XX əsr
fransız poeziyasının ən məşhur isimlərindən
biri, yüzə yaxın şeir
kitabının müəllifi Pol Elüar (1895-1952) "Azadlıq" şeirini 1942-ci ildə, Fransa
nasist Almaniyası tərəfindən işğalda olduğu vaxt yazmışdı. Zirzəmilərdə
surəti çoxaldılan şeiri ingilis təyyarələri Fransa səmasından
səpirdi. Müharibə zamanı "Şeir
və həqiqət", "Müharibə dövründə
yeddi eşq şeiri" kitablarını çap
etdirən şair Müqavimət Hərəkatının
iştirakçılarına dəstəyini bu
cür göstərirdi.
Azadlıq
Məktəb dəftərlərimə
Ağac gövdələrinə
Torpağın üstünə qarın üstünə
Sənin adını yazıram
Oxuduğum səhifələrə
Ağ vərəqlərə
Daşa qana və külə
Sənin adını yazıram
Qızılı rəsmlərə
Cəngavər yaraqlarına
Kralların tacına
Sənin adını yazıram
Meşələrə və səhralara
Ağaclardakı quş yuvalarına
Uşaqlıq xatirələrimə
Sənin adını yazıram
Gecənin möcüzələrinə
Gündüzün ağ çörəyinə
Nikah sabahlarına
Sənin adını yazıram
Göyüzünün maviliyinə
Ayın əks etdiyi gölə
Günəşli su hövzələrinə
Sənin adını yazıram
Hüdudsuz çöllərə
Uçaq quşların qanadlarına
Dəyirman pərlərinə
Sənin adını yazıram
Sübhün şəfəqlərinə
Dənizdəki gəmilərə
Dağların zirvəsinə
Sənin adını yazıram
Ağappaq bulud topalarına
Fırtınanın tərli üzünə
Yağışın damcılarına
Sənin adını yazıram
Keçib
gedən siluetlərə
Çiçəklərin
qönçələrinə
İnkaredilməz
həqiqətə
Sənin
adını yazıram
Mürgülü
cığırlara
Dümdüz
yollara
Küçə
səkilərinə
Sənin
adını yazıram
Gecələr yanan lampalara
Səhərlər
sönən lampalara
Yaşadığım
bütün evlərə
Sənin
adını yazıram
İki yerə böldüyüm
almaya
Yataq
otağımdakı güzgüyə
Yatdığım
çarpayıya
Sənin
adını yazıram
İtimin
hamar tüklərinə
Dik
qulaqlarına
Əyri
pəncələrinə
Sənin
adını yazıram
Evimizin
kandarına
Tanış
əşyalara
Alovun
müqəddəs dillərinə
Sənin
adını yazıram
Bütün tanıdığım
bədənlərə
Dostlarımın
üzünə
Əl
verib salamlaşmalara
Sənin
adını yazıram
Pəncərə
şüşələrinə
Sükutu
pozan
Diqqətli
dodaqlara
Sənin
adını yazıram
Gizləndiyim xarabalıqlara
Dağılmış
mayaklara
Qüssəmin divarlarına
Sənin
adını yazıram
Ümidsiz
ayrılıqlara
Çılpaq
tənhalığıma
Ölüm
nərdivanının pillələrinə
Sənin
adını yazıram
Bərpa
olunmuş sağlamlığa
Keçib
getmiş təhlükəyə
Kor-koranə
ümidə
Sənin adını yazıram
Və o bircə sözün hökmüylə
Yaşamağa başlayıram yenidən
Doğulmuşam ki səni tanıyım
Sənin adını deyim
Azadlıq.
Tərcümə:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 30
iyul.- S. 5.