Yarımada
Hekayə
Kater yarım saat idi ki, suyun üzərində
yırğalanırdı. Qürub edən günəşin
şəfəqləri suyun rəngini qırmızıya boyamışdı.
Ömrünün yarısını səyahətlərdə
keçirsə də, ilk dəfə belə füsunkar mənzərə
görürdü, görmək bir yana, o,
məhz bu gözəlliyin mərkəzində idi.
Özünü bir anlıq film qəhrəmanları kimi hiss
etdi, okean sularında çarəsiz qalmış gənc adam üzüb adaya çıxır və
orada həyəcan dolu anlar yaşayır. Xəyalların dərinliyinə
elə dalmışdı ki, qayıqda köməksiz
qaldığını, hətta onunla bərabər olan
oğlanı belə unutmuşdu. Həyatının
hər anını maraqlı, adrenalin dolu keçirməyi
sevirdi, özünü darıxmağa qoymazdı. Bunu başqalarına ziyan vurmaq müqabilində olsa
belə, həyata keçirməkdən zövq alırdı.
Hətta bir dəfəsində liftdə
qaldığı zaman şirkətdə yeni işə
başlamış gənc qız ilə "eşq"
yaşamaqdan belə çəkinməmişdi. O,
olub-bitənləri elə ordaca unutsa da, bu yaraşıqlı
adamı unuda bilməyən qız işdən ayrılmaq məcburiyyətində
qalır.
Onu müşayiət edən və kateri idarə edən
gənc quyruğu qapı arasında qalmış pişik kimi
çabalayırdı. Yolun ortasında avtomobili xarab olan taksi
sürücüsü təkəri yoxlamaq üçün necə boylanırsa, o da
katerin yan-yörəsinə baxır, hərəkətinin
anlamsız olduğunu belə dərk etmirdi. Ona
ağır nəzərlərlə baxan sərnişinin
qarşısında pis vəziyyətdə qalsa da,
özünü sındırmamağa
çalışırdı. Nəhayət,
əlaqə yarada bildi və ona məlumat verildi ki, katerdə
olan qayıqla geri qalan yol qət olunsun. Çünki
artıq axşam düşürdü və vaxt itirmək
olmazdı. Ada uzaqdan
görünürdü, hər ikisi avar çəkməyə
başladı. Gənc oğlan bu işdə
təcrübəli olsa da, sərnişin heç
alışıq deyildi. Sanırdı ki,
qolları indicə qırılıb suya düşəcək.
Bu dəfə rollar dəyişmişdi, gənc oğlan az öncə baxışları ilə onu əzən
adamın zəif cəhətini tutub, qisas alırmış
kimi gözlərini ona zillədi. O isə özündə
güc tapıb var gücü ilə avar çəkməyə
başladı ki, gülüş hədəfi olmasın. Axşamçağı olduğundan adadakı evlərdən
işıq görünməyə başladı. Sanki
göy qübbəsi dənizin içinə
düşmüşdü və ulduzlar hava qaralınca bir-bir
yerə enirdi. Qısa müddətli iş səyahəti
üçün gəldiyi bu adada qala biləcəyinə
heç əmin deyildi. Amma bir əyləcə
tapıb bura bir müddət dözmək olardı.
Artıq adaya yan alırdılar, baxışları ilə onu
yoran gəncdən intiqam almalı idi. Nə
yolla olur-olsun, bunu edəcəkdi və anidən ağlına
gözəl bir ideya gəldi. Adaya
yaxınlaşıb avarı əlindən qoyarkən ani bir hərəkətlə
avarı fırlatdı və oğlan yıxılıb suya
düşdü. Əlini uzadıb ona
kömək edirmiş kimi göstərsə də, hər dəfəsində
son anda əlini buraxırdı. Oğlan isə,
görünür, adaya gələn bu insanın "vacib adam" olduğu barədə göstəriş
almışdır ki, səssizcə olub bitənlərə səbir
edirdi. Nəhayət, əlini atıb gənci dartıb sudan çıxartdı. Paltarı bədəninə
yapışmış oğlan suyu süzülə-süzülə
irəliyə doğru yeridi.
- Burda
otel yoxdu, cəmi 11 evdən ibarət "kənd"dir bura.
Gedək, sizi qalacağınız evin sahibi ilə tanış edim.
