Özbəyin azərbaycanlı
yazıçısı
Anarın Özbəkistanda nəşr
olunmuş yeni kitabı haqqında
Anar
Özbəkistanda ən çox tanınan Azərbaycan
yazıçılarındandır. Onun Daşkənddə çapdan
çıxmış "Mütləq görüşərik"
adlı yeni kitabı yazıçının Özbəkistanda
nəşr olunan altıncı kitabıdır. 1978-ci ildə
"Ağ liman", 2004-cü ildə "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", 2016-cı ildə
"Sən, mən, o və telefon", 2018-ci ildə
"Göz muncuğu", 2021-ci ildə təkrarən
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
nəşr olunmuşdur.
Hələ
neçə il əvvəl özbək bəstəkarı
E.Kalandarov Anarın "Zəncir" hekayəsi əsasında
musiqili komediya yazmış və bu əsər Mukimi adına
Dövlət Teatrında uğurla tamaşaya qoyulmuşdur. Bu yaxınlarda isə Özbəkistanda
yazıçının "Asılqanda işləyən
qadının söhbəti" hekayəsi əsasında
qısametrajlı film çəkilmişdir.
Anarın
2022-ci ildə çıxmış "Mütləq
görüşərik" adlı yeni kitabına
"Keçən ilin son gecəsi", "Gürcü
familiyası", habelə "Mütləq görüşərik",
"İlin fəsilləri", "Etiraf", "Zəncir",
"Marallarım", "Bir stəkan su",
"Başımızın ağası", "Əl-əli
yuyar" satirik hekayələri, "Dantenin yubileyi",
"Ağ qoç, qara qoç" povestləri və
yazıçıyla geniş müsahibə daxildir.
Özbəkistan mətbuatının xəbər verdiyi
kimi, kitabın yazıçıların, alimlərin
iştirakıyla geniş müzakirəsi keçirilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin Özbəkistana səfəri
zamanı çıxış edən Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-özbək ədəbi
əlaqələrindən danışarkən bu müzakirəni
də qeyd etmişdir.
Məşhur
özbək yazıçısı Erkin Əzimin redaktəsilə
şap olunan yeni kitaba tanınmış özbək
yazıçısı Məmədqulu Həzrətquluyev
ön söz yaşmışdır. Ön
sözü oxucularımıza təqdim edirik.
Özbəyin azərbaycanlı
yazıçısı
Anar - Azərbaycan Xalq yazıçısı.
Anar - dünya yazıçısı.
Anar Azərbaycan dilində yazan özbək yazarı, yəni
özbək oxucularının sevib oxuduğu
yazıçılardan biridir. Onun bir çox əsərləri
özbək dilinə tərcümə edilib. "Dantenin yubileyi", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" kimi povest və
romanları, onlarca hekayəsi özbək dilində dəfələrlə
çap olunub. Özbəkistan
televiziyasında "Dantenin yubileyi" povesti əsasında
çəkilmiş videofilm nümayiş etdirilib. "Mən, sən, o və telefon" və
"Keçən ilin son gecəsi" hekayələri
radiopyeslər şəklində səslənib. Mən
bu böyük yazıçı ilə 1979-cu ildə tanış olmuşam. Ondan əvvəl
onun əksər əsərlərini oxumuşdum. O vaxt
qırx bir yaşı olan Anar təkcə Azərbaycanda deyil,
bütün İttifaqda, bir çox xarici ölkələrdə
tanınan, milyonlarla oxucusu olan bir yazıçı idi. Həmin ilin iyununda Azərbaycanda Özbək ədəbiyyatı
və incəsənəti dekadası keçirildi. Dekada
iştirakçıları - özbək və azərbaycanlı
yazıçı və şairlər, incəsənət
xadimləri beş qrupa bölünərək
respublikanın müxtəlif bölgələrində
görüşlər keçirirdilər. Mənim
iştirak etdiyim qrupda Anar da var idi. Açığı,
bu məni çox sevindirdi. Çünki
Anar kimi tanınmış yazıçı ilə
görüşmək, ünsiyyət qurmaq mənim kimi gənc
yazıçı üçün, doğrudan da, sevindirici
hadisə idi. Üstəlik, səyahət
(üç gün səyahət etdik) əyləncəli, həyəcanlı
və maraqlı idi. İnsanlar bir-birini
tanımaq üçün yol yoldaşı olmalıdır.
