Allahın da səmimi istəyə, sevgiyə ehtiyacı var!

 

 İşıqlar söndü... Birinci mərtəbənin tən ortasında sol tərəfdəkı lojanın yanında bir nəfər göründü. Yumruqlarını çənəsinə dirəyib, qollarını skamyaya yayıb səbrlə səhnəyə baxır, qulaq asır, şəhadət barmağını dodaqlarının üstündə gəzdirir, fikrini nəyin üzərindəsə cəmləşdirir, məzmununu daha dərindən anlamağa, təsəvvürlərini canlandırmağa çalışır. Qəlbində qeyri-adi hisslər oyanır və sonra tez də yox olur - təsəvvürün yeni işartıları yaranır, yeni obrazlar axtarır... düşüncə içində tamaşa edir.  İndi onun üçün səhnədən başqa heç bir gözəllik yoxdur...

 

***

O, tanınmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb, uşaq yaşlarında musiqi təhsili alıb. Musiqiyə olan həvəsi onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır, məşhur bəstəkar Qara Qarayevin sinfində təhsil alır. Lakin Gənc Tamaşaçılar Teatrının rejissoru Zəfər Nemətovun sənəti onun konseptual-fəlsəfi təfəkkürünü, arzularını müəyyənləşdirir: rejissor olmaq! Teatr İnstitutunun Rejissorluq fakültəsinə daxil olur, məşhur rejissor, professor Mehdi Məmmədovun kursunu bitirir - müstəqil həyatı sənətə qovuşur.

Akademik Milli Dram Teatr tarixindəki fəaliyyəti çox mühüm, dönüş və dramatik dövrdür. Burada tarixin ritmlərinin çevik toqquşması, sosial iqlimin kəskin dəyişməsi və durğunluq dövründən teatrın sürətli inkişafı müşahidə olunur. Bu, bir-birini istisna edən müxtəlif hadisələr, həyat və incəsənətdə əhval-ruhiyyə deməkdir: total depressiyadan mütləq eyforiyaya, qışqıran optimizmdən xoşbəxtliyin hüdudlarına, çılğınlıq, coşqunluqdan yaratmaq və işləmək arzusuna, viranlıqdan (bəlkə hissə qapılıram, hiperbolaşdırıram?! - N.M.) doğru yola! Belə "emosional yelləncəklər" tarixin müəyyən zaman kəsiyindən sonra ilk dəfə olaraq mülayimləşməyə ümid verir. Respublika Mədəniyyət Nazirliyinin sabiq müavini, professor Ədalət Vəliyevin tapıntısı ümidləri doğruldur. Həyatın sınaqları ortaya çıxır, teatrsevərlər dumduru bulağın suyundan damla-damla, qurtumla içərək  inanırlar ki, nəhayət, ədalətli bir mühit yaranır; mülayimləşmə aktyor həyatının dəyərindən, müstəqilliyindən də danışmağa imkan verdi, yeniliklər, innovasiyalar dönüş üçün zəmin yaratdı. Teatr yenidən ictimai mühitimizdə həyat həqiqətlərini dərk edərək, incəsənətin və estetik nizam-intizamın təzahürünə çevrildi, tamaşaçı ilə vacib qarşılıqlı əlaqələr quruldu: yeni rəhbərlik ildən-ilə baş verən bütün dəyişiklikləri ölkə ilə birlikdə keçə və bu dövrün bir çox mühüm ideyalarını, mənalarını ifadə edə, formalaşdıra bildi.

Dram Teatrın rejissorluq xətti, yaradıcılıq prosesi, həqiqət axtarışı... Müstəqillik dövrü teatrının bədii rəhbəri, ustad Azərpaşa Nemətov orijinal yaradıcılıq üslubuna malik nadir sənətlarlardandır.  Teatr onun üçün çox geniş məfhumdur, rəhbərlik etdiyi tamaşalar Bakının teatr həyatının istiqamətini müəyyənləşdirir - Azərbaycan teatr məktəbinin ənənələrini layiqincə davam etdirir.

Azərpaşa Nemətov Azərbaycan teatrının əbədi simvoludur, müstəqil sənət əsərləri yaradır, tamaşaları eyni zamanda müxtəlif dramaturji formaları özündə cəmləşdirir. Qaranlıq zaldan aktyorlar onun nəfəsini hiss edir, bütün uğurları möhtərəm tamaşaçıların gözü önündədir. Lakin o, tamaşa anınadək hər şeyin sahibidir, bir-birilə əlaqəli səs və plastik hərəkətlərin estetik dəyərləri, səhnə quruluşunun keyfiyyəti onun səlahiyyətləri və məqsədyönlülüyündən asılıdır.

