"100   şair"

 

Həsən bəy Zərdabi

 

Həsən bəy Məlikov Zərdabi [miladi] 1837-ci ilin noyabr ayının 12-də Göyçay qəzasının Zərdab adlı kəndində anadan olmuşdur. Atası Səlim bəy, babası isə Rəhim bəydir. Rəhim bəy Zərdab kəndinin mülkədarlarından idi. Səlim bəy ədəbiyyat dostu (ədəbiyyat sevən), həm də öz mühitinə görə bir əndazəyə qədər fikri açıq bəylərdən idi.

Hələ gənc ikən atasının ağzından tarixə və ədəbiyyata aid bir çox parçalar öyrənən Həsən bəy biliyini artırmağa müvəffəq olmuşdu. Həsən bəy mütədavil qaidə üzrə 7-8 yaşlarında əski məktəblərin birinə verildi. Amma orada "Quran", "Gülüstan" və "Şahnamə" kimi özgə və yad dillərdə yazılmış əsərlərdən bir şey anlamadığı kimi, məscidlərdə eşitdiyi moizələrdən də bir şey dərk edə bilmədi. Odur ki, həm məktəbdən, həm də məscidlərdən diksinərək nifrət etdi. Səlim bəy [miladi] 1852-ci ildə Həsən bəyi Şamaxı şəhər şkolasına qoydu. Həsən bəy də şkolada böyük müvəffəqiyyət qazanmağa müvəffəq oldu. Bu müvəffəqiyyət [xoşbəxtlik nəticəsi olaraq] o vəqtin Qafqaz ölkəsi Maarif müdiri olan baron Nikolayın nəzər-diqqətini cəlb etdi və çox çəkmədən Həsən bəyi Tiflisə apardaraq hökumət xərciylə gimnaziyanın beşinci sinfinə qəbul etdirdi. Həsən bəy 1861-ci ildə Tiflis gimnaziyasını qurtarmağa müvəffəq oldu. Yenə Hökumət hesabına olaraq Moskva Darülfünununun təbiyyət və riyaziyyat fakültəsinə daxil edildi və darülfünunu birincilik qazanmaqla qurtardı. Və qurtararkən professorluğa namizədlik ləyaqət və şərəfini kəsb etməyə müvəffəq oldu.

Həsən bəy Moskvadan qayıtdıqdan sonra Tiflisdə "Mejevoy Palata"ya daxil oldu. Bu idarədə ədalət namına bir şey görmədiyindən 1867-ci ildə [əvvəlki] vəzifəsindən çıxaraq Bakıda "Quberniski pravleniya" idarəsində çalışdı. Burada da bir çox düşmənlər qazandığından istefa verməyə məcbur oldu. Bir müddətdən sonra Quba məhkəməsində katib oldu. Rus dilindən və qanunundan məlumatları olmayan kəndlilərin dilmanclar və advokatlar əllərində didildiklərini (soyulduqlarını) görərək bunlara dili və qələmi ilə hədsiz kömək etdi. Pulsuz, parasız ərizələr yazmaqla işlərini yönünə qoydu (yoluna qoymağa başladı). Nəticədə düşmənləri tərəfindən bir gecə evində oturarkən atdırıldı. Və xoşbəxtlikdən güllə dəyməyib Həsən bəy ölümdən qurtardı.

