Cığır
yola çevrilir
Yunus Oğuzun
"Cığır" romanı haqqında
Ənənə
yaşayır... Azərbaycan tarixi
romanlarından söz açanda deyə bilərik ki, Məmməd
Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu
gün də uğurla davam etdirilir. Və
hər bir romançı Azərbaycan tarixinin müxtəlif
qütblərini, həm işıqlı, həm də
qaranlıq səhifələrini canlandırarkən məhz
Balzakın dediyi kimi katiblik missiyasını yerinə yetirirlər.
Onlar təzədən tarix yaza bilməzlər,
ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin
həyat yoluna yenidən nəzər yetirib onları bədii
şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii
təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət
təşkil etməlidir. V.Q.Belinski demişkən:
"Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi
həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək
yolu ilə daxil olur və tarixlə bağlı hadisələr
tək-tək adamların taleyi ilə
qaynayıb-qarışır". Amma dəxli
yoxdur, istər tarixi reallıqlar, istərsə də
yazıçı təxəyyülündən doğan hadisələr,
olaylar, obrazlar... bütün bunlar təsvir olunan tarixi
dövrün özünün obrazını
yaratmalıdır. Bizim ən sanballı tarixi
romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli,
istər Ə.Cəfərzadə, istər Y.Səmədoğlu,
istər Elçin, istər F.Kərimzadə, istər
Ə.Nicat və istərsə də digər tarixi roman müəlliflərimiz
bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz
inkişafından qalmamış,
yazıçılarımız mövcud ənənəyə
sədaqət göstərərək yeni əsərlər
yazmışlar. Sabir Rüstəmxanlının,
Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun,
Mustafa Çəmənlinin tarixi romanları bu janrın
inkişafında yeni bir dönəmin
başlandığını sübut edir. Bu
romançılar sırasında son iyirmi ildə ən
çox məhsuldar işləyən bir
yazıçını - Yunus Oğuzu artıq bu janrın
müməssili (təmsilçisi) kimi tanıyırıq, yəni
o, ancaq tarixi romanlar yazır. "Nadir şah", "Təhmasib
şah", "Sultan Alp Arslan", "Əmir Teymur",
"Atabəy Eldəniz", "Uçurum" tarixi
romanları, həmçinin bir neçə tarixi pyeslər
onun qələmindən çıxıb.
Yunus Oğuzu tarixi roman və pyeslər yazmağa vadar edən
səbəb nədir, - deyə düşündüm. Birincisi, belə güman
etdim ki, əsas səbəb onun heç də tarixçi olmasında deyil,
illər boyu ürəyində mürgüləyən, sonrasa
birdən-birə ayılan yazıçı
şövqünün get-gedə şiddətlənməsidir.
Necə ki, bəzi aktyorlar dönüb
istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən
Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr
yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram:
"Yunus Oğuzun çox zəngin elmi-tarixi
düşüncəsi var, tarixə dərindən bələdliyi
var, tarixlə işləmək mədəniyyəti, eyni
zamanda çox müasir və güclü bədii təfəkkürü
var. Tarixdən yazan yazıçı üçün bunların
hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən yaxşı,
sanballı tarixi romanlarımız böyük vətənpərvərlik
duyğusu ilə qələmə alınır və vətənpərvərlik
duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə
də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da
bunu hiss edirik. Mətləbi uzatmaq istəmirəm və Yunus
Oğuzun lap bu yaxınlarda çapdan çıxan
"Cığır" romanı haqqında söz
açmaq istəyirəm.
Söhbətə cığırdan başlayaq. Romana niyə
"Cığır" adı qoyulub? Bunun iki mənası
var. Birincisi: Məlumdur ki, Şuşa
1752-ci ildə Qarabağın ilk hakimi Pənahəli xanın
qurduğu, yaratdığı bir şəhərdir. Təbii ki, ilk dönəmdə şəhərin
qurğusunda bir sıra çətinliklər meydana
çıxdı, bunu biz yeddi "Qarabağnamə"də
də izləyə bilərik. Amma Yunus Oğuz belə
bir versiya irəli sürür: gələcəkdə
düşmən Şuşaya hücum edərsə, şəhər
mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən
qurtulmaq olar - xalqın nümayəndəsi, çoban
olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin
kişi onu heç kimin
tanımadığı, bilmədiyi bir cığıra gətirir.
"Bu yolu heç kim bilmir,
dağkeçilərindən başqa... Bu sirri yalnız bir
neçə nəfər bilməlidir, yoxsa gələcəkdə
tikəcəyin şəhər çox keçməz, bərbad
olar" -deyir Nəsrəddin kişi. Əlbəttə, bunu real bir versiya hesab etmək
olar. Çünki Şuşa bu 270
il ərzində dəfələrlə hücuma, mühasirəyə
məruz qalıb, amma onu təkcə cəsur və qəhrəman
Şuşa sakinləri deyil, həm də yenilməz
dağlar, qayalar, cığırlar müdafiə edib.
