Nəzir qutusu
Hekayə
Son zamanlar Bilman müəllimin kefi ala buludda sərçə
ovlayırdı. Çəkələk xanımı
müavin vəzifəsinə təyin etmişdi və
tapşırmışdı ki, məktəbin "maliyyə"
işlərinə özün nəzarət edərsən.
Kişi həmin
gündən demək olar ki, əməlli-başlı ağ günə çıxmışdı. Gündə bir-iki saat dərsini deyib girirdi kabinetə
və əyləşirdi kompüterin qarşısında.
Çəkələk xanım da tənəffüsdən-tənəffüsə
dəhlizləri hərlənir, müəllimlərin dərsə
getməyinə nəzarət edir, sakitlik yaranandan sonra kabinetə
qayıdır, təzə dəmlədiyi çaydan fincana
süzüb stolun üstünə qoyurdu.
- Bilman
müəllim, bir çay için. Səhərdən
işləyirsiniz. Bu şokoladla için.
Dünən almışam. Elə qəşəngdir,
tamı da yaxşıdır. Çəkələk xanım müxtəlif
çeşidli şokoladlarla dolu vazı stolun üstünə,
fincanın yanına qoyur.
-
Çox sağ olun, müəllimə. Yaman əziyyət çəkmisiniz. Bilman müəllim şokoladlardan birini
götürüb soyub ağzına qoyur və çaydan
bir-iki qurtum içib, "bəh-bəh! Həqiqətən
də çay da gözəldi, şokolad da. Əhsən zövqünüzə", - deyərək
boş fincanı stolun üstünə qoyar və sonra da təşəxxüslə
əlini keçəl başına çəkib kresloya
yayxanardı. - Sağ
olun, Bilman müəllim. Heç bir əziyyəti
yoxdur. Günortaya beçə bişirib gətirmişəm.
- Bu
olmadı. Hər gün mənim
üçün yemək gətirirsən. Xəcalət verirsiniz, vallah.
-
Heç bir xəcaləti, filanı yoxdur. Uzaqdan
gəlirsiniz. Ac qalmayacaqsınız ha.
-
Çox sağ olun, müəllimə. Razı deyiləm ki, əziyyət çəkəsiniz.
- Bilman
müəllim, nə əziyyəti var? Siz Allah, elə deməyin,
onda xətrimə dəyirsiniz. Günorta bir
loxma çörək yemək üçün bir elə yolu
basa-basa evə gedəcəksiniz. Bəs
bizim mərifətimizə, qanacağımıza nə gəlib?
Xahiş edirəm, bir də bu barədə
danışmayın. Çəkələk xanım özünü incik
kimi göstərdi.
-
Yaxşı, yaxşı inciməyin. Bir daha bu
barədə danışmaram.
- Bu,
başqa məsələ. Çəkələk
xanım bozarmış dodaqlarında və qurumuş sifətində
güclə seziləcək bir təbəssüm fırladaraq
divardakı saata baxdı. "Zəngin
vaxtıdır" deyib kabinetdən çıxdı.
***
Çəkələk müəllimə yayı,
qışı məktəbə çəkələklə
gələrdi.
Ata-anası qoyduğu ad çoxdan unudulmuşdu.
Məktəbə gələn direktora
yaltaqlanmaqla, quyruq bulamaqla savadsızlığını məharətlə
gizlədərək uzun illər idi ki, müəllim işləyirdi.
Həyasızlığına görə məktəbdə
hamı ondan çəkinirdi. Fərasətli
direktor kollektivi dişinə vurandan sonra Çəkələk
xanıma "xüsusi qayğı" göstərməyə
başlayırdı. Göstərilən
qayğının müqabilində Çəkələk
xanım direktorun kollektivdə eşidən qulağına,
vuran əlinə və vəzifə kreslosunun müdafiəçisinə
çevrilirdi. Kollektivdə bir adam
Çəkələk müəllimənin qorxusundan direktorun
arxasınca danışmaq nədi, dodağını belə
tərpədə bilməzdi.
