Mütaliə qeydləri:

 

Şəhriyar del Geraninin "Türbülans" hekayəsi haqqında  

 

Bizdə adətən saxta təriflər geniş yayıldığı üçün Şəhriyar del Geraninin "Türbülans" hekayəsi çap ediləndə və sosial şəbəkələrdə paylaşılıb təriflənəndə düşündüm, yəqin, şairin məşhur imzasına aldanıb yalandan tərif vururlar. Əsas da ona görə belə düşündüm ki, hekayənin ilk cümlələrini oxuyanda mənə publisistik mətnləri xatırlatdı. Müəllifin, xüsusən son zamanlar müəyyən saytlarda dərc edilən köşə yazıları, demək olar ki, elə bu hekayənin ilk cümlələri üslubundadır.

Sırf bu təriflərin saxtalığına əmin olmaq üçün bir neçə gün sonra imkan tapan kimi hekayəni sonacan oxumaq məqsədilə mütaliəyə başladım və hətta fikirləşdim ki, ehtiyac olsa, o saxta tərifləri faş etmək və tərif vuranları tənqid etmək məqsədilə hekayənin zəifliyi haqqında bir yazı da yazım.

Ancaq mütaliəni bitirəndə gördüm ki, yanılmışam. Şəhriyar şair olmağına baxmayaraq bir çox nasirlərdən daha yaxşı bir hekayə ortaya qoya bilib. Düzdür, ilk cümlələrdəki publisistik üslub məsələsilə bağlı fikrim dəyişilmədi və məncə, bu qüsuru aradan qaldırmaq üçün mətnin müxtəlif yerlərində, xüsusən də əvvəllərində müəyyən dəyişikliklər etməyə gərək var. Hətta, çox güman, müəllif hekayənin mərkəzində dayanan o xatirəni əvvəlcə adi bir köşə yazısında, publisistik məqalədə əks etdirmək istəyib, ancaq daha sonra mətnin gedişatı onun fikrini dəyişərək bədii mətn yazmağa sövq edib.

Hekayənin mərkəzində dayanan o hadisə bundan ibarətdir ki, təhkiyəçi uşaqikən yaşadığı bir anı heç cür unuda bilmir, elə də vacib olmayan həmin anın nə üçün yaddaşına ilişib qaldığını başa düşmür, bir neçə il sonra bu hadisəylə bağlı həmin səhnənin iştirakçısı olan babasıyla, əmisiylə söhbət edir, onlardan bu hadisəni xatırlayıb-xatırlamadıqlarını soruşur və məlum olur ki, onların heç biri həmin anı xatırlamır. Cavab təhkiyəçinin əhvalını təlx etsə də, növbəti bir neçə ildən sonra baş qəhrəman, hadisənin başqa iştirakçısıyla qarşılaşır, ondan da eyni şeyi soruşur və yenə eyni məyusedici cavabı alır.

Bəs həmin hadisə nədən ibarətdir?

Təhkiyəçi uşaqikən, evdəki otaqlardan yalnız birinin isti olduğu və bu səbəbdən bütün ev əhlinin ora yığışdığı qış günlərinin birində kürəyinə döşəkçə qoyub divara söykənərək adəti üzrə "Sovet ensiklopediyası"nı vərəqləyir və kitabın hansısa səhifəsində yer alan çılpaq qadın rəsminə baxır. Bu vaxt əmisi içəri girib öz atasına, yəni uşağın babasına müraciətlə deyir:

- Lələ, Ədhəm səni çağırır.

Və baba cavab verir:

- "Deynən, evdə yoxdu".

Baş qəhrəmanın illər boyu yadından çıxmayan an bundan ibarətdir.

Hadisə, doğrudan da, olduqca sadə bir hadisədir. Sıradan oxucular baş qəhrəmanın bu xatirəylə bağlı keçirdiyi hissləri duymaqda, çox ehtimal ki, çətinlik çəkəcəklər. Hekayə onlar üçün, bəlkə , maraqsız olacaq. Amma Şəhriyarın təqdim etdiyi mətn ona görə uğurludur ki, həssas oxucu hekayəni oxuyarkən, yavaş-yavaş özü həmin otaqdakı o hadisəyə şahid olur, uşağın oğrun-oğrun jurnala baxmasına, əminin içəri girib babaya o sözü deməsinə babanın verdiyi cavaba oxucu özü tamaşa edə bilir.

Təhkiyəçini bu xatirəni nəql etməyə vadar edən şey o anın qeyri-adiliyi əlamətdarlığı deyil. İllər keçdikcə yaşanılan həyatın qarşıya çıxardığı qəm-kədərlər, hiss-duyğular yığılaraq sadəcə bu hadisəni bəhanə edib özünü göstərir.

İlk baxışdan bir çox oxucunu ", noolsun" deməyə vadar edən bu adi hadisənin təhkiyəsi, şəxsən mənə Ernest Heminqueyin bir sıra hekayəsini xatırlatdı.

Məsələn, adını unutduğum bir hekayəsində Heminquey belə bir situasiya yaradır. Bir neçə gün qonaq qaldığı evdən ayrılmaq üzrə olan adam günorta evdən çıxır ev sahiblərinə bildirir ki, ola bilsin, axşam birdəfəlik yola düşməzdən əvvəl yenə bura qayıtsın. Ancaq qayıtmır. Ev sahibləri isə axşam onu gözləyirlər. Vəssalam, hekayə, demək olar ki, bundan ibarətdir. ancaq bundan ibarət olan hekayəni maraqlı etmək üçün həyatı dərin hiss etməklə bərabər, həm usta nasir olmaq lazımdır. Çünki belə bir hekayəni yazmaq olduqca çətindir.