Qabaqda addımladıqca yekəpər, yöndəmsiz bədəninə
yapışmış paltarı ilə çox gülməli
görünürdü və bu mənzərə
qonağı əyləndirdiyi üçün vaxtın necə
keçdiyini hiss etmədi. Cansıxıcı
olacağını düşündüyü ada həyatına
artıq rəng qatmışdı.
Balaca evin zalında oturub axşam yeməyi yeyərkən
adanın taleyi barədə uzun-uzadı danışdılar. Onu adaya gətirən gənc,
ev sahibi, adanın sayılıb seçilən
iki orta yaşlı sakini nar şirəli ördək
qovurması və manqalda bişirilmiş balığı
yeyib, ev sahibinin hazırladığı qırmızı
çaxırı içə-içə ada ilə
bağlı bir çox problemli məsələlərə
toxundular. Xudmani bir ev idi, qapıların
sayı nəzərə alınarsa, yəqin ki, bu otaqdan əlavə
iki otaq və bir mətbəx də var idi. Elektrik
alternativ yollarla əldə edildiyindən qənaət məqsədi
ilə otağın rəflərində iki-üç yerdə
neft lampası yanırdı. Hər dəfə
süfrəyə mətbəxdən nəsə gəlməsi
tələb olunanda otağın qapısı
döyülür, gənc oğlan qapıya
yaxınlaşır içəridən ona doğru uzanan əl
yeməkləri verir və yenidən qapı
bağlanırdı. Gecə saat
üçə kimi məclis davam etdi. Süfrədə
yeyəcək, içəcək heç nə
qalmamışdı. İçkinin təsirindən
bayaqdan qapıdan içəri girməsinə icazə verilməyənlər
indi bağıraraq içəri
çağırılırdı. Beş-altı
çağırışdan sonra nəhayət, qapı
açıldı və əlində məcməyi olan
ürkək bir qız içəri girdi. Əynində
dizdən aşağı qat-qat ətəyi, mavi toxunma
köynəyi olan bu qızın başına yaşına
uyğun olmayan bir tərzdə örpək
atılmışdı. Buna alışıq
olmadığı davranışlarından aydın
görünürdü: başından düşməsin deyə,
başını tez-tez geri atmaqla sanki onu başında
saxlamağa çalışırdı. Əlindəki
qabı masanın üzərinə buraxıb tələsik
addımlarla otaqdan çıxmağa çalışdı.
Ayağı yerə sərilmiş köhnə
kilimin bayıra qatlanmış ucuna ilişib büdrədi.
Elə bil otaqdan vəhşi bir at keçirdi -
kobud davranışları, uzun saçları, yerişi
insanda bu təəssüratı yaradırdı. Hər kəsin gözü qıza zillənmişdi.
O isə tez özünü ələ alıb otaqdan
qaçaraq çıxdı və ardınca qapını
bağladı. Heç qıza tərəf
baxmasa da, ona elə gəlirdi ki, qız ondan həyəcanlanıb
belə bir hal keçirdi. Bəlkə də
bunu özündən uydururdu. Amma bədənindən
bir istilik keçdi, nələr baş verdiyini anlamasa da,
narahatlığını heç cürə gizlədə
bilmirdi. O gedəndən sonra ona bir sıxıntı gəldi.
Ürəyindən 1daş asıldı, keçirdiyi gün
çox ağır gəldi ona, anidən vücudu süstləşdi
və ev sahibinə yatmaq üçün
ona yer göstərməsini xahiş etdi. Məlum
oldu ki, o elə bu otaqda - yerdə açılacaq yataqda
yatacaq. Yavaş-yavaş hər kəs
dağılışdı, ev sahibi isə
ondan otaqdan çıxıb bayırda hava almasını istədi:
bu müddət ərzində də evin qulluqçuları
onun üçün yataq açırdılar.
Dənizin küləyi adaya hakim kəsilmişdi. Düşünəndə
ki, hər tərəfi dənizlə əhatələnmiş
balaca bir torpağın üstündədir, qəfil onu vahimə
bürüdü, bir anlıq ona elə gəldi ki, ada bayaq
kater yırğalanan kimi dənizin üzərində
yırğalandı. Başı
dumanlandı. Dənizin küləyi
üzünə vurduqca özünə gəlməyə
başladı. Hətta burda qalmaq fikri ona
xoş gəlməyə başladı. Ard-arda
iki-üç siqareti yandırıb yenə adanın süni
şəkildə quru ilə əlaqələndirilməsinə
nə ehtiyac olduğu barədə uzun müzakirələr
apardılar. Ev sahibinin emosional halda
danışdığı maraqsız söhbətləri
anlamaq üçün fikrini toplamaqda əziyyət çəkir,
bəzən özünü ələ verirdi. Bunu anlayan
ev sahibi soyuğu bəhanə gətirib evə
dönmələrini təklif etdi.
