Müharibəyə şeir
yazmayın
Dünya
müharibəyə getdi...
İndi,
damı uçur başına,
evi yıxılır,
arzuları bombalanır...
Tanklara çırpılıb dağılır,
təyyarələrdən atılır,
PUA-larla vurulur,
yanıb kül olur dünya...
Yıxılmış yuvalardan ah qalxır göylərə!..
Atları,
üzünü Allaha tutub kişnəyir,
otları ağlayır,
itləri zingildəyir,
qurdları ulaşır...
İlanları,
tısbağaları suda haqlayır ölüm,
şəhid olur,
yuvasına yem daşıyan qarışqa
sürüsü...
Hava döyüşündən
geri qayıtmır ümid böcəkləri...
Gözlərini, əllərini, ayaqlarını
itirir,
əlil olur dünya...
Şirə çəkməyə çiçək tapmayacaq
bal arıları...
Mən,
müharibəyə şeir
yazmaq istəmirəm
Günəşə, Aya elçi düşürəm,
havaya, suya, torpağa yalvarıram,
küləyə, yağışa
əl açıram,
Tanrıya çatdırsınlar səsimi...
Mən,
ölümü öldürmək
istəyirəm,
ölümə şeir
yazmaq istəmirəm!..
Ölümdən nənni asılmaz,
ölümdən uşaq
doğulmaz,
ölümdən ana olmaz...
Sən də müharibəyə
şeir yazma...
Çağır qayıtsın müharibədən,
sülhə gəlsin
dünya...
sülh gəlsin dünyaya...
Kağız gəmi, kağız
adam
O sahilə çıxmaq üçün,
Qeydən hami göndər mənə.
Bir qələm də qoy içinə,
Kağız gəmi göndər mənə.
Yalandan başımı qatır,
Bu ələk-vələk xəyallar...
Bu şəhid-həlak xəyallar,
Bu beşik-bələk xəyallar...
Səliqəsiz ümidlərin,
Küləkləri yorur məni...
Ətirləri vurur məni...
Qaytarıb çırpır sinəmə,
Şüşə məni, büllur
məni...
Bir ovuc toza döndərir,
Bu soyuq yellər adamı...
Bu şirin dillər adamı...
Neyləsəm, qızdıra bilmir,
Bunca dərdi-sər odamı...
Oturum kağız gəmiyə
Çıxım bu damdan, İlahi...
Çıxım o damdan, İlahi...
Sən də naxışla könlümü,
Ortaya bir adam
çıxart
Kağız adamdan.., İlahi...
Səhər tezdən kəndimiz
Azan səsi səpələnir
üstünə...
işıq-işıq diksinib oyanır evlər...
otların şehini
dərir Günəş...
yarpaqlar gərnəşib
qalxır yuxudan...
çiçəklər,
utancaq təbəssümlə
boylanır ətrafa...
Açılır
göz-göz pələd
qapıları,
yol başlayır küçələr...
uşaqları dərsə,
böyükləri işə
aparır.
Qoyunları örüşə,
heyvanları otlağa
çıxarır...
Qarr-qarr
sevinir ala qarğalar,
yem eşqinə cik-cik atılıb düşür
boz sərçələr...
Yaşlıları xatirələr çəkir
özünə,
cavanları gələcək...
Daha kim qaldı
ki, bu küçədə...
o getdi.., bu getdi...
gedənlər,
gələnlərə dəsmal
verib ovutdu...
gedənlər,
qalanları özündən
belə soyutdu...
Köhnə qapılar köhnə
patefon kimidi,
təzə mahnı
oxumur,
atam balası...
köhnə qapılar
təzə sevdalara
qaynayıb-qarışmır,
ağrın alım...
Yaxın
otur, dərdləşək...
***
Dünya
- uçuş meydançası...
İnsanlar təyyarə...
Kimi uçar,
kimi qəzaya uğrayar...
Könül darağı
Qolumun büküşündən öpmüşdün...
elə həmin yerdən
deşdi damarımı
tibb bacısı...
Soyuq havalarda
özünü qoru demişdin,
qoruya bilmədim, bağışla...
sən yoxsan.., və mən indi
sətəlcəmlə baş-başayam...
