"AYB sədrliyi qurultayda həll olunan məsələdir"
Əsəd Cahangirin Ləman Ələşrəfqızı
ilə söhbəti (İxtisarla)
- Əsəd bəy, studiyamıza
xoş gəlmisiniz.
- Xoş
gördük, dəvətə görə sağ olun.
- Yadınızdadırsa,
ziyalıların Prezidentlə görüşündə
hamı öz şəxsi problemlərindən
danışdı, biri babası üçün küçə
istədi, biri dədəsi üçün nəsə istədi,
Anar da, səhv etmirəmsə, yazıçılar
üçün bir bina istədi...
- Bir də
Yaradıcılıq və İstirahət Mərkəzinin
açılmasını.
- Amma Prezidentlə
görüşürsən, əlinə fürsət
düşüb, daha tutarlı bir şey istəmək
mümkün deyildimi?
- Ədəbiyyat
adamları hazırkı iqtisadi durumda fərdi mənzil almaq
gücündə deyillər. Sizcə, Yazıçılar
Birliyinin sədri bundan vacib hansı problemi
qaldırmalıydı?
- Sizdən qabaq qonağımız
olan Şərif Ağayarın dediyinə görə, bu
yaxınlarda bir müsahibənizdə Anarı tənqid etmək
olmaz demisiniz! Niyə olmaz?
- Əvvəla,
mən bu rakursdan təkcə Anarın yox,
başqalarının da adını çəkmişəm.
İkincisi, Şərif mənim fikrimi kontekstdən
çıxararaq, onu öz bildiyi şəklə salaraq, sonra
ona öz yozumunu verib. Mən kimisə tənqid etmək olmaz
deyə hökm verməmişəm.
- Bəs, necə demisiz?
-
Demişəm ki, məncə, Anar, Elçin, Ramiz Rövşən,
Afaq Məsud, Mövlud Süleymanlı, Vaqif Bayatlı Odər
və daha bir neçə şəxs tənqid və tərif
dairəsindən çıxmış adamlardır. Tənqid
etmək olmaz hökmüylə bu sözlərin fərqini
anlamaq o qədər də dərin ağıl tələb eləmir.
- Niyə elə hesab edirsiz ki?
-
Çünki onlar onillər boyu tənqidi də, tərifi də
görüb və doyublar bütün bunlardan. Mən bunu
demişəm. Yoxsa, harda demişəm ki, kimi tənqid etmək
olar, kimi olmaz? Bu yanlış nəticə Şərifin
öz xəyalının məhsuludur və belə
çıxır ki, o məni yox, özü-özünü
tənqid edib.
- Sizcə, belə bir
açıqlama vermək Şərif Ağayarın nəyinə
lazım idi. Onun nəsə bir şəxsi-qərəzimi var
idi?
- Onun
sizin kanala çıxması, bir saatdan artıq çəkən
buraxılışda Anarı tənqid eləməsi sadəcə
bir bəhanə idi.
- Baxmısızmı verilişə?
-
Baxmamışdım, amma siz məni bura dəvət edəndə
məcbur qalıb baxdım. Çünki əvvəla onun
savadına ciddi şübhəm var, ikincisi isə obyektivliyi və
səmimiyyətinə inanmıram. Bunun səbəbləri var
və imkan olsa, veriliş ərzində onları
açıqlayacam.
- Buyurun, buyurun.
- Şərifin
bütün çıxışının bir mənası
var - niyə mənim APA-ya müsahibəmdə o tənqid
olunub. Liberal dəyərlərin alovlu müdafiəçisi
rolunda çıxış edən, Anarı niyə tənqid
etmək olmaz deyə təşvişə düşən bu
"demokrat", əslində, özünün tənqid
olunmasına etiraz eləyirdi. Belə çıxır ki,
Anarı tənqid eləmək olar, amma Şərifi yox.
- Siz onu tənqidinizdə nə
demişdiz ki?
- Mən
demişdim: "Bəzilərinin təqdimində Şərif
az qala Fransanın xalq yazıçısı oldu, amma
möhür qoyan bir romanın müəllifi ola bilmədi".
Onun bir saatlıq etirazı, saysız-hesabsız təhqirlərinin
alt yapısında bu bir cümlə dururdu.
- Siz bir tənqidçi kimi Şərif
Ağayarın yazdıqlarını oxumusuzmu?
