Ortadakı fakt
Yazıçının "Azərbaycan
ədəbiyyatı, incəsənəti və mədəniyyəti"
üçcildliyi üzərinə
Anarın
"Həyatımın Kitabı"
adlandırdığı, ömrünün 55 ili boyunca - 19
yaşından üzü bəri yazıb toplayaraq 3 ilə
çap etdirdiyi 3000 səhifəyə yaxın iri formatda 3
cildlik "Literatura, İskusstvo, Kulğtura Azerbaydjana" əsəri
yalnız həcminə görə deyil, daha çox ideya
miqyasına görə fikir tariximizdə ilk sınaq və
böyük hadisədir. Müəllifin "Azərbaycan ədəbiyyatı, incəsənəti
və mədəniyyətinin əsl dəyərləndiricisi",
ümummilli lider Heydər Əliyevin nurlu xatirəsinə həsr
etdiyi bu
üçcildliyini onun ədəbi-estetik ensiklopediyası da,
mədəniyyətimizin məcnunnaməsi də, bir
yazıçının düşüncə həyatı ilə
Vətəninin tarixi taleyinə necə
sarmaşdığını əks etdirən saqası da
adlandırmaq olar. Ancaq bu epik siqlətli salnamə tarixin və
müasirliyin diasinxronik müstəvisində Azərbaycan ədəbiyyatı,
incəsənəti və mədəniyyətinin mükəmməl
obraz-mənzərəsini yaratdığı
üçün, yəqin ki, onun adındakı üç
sözün baş hərflərinin simvolikası -
"LİK Azerbaydjana" ("Azərbaycanın
Siması") müəllif qayəsini daha dolğun əks
etdirir. Haqqında sanballı dissertasiyalar
yazıla biləcək, ensiklopedik tutara malik Külliyyatın
zəngin ədəbi-intellektual informasiya bazasında,
doğrudan da, elmi-akademik sahə ensiklopediyalarının gələcəkdə
ərsəyə gəlməsi də mümkündür.
Axı, Azərbaycan ədəbiyyatı, incəsənəti
və mədəniyyəti tarixində iz qoymuş elə bir
klassik örnək, elə bir yaradıcı və
yaradıcılıq nümunəsi yoxdur ki, burada Anarın
diqqətindən kənarda qalsın. Xüsusilə,
XX əsrin yaradıcıları, onun müasirləri. Hələ bu mənzərəni tamamlayan - dünya
və ümumtürk mədəniyyətinin seçkinləri,
siyasət, elm və mətbuat sahəsinin nümayəndələri.
Ədəbiyyat, incəsənət, mədəniyyət
trilogiyası yaradan Anarın "universallığı" təsadüfi
deyil. Axı,
o, Azərbaycan ədəbiyyatında yeni yol açmış
Rəsul Rza ilə Nigar Rəfibəylinin ailəsində
böyüyərək, daim genişüfüqlü
intellektual həyatın qaynağında yaşamış,
Bülbül adına Musiqi Məktəbini gümüş
medalla bitirdikdən, Azərbaycan Dövlət Universitetində
(indiki BDU) ali filoloji təhsil aldıqdan sonra, Moskvada ali ssenari
və rejissorluq kurslarını başa vurmuş, uzun illər
Azərbaycanın mədəniyyət və dil siyasətində
dönüş yaratmış "Qobustan" incəsənət
almanaxına baş redaktorluq etmiş, teatr və kino
yaradıcılığı ilə məşğul
olmuşdur. 1991-ci ildən də ölkəmizin
ədəbi həyatında çox əhəmiyyətli rolu
olan Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik
edir. Üstəgəl, böyük həyat
təcrübəsi qazandıran millət vəkilliyi,
ictimai-siyasi sferadakı fəaliyyəti. Buna
görə də Anar trilogiyasının sənədli-memuar
xarakteri, Azərbaycanın ədəbiyyat, incəsənət,
mədəniyyət, elm və mətbuat nümayəndələrinin
real portretlərini yaratma sənətkarlığı ilə
süslənməsi qabarıqdır.