Bəli, Şəhriyarın bu hekayədəki hisslərinin sadəliyi yaxşı mənada Heminqueyin bəzi hekayələrini xatırladır, sadəcə fərq ondadır ki, Ernest Heminquey bu hekayəni yazsa, çox ehtimal, ancaq ancaq otağın içində baş verən o hadisəni təsvir edəcəkdi, lakin həmin hadisəni xatirə kimi yox, mətnin əsas xətti olaraq əks etdirəcəkdi. Kənar heç bir detal hadisəyə gərək duymayacaqdı təhkiyəçinin yaddaşında iz qoyan o hadisəni elə təqdim edəcəkdi ki, oxucu, təhkiyəçinin "bu anı niyə unuda bilmirəm?" sualına ehtiyac duymayacaqdı, çünki oxucunun özü həmin anı yadda saxlayacaq şahidlərdən birinə çevriləcəkdi. Bu mənada, mətnin ilk bir neçə cümləsində hiss edilən publisistiklik yoxa çıxacaqdı. Lakin o hadisəni qısa şəkildə, ancaq otağın içində təsvir etmək olduqca çətin bir işdir. bir baş qəhrəmanın sonradan həmin anla bağlı atasına, əmisinə Ədhəm dayıya suallar verməsi vazkeçilməz dərəcədə lazımlı səhnələrdir.

Ernest Heminquey bu hekayəni yazsa, məsələn, uşağın vərəqlədiyi kitabı çılpaq şəkildə "Sovet ensiklopediyası" adlandırmayacaqdı, onu sadəcə "Sovet ensiklopediyası"na bənzədəcəyimiz şəkildə təsvir edəcəkdi.

Məncə, hekayədəki "Çürük" obrazı onunla bağlı hissə əsas məsələyə ciddi qatqıda bulunmur həmin hissələri mətndən səliqəli şəkildə kəssək, heç itirilməyəcək. Yəni Heminquey bu hekayəni yazsa, həmişəki kimi mətn daha qısa alınacaqdı "Çürük"lə bağlı hissədən başqa bir hekayə ərsəyə gətirəcəkdi.

Bir çox uğurlu hekayəyə xas əlamət bu hekayədə özünü göstərir. Oxucu mütaliəni bitirdiyi bir neçə saat sonra hekayəni unutduğu anda qəfildən mətndəki hansısa epizodu xatırlayır o epizodu hiss edir. Məsələn, baş qəhrəmanın çayxanada Ədhəm dayıya yaxınlaşıb həmin anla bağlı sual verməsi. Bu səhnə, mənə görə, hekayədəki ən maraqlı səhnədir. Sonradan yada düşərkən oxucunu təsirləndirən səhnədir. Niyə? Çünki uşaqlıqda baş verən o hadisənin üstündən xeyli müddət keçib, babanı çağıran Ədhəm adlı o adam artıq qocalıb babanın öldüyü yaşa çatıb, ensiklopediyada çılpaq qadın rəsminə baxan uşaqsa artıq tələbəlik illərini yaşayır. bir gün çayxanada Ədhəm kişini görür. Baş qəhrəmanın Ədhəm kişiyə yaxınlaşıb ondan o anı xatırlayıb-xatırlamaması ilə bağlı nələrsə soruşması burda həm başqa məqamları üzə çıxarır. Yəni gör sən öz həyatını qədər qəm-kədər içində yaşayırsan ki; gənclik illərinə baxmayaraq xoşbəxtlik səndən qədər uzaqdır ki; ürəyindəki qüssələrlə, əzablarla qədər təkbətək qalmısan ki, uşaqlıqda baş verən o epizod hələ ağlındadır, üstəlik, unudulmadığına görə səni narahat edir. Yəni yalnız kədər içində yaşayan həyatı yalnız əzab kimi görən biri belə bir addım ata, illər sonra Ədhəm adlı o adama bu gülməli absurd sualı verə bilər. Bu kədər, təbii ki, ilk növbədə həm müəllifin öz şairanə kədəridi. bu mənada Zeydi Smisin "Yazmağın mahiyyəti özünü, öz fərqliliyini göstərməkdir" kəlamı da müəllifi təbrik etməyə əsas verir.

Məncə, bursalı tələbənin  təyyarədə ölüm təhlükəsiylə üzləşdiyi anla bağlı hissədən daha çox, hekayənin kulminasiya nöqtəsinə, məhz yuxarıda qeyd etdiyim səhnə yaraşır.

Amma mənə həm elə gəlir ki, müəllif oxucunun onu başa düşməyəcəyindən qorxduğu üçün, ən azından, oxucunun xoşuna gələcək bir sıra epizodları hekayəyə qatmaq məcburiyyətində hiss edib özünü. Bu məcburiyyəti hiss etməsə, bəzi məqamları ("Çürük" s. məsələlər) hekayədən çıxara da bilərdi. Sosial şəbəkələrdə hekayənin əsas mahiyyətindən daha çox, o əlavə epizodlara tərif deyən oxucu-yazıçıları görəndə haqlı olduğunu bir daha anlayırsan.

Qısası, müəllifə təbriklər!

 

19-20 iyul, 2022

 

Təvəkgül BOYSUNAR

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.5.