- Onun
haqqında iki məqalə yazmışam, kitablarından birinə
ön söz yazmışam. Amma o dövrün bir çox gəncləri
ki, mən onları təqdir edir, haqlarında layiq
olduqlarından da artıq yazırdım, 20 il keçdi və
məlum oldu ki, ortalığa ciddi bir şey qoya bilməyiblər...
- Yəni heç nə yazmadılar?
-
Yazdılar, əlbəttə, şeir kitabları
çıxdı, romanları çıxdı, roman
adıyla təqdim elədikləri nələrisə
çıxdı, amma onların heç biri "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"nə qalxa bilmədi,
"Mahmud və Məryəm"in məqamına varmadı,
"Quyu"nun dərinliyinə enmədi, "Yamacda nişanə"ni
vurmadı, "Qanköçürmə stansiyası"na
çatmadı, "Köç"ə qoşulmadı,
"Məhşər" qoparmadı, bir sözlə,
"İdeal" səviyyəyə yetmədi. Onların
heç bir yazısını 60-70-ci illər nəsrinin
adını çəkdiyim və çəkmədiyim
örnəkləri qarşısına çıxarmaq olmaz. Mən
müsahibəmdə bunu demişəm və bu, həqiqətdir.
Özü də mən bunu sevincək yox, təəssüf
hissiylə demişəm. Mənə elə gəlir ki,
hamı bunu etiraf etməlidir. Kim etmirsə, bu həqiqət
bir yumruğa çevrilib, onun başına dəyə bilər,
necə ki, dəydi də. Belə bir ədəbiyyat nəyə
lazımdır ki, 50-60 il öncəkilərin
yazdıqlarından qat-qat zəif şeyləri yazıb qoyasan
ortalığa və üstəlik, onları təhqir edəsən.
Hər yeni nəsil estafeti öncəkilərdən almalı
və sonrakılara ötürməlidir. Son 20 ildə ədəbiyyata
gələnlərin bir çoxunun bu estafeti almağa bədii
istedadları və intellektual gücləri çatmadı və
gələcəyə nəsə ötürəcəkləri
də mübahisəlidir. Bəs, onda bu marginalların
yazı-pozularının mənası nədir? İndi dediyim
qədər çılpaqlıqla olmasa da, müsahibəmin
alt qatında bu sual dururdu.
- Bəs, bunu şeirə gətirsək,
Aqşin haqqında da həmin sözləri demək olar?
-
Düzü, Aqşin haqqında danışmaq istəməzdim...
- Niyə?
- Ona
görə ki, hər dəfə eyni sualı eşidir, eyni
cavabı verirəm və belə çıxır ki,
başqa iş-gücüm yoxdur... Onun ilk kitabında təravətli
şeirlər varıydı, orijinal obrazlar vardı və
ümid verirdi ki, bu şeirlərin müəllifi gələcəkdə
Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı
Odər kimi şair ola bilər. Amma əksinə oldu. İndi
nəsr kitabları çıxır, onlar da bir-birindən
uğursuz. Halbuki, kitab çıxmamış bir il öncə
böyük bir tərif kampaniyası başlayırdı -
filankəsin filan kitabı çıxacaq. Bir il də belə
tərif getdi ki, filankəsin filan kitabı çıxdı.
Hamı oxuyub gördü ki, burda roman adına ciddi bir şey
yoxdur və hər şey də bununla qurtardı. Bu qədər
yalan nəyə lazım? Olmayan yerdən obraz yaratmağa
çalışırlar. Yaxşı əsərə
heç bir saxta, bayağı reklam kampaniyası lazım
deyil!
- Yaxşı əsər deyəndə
siz nəyi nəzərdə tutursuz? Aqşini bəyənmirsiz,
amma Sona Vəliyevanı tərif edirsiz?
- Sona Vəliyeva,
axı, onun qədər iddia qoymur ortaya və hər kəsdən
öz iddiasına görə gözlənilir. Digər yandan,
Sona xanımın şeirləri pozitiv enerjiylə,
işıqla, ümidlə, Allaha imanla, həyata inamla, gözəlliyə
sevgiylə doludur. Aqşinin şeirləri isə öz
nihilizmi, pessimizmi ilə usandırıcıdır.
- Həmin məntiqlə
yanaşsaq, Ramiz Rövşənin də şeirləri
pessimistdir.