Anarın üçcildliyi "Odlar yurdunun mənəvi
zənginliyi" adlı proloq-esse ilə başlayır. Çünki
yazıçı üçün Azərbaycan - təkcə
gözəllikləri bərq vuran bir məmləkət deyil,
xalçalarındakı ilmələrdən tutmuş,
poeziyasındakı misralara, musiqisindəki xallara qədər
özünü və dünyanı
duyğusallaşdırmağa və dərk etməyə təşnə
olan, zaman-zaman daşı qəlbə, suyu ruha, torpağı
bərəkətə, qayanı Qobustana, ağacı qopuza, məzarı
türbəyə, damı abidəyə, kişini ərənə,
qadını xanıma, bəyi Atabəyə, aşiqi
aşığa, həyatı sənətə, fikri ideyaya,
hadisəni tarixə çevirməyi bacaran mənəviyyat ərazisidir.
"Odlar Yurdu" Azərbaycanda təbii
yanarlıq yaradıcı enerjiyə çevrilmək
gücündə, landşaft, iqlim və rəng əlvanlığı,
fizionomiya və çöhrə füsunkarlığı sənətin
bütün dürlərini titrətmək sehrindədir.
Bu enerji çox zaman gizlində qalmağı sevir və birdən...,
yox, zühur etməyə zərurət duyan bir peyğəmbər
kimi üzə çıxır, kükrəyir, tütəkdən
Üzeyir Hacıbəyliyə, şeyxülislamdan Əli bəy
Hüseynzadəyə, Molla Nəsrəddindən "Molla Nəsrəddin"
dərgisinə, Babəkdən Şuşa fatehlərinə,
miniatürdən, Sultan Məhəmməddən Səttar Bəhlulzadəyə,
Toğrul Nərimanbəyova doğru yol gəlir. İşğallarda yağmalanır, repressiyalarda
güllələnir də. Ancaq yenə
sınmır, qatlandığı yerdən dikəlib
"Odlar Yurdu" enerjisini oyandırır da.
Heç zaman sovrulmamış, sovrulmayan və
sovrulmayacaq ruhumuzun Azərbaycan Vətənində mənəviyyat
tariximizin bütün yaradıcı insanları Anarın ədəbi-estetik
ensiklopediyasında bir yerdədir, çiyin-çiyinədir. Yazıçı
bu doğma məkanın bütün ünlü
yaradıcılarının bircə-bircə dolğun
portretini yaradır. Həm də elə bənzərsiz
portretini ki, universal Azərbaycan palitrasında onların hər
biri seçkin obrazında, sənət mehvərində,
üslub özgürlüyündə, şəxsiyyət
bütövlüyündə görünür,
tanınır. Yazıçı klassiklərimizə və
onların əsərlərinə məhz ədəbiyyat, incəsənət
və mədəniyyət tariximizin bir parçası kimi, fəqət
tamamilə yeni ədəbi-estetik nəzərlə baxdıqca
və xüsusilə çağdaşları ilə öz
şəxsi və yaradıcı münasibətlərinin incəliklərinə,
bəzən də qeyri-adiliyinə, gözlənilməzliyinə
vardıqca, bu mənzərə daha parlaq, daha canlı cizgilər
alır. İndiki coğrafi sərhədlərimizin bitdiyi yerlərdən
o yana da Azərbaycan genişlənir, böyüyür,
qol-budaq atır: İmadəddin Nəsiminin, Məhəmməd
Füzulinin, Mirzə Fətəli Axundzadənin dəfn
olunduğu yurdlara, əqidəsindən dönməyən
mühacirlərimizin, repressiya qurbanlarının səpələndiyi,
itkin düşdüyü, İkinci Dünya müharibəsində
həlak olan on minlərlə azərbaycanlı əsgərin
uyuduğu torpaqlara - Sibirdən Avropaya qədər...
Azərbaycana atəşpərəstlər Hindistandan, səyyah
və ədiblər Avropadan gəlirdilər. On min illik
tarixi olan Qobustanla modern Bakının arası 40 kilometrdir.
Anar doğru qeyd edir ki, Azıxdan başlayaraq
planetin ən arxaik insan məskənlərindən biri olan Azərbaycan
erkən mədəniyyətlərin təşəkkül
tapdığı çağlardan üzü bəri "bəşəriyyətin
ən qədim sivilizasiya ocaqlarındandır" (I c., s. 9).