Hava,
tənhalıq əsir
bu dəfə..,
payız köçür
yaddaşımdan,
ağrı keçir
ürəyimdən,
sükut uçur
başımdan...
Mənə bir daraq göndər,
könlümə çəkməyə...
Fraqmentlər
Hara baxsan şeirdi...
Elə bu solğun bənizli gecə,
dibçəkdəki güllər...
pəncərə şüşəsində
çiliklənən
yağış dənələri...
yolların qırağında
soyuqdan büzüşüb
titrəyən
köməksiz otlar...
hər şey...
bircə,
geniş masa üstündəki büllur
güldanda
boynu bükük çiçəklərə yazıq...
Şəkil albomum çəkir
məni -
gah yerdən, gah da göydən...
deyirlər anam da ordadı..,
yalandı, inanmıram!
Axı
o, həmişə mənimlədir..,
evdə, yolda, maşında...
Müharibə bitib,
bəs,
sənin ayaqların
niyə gəlmədi...
gözlərini,
qollarını,
əllərini harda unutmusan, əsgər?!.
İndi məni gendən
tanır köpəklər
Nə olubsa mənə olub, sənə nə...
Nə gəlibsə səndən
gəlib, biləsən!
Adam kimi yaşamağa qoymadın,
Heç
olmasa adam
kimi öləsən...
İndi
məni gendən tanır köpəklər,
Zingildəyib ayağıma baş
qoyur...
Bir əl gəlib yığdığımı dağıdır,
Biri hər gün sinəm üstə daş qoyur...
Şirin
olur ümidlərin sabahı..,
Yağış yağır, navalçalar
oxuyur.
Yumaqları göydən asıb
İlahi,
Fatma nənəm
mənə çələng
toxuyur.
Qada görməz qada alıb yaşayan,
Yol çəkirəm bu
"ah"dan o "ah"acan...
Əl qoyuram bu Kitaba,
Qələmə,
And içirəm məndən,
səndən, "O"nacan...
Nə oldusa mənə oldu, əzizim...
Çəkirsən, daş gəlir
bəxtindən qabaq
Bu da o günlərdən bir xatirədi..,
quş dimdiyində,
dəvə belində,
adam dilində gətirdi...
Sındırıb atdı qayadan gəlincikləri...
O, əlvan,
məxməri bürüncəkləri
çəmənlər götürüb
çəkdi başına...
çəkdi bu torpağın hər qarışına...
Biz də bir mağara
səssizliyində,
Verdik bu kirayə ömrü yuxuya...
Verdik bu zamanı, vaxtı yuxuya,
Atdıq
tilov kimi baxtı yuxuya...
Çəkirsən,
daş gəlir bəxtindən qabaq,
Dəvənin hürgücü əzir canını.
Quş da dimdiyindən ilişib tora,
Adamlar dilindən çəkir yanını...
Adamlar
edama bəhsə-bəhs
gedir,
Minlərcə dan üzü, minlərcə qan var.
Bu yerin altında, Göyün üstündə,
Kamına
yetişən neçə
adam var?!.
Hamı
öz ömründən
bir xatirədi...
qartal qanadında,
durna köçündə,
dəvələr belində
apardı getdi...
Qədərə yoluxur adam
Yaşlandığını etiraf etmir kimsə..,
Amma
qaçaq düşən
yuxusuyla,
həyatı itirmək
qorxusuyla,
növbənöv ağrılarla
bir az şəkərə,
bir az kədərə,
sonra da qədərə yoluxur adam...
Bir az iştahı
azalır,
bir az dili qısalır...
bir gün gözü,
bir gün qulağı,
bir gün də əli işdən qalır...
Bir gün ayaqları uduzur yollara...
bir az ağırlaşır,
bir az nağıllaşır...
ən zalım adam da
sonda fağırlaşır!..
Bir az tündməcaz,
bir az cığal olur,
uşaqlaşır tamam...
Bu dünyayla hərə bir cür sağollaşır,
yazılanla hərə
bir cür razılaşır...
Deyirlər ki, qocalır adam!..
Şahnaz ŞAHİN
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.20.