Azərpaşa müəllim aktyora vəzifəsini göstərərək rolunu mizanlarına alışdırır, bədii əsərin səhnələşdirilməsini həyata keçirərək ideya xəttini, niyyətini tamaşaçılara təlqin etməyə çalışır, ssenarinin ideyasına uyğun obrazlarına həqiqət və reallıq hissini çatdırır, müvafiq aktyor ştamplarını tamaşaçı qavrayışına uyğun işləyib hazırlayır. Aktyorlara böyük teatr illüziyasında əqidəli və hazırcavab, müşahidəçi mövqeyindən yanaşır, çünki özü həm çevik dialoqlarla paradokslar yaradan istedadlı yazıçı, həm də ideyalarının rəssamıdır. Nəzəri ümumiləşdirmələr, fərdi xüsusiyyətlərlə aktyorun psixoloji vəziyyətini, rolun mürəkkəbliyini dərk edir: səhnəyə çıxan aktyor başqasına çevrilsin və estetik axtarışlarda, psixoloji zəfərin vaxtı gəlib çatanda artıq bu şəxs başqa bir şəkildə düşünsün, hiss etsin.

Azərpaşa müəllimin tamaşaçılarla bölüşdüyü bədii həqiqətlər sonsuz inam və müsbət həyat enerjisidir, teatr onun üçün ideallarının daimi müdafiəsidir,  tamaşaları həmişə təravət və yeniliklə nəfəs alır. Yaradıcılıq kredosu iş prosesində gündəlik qayğılarına güzəştə getməmək, yaxşı mənada iş prinsipiallığını qoruyub saxlamaqdır. Ona görə də tamaşaları həmişə şəxsi düşüncə tərzi, özünəinamlıdır, psevdopsixologiyaya və tamaşaçıların narahatlığına qarşıdır. Rejissorluq heç kimin ağlına belə gəlməyən hissləri və düşüncələri ona açmağa kömək edir: bədii təfəkkür  o zaman daxili fəlsəfi məna kəsb edir ki, sənətkar nə yazırsa yazsın, onu təkcə öz qəhrəmanlarının taleyi deyil, həm də başqalarınınkı maraqlandırsın. Bu zaman rejissor kimi Azər müəllim zamanı düşünür, tamaşada bütün hadisələri, xarakterləri, vəziyyəti  əlaqələndirir, ümumiləşdirir (bəzən intellektuallıq da, insan xarakterinin formalaşması da cəmiyyət tərəfindən birmənalı qarşılanmır - N.M.). Təkrarlı hadisələri ümumiləşdirməsi, yaxud faktların ekspolyarizasiyası ilə ehtimal olunan inkişaf əsasında məntiqi nəticələr əldə edir: ədəbi əsər də, teatr da gələcəyi görməlidir - obrazlı təfəkkür zəruri, həyat təcrübəsinin məntiqinə əsaslanır. Gələcək tamaşaları haqqında əqli nəticələr çıxarır, təsəvvürünə gətirir və fəhmlə növbəti işlərini təsəvvüründə rəsmini çəkir.

Daxili potensialı müqavimət göstərməyə qadirdir, bədbinlik, çarəsizlik, ümidsizlik ona yaddır. Realist sənətkarlar kimi rasional xəyal və təsəvvürlər arasında gələcəyi görür, öncəduyumu, nikbinliyi obrazlı fikirlərinin gələcəyə "sıçrayışı"nın təzahürüdür. Teatrın təkcə kommunikativ və informasiya, ən başlıcası katarsis anlayışı ilə kifayətlənmir, həm də idraki, tərbiyəvi, estetik hedonik və s. kimi təsir üsullarına malik sistem olması semiotik yanaşmasını mütləqləşdirir. Rejissor kimi heç vaxt əhəmiyyətsiz fikirləri təsvir etmir, əksinə, baş verən və verməsi mümkün olanları, məişətdə baş verməsə də, məntiqi baxımdan ehtimal olunan hadisələri canlandırır. Bütün bunlar onun milliliklə işarələnmiş, kodlaşdırılmış sisteminə aiddir. Ona görə də hər bir tamaşası bədii mədəniyyət xəzinəmizin damlasıdır, mənəvi tərəqqinin yüksəlməsinə xidmət edir. Azər müəllimə görə rəqs, rəssamlıq, tətbiqi və dekorativ incəsənət - teatr şişirtmə xarakterli söz və ifadələrdən, nəsihətlərdən daha anlaşıqlıdır: Yeddi gün, yeddi gecə yol getdi; Koroğlu yeddi qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi, təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya mindi; Sehrli papağı geyinib görünməz oldu; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun qanadına minib qaranlıq dünyadan çıxdı və s. M.F.Axundov Sədinin "Gülüstan"  əsərinə işarə ilə yazırdı ki, əgər dünya nəsihətlə düzəlsə idi, onda gərək İran dünyanın ən qabaqcıl ölkəsi olsun.