İkincisi:
Cığır həm də simvolik məna
daşıyır. Cığırın
lüğəti mənası kiçik yol və yaxud dar, balaca
yol deməkdir, amma yolun özü deyil. Elə
cığır var ki, yola çevrilmir, amma yola gedib
çıxan və yola çevrilən, yolun tərkibinə
qatılan cığırlar olur. Bu prosesi
təbiət özü tənzimləyir. Lakin
Yunus Oğuz buna simvolik məna verir. Deyək
ki, Birinci Qarabağ müharibəsində
torpaqlarımızın iyirmi faizi işğal olundu,
cığırlar (ayrı-ayrı dəstələr,
döyüşən qüvvələr) birləşə
bilmədi, yola çevrilmədi. Ancaq
İkinci Qarabağ müharibəsində bütün
cığırlar vahid yola çevrildi.
Romanın
son səhifələrinə boylanaq: "Cığır bitdi,
Azərbaycan yola çıxdı. Dövlətini
dünyaya tanıdan Böyük yola. Müharibənin
nəticəsi olaraq 10 noyabrda Ermənistan təslimçilik
aktını imzaladı". "Şuşanın
işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri
isə parçaladı. Şuşa
bütöv ruhumuzu özümüzə qaytardı,
çünki parçalanmış ruh torpağı da,
xalqı da parçalayır. Şuşa
cığırı Zəfər yoluna çevirdi. Cığırın Zəfər yolu isə davam
edir".
Keçmişlə
müasirliyin vəhdəti. Yunus Oğuzun
"Uçurum" romanında olduğu kimi,
"Cığır"da da hadisələrin əksəriyyəti
yaşadığımız illərdə baş verir. "Uçurum" haqqında yazdığım bir
məqalədə qeyd etmişdim ki, Yunus Oğuz hər
hansı bir romanında tarixlə müasirliyi vəhdətdə
götürür, yəni "tarixdə bu gün, bu gündə
tarix" (Nizami Cəfərov) prinsipinə əməl edir.
"Üçurum"da o, XVI əsrdə -
Şah Təhmasibin hakimiyyəti dövründə baş verən
hadisələrlə XXI əsrin narkobizneslə bağlı
olaylar arasında kommunikasiya - əlaqə bağları
yaradır. "Cığır"da isə
XVIII əsr - Qarabağ xanlığının ilk illəri -
Pənahəli xanın Şuşanı inşa etməsi və
burada baş verən ilk Cığır axtarışları
ilə XXI əsdə Birinci və İkinci Qarabağ
müharibələri dövrünün hadisələri
paralelləşir. Hər iki əsərdə
bəzi oxucular etiraz edib deyə bilərlər ki, "tarixi
roman" istilahı nəyə lazımmış? Amma Yunus Oğuz "tarixdə bu gün, bu gündə
tarix" prinsipini əsas götürür. "Tarix təkrar olunur" - xüsusilə Azərbaycan
tarixinin elə dövrləri və mərhələləri
var ki, hadisələrin gedişatı və inkişafı
bir-birilə səsləşir. Məgər
XVI əsrdəki erməni xisləti dəyişibmi? Məgər
Azərbaycanın parçalana-parçalana belə vahidliyə,
bütövlüyə can atması (xanlıqlardan üzü
bəri) əsrlərdən bəri milli düşüncəyə
təkan verməmişdimi? Yəni tarix spiralvari
xətt üzrə inkişaf edir - xəttin əvvəli ilə
sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur.
"Cığır"da da Məhəmmədhəsən Qacarın
Şuşaya uğursuz hücumu təsvir olunur, eyni zamanda Şuşa uğrunda döyüşlərdən
və şəhərin işğaldan azad olunmasından
söhbət gedir. Əslində, müəllifin mövqeyi məlumdur:
Azərbaycanın müstəqilliyi, Cığırı Yola
çevirmək idealı... Və sonda: "Qarabağ Azərbaycandır
- nida!".
Reallıqlar və bir
də bədii təxəyyülün rolu. Yazıçı üçün tarixi roman qələmə
almaq çox məsuliyyətli bir işdir və burada, ilk
növbədə, əsl istedadla yanaşı, bu istedadı
şərtləndirən bir çox arqumentlər də nəzərə
alınmalıdır. O arqumentlər sırasında
yazıçının müraciət etdiyi tarixi
dövrü, haqqında söz açdığı tarixi
şəxsiyyəti nə dərəcədə dərk etməsi
birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami
dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi,
kifayət qədər (hətta tarixçilərin bildiyindən
də artıq!) məlumatlı olmasaydı, necə deyərlər,
təpədən-dırnağa nizamiləşməsəydi...