Həsən bəy üçün artıq Qubada yaşamaq mümkün deyildi. Odur ki, Bakıya köçərək gimnaziyanın təbiyyət müəllimi oldu. Burada da bir çox dəyərli xidmətlər göstərərək pulsuz qalmış tələbələrə maddi və mənəvi köməklik etdi. Səhnədə ilk dəfə olaraq Mirzə Fətəlinin komediyalarını oynatdı. Hasil olan mədaxili də pulsuz tələbələr arasında bölüşdürdü. Bir azdan sonra Cəmiyyəti-xeyriyyə açmaq fikrinə düşdü. Və min zəhmət və məşəqqətdən sonra icazə almağa müvəffəq oldu. 1872-ci ildə Qafqaz şəhərlərini dolaşıb Cəmiyyətə ianə topladı. Bir müddətdən sonra ana dilində bir qəzetə nəşr etmək fikrinə düşdü. Bu barədə 5-6 il çalışdı. Nəticədə 1875-ci ildə "Əkinçi" adlı türk qəzetəsinin birinci nömrəsini çıxarmağa müvəffəq oldu. [O andan etibarən] bütün səy və qüvvətini qəzetəyə sərf edərək heç bir zəhmətdən çəkinmədi. Şəxsən İstanbula gedərək qəzetə üçün təzə hürufat gətirdi. [Qəzetəsi ilə Azərbaycan xalqına bitməz və tükənməz xeyirlər və mənfəətlər verdi]. Yazıları ilə xalqın gözünü açdı. Həsən bəyə və onun nəşr etdiyi qəzetəsinə hökumətin rəsmi senzorundan başqa ruhanilər, mülkədarlar, bəylər, ağalar, [qara fikirli ruslar, daşnak əqidəli ermənilərin] hər biri bir senzor kəsildi. Həsən bəy bunlar ilə də mübarizə apararaq faiq gəlmədə idi ki, birdən-birə gözlənilməyən böyük bir hadisənin şahidi oldu (hadisə baş verdi). O hadisə də 1877-ci ildə başlanan Rus və Osmanlı müharibəsi idi. (1877-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başlandı). Müharibə zamanı təzyiqat daha da artdı. Düşmənlər də fürsətdən istifadə edərək bacardıqlarını əsirgəmədilər. Bu arada bir də Dağıstan iğtişaşı meydana çıxdı (əmələ gəldi). (Üsyançıların bəzisi sürgün, bəziləri də güllələndi. Bunların sırasında Həsən bəyin tələbələri də var idi). "Əkinçi" qəzetəsinin bağlanmasına çoxdan bəri bəhanə axtaran çar hökuməti qəzetəni bağlayaraq Həsən bəyə də Yekaterinador və ya Kutayis Gimnaziyasına müəllim getməyi təklif etdi. Göstərilən məmuriyyətlərə getmək istəməyən Həsən bəyin üstünə şiddətli bir surətdə jandarmalar tərəfindən [xəfiyyələr qoyulub] təqib olundu. Nəhayət, məktəbdən istefa verərək Zərdab kəndinə köçməyə məcbur oldu. 1880-ci ildən etibarən Həsən bəy Zərdabda yaşayaraq Ucarda da vəkilliyə, advokatlığa başladı. Və məhkəmələrdə gördüyü ədalətsizliyi əvvəlcə "Obzor", sonra isə "Novaə obzor" qəzetələrində yazdı. Həsən bəy bu qədər ruhani və cismani çəkdiyi zəhmət və məşəqqətlərə davam edə bilmədiyindən fəlc xəstəliyinə mübtəla oldu. Və yenidən Bakıya köçməyə məcbur oldu. Bakıya gələrkən Bakı Dumasına seçildi. [Həsən bəyin seçilməsinə tərəfdar olanların çoxu anlaqlı rus və ermənilər idi]. Həsən bəy Dumada çalışarkən xəstəliyinə baxmayaraq Peterburq, Bakı qəzetələrində də iştirak etdi. Başqa ictimai işlərdə də çalışdı. 1902-ci ildə Şamaxıda vaqe olan böyük zəlzələdən zərər görən əhalinin köməyinə gedərək onlara yardım etdi. Və 1906-cı ildə ilk dəfə olaraq Türk Müəllimlər Qurultayı çağıtdırdı. Gözlənilən nəticəni hasil edəməyəcəyini hiss edən Həsən bəy qurultayı altdakı ilə təxir etdirdi. 1907-ci ildə İkinci Qurultaya dəvət edilərkən xəstəliyi şiddət etdiyindən iştirak edə bilmədi. Həm dili, həm də əlləri hərəkətsiz qaldı. Və həmin xəstəlikdən 1907-ci ilin noyabr ayının 28-də vəfat etdi. [Təsyiyi-cənazəsi başqa cəmiyyətlərin, xalqlar nümayəndələrinin səmimi iştirakları ilə qayət parlaq və ehtiramlar ilə vaqe olaraq Bakıda dəfn edildi].

Bitməz-tükənməz xidmətləri olan Həsən bəyin təbi-şeiri də var idi. Gah-gah sadə və açıq dildə mənzumələr yazardı. Mətbu olaraq "Gap" adlı bir kitabçası və qeyri-mətbu bəzi şeirləri vardır. Müfəssəl məlumat almaq istəyənlər qəzetələrə, "Əkinçi" qəzetəsinə və Azərbaycan mətbuatının əlli illiyi münasibətilə "Kommunist" qəzetəsinin "Əkinçi" adlı 1926-cı ildə nəşr etdiyi kitabçaya müraciət etsin.

 

Salman MÜMTAZ

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.4-5.