Ağlayır küçədə bir payız günü
Ağlayır küçədə bir payız günü,
Yazını itirib, içində qışdı.
Durna qatarına qoşulan səsin
Yenə
də dil açıb səndən
danışdı...
Payızın rənginə bulaşıb
həsrət,
Bir topa bulud da bir
himə bənddi.
Məni
ovcunda böyütdü
Vətən,
Gözəlində vəfa qırmızı xətdi.
Gözəl var, güllərlə
giribdi bəhsə,
Bu bəhsin içində
güllər utanır.
Gülün yanağında səhər
şəbnəmi
Gözəlin gözündə alışıb
yanır.
Payız
xəzəlinə bükdüm
sözümü,
Haçansa qayıdıb gələr
durnalar.
Durna qatarına qoşulan səsin
Nə bir tövbə yeri, nə qibləsi var.
Ağlayır küçədə bir payız günü,
Yazını itirib, içində qışdı.
Durna qatarına qoşulan səsin
Yenə
də dil açıb səndən
danışdı...
Əbədiyyət nəğməsi
Bir şəhidin dilindən
Azadlığa şahidlikdi şəhidlik,
Şəhidsiz torpaqda çiçək,
gül açmaz.
Qanıyla şəhidlər yazar
tarixi,
Kağıza, qələmə, vaxta əl açmaz.
Bilməyən də bilsin, torpaq Vətəndir!
Vətən mənə çörək
verib, can verib.
Türk
oğlu da verər Vətən borcunu,
Ürəyindən ürəyinə qan verib.
Davalarda
qada da var,
qan da var,
Torpaq üstə
dizin-dizin sürünnəm.
Ürəyimdə Ana, Vətən sevgisi,
Əbədiyyət nəğməsinə bürünnəm.
Şahlıq quşu gəlib
qondu çiynimə,
Son döyüşə uça-uça gedirəm.
Girov düşmüş dərələrin,
dağların
Qapısını aça-aça gedirəm.
Alıb
ölsəm Xocalımı,
min əhsən!
Bu ölümə
Vətən qara geyməsin!
Ana, başdaşıma üzərlik
bağla,
Bəxtimə kimsənin gözü
dəyməsin!!!
Hər şeydən qaçarsan,
bəxtdən savayı
Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək
açacaq.
Min dəfə özünü
oda vursan da,
Dünyanın ləzzəti, həzzi qaçacaq.
Ləzzət də, həzz də - bunlar nədir ki?!
Kəpənək ümidin sənsiz uçacaq.
Əllərin görüşdən, dilin duadan,
Düşüb ayağından yer də qaçacaq.
Sən də qaçacaqsan həm özgələrdən,
Qatlayıb dizini həm də özündən.
Vaxtsız çiçəkləyən bir qara bulud
Qonar göy üzünə sənin üzündən.
Bilirəm, yarımcan yaşamaq
çətin,
O biri yarından təklik söz açar.
Ütülmüş qanadın sürünər yerlə,
Topal ayaqların göylərdə
uçar.
İldən də qaçarsan,
gündən də elə,
Lap dilə tutarsan
həftəni, ayı.
Yuxunun içindən qıy da vurarsan,
Hər şeydən
qaçarsan, bəxtdən
savayı.
Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək
açacaq.
Min dəfə özünü
suya vursan da,
Dünyanın sevinci səndən qaçacaq.
Qədərin kimliyi - alın
yazısı
Ömür qatarının polad qolları
Alnının şum yeri - küskün qırışlar.
Alqışla dünyaya gəlməmisən
ki
Rəhmətə apara səni qarğışlar.
Dəliyə nə var ki, adından bəlli,
"Araz aşığındandır,
Kür topuğundan".
Ömür qəhqəhəsi kirpiyində
nəm,
Asılıb ümidin göz qapağından.
Gülüşü üzündə
itaət olan
Nə qədər adam
var - yeriyən qəbir.
Ağ günə çıxmazsan,
ağ gün
görəsən,
Əlindən tutmasa dözümlə, səbir.