Yunus Oğuz da "Cığır"da təsvir
etdiyi hadisələri və real obrazları dərindən
müşahidə edib, əslində, bütün bu hadisələr
onun gözləri qarşısında baş verib və o
özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq
iddiasında olmayıb və onun digər romanlarında da sənədlilik
üslubi mahiyyət daşımır. Lakin
məlum hadisələrin təsviri bədii informasiya vasitəsilə
oxucuya çatdırılır. Bəzi məqamlarda
tarixi faktlar da qısaca nəzərə
çatdırılır və bu da vacibdir.
Romanda təsvir olunan reallıqlar (məlum hadisələr
və insan obrazları) üç xətt üzrə diqqəti
cəlb edir.
Birinci xətt - siyasi hadisələr və bu hadisələrin
mərkəzində qərarlaşan real obrazlar. İlk
növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev.
"Prezident
ayağa durdu, saatına baxdı, Təhlükəsizlik
Şurasının iclasına hələ on beş-iyirmi dəqiqə
qalırdı... İçində bir
qalxınma vardı. O özü də Azərbaycan
üçün yeni bir cığır açırdı. Bu yeni cığırı yola çevirmək istəyirdi".
Bütün roman boyu - xüsusilə, İkinci Qarabağ
müharibəsi ilə bağlı hər səhifədə
biz Ali Baş Komandanın qüdrətini və
ağıllı, son dərəcə tədbirli və son dərəcə
diplomatik dəst-xəttini hiss edirik. Ali Baş
Komandanın Tovuz döyüşləri zamanı əsl sərkərdəlik
məharəti üzə çıxdı və Yunus Oğuz
təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra
bilir.
Romanda Ermənistan
rəhbərliyinin - Baş nazir Paşinyanın, müdafiə
naziri Tonoyanın, keçmiş prezidentlər - Sarkisyanın,
Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və
bunlara dəstək olan xarici qüvvələrin obrazları
da yaradılıb və Yunus Oğuz fəhmlə (həm də
məlum informasiyalarla) onların söz-söhbətlərini,
Azərbaycanla bağlı açıq və gizli niyyətlərini
nəzərə çatdırır. Yunus
Oğuz üçün erməni xislətini bütün
mahiyyəti ilə əks etdirmək o qədər də
problem deyil. Paşinyanın siyasi aləmdə uğursuz
gedişləri, Moskvadan və Parisdən onu müdafiə edənlərlə
nökərcəsinə yardım diləməsi, dünya erməni
lobbisi ilə münasibətləri, Ermənistanın öz
daxilində müxalifətlə "düşmənçiliyi"
hamıya məlumdur, amma bütün bunlarla bir sırada
antitürk mövqeyi hər bir düşmən erməni kimi,
onun da qanına hopub. İstər o, istərsə
də məlum düşmən qüvvələri Azərbaycanın
44 gün ərzində qələbəsini heç gözləmirdilər.
Yunus Oğuz gah ciddi ironiya, gah da açıq
bir tövrlə, heç bir lağa qoymadan paşinyanların
bütöv erməni xislətini canlandırır. Əsrlər boyu bu erməni xisləti dəyişmir.
Ancaq 44 günlük Qarabağ zəfəri
"Dənizdən dənizə böyük Ermənistan"
xəyallarını puç elədi.
İkinci xətt - "Cığır"ı həm
də müharibə romanı adlandırmaq olarmı? Axı, müharibə
romanlarında döyüş səhnələri olur, ya da
müharibə gedən illərdə arxa cəbhə təsvir
olunur ki, bu da az əhəmiyyətli deyil. "Cığır"da genişliyilə olmasa da,
bir neçə döyüş səhnəsi təqdim edilir.
"Erməni əsgərləri arasında vahimə
yarandı. "Kölgə əsgərlər"
sözü onları elə qorxuya salmışdı ki, hara gəldi,
gülləni atırdılar. Bir azdan
qaçaqaç düşdü. Kimisi Xankəndinə,
kimisi Laçın dəhlizinə, kimisi də
dağa-daşa, meşəyə üz tutdu. Texnikaların
hayına isə qalan yox idi. Erməni əsgərlər
qaçır, özləri özlərinə atəş
açır, ölür, öldürürdülər.
Yol yaralılar və meyitlərlə dolmuşdu.
Səhərə yaxın Şuşa
yolunda daha heç kim qalmamışdı". Ümumən
roman bütünlüklə müharibədən
danışır, müharibənin bütün
gedişatından xəbərdar oluruq, biz müharibənin
insan talelərinə necə ağır zərbələr
vurduğunu da izləyirik.
