Gürcüstan, Ermənistan Urmiya - Rum mahalı) nəzərdə tutulur. Dərbənddən Börü (pers) körfəzinədək olan bir hissə böyük Cavidin xarakterizə elədiyi kimi "atəşlə suyun öpüşdüyü" müqəddəs məkana qədər hissə-hissə alınaraq 2 milyon 800 mim kv.km-dən 114.000 kv.km-dək azalmışdı.

Söylədiklərimiz əsərdə şeir diliylə diqqətdən yayınmır.

 

Arazdan bu tayda, -

Azərbaycanda,

Damarı Dərbənddə,

qanı Şirvanda,

Bir əli dənizdə, bir əli dağda,

Ruhu göy üzündə,

canı torpaqda,

Sığınıb bir halal ocağa, oda,

Tarıxi qədim bir coğrafiyada,

Gözündə qığılcım,

cəngində vüqar,

Tayfalar varıydı, -

Cəsur tayfalar.

 

"Kəşkül", "Əkinçi" qəzetlərində, "Molla Nəsrəddin" "Füyuzat" jurnallarında ilk olaraq Azərbaycançılıq Türkçülük ideyalarının təbliği vətənçilik epoxasının ilk təməl daşlarını qoydu. Ramiz Qusarçaylının tarixi ədalətsizliyə münasibəti olduqca maraqlıdır.

 

Yeni rəng gəlirdi, çalar gəlirdi,

İctimai rəyə, siyasi rəyə,

Gəlirdi "Əkinçi",

"Molla Nəsrəddin",

"Müsəlman xeyriyyə cəmiyyətləri",

Dövlət binaları,

"İsmailiyyə"...

 

Dahi Firudin bəy Köçərli 1901-ci ildə özünün rusca ilk ədəbiyyat tarixini yazanda onun adını "Azərbaycan tatarlarının tarixi" adlandırır. O vaxt ruslar Azərbaycanlı sözünü çıxarıb "tatar" yazmışlar. Nəinki Azərbaycan sözünü, hətta XlX əsrin sonunda bu sözü xəritələrdən belə çıxarıb Qafqaz sözü ilə əvəz etmişdilər.

"Vətən" poemasında tariximizin keşməkeşli yollarına yeni baxış analitik təhlil oxucunu vətənçilik qayəsində bir yerə toplayır. Bu birlik həmrəylik çağırışı Vətənə səslənən şair harayıdır. Çünki Vətənin tarixi qudsal ruhların kainatın tarixi qədərdir.

 

İlahi, zülmümüş Vətəni sevmək,

İlahi, ölümmüş Vətəni sevmək,

Sevən ürəklərə qara çəkiblər,

Vətən deyənlərin dilin kəsilib,

Vətən deyənlərin başı kəsilib,

Vətən deyənləri dara çəkiblər,

Vətən deyənləri ağlar qoyublar,

Gözünün içində od qalayıblar,

Vətən deyənləri şaqqalayıblar.

 

Onu da qeyd etməliyəm ki, Azərbaycançılığı ilk dəfə Azərbaycan qayəsi adı ilə ictimai təfəkkürə Məmməd Əmin Rəsulzadə gətirmişdir. Müəllif əsərində bu məqamı da nəzərdən qaçırmamış, saf əxlaqına təmiz vicdanına sadiq qalaraq tartix qarşısında öz münasibətini bildirmişdir.

Gələcəkdə böyük vahid Azərbaycan Cümhuriyyətinin yaranma nüvəsinin ilk poetik qığılcımı olan "Vətən" poeması əminəm ki, yeniliyin Ana yasası kimi misilsiz dəyərə layiq görüləcəkdir.

 

Böyük Məmməd Əmin Rəsulzadənin

Vətən harayından,

Vətən səsindən,

Vətənin Türk-islam iradəsindən,

Süzülüb gəlirdi ilk partiyalar,

İlk milli qurumlar,

milli şuralar,

Öndə "Müsəlman Gənclik Təşkilatı"ydı,

İlk milli azadlıq hərəkatıydı.

 

Tarixin dərin qatlarını vərəqləyən şair türkün söykökünü yaranış bünövrəsinin rişələrini poetik duyğularla kəlmə-kəlmə, misra-misra qafiyələndirir.

 

Şumer, -

Altı min il eradan qabaq,

Tarixdə ən qədim sivilizasiya,

Qədim mədəniyyət, qədim od-ocaq,

İki çayarası, -

Mesopotamiya.

Gəl,

gəzək Akkadi, Babilistanı,

Daş cizgilərində, gilyazılarda,

Yaşanır tarixin Şumer dastanı

Basma qəliblərdə, Mil yazılarda...

 

Şirin dili axıcılığı olan bu poema tarixi-fəlsəfi baxımdan Azərbaycan ədəbiyyatının ən sanballı poeziya nümunələrindən biri sayıla bilər. Keçmişlə bugünü gələcəyi eyni istehkamda canlandıran şair yatmış tarixin alt qatlarının psixoloji subyektlərini cəsarətlə açıb göstərmişdir. Şair alternativləri sevməyən tarixin doğru düzgün, açıq gizli sirlərini oxucuların müzakirəsinə verməklə yalanın həqiqət olmadığı qənaətini ortaya qoyaraq özünün sevdiyi Vətən idealına sadiq qalmışdır. Bu sadiqlikdə Ramiz Qusarçaylının tənhalığını Vətən içində özünü qürbətdəki kimi hiss etməyini qeyd etməmək insafsızlıq olardı. Əlbəttə, bu əlahəzrət tənhalıq Ramizin sözün həqiqi mənasında Ana Vətən hesab etdiyi müqəddəsliyə qanı canı qədər rahib olmasından irəli gəlir.

Poeziya tükənəndə İnsan təklənir. İnsan təklənəndə cəmiyyət təklənir.Cəmiyyət təklənəndə isə Vətən təklənir. Ramiz poeziyanı Ruhun ehtiyacından daha çox "Vətən yaşasın" - deyə, iliyinə qədər sevdiyi vətəni belə vəsf eləyir. Onun yolunda son nəfəsinədək əlindəki qələmlə vuruşmağa and içir.

 

xırman bir, dən birdi,

Döyən min-min, bədən birdi,

Mən ha deyim Vətən birdi, -

İkidi Araz dilində.

 

Əmir PƏHLƏVAN

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.21.