"Dəhrin
qurulub, çünki ülum ilə binası...",
yaxud "Bitməz-tükənməz
xidmətlər"in mükafatı
"Mətbuat millətin
tərəqqisi yoludur. Millət addım
atdıqca ayaqlarının
izi mətbuatda qalır!" - Bu dəyərli
fikirlər böyük
alim-yazıçımız Yusif Vəzir Çəmənzəminliyə məxsusdur. Mətbuatın dəyəri haqqında
deyilmiş bu qiymətli fikirlərə
başqa bir əlavə etmədən
milli mətbuatımızın
banisi Həsən bəy Zərdabi barədə yazılan dəyərli bir əlyazmadan söz açmaq istərdik.
Görkəmli ədəbiyyatşünas alimimiz Salman Mümtazın qələminə
məxsus bu əlyazmada "qəzetəsi
ilə Azərbaycan xalqına bitməz və tükənməz xeyirlər və mənfəətlər verən"
(S.Mümtaz) Həsən
bəy Zərdabidən
bəhs olunur. Qeyd edək ki, əvvəlcə, bu əlyazmanın çap nüsxəsi ilə Salman Mümtaz adına
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində mühafizə
olunan arxivlərdən
birində - "Azərnəşr"in
arxivində araşdırma
apararkən tanış
olmuşduq. Salman Mümtazın XX əsrin amansız repressiya illərində itmiş, yaxud yandırılmış
əlyazmaları arasında
adıçəkilən "100 şair" əsərinin
bir neçə il öncə həmin arxivdən aşkar etdiyimiz, müxtəlif qovluqlardan topladığımız əlyazma
və çap materialları arasında
"Həsən bəy
Zərdabi" adlı
bir məqaləsinə
rast gəlmişdik. Salman Mümtazın böyük zəhmət bahasına araşdırıb
qələmə aldığı
və çapa hazırladığı, lakin
çap olunmadan repressiya illərində itmiş bu qiymətli
əsərinin əlyazmasının
böyük bir qismini Salman Mümtaz adına
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində aşkar edərkən onun Azərbaycan ədəbiyyatşünaslığı
üçün nə
qədər dəyərli
olduğunun şahidi olduq. Bu qiymətli
əsər Salman Mümtazın nəşrə
hazırladığı, bəlkə
də, son kitabıdır.
Arxiv sənədlərində mühafizə
olunan, Mircəfər Bağırova ünvanlanan
bir məktubundan S.Mümtazın uzun illər üzərində
çalışdığı və nəşrə hazırladığı bu
kitabın çapına
icazə verilməsini
xahiş etdiyi məlum olur. Lakin artıq "xalq düşməni" kimi
damğa vurularaq vəzifəsindən uzaqlaşdırılan,
sonra isə həbs edilərək güllələnən bu
elm şəhidinin arzusu
yerinə yetirilməmişdir.
Kitabxanası dağıdılan,
kitabları yandırılıb
külə dönən
alimin "100 şair"
kitabının əlyazmalarını
ayrı-ayrı qovluqlardan
aşkar etdikcə, təsbeh dənələri
kimi dağıdılmış
bu əsəri bu gün səhifə-səhifə
toplayıb yenidən
"ipə düzməy"ə
çalışmaqla böyük
ədəbiyyatşünas alimin son arzusunun həyata keçməsi, ruhunun şad olması arzusundayıq.
Təzkirədə haqqında məlumat verilən, tərcümeyi-halı
və əsərlərindən
nümunələr təqdim
edilən yüz şairdən biri də Həsən bəy Zərdabidir. İndiyədək
böyük bir qismini (sayı 70-ə yaxın Azərbaycan şairi barədə yazılan hissələri)
aşkar edib müasir əlifbamıza çevirməkdə olduğumuz
"100 şair" təzkirəsindəki
şairlər arasında
görkəmli ziyalımız,
milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin adının olması, onun təkcə maarifçi-publisist, qiymətli
alim kimi deyil, həm də şair kimi tanıdılması olduqca dəyərlidir. H.Zərdabi barədə tərcümeyi-hal
xarakterli yazısının
sonunda, "Bitməz-tükənməz
xidmətləri olan Həsən bəyin təbi-şeiri də var idi. Gah-gah sadə və açıq dildə mənzumələr yazardı.