Buna görə də Anarın çevik manerası, tez-tez Azərbaycanın
hüdudlarından kənara çıxaraq, bizim milli mədəniyyətimizin
çevrəsində tarixən və indi nə baş verdiyinə
də diqqət çəkir, sivilizasiyalararası münasibətlərin
arxitektonikasında yerimizi arayır, tutuşdurmalarla ədəbi-bədii
düşüncə və sənət dəyərlərimizin
sanbalını müəyyən etməyə
çalışır. Yazıçının
"Şərq miniatürü haqqında düşüncələr.
Qərb rəssamlığı ilə müqayisədə"
essesi kulturoloji komparativistikanın orijinal örnəyi olaraq,
Şərqdə və Qərbdə təşəkkül
tapan mədəniyyət düşüncəsinin genezis və
tipologiyasına, klassik sənət məktəblərindən
müasir sənət axtarışlarına, modernləşmənin
müxtəlif axınlarının gəlişməsinə
doğru uzanan yolların necə
çulğaşdığına aydınlıq gətirir. Özü də konkret əsər və
yanaşmaların yorumu ilə. Nəzəriyyə
və praktikaya istinad etməklə.
Doğrudan da, davamlı tarixi interaksiya proseslərinin
bütün mərhələlərində Şərq və
Qərb sivilizasiyaları bir-birini qidalandırmış, təcrübələndirmiş,
irəli təkanlamış, itələmiş və cəzb
etmişlər. Şərq və Qərb, Cənub və
Şimal özünəməxsus rəngarənglikləri ilə
qlobal sivilizasiyanın seqmentlərini təşkil edərək,
onun planetmiqyaslı polifoniyasını yaradırlar. Şərq - dünyanın daha çox mənəvi
münasibətlərində, Qərb isə - maddi münasibətlərində
dəyişiklik yaratmışdır. Buna
görə də Şərq - mədəniyyət, Qərb isə
- sivilizasiya və texnosivilizasiya istiqamətində daha
çox diferensial keyfiyyətlər əldə etmişdir.
Şərq - mədəniyyətin əsas tələbi
olan daxiləyönlü fəaliyyətə,
özünükamilləşdirməyə, Qərb -
sivilizasiyanın əsas tələbi olan xaricəyönlü
fəaliyyətə, cəmiyyətitəkmilləşdirməyə
üstünlük vermişdir. Bu səbəbdən
Şərq fəlsəfəsi - İnsan konsepsiyasından, Qərb
fəlsəfəsi isə - daha çox Şəxsiyyət
konsepsiyasından çıxış etmişdir. Şərq rasionalizmindən fərqli olaraq Qərb
rasionalizmi praktiki fəaliyyət müstəvisinə keçərək
onu bütün istiqamətlərdə hərəkətə
gətirir. Şərq - insan mənəviyyatının
intibahı problemləri ilə, Qərb - cəmiyyət həyatının
sosial reformasiyaları ilə məşğul olur. Şərq mədəniyyət düşüncəsi
monoloji, Qərb mədəniyyət düşüncəsi isə
dialoji modeldə quruluşlanır. Şərq
monoloqunun zirvəsi - kamil insan fəlsəfəsi, Qərb
dialoqunun zirvəsi - liberalizm və demokratiya prinsipləridir.
Mono-loqos özüllü Şərqdən fərqli
olaraq, məhz dia-loqos, tənqid və özünütənqid
amili Qərb sivilizasiya düşüncəsinin mahiyyətinə
çevrilir. Müasir Şərq
özünün bütün tarixi və mənəviyyatı
ilə bir yerdədir. Müasir Qərb isə
bütün tarix və sivilizasiyasının transformasiya məkanıdır.
