Azərbaycan tarixinin
"Avesta" problemi
İnsan
idrakının (və dünya mədəniyyətinin) ən
möhtəşəm abidələrindən biri olmaqla
yanaşı, ətrafında iki min beş yüz ildən
artıq beynəlxalq miqyaslı hadisələrin baş
verdiyi, söz-söhbətin getdiyi "Avesta" Azərbaycanla
o dərəcədə bağlıdır ki, azərbaycançılığın
böyük ideoloqları (və azərbaycanşünaslığın
görkəmli mütəxəssisləri) yüz ildən
çoxdur hər nə qədər, tamamilə haqlı
olaraq, ondan imtina etməyə çalışsalar da, həmin
abidə-əsər Azərbaycan tarixinin hüdudlarını
nəinki tərk etmir, hətta ən müxtəlif münasibətlərlə
bu tarixin fundamentində dayanmaq iddiası nümayiş etdirir.
Və iş o yerə çatır ki, "Avesta" Azərbaycan
xalqının tarixi kontekstində nəinki azərbaycançılığın
əsaslarını təşkil etməsi şübhə
doğurmayan müsəlmanlıqla ("Qurani-Kərim"lə),
hətta türkçülüklə ("Dədə
Qorqud"la) belə konkurensiyaya girmək istəyir.
Heç bir şübhə yoxdur ki, Zərdüştün
peyğəmbər olaraq öz dinini təbliğ edib
yaydığı zaman və məkan nə qədər
mübahisəli olsa da, İran - Turan münasibətlərinin
(və ya münaqişələrinin) hüdudundan kənara
çıxmır. Və görünür, "Avesta" həmin
münasibətləri kifayət qədər geniş təfərrüatı
ilə əks etdirən ilk mötəbər mənbədir.
Abidənin
müxtəlif dillərdəki nəşrlərinə əlavə
edilmiş xüsusi adlara aid həcmcə o qədər də
böyük olmayan sözlüklərində (onomastikon) bir
sıra "türkizm"lərə rast gəlinir: Azəcataspa,
yaxud Ərcasp (hun türklərinin
başçılarından olduğu güman edilən, Zərdüştün
himayədarı Şah Viştaspanın düşməni), Arəzoşamana
(iranlı qəhrəmanın öldürdüyü cəsur
döyüşçü), Asabana (turanlı bir nəsil,
tayfa), Aştaaravant (Zərdüştün himayədarı
Şah Viştaspa qarşı olan şəxs), Danu (turanlı
qəhrəman), Darşinika (Zərdüştün himayədarı
Şah Viştaspanın əleyhdarı, onun
öldürdüyü şəxs), Fəryana (turanlı din rəhbəri),
Franhrasyan (Turan hökmdarı Alp Ər Tonqa - Əfrasiyab),
hyaona (hunlar), Kanha (İranın şərqində ölkə),
Kaza (Asabana nəslindən olan turanlı
döyüşçü), karapanlar (Zərdüşt dininin
əleyhdarları), Kersavazda (Keyxosrovun düşməni,
Franhrasyanla - Alp Ər Tonqa ilə birlikdə Keyxosrovun
atasını öldürən), peşena (Şah Viştaspa
qarşı olanlar, müq.et: peçeneq), Tantriyavant (Şah
Viştaspın rəqibi), tur (iranlı əkinçilərin
düşməni olan köçəri xalq - turanlı),
Vandarmanış (Arəcataşpanın qardaşı), Vara
(Asabana nəslindən olan turanlı əsgər), Varna
(işğalçı hökmdarların idarə etdiyi, Zərdüştə
qarşı çıxanların yaşadığı
ölkə), Vareşava (turanlı
döyüşçü), Vayesaka (turanlı
döyüşçü) və s.
Əlbəttə, "türkizm"lik bu sözlərin
etimologiyasından daha çox, onların ifadə etdikləri
ideya-məzmundadır ki, bütöv bir sematik sistem - konsept təşkil
etməkdədir. Həmin semantik sistem-konsepti biz "Avesta"nın, yaxud Zərdüştün düşmənləri
və ya əleyhdarları" adlandıracağıq. Və
olduqca səciyyəvidir ki, yetmiş yeddi yaşlı Zərdüştü
öldürən də məhz turanlı bir əsgərdir:
Brak Rokreş.
Artıq
öz tarixi missiyasını başa vurmuş ahıl bir
insanı qətlə yetirməkdə bir turanlını -
türkü günahlandırmaq İran mifologiyasının
(eyni zamanda zərdüştçülüyün nəyinə
lazım idi?.. Başqa sözlə, bu iddia
nə dərəcədə gerçək ola bilər?.. Görünür, belə bir
təsəvvürün meydana çıxması olmuş hadisəni
qeydə almaq ehtiyacının nəticəsi deyil, İran -
Turan münaqişəsi zəminində təşəkkül
tapmış epik təfəkkürdən gələn kifayət
qədər əsaslı (və inandırıcı) bir
uydurma-obrazdır.
