Cəmil Cahid Toydəmir
– Şuşanın ilk fatehi,
Hitlerin ram edə bilmədiyi
orgeneral
Görəsən, Azərbaycan ədəbiyyatının
Cəmil Cahid Toydəmir barədə romanı niyə yoxdur? Sovet dönəmində
olması imkan xaricindəydi, bəs otuz illik müstəqillik
dövrümüzün ədəbiyyatı?
Yazıçılarımız Cəmil Cahidin obrazını niyə ədəbiyyatlaşdırmır?
Andraniki məyus edən və Qarabağda,
özəlliklə Şuşada erməni məzaliminə son
qoyan, 1918-ci ildə Qarabağ ermənilərini Azərbaycan
hakimiyyətinə tabe edən miralay Cəmil Cahidi deyirəm.
Cəmil Cahid Toydəmir - Şuşanın ilk fatehi Trablüsərbdə,
Balkanlarda, Qurtuluş savaşında qəhrəmanlıqlar
göstərmişdi... 28 il sonra Türkiyə
Cümhuriyyətinin müdafiə naziri oldu...
Azərbaycana
Qafqaz İslam Ordusunun I diviziyasının komandanı kimi gələn
Cəmil Cahid üstün hərbi zəkası ilə, Azərbaycanın,
özəlliklə Bakının daşnak-bolşevik qüvvələrindən
təmizlənməsində həlledici fədakarlıqlar
göstərmiş, sonra Nuru Paşanın əmri ilə
Bakıdan Qarabağa göndərilmişdi...
1918-ci ilin 7 oktyabrında Şuşada film kimi hadisələr
baş verib və bu hadisələr 100 ildir ki, nə ədəbiyyatımızın,
nə rəssamlığımızın, nə kinomuzun
mövzusuna çevrilir.
Mən roman dedim... Siz film kimi izləyin:
7 oktyabr, səhər saat 10.
Qafqaz İslam Ordusu Şuşaya daxil olur.
Ordunun
sıralarında olan Mucip Kamalyerinin xatirələrində belə
bir detal var: "Təbiət gözəlliklərinə sahib
Şuşaqalaya şəhərin varoşlarında bizləri
maraq və həyəcanla bəkləyən türklərin
candan alqışları içində və pək
çabuk hazırlanmış üç böyük Zəfər
tağının altından keçərək girdik. Birincisində "Yaşasın Ənvər",
ikincisində "Yaşasın sultan",
üçüncüsündə "bir gün olacak şəmsi-
həqiqi doğacaq, şərqin bu əsir valdeləri hür
olacak" yazılmışdı".
"Zəfər qapısının yanında əllərində
Şuşanın açarını tutmuş ruhanilər Cəmil
Cahidin pişvazındadır.
Qara
çərkəzi geyimli şuşalı gənclərdən
ibarət orkestr hərbi marş çalır...
Şuşanın
tanınmış adamları Cəmil Cahidi duz-çörəklə,
qadınlar gül-çiçəklə
qarşılayır... Məktəblilərin əllərində
türk bayrağı...
İzdihamın içində hətta Cəmil Cahidin
Şuşaya daxil olmasına "sevinən" 300 erməni də
var.
Cəmil Cahid ön sıradadır. Yanında
addımlayan (Cavad xanın nəticəsi, iki il sonra, 1920-ci ildə
Qızıl Ordunun hərbi səhra məhkəməsinin Gəncədə
güllələyəcəyi) İsmayıl bəy
Ziyadxanovdur. Süvarilər... Topçular...
Pulemyotçular. Qaladərə qəhrəmanları
Sultan bəy və İldırım bəy... Qarabağ
süvariləri...".
Dövrün "Azərbaycan" qəzetində təsvir
olunmuş bu hadisə heç şübhəsiz ki,
yazıçı fantaziyasının, rəssam təxəyyülünün
bəhrəsi deyil. 1918-ci ilin 7 oktyabrında Şuşa
Türk Ordusunu belə qarşılayıb...
Hətta həmin gün şəhərdə ordunun rəsmi
keçidi olub. Bu, Şuşada türk əsgərinin
ilk rəsmi hərbi keçidi idi. Şuşada
ilk dəfə mehtər marşı səslənirdi.
Şuşaya
indi bizim Zəfər Yolu adlandırdığımız yoldan
keçib gələn Cəmil Cahid əvvəlcə
Ağdamdan Şuşa ermənilərinə
ultimatum göndərmişdi: "Tərkisilah olun və Azərbaycan
hökumətini tanıyın". Ermənilər isə
qurultay çağırıb, ultimatumu müzakirə edib
sonra qarşılıq vermişdilər: "Tərkisilah
olmuruq və Azərbaycan hökumətini
tanımırıq". Qarabağ Komitəsinin məktubunu Cəmil
Cahidə beş erməni gətirmişdi.
Cəmil Cahid isə erməni elçilərinin
üçünü həbs edib, ikisini geri göndərmişdi:
"Ermənilər 3 gün ərzində təslim olmasalar,
Qafqaz İslam Ordusunun 1-ci diviziyası Şuşaya hücum edəcək".
Bu dəfə ermənilərin cavabı elə erməni
üslubundadır: "Azərbaycan hökumətini
tanıyırıq, amma siz bizi tərkisilah etməyin.
Şuşada növbəti qurultay çağırılana qədər
Qafqaz İslam Ordusu hücuma başlamasın" və s. Və
ardıyca Cəmil Cahidin son ultimatumu: 24 saat ərzində
türk ordusu Şuşaya hücum edəcək...
Dediyini etdi... 1-ci diviziyanın Şuşaya doğru
axını başladı. Əsgəran istiqamətində
mövqe tutan erməni hərbi birləşmələri
darmadağın edildi... Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı ərazidə
qanlı döyüş oldu. Türk ordusu şəhidlər
versə də, ermənilərin müqavimətini
qırdı...