- Ramiz
Rövşən işıq və qaranlığın ideal tənasübünə
nail olan şairdir. Məsələn, Vaqif Səmədoğlu
onunla müqayisədə daha pessimist, Vaqif Bayatlı isə
daha optimistdir. Ədəbiyyat hər şeyi insanın əlindən
ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur.
Aqşinin şeirlərində iynənin ucu boyda da ümid yoxdur.
Özəlliklə də, Qarabağ sindromu içində
olduğumuz, ümidə, işığa, zəfərə
hava qədər, su qədər ehtiyacımız olduğu bir
vaxtda öz Herostrat kompleksindən doğan, qaramat və nifrətlə
aşılanmış şeirləriylə bu adam topluma
hansı mesajı ötürmək istəyir? Baxın, Şərif
çıxış edirdi burda, siz onda zərrə qədər
də pozitiv enerji görürdünüz? Bu adamda yeddidən
yetmişə hamıya və hər şeyə nə qədər
nifrət var? Və üstəlik də deyir ki,
Yazıçılar Birliyi üzvləri arasında
işıqlı adam görmürəm. Yaradıcılıq
işıqdan, gözəlliyə sevgidən, Allaha imandan, iynənin
ucu boyda işığı böyüdüb, günəşə
çevirməkdən başlayır. Ədəbiyyat budur. O,
hər hansı problemi həll eləməkdə acizdir. Bircə
şey qalır - insana yaşamağa ümid vermək, onu
ruhlandırmaq. İndi isə, əksinə, təzə dəb
düşüb - əlinə qələm alan "bu xalqda hər
şey pisdir" deyə düşür toplumun üstünə.
Azərbaycan dünyanın ən gözəl, ən unikal, ən
seçilmiş xalqı, dünya mədəniyyətinin
beşiyidir. İnsanlıq azıxantropdan, tufandan sonrakı
sivilizasiya Ağrı dağından başlayır.
İslamiyyətin qəbuluna qədər Bakı
dünyanın Məkkəsi, Qız qalası Kəbəsi
olub. XIX əsrin sonlarına qədər Suraxanı atəşgahına
Hindistandan zəvvarlar gəlirdilər. Bu gün, doğrudan
da, Azərbaycan dünyanın gözüdür. Əhalisi
çox deyil, ərazisi böyük deyil, amma dünya siyasətində
imzası var. Bu gün dünya hərb elmində ordumuzun
Şuşa qələbəsinin nəticələrindən
istifadə olunur. Bizim Mübariz İbrahimov kimi düşmən
ordusu üstünə tək gedən qəhrəmanımız
var. Bəs, hanı onun ədəbiyyatdakı analoqları?
Hanı o yazıçılar? Özəlliklə də
torpaqları düşmən tərəfindən tutulanlar. Niyə
gedib döyüşmədilər? Qaçdılar Haramıda
qoyun otarmağa, ordan da Bakıya, o redaksiya sənin, bu redaksiya
mənim, yazı yazmağa. Qəhrəmanlığı əvvəlcə
cəbhədə göstərmək lazım idi, sonra gəlib
Ləman xanımın studiyasında oturub qəhrəmanlıq
eləmək olardı.
- Sizin bu fikrinizlə razıyam ki,
indi bəyənmədiyimiz Məmməd Rahim, Süleyman
Rüstəm özlərinin "Leninqrad göylərində",
"Qafurun qəlbi" kimi əsərlərində bizə
öz qəhrəmanlarımızı sevdirirdilər. Bizdə
indi elə əsərlər yazılırmı? Mübariz İbrahimovun
obrazını yaradan bir yazıçı varmı?
- Qəhrəmanlıq
mövzusundan söz düşmüşkən Şərif
Ağayarın sifarişlə yazdığı
"Komandir" romanı var. Mən sifarişlə roman
yazmağa pis baxmıram...
- Kim sifariş verib?
-
Yuxarıdan veriblər...
- Yuxarı, yəni hakimiyyətəmi
deyirsiz?
- Hə,
hakimiyyət dairələrindən veriblər.
- "Komandir" kimin
haqqındadır?