Şərq
və Qərb sivilizasiyaları bugünkü qlobal hərəkatların
başqalarını dərketmə üsulu kimi reallaşan
proseslərində interaksiyasının iki başlıca
effektiv formasını təyin edə bilir: 1) Qərb - Şərqdə
Şərqi, Şərq - Qərbdə Qərbi; 2) Şərq
- Qərbdə Şərqi, yəni özünü, Qərb
Şərqdə Qərbi, yəni özünü daha optimal mənimsəmədə
dərk edir. Şərq-Qərb
sivilizasiyaları meqasistemi onların arasındakı
münasibətlərin qarşılıqlı dərketmə
zəminində genişlənməsi, dərinləşməsi
ilə möhkəmlənir və bu tendensiya ilə qlobal
sivilizasiya quruculuğunun bazisinə çevrilir. Anarın ümumbəşəri mədəniyyətin
sərvətləri, tendensiyaları, ayrıca
yaradıcılıq üslubları üzərində
düşüncələri də "Unity in diversity"
("Müxtəlifliyin vəhdəti"), "Docendo
discimus" ("Öyrədərək öyrənirik")
prinsiplərinə uyğun, fərddən millətə qədər
hər bir subyektin başqalarını tanıma və dərketmə
təməlində inkişaf stimullarına yiyələnə
bilməsini təqdir edir. İlham da, Peqas
da - hücrədən, inzivadan çox, dəyərlərin
bölüşüldüyü, dəyərlilərin
seçilib arındığı ortamda cövlan edir.
Anar
"İpək yolu" essesini 30 il bundan
öncə yazıb. Ancaq konseptual ideya
başlanğıcına malik olan bu yazının bir sətri
də köhnəlməyib, əhəmiyyətini itirməyib.
Anar hələ Azərbaycanın müstəqillik
qazanmasından 4 ay sonra - 1992-ci ilin əvvəlində
yazırdı ki, yalnız suveren türk dövlətlərinin
"Vahid Mənəvi Məkan yaratması" onların
mövcudluğunun şərtidir (III c., s. 559). Türk
sivilizasiyası - dünya tarixində epizod deyil, hadisədir.
Avrasiyanın özünü bütöv qlobal məkan kimi
hiss etməsinin tarixi özünüdərki prosesi məhz
Türk sivilizasiyasının quruluşyaradıcı təbiəti
ilə bağlıdır. Dünya türk milli dövlətlərinin
birliyi ideyasının kökündə də bu dövlətləri
yaratmış türk xalqlarının etno-genetik təməli,
ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik
təcrübəsi və ənənəsi, bütün tarix
boyu davam etmiş etno-mədəni əlaqələri, tarixi
diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları
və daim inkişaf etdirdikləri ortaq dəyərləri
dayanır. Qlobal inteqrasiya prosesləri dünya
türk milli dövlətlərinin bir sistem olaraq həmin
proseslərdə iştirak etməsini, müttəfiqliyin ən
yüksək səviyyəsində öz
bütövlüyünü və birliyini təzahür etdirməsini
tarixi zərurətə çevirir. Süni
sintezləşmənin birqütblü-piramidal stixiyasından
qorunmaq, universal-qlobal sivilizasiya mühitində, planetin həyat
rejiminin yeni məkan-situasiyasında yaşamaq və
çiçəkləmək üçün Türk
sivilizasiyasının kifayət qədər güclü potensialı
vardır.
Anar türk dünyasındakı diferensial və inteqral
özünütəşkil proseslərinə münasibət
bildirərək göstərir ki, Azərbaycan bu proseslərin
nəticələnməsində "həlledici
körpü" rolunu oynayır (III c., s. 560).
Böyük imperatorluq, çoxəsrlik
dövlət, zəngin mədəniyyət təcrübəsi
və çağdaşlaşma potensialı Türk
sivilizasiyasına planetin sivilizasiyalar sistemində
özünü qərarlaşdırmasına tam imkan verir.