- Yəqin,
bir yataq açmaq üçün xidmətçilərə
verdiyimiz bu qədər zaman kifayət etmiş olar deyib
gülümsədi.
Ev sahibi öz otağına keçdi.
Otaqda hər
şey taxtadan hazırlanmışdı: divan, masa, rəflər,
evin sütunları, tavanı, hətta divarları belə
taxta idi. Görünür, bütün bunları ev sahibi özü burda bitən ağaclardan
düzəldib, Çünki hər şey zövqlə ərsəyə
gəlsə də, əl işlərində
naşılıq gözə dəyirdi. Evin
divarlarında xalçalar asılmış, yeri kilimlə
döşənmişdi, hüzurlu və eyni zamanda
ağır bir aurası var idi. İnsana
şəhərdə ömrünü boş keçirdiyi barədə
düşünməyə vadar edirdi. Niyə
insan belə sakit, təbiətlə iç-içə olan həyatı
qoyub səs-küylü, qeyri-təbii yaşama can atır?
Yerinin
içində oturub otaqdakı bütün incəlikləri
gözdən keçirərkən içkinin təsirindən
başı döndüyünü hiss etdi. Amma
heç yuxusu gəlmirdi. Səhər
görüləcək çox işinin olduğunu nəzərə
alıb özünü yuxulamağa məcbur etmək qərarına
gəldi. Yerinə uzanmazdan qabaq əlini
atıb lampanı söndürdü və pəncərədən
süzülən Ay işığını xeyli seyr etdi.
Ay
işığı pəncərəyə düşməyə
başlayınca pərdənin arxasında bir kölgə yaratdı,
əvvəl fərqinə varmasa da, anidən fiqurun tərpənişi
onun diqqətini çəkdi. Qadının bədəninin
bütün cizgiləri qabarıq şəkildə
görünməyə başladı. Pərdə
açıldı və bir qız barmağının ucunda mətbəx
qapısına tərəf hərəkət etməyə
başladı. Görünür,
onların otağa döndüyünü görüb otaqdan
çıxmağa macal tapa bilməyib və pərdənin
arxasında gizlənib.
Ürəyindən gələn bir səs onu
qızın otaqdan çıxmasına mane olmaq
üçün səslədi. Tez ayağa qalxıb
qapıya tərəf getdi. Qız
qaçıb otaqdan çıxmaq istəsə də, o, əli
ilə qapını tutdu. Üz-üzə
qaldılar. Qapının yanındakı rəfə
qoyulmuş neft lampasının işığını
artırdı, qızın üzü işıqlandı,
bayaqdan qaranlığa alışmış gözləri qamaşdı və
başını yana çevirdi. Qarşısında ilahi bir
gözəllik və məsumluq var idi: uzun müddət
görmədiyi, həyatı boyu duymadığı. Gözləri elə məsum və dərin idi ki, nə
istədiyini anlaya bilmək üçün günlərlə
üzüb ta dərinlərinə enmək lazım idi.
Üzünün dərisi şəhərdə
rastlaşdığı zərif gözəllərdəki
kimi ağ və parlaq deyildi, şaxtadan sərtləşib
qaralmışdı, amma yanaqlarındakı qızartı onu
mələk kimi zərif edirdi. Kirpikləri dən-dən
düzülmüşdü. Bütün gözəlliyi
ilə qarşısında səhnə alan
bu qız ürkək baxışlarla ona baxdı. Həm
qorxmuşdu, həm də yəqin, həyatında ilk dəfə
yaşadığı hisslərlə tanış
olurdu. Bayaqki kimi başında örpəyi yox
idi - qara, uzun dalğalı saçları dizlərindən
iki qarış yuxarıda idi, sanki heç qayçı
görməmişdi. Gözləri
işıldayırdı. O, bir qadından çox, vəhşi
bir pələng balasına oxşayırdı. Şəhər
qadınlarına məxsus heç bir zərafət, incəlik,
naz-qəmzə onda yox idi. Amma möhtəşəm
bir enerjisi var idi. Xeyli beləcə
baxışdılar. İllərlə qadınları
ovsunlamaqda ad çıxarmış bu şəhərli
yaraşıqlı adam bu ilahi varlıqla
necə davranacağı barədə beynində
götür-qoy etdi. Qız onda elə təəssürat
yaratmışdı ki, sanki onu dindirsə, o heç
danışa bilməyəcək. Sonra
özünü ələ aldı, axı o, sadəcə onun
yaşadığı şəhərdən dənizin
ayırdığı beş-on kilometr uzaqlıqda olan bir adada
idi və bu adadakı insanlar qəbilə üzvləri
deyildilər.
