Zeynal Xanı təzə və xoş bir təsadüf
nəticəsində tanımışam. İlk oxuduğum şeirindən
(həmin şeiri
"Ədəbiyyat qəzeti"nə
təqdim etmədim) anladım ki, həmsöhbətim istedad
külçəsidir. Daha bir dəfə görüşdük. Bu şeirləri məni xeyli düşündürdü.
Doğrusu, minor mövzular
"əl çalmağa"
imkan verməsə də, qətiləşdirdim:
Azərbaycan şeiri yaxın illərdə özünəməxsus, fərqli
və həqiqi şairi qazanacaq. Uğur olsun!
Səlim Babullaoğlu
Küçə uşaqlarına ağı
Atanız
boz payız günəşi kimi səmanı
və ananızı çoxdandır tərk edib;
bu yoxluğu hansınız və nə vaxt
bu asmatavan buludların altında
dərk edib, indi heç kim bilmir; bilinmir.
Əslində, bu tarixçələr
tarix olmaq üçün deyil ki, əzbərləyək,
vaxtında hiss etməliydik.
Sizin ilk
rəsmləriniz heç,
heç xəyallarınızda
belə günəşi
tapa bilmədim...
Beton kənarlarına sarı rəngin sıçradığı
səkidə
polis bir uşaq rəsmi
çəkmişdi:
gözləri bağlı,
dişləri kilidlənmişdi.
Qatil bəlkə şaxtaydı,
bəlkə saxta Şaxta babaydı -
qaçıb gizlənmişdi;
onun cəzasını
kimin ömrünün
baharı verəcəkdi?
-
indi heç kim bilmir, bilinmir.
Əslində, bu tarixçələr
tarix olmaq üçün deyil ki, əzbərləyək,
vaxtında hiss etməliydik.
Sabah insanlar o şəkli tapdalayacaq -
yenə həmin mərkəzi küçədə
insan seli axacaq:
laqeyd, fərd-fərd
və təklənmişlər.
Uşaqlar həmişə
vicdan və sevgi
pəncərsindən boylanırlar,
çox vaxt da yalın barmaqlarının
ucunda.
İnsanlığın beşiyi yellənir... yellənəcək...
Oyandım.
Bir külqabı dolu yoxsulluğun və dərdin qoxusu
otaqdaydı.
İlk rəsmləriniz
heç,
heç xəyallarınızda
belə günəşi
tapa bilmədim,
hardaydı?
Yalnızıstandan...
I
Pərdə arxasında gizlənib
quşlara şüşə
qırıqları səpən
bir qoca qarı.
Gözləri pətəklərin tavanına
zillənmiş bir ovuc arı.
Uşaq
yuxularındakı rəngli
"puzzle" parçaları.
14 yaşında boğulub ölən bir su ilanı...
Kiməm mən?
Protez ayaqlar qoydular əllərimə
şeir yazmağa başladığım gündən.
Qaçır məndən düşüncələr,
qaçır kirayə
götürdüyüm insan
qanı.
"Hanı imanın?" - deyə soruşma.
O da qaçdı şeytanı deyil, çiçəkləri daşladığım
gündən.
Qapısı qırıq bir
şkaf kimi şəhəri dolaşdırırlar
məni,
orqazm olan karusellər kimi,
güllələnən qırxayaqlar
kimi,
öpüşən məzar
daşları kimi.
Kimim, nəyim var mənim?
Daş kimi böyük qəlbim.
Pəncərəmi döyən narıncı
yağışım,
insanları çirkləndirən
palçıqlı-acıqlı baxışım.
Kiməm mən?
Əqrəblərindən zamanın əbədi nəğməsi asılan
səssiz saat.
Buludla doldurulan
bir sandıq.
Qırılan həyatını yapışdırmaq
istəyən qoca,
ya da o qırılan parçaların
arasından sızan ölüm
Olmayan bir qapının
olmayan zəngini
olmayan əlləri ilə basıb
olmayan ayaqları ilə qaçan
doğulmamış bir uşaqmı?
Kiməm mən?
Rəsm dəftərindəki mavi rəngli otlarmı?
Ağlayan günəşmi?
Kədəri yuyub aparan susuz
səhralarmı?
Quraqlıqdan dirçələn qızmar
dərələrmi?
Kiməm mən?
Allahın 6 günə yaratdığı
bir ağacda
asılmaq üçün
23 il gözləyən
birimi?
Kiməm mən?
Tək bir ortaq nöqtəmiz
var deyəsən -
heçlik!
II
İlk baharın
son həftəsi, son baharı.
Həyətdəki albalı ağacının
son yaşıl budağı
Eyvandan boş küçələrə baxan
sonuncu bağlı pəncərə şüşəsi.
Şeirlərimdə çox vaxt
özümdən yazıram.
Dərdimdən, kədərimdən, halımın betərindən...
Pis günümdən
yazıram.
Sol gözümlə yatıram
ancaq.
Sağ gözüm açıqdır,
oyaqdır, qaçır
məndən.
Kiməm mən?
Soyuducunun
son rəfi,
Əzrayılın keçirdiyi ölüm
yarışının son mərhələsi,
taleyin son tələsimi?
Bəlkə illərdir
ayaq dəyməyən
Cənnətin son mərtəbəsi!?
Soyuğam, zəifəm, yalnızam.
Amma kiməm
mən?
Zevsin sonbeşiyi,
şeytan baxışların
ilki?
Bəlkə dünən kənd
camaatının
acımadan öldürdüyü
tülkü,
tülkünün göz yaşıyam?!
Kiməm mən?
Əgər eybəcərliyin cinsi qadındırsa,
demək mən də onun can bir həyat yoldaşıyam.
Zeynal Xan
Ədəbiyyat qəzeti.- 2022.-
30 iyul.- S.19.