Səndən başqa
nə küçə
var, nə şəhər,
Gözlərindən boylanıram özümə.
Görən hansı duadasan?
Görən hansı duadasan?
Əl açıb
istəyim səni.
Razıyam lap göz yaşımla,
Suvarıb bəsləyim səni.
Yuxuma haram qatmısan,
Hansı
ürəkdə yatmısan,
Çağırıb səsləyim səni.
Ürəyim
alışıb-yana,
Baxma o yana,
bu yana,
Bu eyvandan o eyvana,
Baxıb qəribsəyim səni.
Yollarından dönüş üçün,
Yanağında gülüş üçün,
Bir dodaqlıq öpüş
üçün,
Gərək əzizləyim səni.
Yazı
yola saldıq yenə,
Ömür gedir gündən-günə,
Demə
ki, zaman var yenə,
Gəlirsən, gözləyim səni?
Və sən hey gözlərsən...
Gözlərimə
tor atmısan,
Sərhəd məftillərinə dolaşan kimidir
naz bilməyən qadınların saçları...
Kirpikləri qırılmış çətir kimi süzər
gözlərindən yağan
yağışın damcılarını
Təbəssüm qatarı yanaqlarının
relsindən çıxıb
yolunu azar
Və sən hey gözlərsən...
Qolların dizlərinə qucaq,
başın isə sığal olar təsəlli üçün
Ruhun əsir düşər düşüncələrinə
Qibləsini dəyişər qurtuluş
üçün.
Etdiyin dualar qəbul olunmaz,
Və sən hey gözlərsən...
Ürəyinə ilmə-ilmə yamaq
atarsan
keçmiş günlərin
xatirəsindən,
Səfil
görünüşüylə diləndirər səni,
ac qalmış dünyası
üçün
Gülənlərin saya gəlməz,
dərdinə yananlar yaxında olmaz,
Və sən hey gözləyərsən...
Ağ günlərinin üstündən
qara donunu geyinən qadın,
qol qaldırıb heç bir mahnıya oynaya bilmir.
Utanarsan
rənglərə baxıb,
gülümsəməyin
rəsmini çəkməyə
Və sən
hey gözləyərsən...
Külək örtür kirpiklərin
qapısın
Səndən başqa nə küçə var, nə şəhər,
Gözlərindən boylanıram özümə.
Külək örtür
kirpiklərin qapısın,
Yol azmışam, yad gəlirəm gözümə.
Yoxluğunda susqunluğum yoğrulur,
Sən olmayan sevgim, ölü doğulur,
Bu nə hissdi düyünlənir, boğulur,
Danışmağa dil tapmıram sözümə.
Daha yaşım o yaş deyil, mən də mən,
Baxışın da baxış deyil, sən də sən,
Keçmiş ilə tanış deyil, saçda dən,
Axı niyə tab gəzirəm dözümə?
Yalan kəlmən doğrulara dönə də,
Lal gedişin gəlişinlə
dinə də,
Sonda ölən ümid olsan, yenə də,
Göz yaşımdan çilənirəm
közümə.
Şeir
Səhər-səhər nə şeir istəyirsən?
Şeh düşüb e misraların
üzünə,
Əlim
titrək, qələm
susub gecədən,
Gözüm hələ tamaşadır
gözünə.
Baxışını şeir, qəzəl, müxəmməs,
Əvəz etməz
heç bir təcnis, müsəddəs,
Mənin susmuş,
danışmayan müqəddəs
Hansı kəlməm naxış olsun sözünə?
İstəyirsən, gözünü
yum, danışma,
Lap istəsən küsəndə
də barışma,
Bircə
səni sevməyimə
qarışma,
Neyləsən də, vurulmuşam özünə.
Ürəyimi
dayandırar nəbz oxu,
İstəyirdim öpüb yazam,
sən oxu,
Ayıldım ki, nə sən varsan, nə yuxu,
Mən yuxuda alışmışam közünə.
Bəlkə,
durub gələsən?
Ayrılıq ölkəsində,
Məndən yetim şəhərsən.
Darıxmağın gözündə,
Ehh, boğulan
qəhərsən.
Sənsizliyə
gileydim,
Keçmişimdən gəleydin,
Kaş bir xəbər bileydim,
Necəsən, nətəhərsən?
Nə varlığın bilinir,
Nə yoxluğun bilinir,
Çox
dəyişib deyilir,
O gündən birtəhərsən.
Axtarır gözüm səni,
Dil üstdə sözüm səni,
Soraqlasam
da səni,
Susmuş xəbər-ətərsən.
Daha inadı udub,
Olanları unudub,
Göz yaşımı qurudub,
Ümidimə sərəsən!
Bəlkə, durub gələsən?
Gülnar Ümid
Ədəbiyyat qəzeti.- 2022.-
30 iyul.- S.7.