- Mən
çıxmalıyam - nəhayət, ondan daha cəsarətli
olan qız dilləndi.
- Kimsən?
- Ev
sahibi mənim əmimdi.
- Bəs
harda yaşayırsan?
-
Burda.
- Ailən
hardadı?
- Burda.
- Getmə.
- Getməliyəm, əmim...
Bayırdan əmisinin səsini eşidib tez otaqdan
çıxdı. Əmisinin əsəbdən titrəyən
səsi gəldi.
- Sənin
yad kişinin otağında nə işin var.
- Mən...
qablar... o yatıb...
- Rədd
ol yatağına!
Hər şey düşündüyü kimi rahat
olmadı, işləri uzandı. Əyləncə
üçün vaxtı qalmadı. Həftələrlə
başı işinə elə qarışdı ki, heç
bir dəfə də qızı görə bilmədi, amma bəzən
onun barədə düşünürdü. Baxışlarına xatırlayanda dodağı
qaçırdı. Şəhərdən
layihə rəhbərləri, mühəndislər, tikinti
briqadası gəldi. Daha bir həftə də
ağır iş rejimindən sonra adanın taleyi həll
olundu. Və qərara alındı ki, ada
süni şəkildə yarımadaya çevriləcək,
burada otel tikiləcək. Artıq burada ona aid bir iş
qalmamışdı, geri dönmək məqamı
çatmışdı. Şəhərdən
gələnlərdən yalnız o, hələ də adada
qalırdı və bu halından məmnun idi, mücərrəd
bir qüvvə onu bura bağlayırdı.
- Yəqin
ki, bizdən narazı qalmamısız? - Sahildə oturub son dəfə
dənizi seyr edərkən ev sahibi ona
yaxınlaşıb gülərüzlə soruşdu.
- Hər
şey gözəl idi, İnşallah, sabah
getsəm də, bir gün yenə dönəcəyəm.
- Bu
axşam sizə gözəl bir balıq qonaqlığı
verəcəyik, xanımım və qız bütün
hazırlıqları görüb. Bunu deyərkən
sınayıcı nəzərlərlə kişinin ona
baxdığını hiss elədi və özünü pis
vəziyyətə salmamaq üçün tez dedi:
- O ki
körpədi, yəni
belə işlər bacarır? Bəs
bu adanın uşaqlarının məktəb məsələsi
necə olur?
"Körpə"
ifadəsini məqsədli şəkildə dedi,
çünki kişinin nədən onun barədə söz
açdığını anlayırdı.
- O, məktəb
yaşını keçirib, 19 yaşı var, təhsil
almayıb.
- Mən
onu körpə sandım.
- Mənim
övladım olmadı. Yoxsa hamısını
yığıb hər gün şəhərə
aparardım ki, təhsil alsınlar. Tək
onu isə apara bilməzdim, gözəl qız idi. Qoruya bilməzdim. Həm də əxlaqda
anasına çəkəcəyindən narahat idim.
-
Anasına?
- Hə,
anası illər öncə bu adaya gəldi. Gözəl bir şəhərli qızı idi.
İşi ilə bağlı araşdırma
aparmalı idi. İyirmi beş
gün bizim evimizdə qaldı, o gedəndən beş ay sonra
qardaşım dənizdə batdı. Dəniz
onu uddu, buna başqa ad verə bilmirəm, çünki dənizə
girdi və çıxmadı. Və bir
gün qapı döyüldü, o qadın geri döndü.
Qucağında isə bir körpə,
uşağı bizə verib getdi. Bir daha
onu görən olmadı. Sən demə,
qardaşımdan hamilə qalıbmış və uşaq
olandan sonra onu istəmədiyini anlayıb. Beləcə, onu mən böyütdüm. Əxlaqsız anasından qorumaq üçün
gözümdən qoymadım.