Teatrın informasiyavericilik-kommunikativ imkanları kəmiyyətcə çox böyük, həm də keyfiyyətcə yüksəkdir, çünki teatr, eləcə də bədii ədəbiyyat həmişə əlvan, metafor cəhətdən dolğun, çevik, paradoksal və emosionaldır, tamaşaçı, dinləyicinin fikir və hissinin yönümünü formalaşdırdığı üçün heç bir ictimai şüur forması onu əvəz edə bilmir. O, dramaturq və rejissor anlayışlarını bir araya gətirir, bununla da rejissorun quruluşdakı rolunu qətiyyətlə bildirir, konsepsiyasını həyata keçirir. Yaradıcılığının uğuru zorakılığa yol vermədən aktyorun iradəsini lazımi həddə qədər yönəltmək, fərdiliyini hiss etdirmək, onları öz niyyətinə cəlb etmək bacarığıdır. İctimaiyyətin reaksiyası onun üçün əsasdır, ona görə də tamaşanı onların mühakiməsinə verəndən sonra, prosesi dərindən izləməyi bacarır, bu, tamaşalarının həm də ictimai tərəfidir. A.Çexov yazırdı: "Mən rejissor qədər insanlığın kökünə dərindən bələd olan başqa bir psixoloq tanımıram". Onun üçün hər bir fəaliyyət daxili leytmotividir..,  uzaqlardan həzin-həzin eşidilən royal ahəngi, ruhi rahatlıq, bitib-tükənməyən yaradıcılıq eyforiyası və qəribə fikir valsı - pəncərələrin şüşələrinə çırpılan yağış damcılarının səsi, sükut, uzaqlarda isə Şopenin kədərli soneti... Həyat davam edir... Azər müəllim: "Teatr hərəkət fakturasıdır, fiziki və ya xəyali stimuldur, aktyor imitasiya və varlıq fenomenidir. İnsan yeganə varlıqdır ki, həm gülür, həm də gülüş obyekti olur, həm düşünür, həm də fikir obyekti olur, həm ağlayır, həm də ağladır - bütün bunlar teatrda göz önündə baş verir". Azər müəllim üçün teatr şəxsiyyətin, mədəniyyətin, bəşəriyyətin həyat təcrübəsinin tamlığı, bütövlüyüdür. Sosial həyatda hər bir ictimai sistemin öz əvəzedicisi var: incəsənət dərketmədir, lakin dünyanı dərk etmək üçün elm də var, pedaqogika  - tərbiyədir, lakin tərbiyə üçün etika da, təhsil də var, dil - ünsiyyətdir, lakin kütləvi informasiya vasitələri də var və s. Azər müəllim üçün teatr fəaliyyətdir, elmdir, tərbiyədir,  dildir və o məbəd bunları yenidən yaradır, modelləşdirir, zövq verərək öyrədir. Tərbiyənin təsiri də, informasiya da, idrak da, təlqin də insanın teatrdan aldığı estetik təsirdir.

 

 ***

İşıqlar söndü... Birinci mərtəbənin tən ortasında sol tərəfdəkı lojanın yanında bir nəfər göründü. Yumruqlarını çənəsinə söykəyib, qollarını skamyaya yayıb səbirlə səhnəyə baxır, qulaq asır, şəhadət barmağını dodaqlarının üstündə gəzdirir, fikrini nəyin üzərindəsə cəmləşdirir, məzmununu daha dərindən anlamağa, təsəvvürlərini canlandırmağa çalışır. Qəlbində qeyri-adi hisslər oyanır və sonra tez də yox olur - təsəvvürün yeni işartıları yaranır, yeni obrazlarını axtarır... düşüncə içində tamaşa edir.  İndi onun üçün səhnədən başqa heç bir gözəllik yoxdur... O - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru - baş rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Respublikanın Xalq artisti Azərpaşa Nemətovdur.

Azərpaşa Nemətov ömür yolunun qəm yolçusudur: qədəmləri izə, izi cığıra, cığırı yola dönüb; sözü fikir, fikri kəlam, kəlamı işıq, işığı ocaq, əməli çıraq olub. Yaşam tərzi: könlü-gözü tox, alnıaçıq, üzüağ, iddiasız və təmənnasız! Məni Azər müəllimlə bağlayan əqidə və ruh birliyidir. Dostlarına münasibətdə səmimiliyi, təmənnasızlığı, mərdliyi, saflığı, filoloji kövrəkliyi, həssaslığı, bədii qavrayışı şəxsiyyətini tamamlayır və yalnız özünə bənzəyir. Onu sevdirən söz və əməl bütövlüyüdür, heç kəsə əxlaq dərsi keçmir, əksinə, pak mənəviyyatı, yüksək mənəvi xüsusiyyətlərindən hər kəs öz payını götürür. Ürəyi çox böyük xəzinədir, kömək etməkdə həmişə məmnundur, mehribanlıq xislətindədir. Başqasını sevindirən insan həm də özü sevinir.

Azərpaşa müəllim, Allahın da səmimi istəyə, sevgiuə ehtiyacı var!           

 

Nadir MƏMMƏDLİ            

 

Ədəbiyyat qəzeti.- 2022.- 30 iyul.- S.10; 11.