Əlvida, dil!
Zaman-zaman içində tək qaldığımız dünyanın
axirətini düşünürəm. Təsəvvür edəndə ki, göy üzündə milyardlarla ulduzun içində sadəcə
insan olan bizik və sonrası
məchul olan bir sınağın marionetləriyik, əbədi
suallar yenə başıma tökülür.
Onsuz da milyardlarla ulduza yad olan
bizlər bir də bir-birimizə yadıq. Təklik içində təklik
yaşayırıq. Dillərimiz ayrı,
bir-birimizi necəsə
anlamağa çalışırıq.
Dil insanlara günahının
cəzası kimi verilib. Məşhur babil miflərində
gecə-gündüz göy
üzünü dəlib
ona çatmaq istəyən adamların dillərini qarışdırıb
hərəsini dünyanın
bir bucağına atan Tanrı haqqında hekayə var. Öz yaradılışına
çatmaq istəyən,
onunla bu dünyaya göndərilən
ölümcül sualların
cavabını tapmaq istəyən Adəmin oğulları dillərindən
ayrı düşürlər.
Sivilizasiyaların yaranması,
fərdlərin təkamülü
bu uçurumları bir az daha dərinləşdirir.
Elə bilirdik ki, dünyanı
öyrəndikcə, onu
ilmə-ilmə kəşf
etdikcə aramızdakı
məsafələr minimum olacaq.
Amma yanıldıq. Elmin inkişafı
xoşbəxtlik gətirdiyi
qədər, bədbəxtlik
də gətirdi, göyə çıxmaq
istəyən insanı
torpağın iki-üç
metr altına gömdü. Dillər
arasındakı savaşın
yaratdığı ədəbiyyatlar
yenidən dünya ədəbiyyatı kimi eyni rəfdə toplanmaq istəsə də, milli ədəbiyyat, yəni milli dil anlayışının
qarşısında bu
proses də zəifləyir. Adamlar bölünməyə, özlərinin mahiyyətindəki
vahidliyi sındırmağa
könüllü oldu.
Bu gün Babil mifləri nə qədər aktualdı, bir az müzakirəli və ayrıca yazılası mövzudur. Amma çox güman
ki, fırlanıb, dolaşıb yenə eyni mənbəyə, eyni məcraya gələrik.
Dil fikrin, düşüncənin konseptləşmiş
təzahürüdür. Onun mutasiyası
başqa bir məfhum yox, elə dilin özüdür. Dil düşüncə
qədər yeyin, düşüncə qədər
elastik olduğu üçün zaman fasilələrində baş
verən bütün proseslərə bizdən asılı olmayaraq (həm də olaraq) özü reaksiya verir. Sözlərin, ifadə şəkillərinin bir-birindən
törənmədiyi halda
belə dil öz funksiyasını insanın müşahidə
qabiliyyəti ilə yerinə yetirməyə
can atır. Alimlər yüz uşağı
fərqli kameralarda heç bir ünsiyyət əlaqəsi
olmadan saxlayırlar.
Müəyyən müddətdən sonra yüz fərqli dillə onlara müraciət edən tamam fərqli fərdlərlə
qarşılaşırlar. Onların özlərini ifadə etdikləri dillərin hamısı ivrit dilinə uyğun gəlsə də, modifikasiya xətaları gözdən qaçmır.
Uşaqların böyümə dövründə dillər
getdikcə daha çox fərqlənməyə
başlayır və nəticədə bütün
kodlar qarışır.
Lakin qarışan kodların açar sözləri onların valideynlərinin
dilinə müəyyən
qədər yaxınlıq
təşkil edir.
Dil təfəkkür hadisəsindən
genetik hadisəyə çevrilir. Təkcə metafizik
mahiyyətində deyil,
həm də bioloji mahiyyətində özünü büruzə
verməyə başlayır.
Son aylarda yaşananlar
dillərə hansı
prizmadan təsir göstərəcək, bunu
hələ bir neçə on illikdən
sonra müəyyən
edəcəyik. Amma insanların izolyasiya
şəraitində, virtual olaraq sosial, reallıq olaraq assosial qaldığı bir dövrdə (ki, bu yeni
əsrin başlanğıcından
belədir) düşüncə
minimum alqoritmlərlə, dil
minimum lüğətlə varlığını qoruyur.
Belə olan halda yazının
və dilin mahiyyətcə eyni yerdən qidalandığını
deyə bilsək də, təzahür şəkillərindən hansının
daha aktual olduğunda mübahisələr
yaranır. Hazırda vəziyyət
tekst diskursdan daha əlverlişlidir, həm təfəkkür proyeksiyası kimi, həm də ünsiyyət paradiqması
kimi.
Bəs dil böyük kontekstdə yoxa çıxarsa, gərəksiz qalarsa, düşüncələrimizdə, təxəyyülümüzdə hansı proseslər necə və nə ilə dinamikləşər? Milyon illərdi günahlarının
cəzasını öz
ağızlarında daşıyan
insanlar bir andaca bu cəzadan
qurtulmaq istəsələr,
dildən, ünsiyyətdən
imtina etsələr, nə baş verər. İlk dilin birdən-birə
minlərlə dilə
bölünməsi prosesində
olduğu kimi insanlar arasındakı fərqlər çoxalarmı,
yoxsa dillərin vahid genetik kodlarının
aşkara çıxmasından
sonra bu yadlaşmanın başqa səbəblərini axtaranların
əlində ciddi dəlillərmi toplanar?
Səsi ifadə etmədən sözə,
sözü ifadəsiz
cümləyə, cümləni
vizual şəklə
salmadan mətnə çevirmək mümkün
ola bilərmi?
Süni intellektin yazdığı
şeirlər, ssenarilər,
apardıqları diskurslar
sualımızın cavabını
müəyyən mənada
vermiş olur. Bəs ünsiyyətin ruhsal qatındakı konturları
yazıda nə qədər ifadə edə biləcəyik?
Qodarın "Əlvida, dil!"
filmindən sonra bu qədər sualların dilimi deyil, təxəyyülümü
məşğul etməsi
bəlkə rejissorun yuxarıdakı suallara cavabıdır elə, bilmirəm.
P.S. Mətndə dil tekstin özəyini təşkil edən yox, onu vizuallaşdıran
element kimi istifadə olunub.
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.-
23 iyul.- S.3.