Artıq bir saniyə belə bu adada qalmaq istəmirdi. Vəhşi təbiət
artıq onu boğurdu... Gecə olduğunu
xatırlayıb özünə təskinlik verirdi. O,
yalnız səhər geri dönə bilərdi. Adada yaşayan bütün kişilər məclisə
dəvət olunmuşdu, bu bir vida yeməyi idi. Hər kəsə oturacaq çatmayacağından
yerdə süfrə açılmışdı. Digərləri rahatca bardaş qurub otursa da, o buna
alışmadığından yerində qurcalanırdı.
Nəhayət, bir yolunu tapıb oturdu. Bu
sadəcə balıq qonaqlığı idi: balıq
buğlaması, qızartması, kababı... Balıq
yeməkdən burnuna hər yerdən balıq iyi gəlirdi,
onda belə bir hiss var idi ki, bədəni də balıq
qoxuyur. Şəhərə
qayıtdıqdan sonra uzun müddət balıq yeməməyə
qərar vermişdi. Amma bu gecəni yola
verməli idi, yoxsa ac qalacaqdı.
Yenə gizli bir əl mətbəx qapısından
uzanır və gənclər süfrəyə yemək
daşıyırdılar. Onun gözü isə
o əllərə dikilmişdi. Hətta
bir neçə dəfə ehtiyac olmayan şeyləri istəyirdi
ki, o qapı aralansın və onu həyəcanlandıran əllər
içəri uzansın. Sanki yuxu
görürdü, ətrafdakı səslər ona uğultu
kimi gəlirdi, ayılmaq istəmədiyi sehrli bir yuxuda idi.
Yenə içkinin təsiri ortalığı
alovlandırdı və kart məclisi cuşa gəldi. Nə qapı
açıldı, nə də əl göründü.
Paltosunu çiyninə atıb bayıra
çıxdı, damağına bir siqaret qoyub sahilə aparan
cığırla yeriməyə başladı. Sərin bir qış gecəsi idi. Mülayim külək havadakı şaxtanı
sındırmışdı. Səma
aydın idi, ulduzlar elə yaxın idi ki, sanki əl
atsaydın tuta bilərdin. Adanın dənizin
ağuşunda olması əvvəlki günlərdəki kimi
dəhşətə gətirmirdi onu, artıq
alışmışdı. Elə rahat
addımlayırdı ki, sanki elə beləcə rahatca dənizə
girəcək və elə dənizin üzəri ilə yeriyərək
şəhərinə geri dönəcək, bu adada
yaşadıqları yuxu kimi geridə qalacaq.
Başını
qaldırıb heyrətlə baxdı, sadəcə iki metr
aralıda oturmuşdu həmin fiqur, pərdə arxasında Ay
işığında rəqs edən...
Qız indi tənha dənizin sahilində
üzünü Aya tutub pıçıldayırdı. Daha bir
addım ona sarı atdı. Yox o
pıçıldamırdı, səsini boğaraq
ağlayırdı. Ağlamağını
özündən də gizlədirmiş kimi
için-için ağlayırdı. Yanında
oturdu, qızın çiynini qucaqladı. Nazik gecə geyimində idi. Bədəninin buz
kimi olduğu geyiminin üstündən belə hiss olunurdu. Paltosunu çıxarıb ona heyrətlə baxan hələ
də kirpikləri nəm olan qızın çiyninə
atdı.
- Niyə
ağlayırsan?
- Getmə.
- Gələcəm
yenə.
- Məni
də apar.
Gənc adam adını belə bilmədiyi bu
qızın gözlərindəki qığılcımdan tədirgin
oldu, həyatında heç bir qadının gözündən
bu enerjini almamışdı. Dodaqlarına vurulduğu
qadın olmuşdu, yerişinə, saçına, bədəninə,
ağlına... Amma bu gözlər onun enmək
arzusunda olduğu dərinlik idi.
- İndi olmaz, amma gələcəyəm. Gözləri
bir-birinə kilidləndi. Nə
yaşadığını bilmirdi, bildiyi yeganə bir şey
var idi ki, o, belə fövqəladə an
yaşamamışdı. Qızı
özünə çəkib gözlərinə endi,
dodaqlarının istiliyini ürəyinə hiss etməyə
başladı.