Heç bir şübhə yoxdur ki, Zərdüşt
öz yeni dinini yalnız iranlılar deyil, hindlilər və
turanlılar (türklər) arasında da yaymağa cəhd
göstərmişdir. Və o da şübhəsizdir ki,
çoxallahlığa - bütpərəstliyə
qarşı olan yeni din nəinki turanlılar və hindlilər,
iranlılar tərəfindən də müəyyən
müqavimətlə qarşılanmışdır. Ancaq təbii ki, İran mifologiyasına, etnik-mədəni
sisteminə əsaslanan (artıq qeyd edildiyi kimi, eyni zamanda
İran-Turan münaqişəsindən də yararlanaraq
İran təəssübkeşliyini qabardan) "Avesta"
ideyaları türklər arasında çox da geniş
yayıla bilməzdi.
Türküstan
türklərinin (manixey uyğurların) tarixi təcrübəsi
göstərir ki, zərdüştlük qeyri-İran
mühitində necə varsa o cür yox, əhəmiyyətli
"redaktələr"lə, eyni zamanda müəyyən
bir dövr üçün qəbul olunmuş, həmçinin
geniş yayılmayıb yalnız ayrıca bir zümrəni əhatə
etmişdir.
"Avesta"nın (və Zərdüştün)
turanlılara (türklərə) münasibətinin nə qədər
kəskin, amansız olduğu görkəmli tədqiqatçı
Azər Turanın "Alp Ər Tonqa - Turanın qurucusu" məqaləsində
("Ədəbiyyat qəzeti", 9 iyul 2022-ci il)
bütün təfərrüatı ilə öz əksini
tapmışdır... Türklərin (turanlıların)
"Avesta"ya (Zərdüştə) münasibətinə
gəldikdə isə bu barədə elə bir yazılı mənbəyə
(iranlılarda olduğu kimi) təsadüf etməsək də,
məsələ öz-özlüyündə aydındır:
türklər nə zərdüştçülüyün təşəkkülü
(e.ə. VII - V əsrlər), nə yenidən dirçəldilməsi
(III-V əsrlər), nə də sonrakı dövrlərdə
ona rəğbət bəsləməmişlər... Azər
Turan sözügedən məqaləsində Əli bəy
Hüseynzadənin milli bir ideoloq olaraq bu barədəki
mövqeyini xatırladır: "Füyuzat"ın
tutduğu yol türklük, müsəlmanlıq və
avropalılıqdır. Yoxsa farslaşmaq, Zərdüştün
sönmüş mədəniyyəti ilə mədəniləşmək
deyildir".
Azərbaycan xalqının tarixi (və taleyi!)
üçün çox səciyyəvi (və ibrətamiz!)dir ki, ölkədə
türkçülüyə, müsəlmanlığa və
avropalaşmağa - azərbaycançılığa
qarşı müxtəlif ideoloji mövqelərdən
(bolşevizm, rusizm, iranizm...) cəbhə
açıldığı illərdə zərdüştlüyü
hətta Azərbaycanın milli ideologiyası səviyyəsinə
qaldırmaq iddiası meydana çıxmışdı. Və bu iddia, çox təəssüf ki, bu günə
qədər elmi-ictimai düşüncəmizi hədələməkdədir.
"Azərbaycan tarixi" çoxcildliyinin birinci cildinin
("Elm" nəş., 1998)
"Giriş"ində (müəllif akademik İqrar
Əliyevdir) yazılır: "Avesta" mühüm mənbələrdən
biridir. Zərdüştlük və onunla
bağlı olan dini-fəlsəfi sistemlər Cənubi Azərbaycan
ərazisində min ildən xeyli artıq olan uzun bir dövr ərzində
yayılmışdı. Bizim
"Avesta"ya diqqətimiz də bununla izah olunur.
"Avesta"nın kanonlaşdırılmalarından biri,
şübhəsiz ki, Atropatenada bu məmləkətin Sasani səltənətinin
dövlət ziyarətgahı olduğu dövrdə baş
vermişdir"... Burada nə deyildiyini,
çox çalışsaq da, anlaya bilmədik. Və ona görə də keçdik kitabın
birbaşa "Avesta"dan ("Atropatenanın maddi mədəniyyəti
və dini" fəsli) bəhs edən hissəsinə.
Mərhum akademik burada öz fikrini kifayət qədər
aydın ifadə etməyə çalışır:
"Sonrakı zərdüştilik ənənəsi
iddia edir ki, Zərdüşt əslən Cənubi Azərbaycandan
idi. Orta əsrlərin bir çox müsəlman müəllifləri
də Azərbaycanı inadla peyğəmbərin vətəni
adlandırırlar.