Məktəbə hər təzə təyin edilən
direktora çay dəmləyə-dəmləyə, beçə
bişirib gətirə-gətirə, müəllimlərdən
müxtəlif bəhanələrlə pul
yığa-yığa başı necə
qarışdısa, bir də onda ayıldı ki,
tay-tuşları çoxdan ailə həyatı qurub, oğul
evləndirib, qız köçürüblər. Bu isə hələ
də elçi yolu gözləyir. Həyatda
uduzduğunu başa düşən Çəkələk
xanım içərisində baş qaldıran kin-küdurəti
cilovlaya bilməyəndə daha da quduzlaşaraq yan-yörəsini,
qohum-əqrəbanı, iş yoldaşlarını dalamağa
başlayırdı.
Müəllimlərdən bəzilərinin dediyinə
görə, sovetlər birliyi zamanı məktəbdə
direktor olan Gülağa müəllim müəllimlərin əməkhaqlarını
paylayanda həmişə Çəkələk müəllimi
çağırtdırırmış ki, yanında otursun. Bir neçə
cüvəllağı müəllim Gülağa müəllimi
əsəbləşdirməkdən zövq
alırlarmış. Gülağa müəllimin
də ürəyi xəstə imiş. Elə ki,
Gülağa müəllim Çəkələk xanımdan
qalxan kimi istifadə etməyə başlayır, ondan sonra
cüvəllağı müəllimlər Çəkələk
xanımın qorxusundan direktorla "bəli",
"xeyr"lə danışırlarmış.
Gülağadan sonra vəzifə kürsüsündə
əyləşən Müslüm müəllim Çəkələk
xanımın hesabına məktəbi xoruza yükləyə-yükləyə
uzun müddət işlədi. Çəkələk xanım harda
söhbət düşəndə deyirdi:
- Mənim
nə vecimə, Müslüm kimi qardaşım var.
Müslümün çiynində gora gedim.
Çərxi-fələyin təkəri fırlanaraq
Bilman müəllimi vəzifə kürsüsünə
otuzdurdu.
***
Hər ayın başında Çəkələk
xanım əlində siyahı bir-bir siniflərin
qapısını döyərək Bilman müəllimin gələn
yoxlamalara çıxan xərcinə kömək etmələrini
deyirdi. Müəllimlərdən bəziləri abır-həyasına
qısılaraq Çəkələk xanımın arzusunu o
saat yerinə yetirirdi, bəziləri isə "sabah gətirərəm"
deyib bir gecə də olsa verəcəyi pulun cibində
qalması ilə təsəlli tapırdı. Zor-güc
hamını "stanok"dan keçirən Çəkələk
xanım qürrələnə-qürrələnə
özünü kabinetə salar, cibindəki pulu stolun
üstünə töküb siyahını çıxardaraq
şəstlə oxuyar və sonda deyərdi:
- Bilman
müəllim, bircə o iki nəfərdən savayı
heç kim qalmayıbdı. Meyitlərini gördüyüm o ər-arvad. Onlara da sözümü eşitdirdim. Dedim ki,
çox adamın adı qulağına dəyibdi. Guya yaxşı müəllimdi. Elə
şey yoxdu. Onun-bunun kölgəsində az
gizlənsinlər. Ayda bir ətək müftə
pul alırlar. Hamı nətəri, onlar da
elə. Qaşı-gözü qara deyillər.
Elə eləməsinlər ki,
abırlarını ətəklərinə büküm.
-
Yaxşı demisən, lap əlinin içindən gəlib. Onlar hələ bir işə "kömək"
etməyiblər. Bilman razılıqla
gülümsündü.
***
Qışın oğlan çağı idi. Qəflətən
Bilman müəllimi rayona çağırdılar. Dərs
qurtarana yaxın rayondan qayıdan Bilman müəllim katibənin
yanında əyləşmiş Çəkələk
xanıma başı ilə salam verib
kabinetə keçdi. Elektrik sobasını cərəyana
birləşdirib əllərini hovxurmağa başladı.
Bu zaman qapı açıldı və Çəkələk
xanım içəri daxil olub qapını örtdü.
- Deyəsən,
yaman üşümüsünüz. Bu dəqiqə
sizə bir yaxşı çay dəmləyim, içib
qızışarsınız. Ürəyim
qırıldı, siz gələnə kimi. Nəyə çağırmışdılar?
-
Heç, elə belə. Bilman müəllim
sualdan yayınmaq istəsə də Çəkələk
xanım əl çəkmədi.
- Bu qarda,
yağışda boş şeydən ötəri adamı
çağırmazlar. Sirr deyilsə, bilmək
olmaz nə üçün
çağırmışdılar?
