“Mən az yazmaqdan deyil,
çox yazmaqdan qorxmuşam həmişə...”
"Fikir bucağı" layihəsinin
qonağı şair Taleh Mansurdur
- Xoş gördük, Taleh bəy. İşlər necə gedir?
Yeni yaradıcılıq nümunələri
varmı?
- Xoş gördük, Tural bəy, şükürlər olsun
Allahın böyüklüyünə,
yaxşılıqdı. Zənnimcə, şair, yazıçı
yazmayanda belə, düşünürsə, yaradıcılıqla
məşğul olur,
deməkdir. Bilmirəm, daxili
tələbatdı, ya
yaradıcılıq məsuliyyətindən
doğan bir haldır, amma mən yazdıqlarımı
daha çox çək-çevir edirəm.
Yazı prosesi bitəndən sonra belə düşünürəm. Və nəhayətdə kəmiyyət etibarilə
bu da az yazmağıma gətirib çıxarır.
Kürəyimi yerə verməsəm
də, çatışmayan
tərəflərimi də
görürəm. Yazı prosesində
də, yazandan sonra da. Həm yaradıcılıqda, həm
də şəxsi keyfiyyətlərimi qaydasına
qoymaq üçün
özümlə daim mübarizə aparıram.
Belə demək mümkünsə,
özümü düşüncəmlə
kötəkləyirəm. Tam səmimi deyirəm, mən az
yazmaqdan deyil, çox yazmaqdan qorxmuşam həmişə.
Və paralel olaraq da çox görünməkdən
qaçmışam. Elə bir
iddiam da yoxdu, amma yenə
də hesab edirəm ki, mən heç tanınmağa hazır da deyiləm. Yəqin ki, sözün yaxşı mənasında,
heç vaxt da buna hazır
olmayacam.
- "Ulduz" jurnalında
çalışırsınız. Qulu müəllimlə
işləmək çətin
deyil?
- Öncə deyim ki, Qulu müəllim
heç vaxt bizə münasibətdə
mühafizəkar davranmayıb.
Həmişə bizdən biri
olub. Mühafizəkar olub, qorxunun
diktəsində dırnaqarası
sevgi qazanmağa nə var ki?
Oğulsansa, o sevgini həqiqətdə
qazan, qaydalar çərçivəsində. Ümumiyyətlə, sevginin qıt
vaxtında nə sevgi qazanmaq asandı, nə də sevgi vermək.
Qulu müəllim sevgi qıtlığında bolluq
yarada bilən şair, baş redaktordu. Öz əsgərləri ilə
döyüşən komandir
misalı həmişə işçiləri
ilə çiyin-çiyinədir.
Qulu müəllim nəyisə
göstəriş verərək
öyrətmir, göstərərək
öyrədir. O, təkcə
iş prinsipini deyil, öz müsbət insani keyfiyyətlərini də
diktə etməyi sevən adamdı. Publisistikadan əlavə, mən ondan gözütoxluq, təmkinli olmaq öyrənmişəm bu
illərdə. Mənim
kimi tərif deməyi və eşitməyi sevməyən
adam, baxın,
Qulu Ağsəs haqqında nə qədər həqiqətlər
dedi. Tərif yox ha... (gülür).
- Yəqin, tez-tez yazılarının çap
olunmasını istəyən
müəlliflər olur.
Ancaq istedad olmayanda vəziyyət bir qədər dəyişir...
- Günlük, həftəlik
çıxan mətbu
orqanlardan fərqli olaraq, bizdən daha çox inciyənlər olur. Çünki ayda bir dəfə çıxan jurnalda çap olunmaq üçün daha çox gözləmək lazım
gəlir. Və bu
da nəhayətdə
bəzi müəlliflərlə
anlaşılmazlıqlara gətirib
çıxarır. Təbii ki,
bizdən razılıq
edənlərlə müqayisədə
narazılıq edənlər
daha azdı. Çap olunmağa layiq yazarlarla anlaşmağa nə var ki?
Yazısını göndərir, çap
olunur, qonorarını
alır, vəssalam.
Bizi ən çox zəif yazı müəllifləri yorur.
Onların yazılarını
oxuyub qiymətləndirmək
daha az
vaxt aparır, nəinki özlərini buna inandırmaq. Nə bilim, hələ ki dil tapıb
keçinirik. Şükürlər
olsun ki, əməkdaşlıq etdiyimiz
dostlarımız sayı
az deyil.