-
Qarabağ müharibəsi qəhrəmanlarından biri
haqqında. İndi görün roman adıyla təqdim olunan
bu kitabın bədii səviyyəsi nədir? Sual olunur -
görəsən, bu roman niyə alınmayıb? Ona görə
ki, romanın müəllifinin qəlbi o komandirin qəlbiylə
həmahəng döyünmür. O kitabın müəllifi
Qarabağ müharibəsindəki məğlubiyyətlərimizin
acısı, qələbələrimizin sevinci ilə ürəkdən
yaşamır. Sənə sifariş verə də bilərlər,
verməyə də bilərlər, o sevgi, o qəhrəmanlıq,
komandirlik, mübarizlik, ibrahimovluq sənin özündə
olmalı, o sifariş öncə sənin öz içindən
gəlməlidir! Sən özünü bu xalqın
üzvü tərkib hissəsi hesab eləməlisən. Onda
sifariş oldu, olmadı, gözəl bir əsər yaza bilərsən,
umduğun fəxri adları, orden-medalları, evi ala bilərsən.
Yeri gəlmişkən, Şərif iki dəfə ev alıb
- biri BDU-nun yaxınlığında ailəvi yataqxanada
ikiotaqlı ev, o biri də Müşfiqabad qəsəbəsində
yeni tikilidə ikiotaqlı mənzil. İndi
üçüncünü istəyir. Sonra da deyir ki, kimlərsə
dövlətdən ev almaq üçün bunu elədilər,
onu yazdılar. Ümumən, o, həmişə mənə
yazıçıdan daha çox, mühasibi xatırladır:
kitabın satışını necə təşkil eləmək
olar, pulu necə qazanmaq olar və sair və ilaxır.
Bütün bu marketinq məsələləri onun
düşüncəsinin ana xəttini təşkil edir. Mən
bir dəfə görmədim ki, o, hansısa, estetik,
intellektual mövzudan danışsın, hansısa ədəbi-bədii
məsələdən bəhs etsin. Onun meyxanaçılara
qısqanclığının səbəbi də budur ki, niyə
onlar öz sənətləri ilə pul qazanır, amma mən
yox?! Ona görə ki, meyxanaçıların düzüb-
qoşduqlarına sosial tələbat var, amma sənin
yazdıqlarına yoxdur. Şərifin təsəvvüründə
yazıçılıq təmin olunmuş, komfort həyata
gedən yolda bir tramplindir.
- Eyni sözü o da sizin
haqqınızda deyir ki, Əsəd Cahangirin
yaradıcılığı mədhiyyədən
çıxır. Məsələn, tərifləyir Aləm
Kəngərlini!
- Aləm
Kəngərlidən yazan yeganə adam mən deyiləm. Sabir
Rüstəmxanlı, Məti Osmanoğlu, Cavanşir Yusifli,
Elnarə Akimova və digər bir çox yazıçı və
tənqidçilər onun əsərləri barədə
öz rəylərini deyiblər. İkincisi, Şərifdən
fərqli olaraq, Aləmin "mən Anardan yaxşı
yazıçıyam, mən Yazıçılar Birliyinə
iki dəfə girib çıxmışam,
üçüncü dəfə də girməliyəm, mənə
medal veriblər, indi də orden verməlidirlər, iki ev veriblər,
üçüncünü verməlidirlər" və sair
bu qəbil iddiaları yoxdur. Aləm povest və hekayələrdən
ibarət ilk kitabını yazıb və bu hekayələrin
bəziləri roman potensialına malikdir. Və nəhayət,
Aləmdən yazmaq ədəbiyyatın ziyanına deyil. Saxta
liberal şüarlar altında zərərli ideoloji mövqe sərgiləyən
Şərif Ağayar və onunla eyni əqidədə olan
adamların ayağı altına daş qoymaq isə ədəbiyyat
üçün problem yarada bilər.
- O, AYB-dən
çıxıbmı, yoxsa çıxarılıb?
-
2004-cü ildə qurultay ərəfəsində təşkilatdan
çıxmışdı. Sonra Yazıçılar Birliyi
üzvlərinə verilən birillik təqaüdü almaq
üçün ərizə yazaraq, yenidən AYB-yə
qayıtdı. Elə ki, istədiyini aldı, "Hələ
Fikrət Qoca sağdır, o hələ ölməyib?"
deyə mətbuatda təhqiramiz bir çıxış elədi
və nizamnaməni pozduğuna görə AYB-dən kənarlaşdırıldı.
O fərqində deyil ki, üstünə cavan oğlunun meyiti
gələn, 84 yaşlı, xəstə bir adama bu sözləri
demək, insanın qocalığına, xəstəliyinə
gülmək, onu ölümlə təhdid eləmək, bir
sözlə, mənəvi terror nəinki yazıçı,
ümumən insan etikasına sığmır. Onun AYB-yə
girib çıxmaq məsələləri ilə
bağlı müsahibə və yazılarından bəzi
sitatlar çəkmək istəyirəm ki,
tamaşaçılar boşuna
danışmadığımı görsünlər.