Buğlanan
pürrəngi çaydan bir stəkan içib özünə
gələn Bilman müəllim:
- Yenə
yazıblar.
- Kim
yazıb?
- Bilmirsən.
Kim olacaq? Naznaz.
- Nə
yazıb? Çəkələk müəllimə
əsəbi halda soruşdu.
- Həmişəki
kimi, direktor satıb yeyib, dərslər keçilmir. Tapdıq
müəllim işə gəlmir, Firdovsi müəllimin, Cəmilə
müəllimin diplomları saxtadır, Çəkələk
müəllimin təqaüd yaşı çoxdan keçməsinə
baxmayaraq direktor hələ də onu işlədir, nə
bilim, belə də... Ağlına gələni,
gözünə görünəni yazıb.
Öz adını eşidən Çəkələyi
sanki ilan vurdu.
-
Yaxşı, sabah onun cavabını elə
verim ki, ömürlük ona dərs olsun.
- Əsəbləşməyin, Çəkələk
xanım. Nə qədər yazsa da, heç bir şey eliyə
bilməyəcək. Gəlib-gedəni yola
salmaqdan bezirəm. Nə xeyri var. Desən
də bir cəhdlə altından sıxacaqdır.
Havayı yerə ona buqələmun adı qoymayıblar ki!
- O nədi
elə, Bilman müəllim? Çəkələk
xanım soruşdu.
- Buqələmun
kiçik heyvandır. Hansı mühitə
düşürsə o saat həmin mühitə uyğun rəngini
dəyişir. Naznaz da buqələmun kimi
tez-tez rəngini dəyişir. Elə deyil
ki, onu tanımıyasan?
- Bilman
müəllim, səhər ona öz yerini göstərərəm.
- Nə
desən də xeyri yoxdur. Eşitmiş olarsan,
atalar deyib ki, qozbeli qəbir düzəldər.
- Qəbir
lazım deyil, onun qozbelini mən düzəldərəm, - deyən
Çəkələk xanım özündən razı halda
gülümsünərək qapıdan çıxdı.
***
Bütün gecəni çimir edə bilmədi. Naznaza nə
deyəcəyini götür-qoy etdi. Səhər
açılar-açılmaz əl-üzünü yudu və
bir stəkan çay içib yola düzəldi. Müəllimlər
otağına daxil olanda gördü ki, heç kim yoxdu. Divardan asılmış
saata baxdı. Dərsin başlanmasına
yarım saatdan artıq vaxt var idi. Əsəbilikdən
içini gəmirən Çəkələk müəllimə
dərs cədvəlinə baxdı. Naznaz
müəllimin dərsi üçüncü saat idi. "Üçüncü saat yaxşıdı.
Müəllimlərin gur olan vaxtıdı.
Ona elə toy tutum ki, dədəsinin toyu da
yadına düşsün" fikri ilə dəhlizə
çıxdı və səs salan uşaqlara təpindi.
Zəng vuruldu. İkinci
saatdan çıxan müəllimlər müəllimlər
otağında əyləşib zəngin içəri
vurulmasını gözləyirdilər. Qapıdan
içəri girən Çəkələk müəllimə
pəncərənin önündə əyləşmiş
Naznazın qarşısında dayandı və gözlənilmədən
yumdu gözünü, açdı ağzını:
- Az, bəs
deyil, bu mundarlığından əl çəksənə.
Gözlənilməz
hücumdan əvvəl çaşan Naznaz özünü
düzəldərək oturduğu stuldan tez ayağa qalxdı
və heç bir şeydən xəbərsiz adamlar kimi sərin-sərin:
- Mundarsan
da, çirkabsan da, nə bilim daha nəsən də. Səni kimin iti tutub, bir desənə - deyən Naznaz
otaqda əyləşmiş müəllimləri nəzərdən
keçirtdi. Bu o demək idi ki, baxın,
görün. Məndə heç bir
günah yoxdu.
- Məni
heç kimin iti tutmayıb. Sən tutmusan, ey, sən.
Guya bilmirsən?
- İt özünsən, yekə adamsan, ağzından
çıxartdığın sözün məsuliyyətini
başa düşürsənmi? Bu yoldaşlar
şahiddir ki, durduğum yerdə sən məni təhqir edirsən.
Buna görə lazımi yerdə cavab verə
biləcəksənmi? - deyən
Naznaz yenidən müəllimləri gözünün ucu ilə
süzdü.