Havalı-havalı gəzənlərə bax,
Yüz deyil,
min deyil, saymaqla bitməz.
Haqqını bilməyən sapdan
asılı,
Çiçək donlu sevinc əksə
də bitməz.
Qədərin kimliyi - alın
yazısı,
İtaət qurğuşun, papaq, kürk deyil.
Hər kəsin öz nəfsi özünə yükdür,
Azadlıq ləziz dad, bəxşiş,
görk deyil.
Ömür qatarının polad
qolları
Alnının şum yeri - yorğun qırışlar.
Alqışla dünyaya gəlməmisən
ki
Rəhmətə apara səni qarğışlar.
Bir dodaq təbəssüm
Sən payız eşqili, mən yaz havalı,
İçimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm bəs edər mənə.
Sevincin əlini qoy da çiynimə,
Boy verək günəşə
baxıb göz-gözə.
Quşlar
nəğməsində dua
eləyər,
Bədnəzərin gözü dəyməsin
bizə.
Gecələr yuxucul, yuxusu şirin,
Ay da gah görünər,
gah da ki
batar.
Mənim
ürəyimdə təzə
ağrılar,
Sənin ürəyində həsrətin
yatar.
Bu sevda yükünün ağırlığını
Birlikdə daşısa çiyinlərimiz
Vüsaldan bağ salıb
- cənnət yaradıb
Bir ilkə
imzanı biz atarıq,
biz.
Yerin də, göyün də əşrəfi bizik,
Ömrümün içindən keçsin
baxışın.
Ələ almaq üçün
deyilən sözün
Bu gündən sabaha
düşməz işığı.
Sən payız ümidli, mən yaz havalı,
Qəlbimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm
bir ömür
bəs edər mənə.
Könüllər ovçusu
Danışanda mələklərin adından
Dənliyində söz üyüdən
mollalar
Anlamışam, könülləri
ovlayan
Hayandasa ölüm adlı mələk var.
İtaətim gözlərini
bərəldir,
Dodağımda susqunluğum fışqırır.
Yanğın düşüb ahımın
da içinə,
Baxa-baxa, susa-susa hıçqırır.
Daha xəyal selə atır özünü,
Hər misra içində ürəyim
əsir.
Zülmlərin dırnağı da
itiymiş,
Daş kimi səbrimi yağ kimi
kəsir.
Qar-yağışın keçib gəldim içindən,
Bir ürəkdə
neçə ağrı
yaşadım.
Yaylıq
kimi yellənmədim əllərdə,
Öz çiynimdə
öz yükümü
daşıdım.
Danışanda mələklərin adından
Dənliyində söz üyüdən
mollalar
Anlamışam, hayandasa tor qurub
Könüllərlə şikar edən mələk var.
Balıqçının işi
düşüb dənizə
Balıqçının işi düşüb yenə də
Tilov atıb
xərclik üçün
dənizə.
Qarmağının ucundadır ümidi,
Dayanıbdı qismətiylə üz-üzə.
Ləpələrin dodağında bu
ara
Uyuyurdu balıqların
öpüşü.
Qağayılar qıy vururdu havada,
Sağa-sola uçuşurdu gülüşü.
Gilavarın təntiyirdi nəfəsi
Ona barmaq silkələyən sükutda.
Əlbir
olub balıqçıya
elə bil
Ov edirdi naz içində sükut da.
Bir yarımcan soxulcana aldanıb,
İştahından bəndə düşür
balıqlar.
Nəfslərinin ucundakı ölümü
Balıqçının gözlərində parıldar.
Dünya
özü inkir-minkır
oylağı,
Həyat-ölüm bir-birini aldadır.
Yanırsansa, yaşayırsan, qəmin
kəm,
Dəniz kimi göz yaşı
da duz dadır.
Balıqçının işi düşüb yenə də
Tilov atıb
xərclik üçün
dənizə.
Qarmağının ucundadır ümidi,
Dayanıbdı qismətiylə üz-üzə...
Ramiz ORSƏR
Ədəbiyyat qəzeti.- 2022.-
30 iyul.- S.27.