- Buyurun.
- İllərlə
özünün "qəhrəman" obrazını yaradan
Şərif dövlət qulluğuna girməsi ilə
bağlı mövqe dəyişkənliyini belə əsaslandırır:
"Ciddi sənətlə məşğul olan insan dövlətin
yanında olmalıdır". O bu sözü Mədəniyyət
Nazirliyində işləməyə başlayandan sonra deyib.
İxtisasca tarixçidir, amma dövlətlə hökumətin
fərqini bilmir və özünü "ciddi sənətlə
məşğul olan" biri sayır. Bu onun həm savadca
kasadlığını, həm də öz
oyunbazlığına necə bayağı bəraət donu
geyindirmək istədiyini göstərir. Bu isə onun təqaüd
almaq üçün ikinci dəfə AYB-yə daxil olandan
sonra nümayiş etdirdiyi mövqe dəyişkənliyidir:
"AYB-yə keçmişəm, əcəb eləmişəm,
bundan kimə nə?". AYB-yə daxil olandan sonra 17 yanvar
2009-cu ildə "525-ci qəzet"ə verdiyi müsahibədən
sitat: "Səncə, AYB bir qurum kimi bu gün bizə
lazımdırmı?". Cavab verir: "Lazımdır, həm
də çox. Əgər belə olmasaydı, təkrar niyə
üzv olurdum ki?". İndi görün Mədəniyyət
Nazirliyində işləməsinə AYB-dən
çıxarılandan sonra necə don geyindirir: "Azı
beş il çalışmalıydım ki, mənə əmək
pensiyası yazılsın. Beləliklə də, məni sevməyən
AYB rəhbərliyinə görə ağır zəhmətimin
hesabına qalıb işlədim orda. Ümumi
razılığa əsasən məni Birliyə daxil etdilər
və hadisəni mətbuatda xüsusi oynatdılar". Mənafeyi
nə vaxt tələb eləyir, AYB-yə daxil olur, nə vaxt
tələb eləyir, ordan çıxır və
hamısında da sudan quru çıxır. Amma yaltaq, ləyaqətsiz,
şərəfsiz başqaları olur!
- Məni bir sual maraqlandırır.
Yazıçılar Birliyi ictimai təşkilatdır. Bəs,
niyə o, dövlət büdcəsindən pul alır?
Ümumiyyətlə, almalıdırmı?
- Ona
görə ki, bütün qeyri-hökumət təşkilatları
kimi AYB-də dövlətdən ödəniş ala bilər.
- Dünyada varmı belə təcrübə?
- Bizdə
bir stereotip yaranıb - Amerikada belədir, Avropda belədir, bizdə
niyə elə deyil? Ona görə ki, ora Amerikadır,
Avropadır, bura isə Azərbaycandır!
Yazıçılar Birliyinə dövlət büdcəsindən
pul ayrılması məsələsinə də bu rakursdan
baxmaq lazımdır. Biz marketinq dönəminə
keçmişik, amma bu o demək deyil ki, hər şey
bazarlaşmalıdır. Dövlət sektoru var, keçid
dövrünün öz tələbləri var. Bəlkə də
10 ildən, 20 ildən sonra AYB penklublaşacaq, özü
özünü maddi cəhətdən təmin edəcək
və dövlətdən pul almağa ehtiyac olmayacaq, amma hələ
ki bu ehtiyac var və hələ ki təmin edilməlidir.
- Penklub bizdə varmı?
- Azərbaycan
Penklubu 1996-cı ildə yaradılıb, ilk prezidenti Xalq
yazıçısı Maqsud İbrahimbəyov olub və 20 il
bu təşkilata başçılıq edib. Dünya
penklublarının Avropadakı mərkəzi qərargahı
Qarabağın müstəqil siyasi qurum olmasıyla
bağlı qərar qəbul edəndə Maqsud müəllim
başda olmaqla Azərbaycan
Penklubu buna qarşı çıxıb və bu qərarın
qəbul edilməsinə etiraz edib.
- Çıxıbmı o təşkilatın
tərkibindən?