- Narahat
olma, burda heç kim sənin
sözünü təsdiq edən deyil. Ona görə ki, bu məktəbdə
xidmətçidən tutmuş, müəllimə kimi
dalamadığın adam qalmayıb. Bu
boyda kollektivdə sənə salam verən
yoxdur. Özünü niyə qanmazlığa
qoyursan?
- Mən
başa düşmürəm sən nə deyirsən? Naznaz Çəkələyin üzünə
bozardı.
- Niyə
başa düşmürsən. Yaza-yaza neçə
direktor çıxartmısan. İlin
altı-yeddi ayını Rusetdə alver eləyirsən, gələndə
də yalandan bir kağız gətirirsən ki, xəstə
idim, müalicəyə getmişdim. Rayon Təhsil
Şöbəsi müdirinin ağzına üçdən-beşdən
atırsan, bununla da çıxırsan təmizə,
başlayırsan məktəbdə ona-buna qanun oxumağa.
Bir soruşan yoxdur ki, sən müəllimsən,
yoxsa alverçi? "Uşaq gəlmir"
deyə-deyə məktəbdə paralel sinif də qalmadı,
hamısını bağlatdırdın. Utanmaz-utanmaz
alverdən gələn kimi dərs davası döyürsən.
İndi də yazırsan ki, filankəsin
yaşının keçməsinə baxmayaraq hələ də
işləyir.
- Az,
yalan deyirlər. O bir balamın başı haqqı,
yalandı. Bilmirsən, mən sənin xətrini
nə cür istəyirəm. Az,
Bilman özü yazır, altından da mənim adımı
qoyur ki, qoy yerlilərin başı bir-birinə
qarışsın. Sənin namını
heç kənardan gələnə verərəm? - deyən Naznaz qəflətən Çəkələyin
boynunu qucaqlayıb üzündən öpdü.
İlıq
münasibətdən deyəcəyi sözləri tez yaddan
çıxaran Çəkələk gülümsünərək:
"Yaxşı, burax... burax..." deyib Naznazın qolları
arasından çıxaraq qapıya doğru yönəldi. Otaqda olan müəllimlər isə bir-birinə mənalı
baxışlar fırladaraq jurnalı götürüb sinfə
yollandılar.
***
Ayın
axırına iki-üç gün qalmış həmişəki
kimi Çəkələk əlində siyahı müəllimləri
bir-bir yaxalayır "Gəlib-gedənə xərc
çıxır, kömək edin" adı ilə hərədən
20 manat alır, dərsi az olan isə 10
manat verirdi.
İbtidai
sinif müəllimləri Çəkələyin əlində
siyahını görən kimi bir-birinə
pıçıldayırdı:
- Evin
yıxılsın, fələk. Pulu
almamış Nəzir qutusu sinfin qapısını kəsir.
Çəkələk xanım sinifləri hərlənib
əlindəki siyahıya baxdı.
- "Demək, qalanlar kimlərdir. Nüsrətdi,
xəstədi, gəlməyib, Güllüdü, analıq məzuniyyətindədi,
Kamildi, kursdadır, Pərvin... - necə də yadımdan
çıxıbdı. Neçə dəfə
sinfinin ağzından keçmişəm. Gör heç yadıma düşüb? Hər dəfə 20 manatı verəndə elə
bil canı çıxır. Gedim Pərvindən
də alım", - fikri ilə geri qayıtdı və sinfin
qapısında dayanıb qapını döydü.
- Buyurun!
Qapının təkrar döyülməyinə
qapını açan Pərvin müəllimə Çəkələk
müəlliməni görcək qapını örtüb
çölə çıxdı.
- Xətrinizə
dəyməsin, Çəkələk müəllimə, əməkhaqqını
almamış qapını kəsirsiniz. Axı
belə olmaz. Özümüzün o qədər
problemimiz var ki! Hələ pulu almamışam.
Dərsdən sonra gedib alacağam. Səhər
gətirərəm, dedi.
- Pərvin,
Naznaz gündə yazır, gözünün qabağında
komissiyanın biri gedir, biri gəlir. Bunlar
havayı gedib-gəlirlər? Allah Naznaza elə
dərd versin ki, başı özünə
qarışsın. Neyləməli? Gərək biz də kömək eliyək də.
Yaxşı, səhər gətir. İkinci saat gələcəyəm. Bir sən qalmısan. Çəkələk
siyahını cibinə qoyub pilləkənə doğru getdi.