Və
1918-ci ilin 7 oktyabrında Şuşada Zəfər
qapısının önündə həmin film kimi hadisələr
baş verdi... Cəmil Cahid
Şuşaya daxil oldu.
Elə həmin gün Cəmil Cahid bəy
Şuşanın türk əhalisini Gövhər ağa məscidinə
topladı.
Çoxdan bəri erməni zülmündən əziyyət
çəkən və indi məqam gəlmişkən, qisas
hissi ilə körüklənən şuşalılara xitab
etdi: "Sizlərin xeyrinə dediyim sözləri dərhal qəbul
etməsəniz, əmrlərimə olduğu kimi itaət etməsəniz,
bütün səlahiyyətlərimdən istifadə edib sizi ən
ağır şəkildə cəzalandırmaqda tərəddüd
etməm. Ermənilərə şimdi itaət
etmələrini təklif edəcəyəm. Qəbul etməsələr, bir orduya itaətsizliyin
cəzası nə isə, onlara o cəzanı verəcəyəm.
İtaət etərlərsə, can, namus və
malları bizim qorumamız altında olduğundan heç bir fərdin
ufaq bir hərəkətinə müsaidə etməyəcəyəm.
Ermənilər itaət etmədikləri halda
haqlarında lazım olan hərəkəti etmək
üçün yenə də siz deyil, yalnız türk əsgəri
məmur olacaqdır. Xalqın tamamən
seyrçi qalmasını və hər kəsin bu dəqiqədən
etibarən öz işinə-gücünə
başlamasını tələb və əmr ediyorum".
Bundan
sonra Cəmil Cahid bəy Qazançı kilsəsində ermənilərlə
görüşdü: "Qarabağda Azərbaycan hökumətini
tanısanız, türk ordusunun əmrlərinə itaət
etsəniz, can və mallarınız təminat altına
alınacaq. Əks halda müharibə şərtləri
ilə cəzalandırılacaqsınız. İtaət
etməyənlərin cəzası ağır olacaq...".
Ermənilər təslim oldular. Azərbaycan hökumətini
tanıdıqlarını bəyan etdilər.
Şuşada asayiş bərpa olundu...
Hətta
Mucip Kamalyerinin anılarından məlum olur ki, Şuşa
erməniləri Qafqaz İslam Ordusunun şərəfinə
bir axşam “Şuşakalenin parkını süsləyən
klubda” ziyafət də verib. Və
həmin ziyafətdə "yemək sonlarına doğru ermənilər
adından söz alan gur səsli bir üyə
can və mallarının Osmanlı ordusunun təminatı
altında bulunduğunu görməyin bəxtiyarlığı
içində olduqlarını ifadə etdikdən sonra özətlə
böylə konuşdu: "Biz Qafqaz erməniləri dünə
qədər Rus çarlarının hökumətlərinə
bağlı bulunuyorduq. Bundan böylə də
Osmanlı Padişahlarına qulluqçu olmaqla heç bir
şey kaybetmiş olmayacağız. Bizlərə
inanmanızı, güvənmənizi rica ediyoruz" - deyərək
şərab dolu qədəhini padişahın və külfətlərinin
(ailəsi ərkanının) şərəfinə
qaldırıb həpimizi ayaqda içməyə dəvət
etmiş və alqışlanmışdı".
İndi
bu sətirləri yazdıqca düşünürəm, niyə
Şuşada Şuşa uğrunda şəhid
olmuş 33 türk əsgərinin anıtı olmasın... Məncə, Şuşanın yenidən bərpası
prosesində bu fakt nəzərə alınmalı,
Şuşada 1918-ci ildə şəhid olmuş 33 mehmetciyin
anıtı yaradılmalı, hətta Cəmil Cahid bəyə
abidə də qoyulmalıdır. Çünki bu
mehmetciklər Şuşa uğrunda
savaşın ilk şəhidləri və Cəmil Cahid bəy
də Şuşanın ilk fatehidir.
Cəmil Cahid Toydəmirin bir fotosu var. İkinci Dünya
müharibəsi günlərində Hitlerin dəvəti ilə
Türkiyədən Almaniyaya getmiş hərbi nümayəndə
heyətinin rəhbəri olaraq Berlindədir.
Ortada Cəmil
Cahiddir, sağ tərəfində Adolf Hitler. Sol
tərəfində addımlayan isə alman ordusunun
komandanı, feldmarşal Vilhelm Keyteldir. Çay
süfrəsinin arxasında uzun bir söhbət ediblər.
Söhbətin stenoqramı da qalır.
Hitler alman tərəfinin təşəbbüsü ilə cəbhə
bölgələrini gəzən Cəmil Cahiddən alman
ordusunun müharibədəki durumu barədə fikirlərini
öyrənir... İstanbulla maraqlanır.
Hətta kədərli olduğu hiss olunur. 1943-cü ildə Cəmil
Cahid Ankaraya belə bir qənaətlə qayıdıb:
"Hitler Türk ordusundan qorxur, məyusdur və müharibədə
məğlub olacağı qaçılmazdır. Türkiyə bu adamdan uzaq durmalıdır".
Bu, həmin Cəmil Cahid Toydəmirdir. 1918-ci ildə Azərbaycan
bayrağını Şuşa qalasında
dalğalandıran, ilk Şuşa fatehi miralay Cəmil Cahid.
İkinci Dünya müharibəsində Türkiyənin
Almaniya tərəfindən müharibəyə
qatılmasını əngəlləyən və hətta
Hitlerin də ram edə bilmədiyi türk ordusunun
orgeneralı...
22 iyul
2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.9.