Həmin üç gün ərzində
Anarı tanıdım. Yadımda qalan əsas onun sakit adam olmasıdır. Kimsə nəsə
soruşanda qısa cavab verir, demək olar ki,
danışmır. İclaslarda
çıxış etmədi, özünü göstərməyə
çalışmadı, sanki həmişə nəsə
fikirləşirdi. İri çərçivəli
eynəkləri onun güclü bədən quruluşunu daha
da cəlbedici edirdi. Onunla danışmaq istəyirdim, amma nəsə
soruşmağa çəkinirdim. Çünki görkəmi,
davranışı, nəhayətdə az
danışması buna imkan vermirdi. Buna baxmayaraq
səfərimiz zamanı söhbət etdik. Yadımdadır, o da məndən bəzi şeyləri
soruşdu. Həmçinin ən çox
oxunan özbək yazıçıları kimlərdir və
kimin əsərlərinin rus dilinə tərcümə
olunduğunu soruşdu. (O vaxt hansı əsər rus
dilinə tərcümə edilib Moskvada çap olunsaydı,
dünyaya yol açılardı. İndiki kimi
özbək dilindən birbaşa tərcümə deyə bir
şey yoxdu). Yenə "Sizdə tabutu
götürəndə niyə belə sürətlə
yeriyirlər?" soruşduğunu xatırlayıram. Bu, yazıçının müşahidəçiliyinə
işarə idi. Hara olsaydıq, kitab
dükanlarına gedirdik. Anar müəllim
kitablarından bir neçəsini alıb mənim
üçün imzaladı. Onunla dəfələrlə
görüşüb söhbət etmişəm. Bir dəfə (1988-ci ildə) Bakıda ezamiyyətdə
olanda Anar müəllimi görmək üçün
Yazıçılar İttifaqına (ittifaqın sədri
olub, indi də bu vəzifədə işləyir) getdim.
Qəbulda xeyli adam vardı. Onların
çoxu yazıçıya oxşamırdı. Qəbul otağı mənə
Yazıçılar Birliyinin sədrini yox, icraiyyə komitəsini,
qubernatoru və bu kimi idarələri xatırlatdı. Katib içəri girib haqqımda məlumat verəndən
sonra məni içəri dəvət etdi. Müəllimin vəziyyətini soruşduq, o da
Özbəkistan, özbək yazıçıları barədə
soruşdu. Bildiyim qədər cavab verdim.
Sonra fikrimi bildirdim.
- Düz
başa düşdünüz, - dedi Anar müəllim. - İndi Birlik yazıçıların problemindən
daha çox, başqa insanların qayğıları ilə məşğuldur.
- O qəlyanını yandırıb dərindən nəfəs
aldı. - İnsanlar bura ümidlə gəlirlər.
Necə yox deyə bilərsən? Yox, bura mənzil və ya pensiya, əlillərin
problemi ilə məşğul olan yer deyil demək olar? Xeyr, mən bunu deyə bilmərəm. Bacardığım qədər kömək etməyə
çalışacam... - Telefonlardan biri zəng çaldı.
Anar müəllim üzr istəyib dəstəyi
qaldırdı. Salamlaşdıqdan sonra dedi: - Bəli,
soruşdum. İndi fılankəs (bir qadının
adını dedi) sənin yanına gələcək. Ev məsələsində problemi varmış,
özüm danışdım. Yox, yox,
yazıçı deyil, tək qadın, təqaüdçü.
Bu işdə kömək edə bilsəniz... Sağ olun,
sağ olun! - Dəstəyi qoydu, mənə tərəf
döndü. - Siz foyedə oturan qadını
görmüsünüz. İcra
başçısıyla danışdım. Sağolsun,
kömək edərəm, dedi.
