Pakistanli alimlər Nizami
Gəncəvi
məqbərə
kompleksini ziyarət ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın Lahor Dövlət Universitetindən gəlmiş geniştərkibli alim heyəti ilə birlikdə “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” adlı Beynəlxalq konfrans keçirilməkdədir. Konfrans çərçivəsində Pakistandan Azərbaycana gəlmiş alimlərdən ibarət heyətin qədim və tarixi şəhərimiz olan Gəncəyə səfəri təşkil olunub. Səfərdə məqsəd Azərbaycanın qədim və zəngin mədəniyyətini, tarixini qonaqlara əyani şəkildə göstərmək və böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət etmək olub.
Səfər dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəbri üzərində ucalan möhtəşəm məqbərəsinin ziyarəti ilə başlayıb. Qonaqları AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin tapşırığna əsasən, Bölmənin İşlər idarəsinin müdiri, akademik Rasim Tağıyev, tanınmış nizamişünas alim, porfessor Xəlil Yusifli, Nizami Gəncəvi irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov qarşılayıblar.
Professor Xəlil Yusifli pakistanlı qonaqlara şairin qəbri üzərində ucalan möhtəşəm məqbərədə Nizami Gəncəvinin zəngin bədii irsi, onun milli kimliyi barədə ətraflı məlumat verib. Daha sonra böyük şairin atası Yusifin və anası Rəisənin məzarları, Nizami Gəncəvinin muzeyi ziyarət olunub. Nizami Gəncəvi məqbərə-kompleksinin müdiri Gülnarə İsmayılova, bələdçilər Hava Hüseynova, Ləman Nemətova Nizami Gəncəvinin yaradıcılığı haqqında, muzeydə saxlanılan eksponatlarla bağlı geniş və əhatəli məlumat veriblər.
Səfər çərçivəsində 44 günlük Vətən savaşı zamanı erməni silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində dinc sakinlərin qətl edildiyi ərazi ziyarət olunub, xatirə guşəsi, raket hücumundan qalan dağıntılar qonaqlarda dərin təəssürat yaradıb.
Daha sonra Gəncə şəhərinin mərkəzində yerləşən Şah Abbas məscidini, Cavad xan türbəsini, Gəncə filarmoniyasını gəzən qonaqlar şəhər və onun tarixi haqqında zəngin bilgilər əldə etmək şansını qazanıblar.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncəyə səfər konfrans iştirakçılarında böyük təəssürat yaradıb.
Xatırladaq ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru. akademik İsa Həbibbəylinin tapşırığına əsasən səfərə İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, İnstitutun baş meneceri Rəşad Qasımov rəhbərlik ediblər.
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.19.