Mətbu
olaraq "Gap" adlı
bir kitabçası və qeyri-mətbu bəzi şeirləri vardır" - deyə diqqətə çatdıran
S.Mümtaz şairin
"Gap" şeirini nümunə
olaraq vermişdir.
Qeyd edək ki, həmin şeir H.Zərdabinin
1901-ci ildə nəşrə
hazırlayıb çap
etdirdiyi "Türk nəğmələrinin məcmuəsi"
adlı kitabında yer alan
18 "nəğmə"dən biridir. 6 bənddən
ibarət həmin şeirin bir bəndi (4-cü bənd) Mümtazın təzkirəsində
verilməmişdir. Yeri gəlmişkən,
S.Mümtazın adını
çəkdiyi "Gap" adlı kitabça barədə isə digər mənbələrdə
məlumata rast gəlməsək də,
1901-ci ildə çap
olunmuş nəğmələr
məcmuəsindəki şeirlərin
Zərdabinin qələminə
məxsus olduğunu düşünürük. Və bu kitab Həsən
bəy Zərdabinin milləti birliyə, elmə və maarifə çağıran
mahnı mətnlərinin
yazılması ilə
bağlı arzusundan yaranmışdır. Belə
ki, hələ "Əkinçi" qəzetinin
1 sentyabr 1877-ci il tarixli 18-ci sayında maarifpərvər ziyalı
bu barədə yazırdı: " ... yaxşı olardı ki, bizim şüəralar
bir-birini həcv və mədh etmək əvəzinə,
zikr olan məzmunda mahnılar düzəldəydilər ki,
onlar ağızdan-ağıza
düşüb xalqı
nadanlıqdan danalığa
təhrik etməyə
bais olaydı".
Qeyd edək ki, "Azərnəşr"in arxivindəki
"Həsən bəy
Zərdabi" adlı
məqalənin saxlanıldığı
qovluqda "100 şair"
əsərinin makinada
çap olunmuş, nəşrə hazırlanmış
9 səhifəsi (səhifə
617-625) saxlanılır. Köhnə
latın qrafikalı əlifbada çap olunmuş bu makina səhifələri
üzərində redaktə
işi aparılmış,
bəzi sözlər,
cümlələr dəyişdirilmiş
və ixtisar edilmişdir. Məqalənin
digər nüsxəsi
isə Salman Mümtazın AMEA Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
mühafizə olunan şəxsi fondunun materialları arasındadır.
Ərəb qrafikalı
əski əlifbada qələmə alınmış
"Həsən bəy"
adlı 8 səhifəlik
əlyazmanın saxlanıldığı
qovluğa həmin əlyazmanın 5 səhifəlik
kiril əlifbası ilə makina çapı da əlavə edilmişdir. S.Mümtazın Həsən bəy
Zərdabi barədə
məqaləsini çapa
hazırlayarkən, ilk və
əsas variant olaraq məhz ərəb əlifbasında yazılmış
əlyazmasını çevirdik
və digər nüsxə - "100 şair"in
çap nüsxəsi
ilə müqayisə
edərək, redaktə
olunmuş nüsxədəki
dəyişiklik, ixtisar
və əlavələri
də nəzərə
aldıq. Təqdim
etdiyimiz mətndəki
düz (kvadrat) mötərizə içərisində
verilən söz və cümlələr (məs.:
[miladi]) redaktə olunmuş nüsxədə
ixtisar olunmuşdur. Sadə mötərizə
içərisində verilənlər
isə (məs.: soyulduqlarını) həmin söz və cümlələrin
məqalənin mətninə
redaktə zamanı əlavə edilənlərdir.
Milli Mətbuat Günümüzdə
"Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim
etdiyimiz bu yazı ilə həyatı boyu millətin səadəti uğrunda "bitməz-tükənməz
xidmətlər" göstərərək
xalqın sonsuz sevgisi ilə mükafatlanan və bu yolda qurban
gedən fədakar qələm əhlinin, görkəmli ziyalılarımızın
mübarək ruhlarına
bir daha hörmət və ehtiramımızı bildirmək
istədik.
Şəlalə Ana Hümmətli,
şair-publisist, filologiya
üzrə fəlsəfə doktoru,
dosent
Ədəbiyyat qəzeti.- 2022.-
23 iyul.- S.4.