- O idarəyə
gedə bilməzlər? - dedim.
Anar müəllim qonaq olduğum üçün bir
söz demədi.
O, "bu
yazıqları ofislərə belə buraxmaz" - dedi.
Anarın əsərlərini oxuyan hər kəs bilir ki,
onda güclü satira, kəskin yumor, sərt ironiya var. Amma
yazıçının özü çox ciddidir. Onu tanıdığım,
söhbət etdiyim bu illər ərzində onun gülmək
bir yana, təbəssüm etdiyini belə
görməmişəm. Erkin Əzəm bir əhvalat
danışdı:
80-ci illərin sonları idi. Birlik üzvlərinin
toplantısına getdik. "Moskva"
mehmanxanasında Murad Məhəmməd Dostla bir otaqda
qaldıq. Bir gün Murad yeyəcək şeylərlə
içəri girdi və dedi ki, indi gələcək. Kimin gəldiyini
soruşanda Anar müəllim olduğunu dedi. Bu
Muradın adət etdiyi zarafatlardan biridir deyə inanmadım.
Anar adı İttifaqa, hətta dünyaya
yayılan yazıçıdır, onun qarşısında
biz kimik deyə düşündüm. Xeyr, bir azdan sonra
Anar müəllim, doğrudan da, içəri girdi... Uzun-uzun söhbət etdik. Onun
yaradıcılığından, özbək ədəbiyyatından
danışdıq. Anası, tanınmış Azərbaycan
şairəsi Nigar Rəfibəylinin şeirindən bir
parça oxudum:
Doktor zien
dedi menqa duneni,
Kaynok muxabbatni, xuş orzularni.
Bulok sari
ketqan xey, tyda kizlar,
Gltinq yzinqiz-la şu syzlarimni.
İnanırsınız, Anar müəllim
ağladı.
Bilirsiniz, onun sümükdən olan eynəkləri
var, onu alıb dəsmalla sildi. Onun vəziyyətini
görəndə təəccübləndik. Davamlı
danışan Murad susdu, hətta kədərləndi... Anar müəllim belə kövrək və
yumşaq qəlbli insandır. Erkin Əzəmin
bir hekayəsi mənə Anarın "Sizsiz" əsərini
xatırlatdı. Atası, görkəmli şair Rəsul
Rza və anası, şairə Nigar Rəfibəyliyə həsr
olunmuş bu əsəri oxuyan hər bir oxucunun gözünə
yaş gələr...
...Anar
müəllimlə növbəti görüşümüz
2018-ci ildə Daşkənddə oldu. O, paytaxtımızda
keçirilən "Özbək klassik və müasir ədəbiyyatının
beynəlxalq səviyyədə öyrənilməsi və təbliğinin
aktual problemləri" mövzusunda beynəlxalq konfransda
iştirak etmək üçün gəlmişdi. Konfrans günlərində ona yoldaşlıq etdim.
Ədib beynəlxalq konfransda
çıxış etdi. Onunla Nizami adına
Daşkənd Dövlət Pedaqoji Universitetində
görüş təşkil olundu. Səmərqəndə
səyahətə getdik. "Afrasiyab"
qatarına minən o, təəccübünü gizlədə
bilmədi. Dünyanı görən
yazıçını təəccübləndirmək asan
deyil. Ancaq Özbəkistandakı dəyişikliklər,
xüsusən də Yazıçılar İttifaqı
üçün xüsusi binanın tikilməsi,
yazıçılar üçün evlərin tikilməsi,
ümumiyyətlə, yaradıcı insanlara diqqət və
qayğı yazıçını təəccübləndirib
"Bununla bağlı sizdən öyrənməli çox məqamlar
var. Bunu rəhbərliyimizə deyəcəyəm", - dedi.
Moskvada çap olunmuş ikicildlik
kitabını imzalayıb mənə hədiyyə etdi.
