13-15 iyul 2022.
Şuşa
Vaqif Poeziya Günlərində
yaşananlar
Şuşaya qazilərin, şəhid ailələrinin,
jurnalistlərin, xarici qonaqların, beynəlxalq təşkilatların,
səfirliklərin, ictimai qurumların və vətəndaşlarımızın
səfərləri ilə bərabər, yazıçı və
şairlərin də səfərlərinin təşkili
çox vacibdi.
Hər bir şair və yazıçının ifadəsi,
yazısı hadisəni, prosesi yaddaqalan edir. Tarixiləşdirir.
Çünki tarixi tarixçilər yox, ədəbiyyatçılar
yazır. Onların görüb duyaraq qələmə
aldıqları əsərlərlə olanlar əbədiləşir.
Ona görə də bu səfərlər
mütəmadi təşkil olunmalıdır. Bu və bundan sonra Şuşaya səfər edəcək
bu qisimdən olan insanların yaradıcılığında
tariximiz, bu günümüz və sabahımız əks
olunaraq gələcək nəsillərə
çatdırılacaq.
Vaqif Poeziya Günləri çox gözəl təşkil
olunmuşdu. Şuşanın özüylə bərabər,
düzənlənən tədbirlər də
iştirakçıların yaddaşında xoş təəssüratlarla
qaldı. Və bunlar yeni əsərlərin
yaranmasında öz rolunu oynayacaq.
Bu tədbirin əsas xüsusiyyətlərindən biri də
bir-birini imzasından tanıyan yazarları
görüşdürməsi idi. Bu da ədəbi əlaqələrin
möhkəmlənməsinə öz töhfəsini verəcək.
Səfərin ən yaddaqalan hissələrindən biri
Vaqifin məqbərisi önündə Qələbə
müjdəli gənc Qazi şairlərin şeirlərini
oxuması, onları yaxından tanımaq oldu.
Cıdır düzündəki konsert - şeir və
muğam sədaları, gözəl kompozisiya Şuşanı
özünə qaytardı. Şuşa yenidən
canlandı.
Vaqif Poeziya Günlərində Şuşaya həm də
keçmiş hərbi zabit kimi şəhidlərin ruhuyla
salamlaşmağa, ölümün gözünün
içinə dik baxan, hər günün, hər anın
ölüm olduğunu bilə-bilə kənd-kənd, şəhər-şəhər
irəliləyən qəhrəmanları
alqışlamağa gəldim.
Gəldim fatehlərin ayaq izlərinə, soyumuş -
yadigar gilizləri görməyə, o həyəcanı
duymağa. Qovanla qovulanın hərəkət
trayektoriyasının yol izini, səma çəkilişini
görməyə. Sevincin
qışqırıq səsini duymağa, yaralı
yoldaşı çiynində döyüşə-döyüşə
mövqeyi dəyişən əsgərimizin sulietini görməyə.
Gəldim özümü tanımağa,
kimliyimin təsdiqini tapmağa. Gəldim mənimkinin
mənim olacağını bu uca zirvədən
hayqırmağa, düşmənə yuxarıdan
aşağı baxmağa. Qarabağımın
nə vaxtdır görmədiyim böyüklüyünü
bu zirvədən seyr etməyə. Tökülən
qanın müqəddəs qoxusunu duymağa.
Cıdır düzündən uşaqlıq, gənclik
baxışıyla baxdığım kimi yox, əsgər və
zabitlərimizin aşağıdan yuxarıya bu zirvəni yeyən
baxışları ilə baxmağa.
Kimliyimizə
baxmağa gəldim, Şuşam!
Qeyrətimizi özümüzə qaytaran Şuşama
özündən baxmağa.
Milləti,
dövləti mən edən Şuşama!
***
Yolumuz Şuşayadı. Müqəddəs məkana.
Söz adamlarının söykəndiyi söz ilk
öncə telefonda gül açırdı.
Bizi ilk qarşılayan şəhidlərimizin ruhları
oldu. Hər yerdə onlar görünürdülər.
Bizə doğma olan, bizi addım-addım izləyən
bu ruhlar Şuşaya gələnlərə yol yoldaşı
olaraq onları bütün düşmən bəlalarından
qoruyurdu.
Bizə şərəf yaşadan, bizi məğlub vətəndaş
adından xilas edən, Şuşanı bizə qaytaran şəhidlərimizin
ruhları indi bu şəhərin rahatlığının
keşiyini çəkir. Müqəddəs
ruhlar missiyasını sonacan davam etdirmək niyyətindədir.
Cıdır düzündə, Qala divarlarının
dibində gilizləri axtarıram. Bizimkilərdən yan
keçən, mənə qəzəblə baxan, müqəddəs
torpağından düşməni təmizləyən,
üzümə gülümsəyən gilizləri.
Hansının düşmənin, hansının
bizimkinin olduğu mənə baxan, göz dikən gilizlərin
baxışlarından seçilir. Gülləsinin
hansının yan keçdiyi, hansının hədəfə
çatdığı yerə sığınmağından
bəllidi.
