Gedirik, qayıtmırıq, yol bizi ancaq
irəliyə aparır
Yol bizi ancaq sabaha
aparır,
Yol bizi ancaq itkiyə
aparır...
Bir-birimizin içindən
keçib gedirik
Bir-birimizdən keçib
gedirik
Bu şəhərdən o şəhərə,
bu ölkədən o
ölkəyə
Bu ağrıdakı adamdan o
ağrıdakı adama
köçüb gedirik...
Allahın əzab verdiyi yerdən
Əzab vermədiyi yerə gedə bilmir adamlar.
Ağacların quruduğu yerlərdən
qurumadığı yerlərə
Çöllərin yandığı
yerlərdən
Yanmadığı yerlərə.
Amma adamların axşam yatıb
Səhər oyanmadığı yerlərə
gedirik hamımız...
***
Atamın məzar daşında
əlimin həniri
Gözümün yaşı
Gülüşümdən bir damcı
Özümdən bir misqal.
Halbahal olmadığım yeganə
yerdir atamın məzarı
Halbahal olmadığım yerdir
Orda bütün qəlbimlə
bilirəm ki, mən ölüyəm,
Atam diridir...
***
Bir çiçək ləçəyinə
öpüş qondurmaqdır
qadın olmaq
Dodağını bir yarpağa toxundurmaq
Barmaqları nəğmə oxuya-oxuya
çay dəmləmək
Dünyanı çək-çevir edə-edə çörək
doğramaq,
Dadına baxmaq bəhanəsilə yeməkdən bir tikə oğurlamaqdır qadın olmaq.
Kim deyirsə ki,
etməmişəm - yalandır.
***
Bilirsənmi indi ən çox nəyə baxıram dincliyin içində -
Küləyin vərəqlədiyi kitaba.
Nədir qəlbimi sakitliyə qərq edən - küçənin səsi.
Ən çox harda döyünür ürəyim -
əllərimin içində,
barmaqlarımın ucunda
Ən çox
nə kədərləndirir
məni - anamın xatirəsi.
Sən məni xatırlayanda bir insan gətirirsən
gözlərinin qabağına
Ancaq
Ağac
kimi quruyub
Ot kimi göyərmişəm dünyanın
ortasında və bilirəm ki, buralarda
Bir daha sevgi yağışları
yağmayacaq.
***
Bir budağın yuxusuyam
O yuxuda adam
olur budaq
O yuxuda yeriyir budaq
Su içir, dua edir, kədərlənir, ağlayır, kiriyir budaq...
Ən yaxınlarını itirir
Ən uzaqlara dikilir gözləri
Ağacları sevir... sevir... sevir... - kökünə çəkir
Gəl ki, yuxudan oyanmaq istəmir budaq.
Bir quşun yuvası olur ürəyi
Kəpənək qanadı olur ürəyi
Çırpınır, çırpınır,
çırpınır yazdan
payıza - saralmağa,
tökülməyə, qurumağa...
Onun yuxudan qayıdıb budaq olmağa vaxtı qalmır,
Mənim
adam olmağa...
***
Bir qucaq Günəş
işığı həmişə
ordadır, üfüqdədir,
Amina
Səhər də ordadır,
Axşam
da ordadır
Heç
kimə verilməyən
bütün suallar da ordadır
Heç
kimin vermədiyi cavablar da ordadır
Allah da ordadır,
Amina,
Göndərdiyi kitablar da ordadır...
Mən əllərimi uzadıram üfüqə, dan yerinə, qürub yerinə
Bilirəm ki, qəlbini isidir Günəş işığı
Bilirəm ki, üzünü güldürür şəfəqlərin
sehri.
Bilirəm ki, mən heç
kiməm,
Adamlar üçün bir qucaq dua oğurlamışam,
Bilirəm ki, sən bunu yaxşı-yaxşı
görürsən,
Bilirəm ki, sən qaranlıqda
da Allahı görürsən, Amina.
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2022.- 30 iyul.-
S.20.