- Rəsmən
çıxmasa da, həm Qarabağ məsələsi, həm
də Məhəmməd peyğəmbərin Fransada
karikaturalarının yayılmasına etiraz olaraq, mərkəzlə
bütün əlaqələrini kəsib. 1999-cu ildə
onların Londondakı nümayəndələri Bakıya gəlsələr
də, Maqsud İbrahimbəyov onlarla görüşdən
imtina edib. Maqsud müəllimin vəfatından sonra Penklubun
prezidenti olan Çingiz Abdullayev Amerika, Ukrayna, Belarus,
Gürcüstanda çıxışlar edib. Moskvada Skobayeva və
Solovyov kimi ermənipərəst əjdahaların
qabağına çıxıb. O verilişi
görmüsüz yəqin ki.
- Baxmışam.
-
Çingiz müəllim Rusiyanın düz ürəyində,
iliklərinə qədər ermənipərəstlərin
içində Qarabağ məsələsində Azərbaycanın
ədalətli mövqeyini ən yüksək səviyyədə
müdafiə etdi. Onlar Çingiz Abdullayev nüfuzunun
qarşısında susmaq zorunda qaldı və bütün
dünya bunun şahidi oldu.
- Amma qınamışdılar onda
Çingiz Abdullayevi ki, yaxşı cavab verə bilməyib.
- Kim daha
yaxşı cavab verə bilərdisə, qoy gedib
çıxış edəydi.
- Şərif ümumən
Çingiz Abdullayevi yazıçı kimi qəbul eləmir.
Bax, siz ədəbi tənqidçisiz, onu yaxşı
yazıçı sayırsızmı?
-
Çingiz Abdullayevi dünya yazıçı sayır,
Əsədin, Şərifin onu sayıb saymamasının nə
önəmi var? Şərifin Çingiz müəllim
haqqındakı sözləri ortabab, miyanə birinin
ünlü, uğurlu şəxsə
qısqanclığının əlamətidir. Çingiz
Abdullayev Azərbaycan detektivini əyalət səviyyəsindən
dünya meridianlarına çıxarıb. O, hələ
30-35 il öncə artıq dünya şöhrəti
qazanmış, 1996-cı ilin göstəricilərinə
görə Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braunla birlikdə
dünyanın ən çox oxunan dörd detektiv ustasından
biri olmuşdu. O, Azərbaycanın ən cavan Xalq
yazıçısı, yüzlərlə cild əsərin
müəllifidr. İtaliyanın "Berluskoni" firması
onun ssenarisi əsasında film çəkmək sifarişi
vermişdi. Əsərləri dünyanın onlarca dilinə
çevrilib. Belə çıxır ki, dünya heç nə
bilmir, yeganə ağıllı Şərifdir. O,
uzaqbaşı deyə bilər ki, mən detektivi bir janr kimi qəbul
eləmirəm. Hansı janrda yazmaq və necə yazmaq fərqli
məsələlərdir və bu fərqi anlamağa adicə
savad bəs eləyir.
- Şərif bir inamsızlıq da
ifadə etdi ki, Çingiz Abdullayevin kitablarını sanki
başqa adam yazıb, çünki bu qədər kitabı
yazmağa işıq sürəti lazımdır.
- Əgər
dediyini sübut edə bilməsə, bu artıq inzibati cinayət
məsuliyyətinə cəlb edilməklə nəticələnə
biləcək bir ittihamdır. İkinci tərəfdən,
istedadın bir əlaməti də məhsuldarlıqdır.
Ola bilər ki, Şərifin ildə bir neçə roman
yazmağa istedadı çatmır, amma Çingiz Abdullayevin
çatır.
- Bəs, vaxtı necə,
çatırmı buna? O axı çoxlu təşkilatın
üzvüdür.
-
Çingiz müəllim əsərlərinin çoxunu təyyarələrdə
yazıb, hara gedirsə, noutbukunu da özüylə aparır.
O bu işin texnologiyasını elə mənimsəyib ki, olub
onun ustası, yəni professional. Professionalizmə şübhə
həvəskarlıq əlamətidir.
- Anarla bağlı bir sual: Anar
Yazıçılar Birliyindən getsə, nə baş verərdi?
- O
baş verərdi ki, Yazıçılar Birliyinin hətta
binası da qalmazdı. Anar müəllim o binanı qorumaq
üçün nə qədər çətinliklərlə
üz-üzə, milyard sahibləri ilə
qarşı-qarşıya gəlib.
- Almaq istəyirdilərmi binanı?