Qəhrəman fatehlərimizin, şəhidlərimizin
qayadakı ayaq izləri səmada uzanan Ağ yola bənzəyir.
Qayada cığır salan qan Zəfərə gedən
yolun xəritə sxemini canlandırır.
Şuşadan baxanda Xankəndidən boylanan nifrət
düşmən baxışları sipər kimi dayanan
qayalara, budaqları ilə Şuşaya qanad tutan ağaclara,
daşlara dəyib geri qayıdır. Bu baxışlarda qəzəblə
bərabər müvəqqətilik, nə vaxtsa buralardan
uzaqlara getmək də hiss olunur.
Ayaq altında görünən Xankəndini gözüm
yaman yeyir. Yəqin ki, hər gün bu mənzərəni
görən əsgər və zabitlərimizin də.
Şuşaya həmişə Ağdamdan gəlmişdim. 28 km-lik məsafə
bizə 28 dəqiqə kimi görünürdü.
İlk dəfə idi ki, Şuşaya gedərkən belə
uzaq yol qət edirəm. 30 illik həsrətin qovuşmaq sevinci mənə
köhnə 28 km-lik yolu unutdura bilmir. Bəlkə
də bu təkcə məsafənin uzunluğu deyil. Yol boyu görmək istədiklərimin yoxluğunu
görmək məcburiyyətinin yorğunluğudu. Uçulan evlər, dağıdılan kənd və
şəhərlər. Hər şeyin məhvi,
olanların yoxluğu idi adamı yoran, haldan salan. Özümüzünkülərin yoxluq səhnəsi
adamda idmanda öz meydançanda böyük hesabla məğlub
olmağın ağrısını yaşadır.
Dağıdılan kəndlərdən, şəhərlərdən
keçdikcə keçmişlə bu gün və gələcək
arasında qalırsan. Bu evləri tikən, qurub yaradan, orda
yaşamış insanların evlərin sökülən
daşlarının, tozun-torpağın altından baş
qaldıran əl qabarları, sevinc dolu günləri adamı
dəli edir. Təsəvvürə gəlməz
erməni vəhşilikləri onların ibtidai icma
quruluşundan çıxmadıqlarını bir daha təsdiq
edir. Bu törədilənlər
insanlıqdan çox uzaqdı.
Şuşaya doğru irəlilədikcə yol boyu
sevincli gələcək günlərin sədaları
eşidilirdi.
***
Şuşa bizi küləyilə sığalladı,
günəşilə isitdi, buludu ilə üstümüzə
kölgə saldı. Nələri vardı, onunla
qayğımıza qaldı.
Şuşa bizə bir ovuc tut da saxlamışdı. Şipşirin,
adamın şəkərini qaldıran tut.
Şuşada üçrəngli bayrağımız gəlib-gedənlərə
əl eləyir.
Şuşaya uşaqlığımın gözlərilə
baxıram. Yadıma Şuşanın Avtovağzalı,
Cıdır düzü, İsa bulağı, məhlələri,
bazarı düşür.
Bu gün həm də "Şuşaya mənim gözlərimlə
bax", - deyən dostların, doğmaların gözüylə
baxıram. Baxışlar Şuşanın məhlələrini,
evlərini axtarır, gəzir. İlişib qalanlar da
oldu, azanlar da, diksinənlər də...
Sevinənlər daha çox oldu. Şuşanın
varlığına, bu gününə sevinənlər.
Mənim üçün Qarabağın işğaldan
azad olunması Şuşadan keçir. Ağdam mənə
nə qədər əziz, doğma olsa da. Çünki Şuşasız Qarabağ yoxdur.
Bəli, Ağdam Qarabağın iqtisadi-siyasi mərkəzi
olub və olacaq. Şuşa isə
Qarabağın tacıdı. Qələbə tacsız
olmur!
Eşq
olsun müzəffər ordumuza! Onun əsgər və zabitlərinə,
Ali Baş Komandanına!
Bu, adi zəfər deyil, bu, millətin, dövlətin
qürurudu. Özünə qayıdışıdı. Fəxarətidi!
***
Ağacların yaşıl qalanı da var, xiffətdən
quruyanı da.
Evlərin, binaların dağılanı da.
Ağdam,
Füzuli, Cəbrayılla Şuşanın ilk baxışdan
fərqi ondadır ki, o yerlərdə heç nə
qalmayıb, hər şey dağıdılıb, yerləyeksan
olub, ağaclar qırılıb. Varlıq deyilən
ancaq torpaq və dağlardı. Şuşada
isə baxımsızlıqdan (ermənilər
Şuşanın, işğal olunmuş ərazilərin
özlərinin olmadığını bildiklərindən hər
şeyə ögey münasibət bəsləyiblər), yiyəsizlikdən
quzulayıb uçan, pəncərəsi, qapısı
sındırılan evlər də var.
Şüşələri yox, rəngi solmuş aynabənd
sınıq eynəyə bənzəyir.
Şuşanın bu vəziyyəti mənə daha
ağır gəldi.
Uçuq-sökük evlərin həyətlərini
kol-kos basıb.