Mən də, öz növbəmdə, onun
"Dantenin yubileyi" povesti, "Gürcü soyadı"
hekayəsinin tərcüməsi əlavə olunan almanaxı
ona hədiyyə etdim. Bakıya
qayıtdıqdan sonra Anar müəllim geniş məqalə
yazdı. "525-ci qəzet"də dərc
olunan "Özbəkistanda unudulmaz anlar" sərlövhəli
məqalədə o, ölkəmizdə gedən böyük
dəyişikliklərdən, xüsusən də
yazıçı və şairlərə göstərilən
qayğıdan ətraflı danışdı.
Hörmətli
oxucu!
Özbək oxucuları Anarı necə sevib, əsərlərini
təkrar-təkrar oxuyursa, Anar da Özbəkistanı, özbək
yazıçılarını, özbək oxucularını
sevir və qiymətləndirir. Biz bu kitabın bu cəhətlərini
nəzərə alaraq hazırlamışıq. Bu kitabın yaradılmasının təşəbbüskarı
Özbəkistanın Xalq yazıçısı Erkin Əzəmin
olduğunu vurğulamaq istərdim. Yuxarıda qeyd
etdiyimiz kimi, beynəlxalq konfransda çıxış edən
Erkin Anarın yaradıcılığından
danışıb, onun "Ağ qoç, qara qoç"
povestini tərcümə edəcəyinə söz verdi. O,
sözünə əməl etdi. "Təfəkkür"
jurnalının əməkdaşı Sahsənəm hekayəni
özbək dilinə tərcümə etdi. E.Əzəm jurnalında əsərin bir hissəsini
dərc etdirərək ikinci hissəsini
"Gülüstan"a tövsiyə etdi.
İndi yazıçının adı haqqında. Özbək
yazıçılarına yaxşı məlumdur ki,
Anarın özbək dilində çap olunan əsərlərində
adı Anor kimi yazılır. Nə
üçün bu kitabda Anar yazmışıq? Fakt budur ki, Anarın əsərlərini ilk dəfə
ötən əsrin 80-ci illərində tərcümə
etmişəm. O vaxt Anarı özbəkcə yazmaq bir az qəliz görünürdü. Açığı, Anar adının mənasını
bilmirdim. Səbəb isə yazıçının
özü ilə tanış
olmamağımdır. "Sizsiz" hələ
elan olunmamışdı. Bu haqda
yazıçı ilə söhbətlərimizin birində
soruşmuşdum. Sonra "Sizsiz" əsərini
oxudum. Bu əsərin ilk səhifəsində belə sətirlər
var: "Oxucularla görüşdə birisi soruşur:
-
Adınızın mənası nədir?
- Anar -
anmaq felindəndir, anmaq - yada salmaq, anar - yada salar, Anar - yada
salan. - Bəs deyirlər adınız belə
açılır: Anam Nigar, Atam Rəsul.
- Yox, bu
uydurmadır, kim uydurubsa, maraqlı uydurub. Amma doğru deyil, belə şey heç vaxt atamla
anamın ağlına gəlməyib. Təkrar edirəm:
- Anar - anmaq felindəndir, anmaq - yada salmaq".
Buna əsaslanaraq yazıçının adını
orijinal formada - Anar yazmaq qərarına gəldik. Düşünürəm
ki, bu yazıçının əsərini kim
tərcümə etsə, Anar kimi düzgün yazacaq. Sosial
şəbəkələrin birində bu yaxınlarda bir tələbə
Anarın əsərlərini oxumağı çox sevdiyini
yazıb və deyir:
"Mən çox istərdim ki, nəşriyyatlar onun
yazılarını seçmə əsərlər şəklində
çap etsinlər". Yuxarıda qeyd etdik ki, Anarın bir
neçə kitabı özbək dilində nəşr
olunub. Əlinizdəki kitab Anarın
özbəkcə növbəti toplusudur. Bunu
böyük yazıçının özbək
oxucularına növbəti hədiyyəsi kimi dəyərləndirə
bilərsiniz.
Məmətqul HƏZRƏTQULOV
Özbəkcədən tərcümə:
Sərvər KAMRANLI
Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.14.