Anar bu
ideyanı dürlü esselərində davam etdirərək, Mədəniyyətlərin
"İpək Yolu"na
çıxır. Mədəniyyətlərin
"İpək Yolu" - dünya miqyaslı orqanikləşmənin
təməl yollarındandır. Bu Yol
planetimizə onun Yaponiya proloqundan Britaniya epiloqunadək
tamlığını və bölünməzliyini duyurur,
onu parçalayıb tikə-tikə udmaq istəyənlərə
"inteqralkontinentallıq" gerçəyi ilə sinə
gərir. Bizim Qalaktikanın - Süd Yolunun
Günəş ailəsinin Yer planetində İnsan
yaratdığı mədəniyyətlə - İpək
Yolundan Süd Yoluna çıxmaq imkanları ilə Kainat
Ruhunun həyat proseslərini öz varlığında
yaşadır və kamilləşdirir. Subyektlərinin
hərb yönündə tarixi təcrübəsinin daim
dolanan çarxını - savaşı sinirlərində hifz
edən Yer sivilizasiyasının özək psixologiyası -
qorxudur. "Qorxu kompleksi" nəinki burada insanların
bir-birinə qarşı, həm də kosmik həyat alternativlərində
"yerdənkənar sivilizasiyalara" qarşı
özünü hazır vəziyyətə gətirmək
yollarını arayır, proqnozlaşdırır. Yer sivilizasiyasının missiyası isə onu
dramatik kosmos məkanlarında belə yenilməz edəcək
- mədəniyyətdir, mədəniyyəti çiçəkləndirmək,
onu həm ozon qatı kimi İncə Zirehə, həm də
Böyük Dialoq vasitəsinə çevirməkdir. Anarın üçcildliyini süsləyən esseləri
onun həm özü ilə, həm çağdaşları
ilə, həm də zamanın keçmişdən gələcəyə
doğru yolunda karvan-karvan nəsillərlə dialoqudur.
Məhz
bu baxımdan yanaşdıqda, Anarın "Azərbaycanın
siması"nı əks etdirən
trilogiyasının, mənim fikrimcə, başlıca
monumental ideyası da üzə çıxır:
Mədəniyyət - canlı bir orqanizmdir. Orqanlarının
sağlamlığı və onlar arasındakı əlaqələrin
sağlamlığı - mədəniyyət orqanizminin
yaşam və inkişaf şərtidir. Qan
dövranı, maddələr mübadiləsi ilə sağlam
mədəniyyət orqanizmi sağlam düşüncənin
də, onun daşıyıcısı olan sağlam millətin
də varlıq şərtidir. Mədəniyyətini
yarada bilməyən cəmiyyət - əhali olaraq qalır.
Mədəniyyətini yarada bilən cəmiyyət
- özünüyaratmanın həlledici toplumsal mərhələsini
adlamış olur. Ona görə də
millət və mədəniyyət - biri-birini yaradan, biri
olmayanda o biri də mümkün olmayan Can və Ruh kimidir.
Ona görə də millət və mədəniyyət
- dövlət və siyasətin təməlidir. Buradakı boşalma və sınmalar bu dörd
başlanğıcın hər zaman bir-birindən qopması təhlükəsini
yaradır. Baxın dünyanın
ardıcıl böhranlar yaşayan tezsınar-kövrək
dövlətlərinə (fragile states). Görəcəksiniz
ki, onlarda bu dörd başlanğıcdan hansısa ya
özülsüzdür, ya yarımçıqdır, ya da
yerli-dibli yoxdur. Nə mutlu ki, biz bu dörd
başlanğıcın dördünə də sahib olan Azərbaycanıq
(amma necə amansız, necə ağrılı tarixi sınaq
və sarsıntılardan keçərək!). Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar, milli humanitar siyasətin,
milli ideologiya quruculuğunun böyük məsuliyyətini dərk
edən Anar şəhadət barmağını "Azərbaycanın
siması"ndakı bu gerçəyə tuşlayır. Dəyərlərimizdən
muğayat olaq! Dəyərlilərimizdən muğayat olaq!
Anar
sağlam və qüdrətli Azərbaycan mədəniyyətini
getdikcə daha kamil sənətkarlıqla, daha incə məharətlə,
daha cilalı yönləri ilə, aramsızca
yaratmağın və yaşatmağın qaçılmaz zərurətini
də bunda görür:
Dünya
mədəniyyət tarixinin sınanmış təcrübəsi
arxamızda deyil, önümüzdədir: həmin təcrübə
- doğuluşundan belə ayrılmaz olan ədəbiyyat, incəsənət
və mədəniyyətin orqanikasını vücuda gətirənlərin
sıx yaradıcı münasibətləri zəminində ərsəyə
gəlir. Bu qaynar mühitin şairi filosofundan,
alimi memarından, rəssamı bəstəkarından ...