Çəkələyin
arxasınca baxan Pərvin:
- Yox, belə
olmaz. Beş manat pul alıram, onu da haram eləyib
bu bürüşmüş. Mən sənin
başına elə oyun açım ki, ömürlük dərs
olsun, - öz-özünə razılıqla
gülümsünən Pərvin müəllimə sinfə
girib dərsinə başladı.
Səhər Pərvin müəllimə birinci saat dərsini
keçdi və zəng vurulan kimi şagirdləri idman
zalına göndərdi. Dəhlizi nəzərdən keçirib
heç kimin olmadığını görən kimi
çantasından günəbaxan yağını
çıxarıb sinfin qapısının ağzına,
döşəmənin üstünə töküb tələsik
yayalamağa başladı. Kafelin üzərində
heç bir şey hiss olunmadığına əmin olan Pərvin
müəllimə jurnalını götürüb
qonşuluqda olan idman zalına keçdi.
Zəngdən 10-15 dəqiqə keçmişdi. Dəhlizdə
"Ay Allah, öldüm!"
çığırtısına xidmətçilər
özlərini çatdırdı. Qulağı
səsdə olan Pərvin müəllimə səsə
qapını açıb dəhlizə baxdı. Xidmətçilərin
yığışdığını görən kimi
"hövlnak" özünü hadisə yerinə yetirdi və
Çəkələk müəlliməni yerdə
özündən getmiş vəziyyətdə gördü:
- Buna nə
olub? - deyərək Çəkələyin
başını dizi üstə aldı və
canıyananlıqla "Tez, su gətirin!" - dedi.
Üzünə su çilədilər, əl-ayağını
ovuşdurdular, handan-hana Çəkələk gözlərini
açdı.
Bilman müəllimə xəbər verdilər.
Bilman müəllim gəldi:
- Kömək
eliyin, maşına otuzduraq.
Müəllimələr və xidmətçilər
Çəkələyi maşına otuzdurdular və iki nəfər
müəllimə də xəstənin yanında əyləşdi. Bilman müəllim
tələsik maşını işə salıb xəstəxanaya
yollandı.
Hamının başı Çəkələyə
qarışdığı üçün sinfin
qapısında yiyəsizlik yarandı. Pərvin pilləkənin
altında xidmətçilərin qoyduğu vedrələrə
yaxınlaşdı, döşəməni silmək
üçün olan dəsmalı gətirib sinfin
qapısını təmiz-təmiz sildi və xəlvət
aparıb yerinə qoydu.
Çəkələk müəllimə üç aya
yaxın xəstəxanada beyin silkələməsindən
müalicə olundu. Xəstəxanadan çıxanda həkim dedi ki, buna
işləmək olmaz. Yaddaşında
pozğuntu var. Silkələnmə güclü olduğu
üçün heç cür tam sağaltmaq mümkün
deyil. Az-maz çatışmazlıq
özünü göstərəcəkdir. Yaşlı adamdı.
***
Naznazın şər-böhtan dolu ardıcıl
şikayətlərinin əlindən Bilman müəllim
başqa məktəbə direktor vəzifəsinə dəyişdirildi.
Çəkələk
müəllimə isə həmişəki kimi yenə ayda
bir dəfə əlində ağ vərəq
məktəbə gəlir və müəllimlərin bir-bir
qapısını döyərək:
- Bilman
müəllimin bu ay çox xərci çıxıbdı,
kömək etmək lazımdı - deyir.
Çəkələk
müəllimə "Bilman müəllim başqa məktəbdə
işləyir" cavabını eşitsə də,
inanmır və israrla təkrar edir:
- Yox, yox,
siz yalan deyirsiniz. Heç hara getməyibdi.
Odey, səhərdən kabinetində oturub
işləyir. Bu saat gedib çay dəmləyirəm.
Onun çiyinlərində gora gedim.
Hər dəfə
Çəkələyin əlində siyahı məktəbdə
görünən kimi Naznaz qaş-gözünü mənalı-mənalı
süzdürərək acı istehza ilə deyir:
- Görəsən,
Bilman gedəndə Nəzir qutusunu özü ilə
aparmağı niyə yadından çıxarıbdı?
Fazil SƏNAN
Ədəbiyyat qəzeti.- 2022.- 30 iyul.- S.18; 19.