Şuşanın tarixini silmək üçün ən
çox dağıdılan onun qədimi binalarıdı.
Hər yerdə varlığımızın göstəricisi
qürurverici üçrəngli bayraq dalğalanır. Bir də Vaqif
Poeziya Günlərinin reklam lövhələri.
İsa bulağı yolunun üstündə, Xankəndi
yolunda sülhməramlıların yanında ermənilərin
səyyar maşın dükanı uzaqda yaşayan ermənilərə
ərzaq bölüşdürürdü. Sakitcə,
dinməz.
Şuşa türməsində sükut hökm
sürürdü.
Damı
uçulmuş evlər papiros çəkən adam kimi küləyi içinə çəkib
çərçivəsiz pəncərəsindən
bayıra üfürürdü.
Adamlardan çox yiyəsiz, uçuq evlər, yox pəncərə
gözlər idi qonaqlara baxanlar.
Şınıq şüşəbəndli evlərin
xatirələri içəriylə çöl arasında
yarı bölünüb.
Quruyan ağaclar dərdin uzun çəkdiyini göstərirdi.
Özü papaq,
evləri
damsız,
pəncərəsi çərçivəsiz,
yarısökük aynabəndi şüşəsiz,
ümidlər şəhərim.
Şuşam!
Tarixi özündə yaşadan, sevilən şəhər.
Bu da bir
axşam...
Xoş
sözlərlə, sevgi çələngi ilə bəzənən
Şuşa axşamı...
Hər gün bir tarixdir. Gözəl olan, yadda
qalan xatirələrə çevrilir. Elə bu axşam
kimi... Görünməz
baxışların, hisslərin uzaqları yaxın edən
ruh ovqatlı bir axşam...
Bu axşamda ümid də var, reallıq da. Və ən ümdəsi
rahatlıq var. Bu narahat dünyada adamın könlünü
oxşayan, özünü belə unutduran bir hal... Bu məqamda
adam özünü xoşbəxt
sayır, çünki arzuları reallaşır. Hər
şey o qədər gözəl ki, "özümə
özümün gözüm dəyər", - deyə
düşünürsən.
Şuşanın sükutlu gecələri adamı
yatmağa qoymur. Bəlkə də adam Şuşada
yatmağa heyifsilənir. Ayı işıq salan, ulduzları əl
çatacaq yerdən bərq vuran gecədə adam
yatmaq istəmir. Bütün gecəni
açıq səmaya, bu gözəlliyə doyunca baxmaq istəyirsən.
Bu gözəl məkanda keçirəcəyin
günlərdə yatmağı günah bilirsən. Hər dəfə yuxu gələndə bayrağa
baxıb diksinən kimi olursan. Dalğalanan
bayrağın sevinci ruhu təzələyir. Gözünü uzaq qaranlıqda illərlə
axtardığın sevinc işığı
qamaşdırır.
Gecəsi gündüzü qədər
gözəl olan bu şəhərdə hər şey gözəldi.
Zamanın
dönməsi varmış,
günlərin çönməsi varmış,
həsrətin sönməsi varmış,
Vətən,
külün mübarək!
Şuşada
Xüsusi nümayəndəliyin inzibati binasında
dalğalanan bayrağa baxdıqca Vətən Müharibəsi
Qəhrəmanları - "Zəfər Günü"ndə
Qələbə bayrağını Şuşaya sancan baş
gizir Yaşar Hüseynovun,
komandiri, mayor Gündüz Səfərlinin və
döyüşçü dostlarının, Şuşa fatehlərinin
sevinc sədalarını bir daha eşidirəm. "Var olun,
bizə Qələbə sevinci yaşadan igidlər, qəhrəmanlar",
- deyə bütün içim boyu haray çəkirəm.
Boyuna
yollar uzanır,
toyuna
qollar uzanır,
hayına
oylar uzanır,
Vətən,
günün mübarək!
Qazanacağımız qələbənin xoş sədası
itmiş, yox olmuş qapıları, darvazaları tapıb
yerinə qoyacaq. Sovulmuş həyətdən
üstümüzə yüyürən toz basmış, rəngi
solmuş xatirələri qucaqlayacaq.
Təzədən açacağıq o qapıları. Küsmüş,
qoxusu uçmuş qızılgüllər əvvəlki təravətlə
açmağa başlayacaq. Ömrümüzə
açılan yeni - təptəzə səhifə kimi...
Şuşa yaşamağa başlayır.
Şuşaya çəkilən yeni yol
Şuşanın həyatına yeni cığır
açır.
Tikintilər gedir, tədbirlər düzənlənir.
Şuşanın uzun sükutu pozulmaqdadı.
Vaqif Poeziya Günləri söz üçün
darıxan Şuşanı söz çələnginə
bürüdü. "Məclisi-üns" bu dəfə
Vaqifin məqbərəsi önündə davam edir.
Şuşa bu xoş ovqatı, sevinci növbəti
gəlişə qədər yaşadacaq.
Rəfail TAĞIZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 30
iyul.- S.31.