- Şeirlərinizdə ənənəvi poetik qayəni görmək olur. Bu nə ilə bağlıdır? Tərz olaraq bu belədir, ya ifadəlilik baxımından ənənəvi şeir yazırsınız?
- Fikir təzədirsə, lap Səməd Vurğunun "Azərbaycan" şeirini də təzədən yazmaq olar. Mənim şeirlərimdəki ənənəvilik köhnə deyil, təzədir. Mənim nəinki heca şeirlərimdə, hətta sərbəst şeirlərimdə belə ənənəvilik, qafiyə, süjet var. Heç çəkinmədən deyirəm ki, bizim gənc yazarların çoxu posmodern-sərbəst şeirləri tənbəllikdən yazırlar. Bir az yüngül desək, istedad qıtlığında yazırlar. Şair unutmamalıdır ki, ruhun və düşüncənin tələbləri olduğu kimi, şeirin də öz tələbləri var. İstedad ona deyirəm ki, bu qarşılıqlı tələblər içərisində yeni söz desin, azad bir şeir yazsın. Üstəlik, bir çoxları unudurlar ki, ədəbiyyatımızda sərbəst şeirin əsasını qoyan şairlərimizin şeirlərində də ənənəvilik, klassik şeirdən bəhrələnmə və qafiyələnmə olub. Halbuki bizim gənclər az qala bütün bunların hamısını mənasız hesab edirlər. Amma sevindirici hal odur ki, son zamanlar bəzi posmodern-sərbəst şeirlər yazanlar dönüb qəfil heca şeirinə bənzər bir şeylər yazmaqdadırlar. Ənənədən bir müddət perik düşmək olar, əbədi ayrılmaq mümkün deyil. Gec-tez dönüş əvvələdi.
- "Bilirsənmi bu buz şəhər kəndimizdən neçə sevgi uzaqdadı?" - deyən Taleh Mansurun narahatlığı yaradıcılığına necə təsir edir?
- Bu misra "Yarımçıq vəsiyyət" şeirimdəndi. İllər öncə yazmışdım. Sonralar gördüm ki, şeirdə yazılan bəzi məqamlar tale olaraq qarşıma çıxdı. Qaldı narahatlığa, səhv eləmirəmsə, ispan yazıçısı Qrasian Baltazar deyirdi ki, əxlaqlı adamlar vicdan əzabı çəkəndə rahat olurlar. Bu fikir üzərindən çıxış edərək deyə bilərəm ki, şeir mənə görə, əxlaqlı adamın çəkdiyi vicdan əzabı sancısıdır və narahatlıqdan doğulur. Rahat olduğum vaxtlarda nəsə yazdığım yadıma gəlmir. Hesab edirəm ki, şeir narahat və darıxan sözlərin bir araya gəlməsindən pərvəriş tapır. Şair yazıb ruhi rahatlığına qovuşduğu kimi, sözlər və fikirlər də şeirdə öz yerinə düşəndə şeir misalı öz zövq-səfasına yetir, məna ömrünü yaşamağa başlayır.
- Ədəbiyyatla güzəran qurmaq olmur. İndi bu belədir. Sovet dövründə tam əksinə idi. Necə düşünürsən, söz adamının sosial durumunu müəyyənləşdirən amillər necə olmalıdı?
- Müsahibələrimin birində demişdim ki, mənə görə, ana südündən sonra ən halal şey sözdən qazanılan puldu. Təbii, indi dünyamız o qədər dəyişib, söz o qədər dəyərdən düşüb ki, indi nə sözlə mənəviyyat doyurmaq olur, nə də sözdən qazanılan pulla mədə. Amma bilmirəm niyə, mən sözün gələcəyinə nikbin baxıram. İnsan oğlu gec-tez anlayacaq ki, dünyanın xilası təkcə elmi-texniki tərəqqidə deyil, sözün hökmündə, qüdrətindədir. Həm də görünən odur ki, elmi-texniki tərəqqi dünyamıza heç də yaxşı şeylər vəd etmir. Sözsüz, inkişaf da lazımdı. Amma yox, elə sözlü, sözlə inkişaf lazımdı dünyamıza. Dünayanın, həyatın, yaşamın mahiyyətində insan dayanır, insanın mahiyyəti isə bütövlükdə sözdür. İnsanı sözsüz, sözü insansız təsəvvür edə bilmirəm.
