Şeir ümidlərin
ilğımı kimi...
Şahnaz Şahinin şeirləri
haqqında qeydlər
Xatirə
forması yalnız keçmişin yaşantıları deyil,
bir könül təcrübəsidir. Ömrün təcrübəsi yaddaş
çatlarında, könül
yaddaşı isə nəfəsdədir. Şeir nəfəsin
ifadə formasıdır. Ona görə də
Şahnaz xanım misralarını qırıq-qırıq,
pauzalarla verməyi sevir. "Yadındamı
qarışqaların/ Yuvasını dağıtmağın./ Səni vurmasın deyə/ Pətəyini oda
bükdüyün/ arılar/ Elə bilirsən səni/
unudublar?.."
Şahnaz Şahinin xatirə yaddaşının və şeirlərinin məkanı
"ikiadamlıqdır". Bütün etiraflar,
ritorik suallar əslində "o adama" ünvanlanır.
Hətta Tanrıya verdiyi sualların arxasından da
"o"nun obrazı boylanır, ömründən
çıxıb getmiş adamın adı səslənir:
Bu gecə də
gətirmədi səni.
Hirsindən it kimi
uladı küləklər.
Dəyişmədi əynini
otağım
Altında xəzəl kimi
əzildi xatirələr
bir yataq xəstəsinin...
Şahnaz Şahinin etiraflarının ən etibarlı
zamanı gecədir. Gecə xəyalların,
ağrıların, gümanların, ümidlərin sözə
çevrilmə vaxtıdır. Bu şeirləri
"gecə söhbətlər"i də adlandırmaq
olardı. Ağrılar kimi, o
"adamın" adı da gecələr oyanır. "Sözüm sözə baxmayanda/ Hirsimi bu gecədən
çıxardıram".
Şahnaz Şahinin "Atılmış
uşaqlar" adlı şeiri var. Deyərdim
ki, bu mövzuda yazılmış ən yaxşı şeirlərdən
biridir. Bu tipli mövzuların adətən "sentimental
havası" artıq olur, amma Şahnaz Şahin "kənara
çəkilib", təsvir edə bilibdi.
Yatar
anasını görər yuxuda
Oyanar, özünü
tək görər
uşaq.
Oynar buludların ətəkləriylə,
Yorulub Allaha söykənər uşaq.
Şair atılmış uşaq obrazını
detalların dili ilə öz yaşantılarına
inandıra bilir. Bəlkə də bu, şüuraltı
"tənha qadın" obrazı ilə eyniləşdirməsindən
irəli gəlir?
Səsi
düşən yerdən sınar yuxusu,
Qalxıb dəli kimi qaçar qapıya.
Şahnaz
Şahin ayrılıq və sevgi tarixçəsini təbii və
səmimi danışır - ənənəvi qafiyələr
sanki umurunda belə deyil, qulaq qafiyəsi də göz qafiyəsi
"qonşu düşür", misranın sonunda rahatca
"zühur edir".
Yaş
ümidlər qoymuşam,
Tüstülənir ocaqda.
Kimsə
üzümə durub,
Şər sovurur acıqla.
Taleyinin yığcam, obrazlı təqdimatı
"ağac"la "ocağ"ın qafiyələnməsini
mümkün edir. Mənalar sözlərin "səs ilgəyindən"
asılır.
Sığalım
daşına düşür
Bu qaralmış ocağın.
Hələ də silkələyirəm
Bar verməyən ağacı.
Bu cür
"sərbəst" qafiyələnmə maraqlı
("çiçəkləyir" - "küləkləri")
alliterasiya effekti yaradır: "Adını hər çəkəndə/
Al qanım çiçəkləyir./
Gözlərimdə başlayır/ İlahi eşq küləkləri.
Aşağıdakı bənddə
"küləyi" və
"hələ ki" sözlərinin qafiyə kimi
"doğmalaşmasına" baxın: "Daha
könlünü oxşamaz/ Bu sevdanın küləyi/ Paralel
xətlər kimidi/ Yollarımız hələ ki..."
Şahnazın şeirinin sonu ilə deyil, ilk misrası ilə
maraqlıdır. Şeirin bütün təhkiyə
süjet sonunu ilk misranın havası çəkib aparır.
İlk misra aşığın qəfil simə
toxunması kimidir. Sirrini danışmaq istəyən
adamın ilk cümləsi kimidir: qəfil və gözlənilməz.
Misra onun hulqumundan necə rahat qopursa dodağında
necə pıçıltıya dönürsə, elə də
yazıya gətirir. Cəsarətlə deyərdim
ki, Şahnaz xanım ilk misrasında qətiyyən
saxtalığa yol vermir - bu, poetik mətnin əsas məziyyətlərindən
biridir. Bu tezisin təsdiqi üçün
istənilən şeirinə diqqət yetirməyiniz kifayətdir.
Şahnaz
öz sevgi-ayrılıq
tarixçəsini hissə-hissə,
fraqment-fraqment . bu sevda
hörgüsünün künc daşları misralardır. Hərdən mənə elə gəlir ki, şeirin
özü də bəndlərə, beytlərə
bölünmüş bütövlükdə bir misradır.
Məhz bu misralar "gecə söhbətləri"nin "metaforik damarını" yaradır.
Aşağıdakı örnəklərə diqqət yetirək:
"Aç ver küləklər aparsın/ Vaxtsız
böyüyən kölgəni"; yaxud: "Dodağım
üstdə səyriyir/ Demədiyim söz yeri"; Ya da:
"Payızda çiçəkləyir/ Sevgidən tutan əllər";
Yaxud: "Səni uşaq da tanıyar,/
Güzgülər yalan göstərir".
Şahnaz Şahinin sevdiyi poetik obrazlardan biri də şəkildir. Şəkil
yalnız bir sevginin vizual tarixçəsi deiyl, həm də
ayrılığın və faniliyin simvoludur. Şəkil obrazının su obrazı ilə
yanaşı gəlməsinin də hər halda mifoloji qatı
olması gərək.
Yuxum da bal dadırdı
Xoşbəxt idik ikimiz.
Oyandın suya düşdü
Bizim qoşa
şəklimiz.
Yaxud
Tanrım
tutmaz bu ahı,
Sevdik, sevildik... yuxu...
Su aydınlıqdı, axı,
Çək sulara şəklimi.
Hər
sevən qadının yaddaşında kişi
jestləri fərqli yaşanılır və
xatırlanılır. Şahnazın unuda bilmədiyi taktil
(toxunma) akt kişi əllərinin (və
küləklərin) sığalıdır.
Əllərin
qabar-qabar
Xoşbəxtliyi cızır yanağımda
yaxud
Toxunma, əlin
üşüyər,
Belə, qışam, qadan alım.
Şahnaz
xanım şeirlərini, etiraflarını ya qadın
mutluluğunun mənasını və miqyasını anlamaq
üçün, ya da içini ovutmaq, kiritmək
üçün yazır...
Əslində bu etiraflar ömrüboyu
dialoq arzusunda olan bir insanın monoloqudur. Hər
gün, hər saat davam edən "dialoqun ilğımı"dır.
Ona görə də bu şeirlər sonuncu susqunluğa qədər
söyləniləcək...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2022.-
4 iyun.- S.7.