- Klassik
memarlıq stilindəki o binanı kimsə öz şəxsi
mülkünə, Yazıçılar Birliyi
yaxınlığındakı istirahət parkını
maşınlar saxlanılan parka çevirmək istəyirdi.
Anar müəllimin nüfuzu hesabına bina qorunub
saxlanıldı. İkinci heç bir şəxs bu işin
öhdəsindən gələ bilməzdi. Nə qədər
böhtanlar atıldı Yazıçılar Birliyinin
üstünə, illərlə çəkən hücum
kampaniyaları oldu, gəncləri öyrədib AYB-yə
qarşı qaldırdılar. Azərbaycan
Yazıçılar Birliyi sabiranə desək, bütün
bunlara tufanlı dəryada duran qocaman bir dağ kimi
dözdü. İkinci tərəfdən, Anar müəllim
ömrünün 70 ilini ədəbiyyat və incəsənətə
həsr eləyib. O, "Beşmərtəbəli evin
altıncı mərtəbəsi", "Əlaqə",
"Macal", "Dantenin yubileyi", "Ağ liman",
"Gürcü familiyası" kimi şedevrlərin müəllifidir.
"Mən, sən, o və telefon" hekayəsi əsasında
dünyanın beş ölkəsində film çəkilib.
Melodram deyirsən yazıb - "Gün keçdi", tarixi
film deyirsən yazıb - "Dədə Qorqud", sənədli-bədii
film deyirsən yazıb və hətta rejissorluq da eləyib -
"Üzeyir ömrü". Təkcə "Üzeyir
ömrü" filmi kifayətdir ki, onun adı Azərbaycan mədəniyyəti
tarixinə qızıl hərflərlə yazılsın. Anarı
tənqid eləmək olar, amma təhqir - əsla!
Çünki o, konkret bir şəxs olmaqdan çıxaraq Azərbaycan
mədəniyyətinin simvoluna çevrilib. Yeri gəlmişkən,
Şərifin çıxışının alt qatında
onun realizə olunmamış karyerist iddiaları da durur. O bu
iyirmi ildə beş iş yeri dəyişib - "Yeni Azərbaycan"
qəzeti və mənim təqdimatımla "Kino plyus" qəzetində,
Mədəniyyət Nazirliyində, Kulis.az saytında işləyib,
nəhayət, "Qanun" nəşriyyatında işləyir.
- Çox iş yeri dəyişəndə
nə olar ki?
- O bu
iş yerlərinin heç birindən normal çıxıb
getməyib. "Kino plyus"dan, Mədəniyyət Nazirliyindən,
nəhayət, Kulis.az-dan uzaqlaşdırılıb... İndi
üzvü olmadığı bir təşkilatın işlərinə
müdaxilə edir, orda da bir intriqa yaratmaq istəyir. AYB sədrliyi
qurultayda həll olunan təşkilatdaxili məsələdir,
kənar şəxslərin bu işə müdaxilə
hüququ yoxdur.
- Bizdə "əvəzolunmaz
insan" haqqında fikir formalaşıb - Anar getsə, onu kim
əvəz edəcək və sair. Sizcə, Anar sədrlikdən
getsə, onu əvəz edəcək başqası yoxdur?
- Anar
müəllimin sədr kimi qalması - mən bunu faktiki olaraq
bilmirəm, məntiqi olaraq təxmin edirəm - onun
özünə yox, yazıçılara lazımdır. O
neçə ildən bəri ev növbəsinə durmuş
yazıçıların mənzil problemini həll eləmək,
bir də Yaradıcılıq Mərkəzinin istifadəyə
verilməsini istəyir və bilir ki, getsə, bu işlər
alt-üst qala bilər. Yoxsa, sədrlik onun nəyinə
lazımdır ki?
- Qurultayınız nə vaxtdır?
-
Payızda Şabranda keçiriləcəyi gözlənilir.
- Bəs, axı, Şuşada
olacağını deyirdilər.
-
Görünür, Şuşada qurultayın keçirilməsi
üçün infrastruktur tam hazır deyil və daha
böyük xərc tələb edir. Ona görə məkanı
dəyişmək qərara alınıb.
- Yenə Anar seçiləcəkmi?
- Qurultay
kimi seçsə, o da sədr olacaq. Amma inanmıram ki, Anar sədr
qalmaq istəsə, yazıçılar başqasına səs
verə!
LAF TV
Ədəbiyyat qəzeti.- 2022.- 23
iyul.- S.6-7.