aralıda dayanmır. Onlar bu orqanikanı (elə
Baxın orqanda çalınan fuqası kimi!) birgə
yaratdıqlarını və yaratmalı olduqlarını
bütün sinirləri ilə hiss edirlər. Birgə
hərəkatı onların oxşayışlarına deyil,
epiqonçuluğuna deyil, bənzərsizliyinə şərt
olur. Universal mühiti onların fərqli
yaradıcılığının estetik polifoniyasını
törədir. Bəzən bir məmləkətdə,
bir şəhərdə, bir mədrəsədə, bir universitetdə klassiklər
bir-birilə nəfəs-nəfəsə, bəzən
bir-birilə gərgin, hətta düşmənçilik
münasibətlərində, bəzən də bir yerdə, fəqət
tək-tənha... yaşayıb yaradırlar. Çjou xanədanlığının
dövlət arxivində görüşən Lao Tsı
Çin və Konfutsi, antik fəlsəfənin
klassikasını yaradan Platon Akademiyasının
filosofları, İslam dini, fəlsəfəsi, elmi və
poeziyasını vəhdətə yetirən Şərq
ensiklopedistləri, Rumi və Təbrizi, Nəimi və Nəsimi, Florensiyanı, Vatikanı, Venesiyanı
planetin muzeyinə çevirən Renessans
yaradıcıları, bütün Avropanı yeni inqilabi
düşüncənin fırtınasına bürüyən
fransız maarifçiləri, alman romantizminin nümayəndələri,
Napoleon müharibələri çağında İen
Universitetini Almaniyanın mədəniyyət mərkəzi edən
Fixte, Şellinq və Hegel, Berlin Universitetində bir yerdə
çalışan Hegel və Şopenhauer (burada
Şopenhauerin Hegellə müəllimlik rəqabəti onun
özünün uğursuzluğu ilə nəticələnir),
XX yüzilliyin ilk çərəyinin rus novatorları,
mühacir ərəb romantikləri - "Suriya-Dağlıq
Livanın azadlığı uğrunda İttifaq"da birləşən
Cibran, Reyhani və Nuayme, Anarın da bəhs etdiyi Azərbaycan
milli mədəniyyətinin yeni çağda inkişafına
yol açan Füyuzatçılar və Mollanəsrəddinçilər,
Üzeyir bəy Hacıbəyli məktəbinin yetirmələri,
muğam və simfoniya kontrapunktunun virtuozları,
dünyanın qlobal inkişaf proqramlarını hazırlayan
Roma klubunun üzvləri, birgə elmi layihələr üzərində
işləyən nobelçilər, qeyri-səlis məntiqin
yaradıcıları və davamçıları (Lütfi
Zadə və Rafiq Əliyev) kimi... Klassikanın
yaranma tezliyi və sıxlığının eyni zamanda
baş verdiyi və baş vermədiyi çağlar da olur.
Bu da sanki kosmik proseslərin planetləşmə ritmi kimidir...
Anar
möhtəşəm üçcildliyində klassikaya
retrospektiv baxışı ilə birgə, XX əsr və XXI
əsrin ilk əvvəllərini çevrələyən
tarixi zamanda məhz Azərbaycanın ədəbiyyat, incəsənət
və mədəniyyət həyatını yaradanların
sıx qarşılıqlı münasibətləri təməlində
ədəbi-mədəni-estetik polifonizmin yüksək nəticələrini
ümummilli sərvət olaraq dəyərləndirir. Bu -
bütövlükdə ulu mədəniyyətimizin
varlığı, yüksəlişli perspektivi naminə
Anarın meydana qoyduğu ciddi elmi-humanitar faktdır. Və o dəyərləndirmənin
sətiraltında da Anar düşündürür: bax indi,
yaşadığımız günlərdə, ümumən
Azərbaycan mədəniyyəti məkanında bütün
yönləri ilə onu inkişaf etdirəcək, avanqarda
çevirəcək təkanverici ideyalardan yoğrulmuş,
çoxspektrli baxış və yanaşmaların, hətta təzadlı
mövqelərin qaynayıb-qovuşduğu, bəsiti,
yarımçığı, ortababı deyil, dolğunu,
bütövü, kristalı, seçkini irəli atan,
şairli, alimli, memarlı, heykəltəraşlı,
filosoflu, sosioloqlu, jurnalistli, rəssamlı, dramaturqlu,
rejissorlu, bəstəkarlı ... yaradıcı mühitin
orqanikası varmı?! Və əgər o kaldırsa və ya
yoxdursa, neyləmək gərək?!
Rahid ULUSEL
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.6-7.