***
Mətbəx
rəfindəki bütün qablar döşəmədə
idi, kişi dəli öküz kimi ora-bura
vurnuxub yerə çırpmaq üçün nəsə
axtarır, tapa bilməyib daha da cin atına minirdi.
-
Vaxtında sənə xəbərdarlıq etdim ki, o əxlaqsızın
uşağından bizə övlad olmaz. Şəhərli
anasının pozğun qanı çəkdi apardı
kökünə.
-
Yazıqdı, a kişi, biz
böyütmüşük, bizim balamızdı. Qoy qayıtsın.
- Onun
adını bir də çəksən, səni də onun
yanına göndərəcəm. İllər
öncə anası bic dünyaya gətirdi, indi özü - mən
ikinci dəfə atasız uşaq böyüdən deyiləm.
***
Mart ayının sonları idi, bitmək istəməyən
qışın yazdan qisas alırcasına var
gücünü səfərbər etdiyi gecələrdən
biri idi. Ayağı yalın, saçları
dağınıq qucağında bir boğça olan
qızın qəlbi sürətlə vursa da, gözlərinin
yaşı kirpiyində donmuşdu. Sanki
bütün dünya dayanmış, sadəcə dalğalar
gecə ilə rəqs edirdi onun qarşısında. Ayağını dənizin buz kimi soyuq sularına
toxundurdu, dəniz onu ovsunladı, əmin oldu ki, bu soyuq sular
onun atəş düşmüş qəlbini soyudacaq. Dəniz
gecəliyinə toxunub yavaş-yavaş onu bədəni ilə
bütövləşdirdı, əlindəki
boğçasını alıb kənara atdı, əllərindən
tutub onu vals oynayırmış kimi
fırlatdı. Saçları dalğalarla
tel-tel rəqs etməyə başladı. Sonra
dəniz buz kimi dodaqları ilə boynundan öpdü, vəhşicəsinə
dodaqlarının istisini içinə çəkdi, kirpiklərinə
toxunub gözlərindən yaş kimi axdı. O, ruhunu
sulara təslim etdi. Rəqsin gözəlliyindən
başı döndü və dalğanın qolları
arasında yox oldu.
***
- İşıqları söndür. Başım
ağrıyır. Bilirsən axı səyahətdən
qayıdandan sonra mən xeyli vaxt baş ağrısından əziyyət
çəkirəm.
-
Uşaqlar oynayır, necə işığı
söndürüm?
- Göndər
öz otaqlarına.
- Getmirlər,
bilrsən ki, səni istəyirlər.
-
Yorğunam, əzizim.
- Bilirəm,
amma sən də anla, iki uşaq olan evdə rahatlıq bu qədər
olur.
Hər ikisi gülümsədi. Onlar söhbət edərkən
uşaqların hər ikisi xalçanın üzərində
yuxulamışdılar. Qalxıb
uşaqları yatağa apardı və kanalları
anlamsızca ora-bura çevirən həyat
yoldaşının əlindən pultu alıb yanında əyləşdi.
- Gecə
saat ikidi, get yat, mənim yuxum yoxdu.
- Sənin
başağını ovutmamış gözümə yuxu
getməz. Cilvəli baxışlarla ona baxan həyat
yoldaşını özünə tərəf çəkdi...
***
Gözünü
açıb divar saatına baxdı, artıq gecə saat dörd idi, divanda
yatıb qalmışdılar. Yoldaşının
başı qolunda olduğundan qolu keyimişdi. Qalxıb kənara atılmış adyalı
qadının üzərinə örtdü, rəfdən
götürdüyü qədəhə içki
süzüb, nəhayət, hələ də yanıq olan
işığı söndürüb evinin dənizə
açılan eyvanına çıxdı. Dəniz dalğalı idi, Ayın əksi dənizə
hopmuşdu. Bu gecə dəniz elə pəncərədən
də qorxunc görünürdü, çox vahiməli idi:
adadakı kimi.
Telefonu da adanın olduğu
istiqaməti təyin etdi. Üzünü o səmtə
tutub qədəhini başına çəkdi, bədənindən
titrəyiş keçdi. Hava çox soyuq idi.
Otağa keçib qapını bağladı.
Günel.C.HACIYEVA
Ədəbiyyat qəzeti.- 2022.- 30
iyul.- S.12; 13.