Zərdüştün vətəninin Azərbaycanda
lokallaşdırılmasının səbəbini Sasanilər
monarxiyasının bu vilayətin ehkamçı zərdüştilik
tarixində oynadığı mühüm rolla izah etmək
lazımdır. Müxtəlif sarsıntılara baxmayaraq, Sasanilər
dövründə bütün İranın başlıca,
dövlət əhəmiyyətli müqəddəs yerləri
(şahın ziyarət etdiyi Adurquşnast atəşpərəstlik
məbədi, hökmdarın və hərbçilər
zümrəsinin məbədi) Cənubi Azərbaycanda yerləşirdi...
Güman etmək olar ki, Avesta kanonunun qəti surətdə
formalaşdırılması da burada baş vermişdir.
Və nəhayət, Sasanilər dövründə
bu vilayət zərdüştlüyün və zərdüşti
kahinliyinin dayaq məntəqəsi idi. Bütün bunlar
göstərilən dövrdə, bəlkə də, erkən
zamanlarda zərdüşti Cənubi Azərbaycanın (yəni
zərdüştlüyə sitayiş edən Cənubi Azərbaycanın
- N.C.) böyük rolunu və əhəmiyyətini təsdiq
etsə də, lakin hər halda bunlar Azərbaycanı zərdüşti
Avesta təlimlərinin vətəni kimi tanımağa imkan
vermir".
Dərhal
sual meydana çıxır: Əgər "Avesta"nın
(və Zərdüştün) Azərbaycana (istər Cənubu,
istərsə də Şimalı olsun) əsaslı bir aidliyi
yoxdursa, "Azərbaycan tarixi"nin birinci cildində -
Atropatenanın tarixindən bəhs edilən yerdə onun nə
işi var?.. Mərhum akademikin mövqeyi
türkmənşəli Azərbaycan xalqının sadəcə
hisslərinə toxunmaqla qalmır, məlum məqsəd
güdür ki, hər kəsə aydındır:
"Avesta"nın dünyagörüşü və ədəbi-bədii
cəhətdən fövqəladə dərəcədə
qiymətli və maraqlı hissəsi Yaştlardır ("pərəstiş",
"tərif"). Yaştlar İran mədəniyyətinin
müxtəlif tanrılarına həsr olunmuş tərif səciyyəli
22 himn-duadan ibarətdir. "Avesta"nın,
bəlkə də, ən qədim hissəsi olan Yaşlarda
hindlilərin Vedalarında mövcud olan bənzərli
materialla səslənən çoxsaylı etnik motivlər,
mifoloji surət və süjetlər
saxlanılmışdır. Bu süjetlərin
bir qismi sonralar Firdovsi tərəfindən "Şahnamə"
əsərində istifadə edilmişdir".
Və
öz ixtisasına - Azərbaycan xalqının ona etibar
edilmiş tarixşünaslığına yuxarıdan
aşağı baxmaq cəhdinin nəticəsidir ki, türk mənşəli
bir etnosu İran mənşəli etnosun "dəyərləri"lə
təqdim etməyə çalışır, Azərbaycan
xalqının buna heç bir ehtiyacı olmadığı
halda "Avesta"nı ona sırıyır... Və
"Avesta"ya "daha dərindən" yiyə durmaq istəyən
Azərbaycan alimlərini də təhqir edir:
"Qeyd etmək lazımdır ki, "Avesta" hərdənbir
bizdə səslənən bəyanatların əksinə
olaraq heç bir zaman hər hansı qeyri-İran dilində
yazıla bilməzdi. Onun sonralar guya İran dillərindən birinə tərcümə
olunması haqqında fikirlər də alimnümalıqdan
başqa bir şey deyil"...
Biz
düşünmürük ki, ağlı başında olan
kimsə "Avesta"nın əvvəlcə
türkcə yazılmış olduğu barədə nəsə
desin... Tutaq ki, hansısa zırrama "Avesta"ya (və Zərdüştə)
o qədər aşiq olub ki, belə bir şeyi haradasa
yazıb... Bunun da günahkarı Zərdüştü (və
"Avesta"nı) Azərbaycana
sırıyanlardır. Bir tərəfdən deyirsiniz ki,
"Avesta" sizin deyil, başqa tərəfdən, onu
oturdursunuz Azərbaycan tarixinin göbəyində...
"Avesta"
özü deyir ("Şahnamə"də təsdiq edir) ki,
türklər onların düşmənidir, mərhum akademik
nə deyir?.. Yəni doğrudanmı, Zərdüştdən
(və onu təsdiq edən Firdovsidən) çox bilirdi?..
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.8.