Üçüncü xətt -
"Cığır" həm də Xalq romanıdır. Əsərdə
- əksər səhifələrdə Xalqın iradəsi,
otuz illik həsrətə son qoymaq, doğma torpaqlara
qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi elə bir yer yox idi ki, bu
barədə danışılmasın, arzu-istək bildirilməsin.
Xüsusən, xeyir-şər məclislərində
bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə
qalmasın". Yunus Oğuz romanda Xalqla
hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə
nəzərə çatdırır və doğrudan da, Lələtəpə
və Tovuz döyüşlərində bu vəhdət daha
artıq hiss edildi. "Elə müharibənin
birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə
olanlardan böyük dəstək görürdü. Bunun üçün ölməyə yox,
öldürməyə gedirdi". Azərbaycan
ordusu isə artıq dünyanın ən güclü, ən
müasir bir ordusuna çevrilmişdi və 44 günlük
müharibədə qazanılan qələbələr də
bunu sübut etdi". Müəllif Tovuza tələsən,
orduya yazılmaq istəyən minlərlə azərbaycanlının
intiqam hissini qələmə alır, əslində,
bütün bunlar bizə tanışdır, amma bədii əsər
bu təsirli səhnələrdən yan keçə bilməz.
"Baxın: bir atanın dilindən nə
eşidirik: "Üç oğlumdan biri dövlətə,
Vətənə qurban olsun! - Yanındakılara baxıb
fəxrlə əlavə etdi. - Amma demişəm: Kürəyindən
güllə dəyib ölsən, heç qəbrinin
üstünə də gəlməyəcəm. Belə ölümlə rayonda biabır olaram.
Qonum-qonşu deyər ki, ə, sən niyə kişi
olursan? Oğlun erməninin qabağından
qaçanda ölüb də. Ətrafdan səslər gəldi:
- Halal
olsun!
- Afərin!".
Yunus Oğuz milli dəyərlərə bağlı
yazıçıdır və "Cığır"da da
bu dəyərlər, xalqın əsrlərdən bəri
qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə
vəsf olunur.
General Polad Həşimovun simasında təkcə
sərkərdə obrazını deyil, həm də milli - ailəsinə,
əsgərlərinə və ən başlıcası Vətəninə
bağlı milli-mənəvi dəyər meyarı ilə
qarşılaşırıq. Müharibə
xalqın taleyini, ölüm-dirim savaşını həll edən
psixoloji bir məqamdır. Müharibə
insanları sınaqlardan keçirən məhək
daşı deyilmi? Əgər su satan
balaca bir uşaq satdığı suyun pulunu almırsa, bu da
milli-mənəvi dəyərin kiçik də olsa bir
detalıdır. "Əmi, ağzında deyirsən,
kişi oğluyam. Bu pulu ala bilmərəm".
Beşinci sinif şagirdi Aybənizin əsgərə
məktubu da o detallardan biridir. Romanda
Əzizənin (onlarcla Azərbaycan qadınlarından biri) əri
Farizin ölümündən sonra keçirdiyi hisslər,
mağazadan aldıqlarının pulu ödəniləndə
etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi
keyfiyyətdir. Ancaq müharibə
dövrü qadınları içərisində Nargül
kimiləri də var ki, şəhid ərinin
ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə
yollanır. Qəbələnin Tüntül kəndində
yaşayan Gülbala kişinin üç oğlu - Elgün,
Elkin, Turan Vətən müharibəsində iştirak edirlər,
belə ailələr Azərbaycanda az
deyildi. Ədliyyə işçisi olan Kamran
birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə
yollansın. O, Suqovuşanda böyük hünər
göstərir. Bəs Cəbrayıl Dövlətzadə
necə, (əslən Zəngilandan olan Cəbrayıl
Sumqayıtda - Corat qəsəbəsində doğulmuşdu.
O, əliyalın olsa da, bir erməni polkovnikini
bıçaqla, bir generalını isə əliylə
boğub öldürür, özü də həlak olur.
"Cığır"da belə misallar az
deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi
qüdrətini əks etdirir. Qarabağ
müharibəsi də təklərin, fərdlərin
böyük axında - Orduda, "torpaq uğrunda ölən
varsa, Vətəndir" məramında birləşməsi,
cığırların böyük Yola çevrilməsini əks
etdirdi.
"Cığır"
romanı son otuz ilin ictimai-siyasi mənzərəsini canlandırmaq,
bədii-publisistik yolla bu mənzərəni əks etdirmək,
"Qarabağ Azərbaycandır!" nidasının Qələbə,
Zəfər ahənginə çevrilməsini, Azərbaycan
tarixinin misli görünməmiş səhifələrini
yaratmaq, böyük Azərbaycan və Azərbaycanlı
obrazlarını dünyaya tanıtmaq baxımından Yunus
Oğuzun uğurlu əsəridir.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 30 iyul.- S.26; 27.