- Bir də görürsən ki, hər hansı bir müsabiqədə kimlərinsə yer tutmasına ikrahla yanaşırlar. Burada daha çox ədalətsiz yanaşmanı görürük. Bu barədə fikirlərinizi bilmək maraqlıdı...
- Mən özüm də zamanında bir çox müsabiqələrdə qalibiyyət və yerlər qazanmışam. "Xalqın şairi" televiziya yarışmasının azsaylı finalçılarından olmuşam. Yadımdadır, həmin televiziya müsabiqəsi başlayanda anama söz verdim ki, mən bu müsabiqənin qalibi olmasam da, finalına çıxacağam. Verdiyim sözü tutdum. Düzdü, həmin müsabiqədə sonradan bir çox şeir adına yaraşmayan şeylər yaşansa da, bununla belə diqqət, maraq yaratdı cəmiyyətdə. Nə danım, əvvəl müsabiqələri hədsiz vacib sayırdım. Zaman keçdi, fikirlərimə bəzi korrektələr etməli oldum. Və nə yaxşi ki, elədim. Ədalətli keçən yarışmalar da var, amma həqiqət budur ki, əksər ədəbiyyat yarışmaları ədalətsiz keçirilir. Bəlkə də, buna görə qaliblər bir çox hallarda ikrah və qəzəblə qarşılanır. Demirəm, söz yarışmaları gərəksizdir, amma düşünürəm ki, söz, ədəbiyyat, istedad yarışıdırmamalıdır, həqiqi söz mükafatlandırılmalıdı, urvatlı, ədalətli şəkildə. Həm də sözün adına-sanına uyğun.
- Nə vaxtsa hekayə, roman yazmaq haqqında düşünmüsünüz?
- Düşünməkdən keçib, artıq yazmışam və yazmaqdayam. 2019-cu ildə "Ulduzlu nəşrlər" seriyasında "Cənnətlik günah" adlı hekayələr kitabım işıq üzü görüb. Nə qədər təəccüblü olsa da, uzun illərdi üzərində çalışdığım bir povestim də var. Misqal-misqal yazıram. Tarixi və psixoloji məqamlar var. Olur ki, qələmə almaq istədiyim məqamların zəhmi döyür düşüncəmi, daha bacarıqlı olmaq tələb edir. O üzdən bir xeyli vaxt aparır əsərin yazılması.
- Bu yaxınlarda Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak etdiniz. Səfəriniz necə keçdi?
- Şuşa təəssüratlarımla,
ümumilikdə poeziya günləri ilə
bağlı, inşallah, "Ulduz" jurnalının avqust
sayında geniş bir
yazım gedəcək. Sizinlə müsahibə ərəfəsində
də elə həmin reportaj-yazını yazmaqdayam.
Yazıda da qeyd etdiyim kimi, mən Şuşayla bağlı bütün
fikirlərimi döyüşürcəsinə qələmə
almışam. Allah bütün şəhidlərimizə
rəhmət eləsin, Şuşa uğrunda o qədər
müqəddəs şəhid qanları axıdılıb ki, qeyri-ixtiyari
Şuşanın adı gələndə özünü
yığışdırsan, ən cılız cismdə belə
əzəmətli bir ruh
peyda olur. Pafosdan uzaq adamam,
amma belə məqamlarda hiss,
həyəcan, aşırı sevinc və
qürur pafos kimi görünə bilir...
Onu deyə
bilərəm ki, Vaqif
Poeziya Günləri mənim üçün bir şeir şölənindən daha ötədir. Şükürlər olsun Allahın böyüklüyünə, şeir, söz Vaqifin timsalında Şuşaya,
layiq olduğu ən uca şəhərə qayıtdı. Mən Şuşaya doğma
Salahlı kəndimizdən - şairin
göz açdığı kənddən
torpaq aparmışdım. Tam
225 il sonra şairin məzarı üstünə doğma kəndinin torpağını səpmək
xoşbəxtliyi mənə nəsib oldu.
Şuşadan 7 qızılgül gətirdim.
Həmin gülləri General Polad Həşimov başqa
olmaqla 7 şəhid məzarında qoydum. Beləcə, Şuşaya
ayaq basmağın
halallığını aldım şəhid
qardaşlarımdan.
Taleh Mansur
Söhbətləşdi: Tural Cəfərli
Ədəbiyyat qəzeti.- 2022.- 30
iyul.- S.28.