Gəlsən, gələrdin...
"Tanrılogiya" romanından
parça
Fa'nın insanlaşması
məni niyə qorxudurdu?
Bir dəfə yenə kitabxanalara sığındığım
günlərdə əlimə
keçən köhnə
əlyazmada insanın
insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də məni
özümə gətirə
bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş,
ilahi? İnsan insanı tanrısayağı
sevə bilərdimi?
Eşqi bir neçə yerə bölmüşdüm
o zamanlar. Ancaq həmin əlyazmada
təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə, bu cür sevmək bacarığını
Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs
kitabda bu hissləri dərinliyinə
qədər təsvir
etmişdi.
- Mən onu bir
qəpiksizkən də,
dünyanın maddi zənginliyinin içində
boğularkən də
eyni hisslərlə sevirdim. Mən onu görən
kimi tanımışdım.
Gözləntim sadəcə məni
anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan
böyük bir sevgi, tutqu ikimizi
də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də
necə bağlamışdı.
Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum
fiziki mənliyimi... Ruhum uçurdu tanımadığım məkanlara...
Hər zaman deyilən o idi ki, insan ki,
bir-birinə toxunur, sevişir, artıq bu eşq davam
etmir. Hər şey adiləşir... Bəlkə də, insani sevgilərdə elə bu cür də
olur. Ancaq bizdə elə
deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha
da gücləndirirdi.
Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini... Çək silahı
vur ürəyimdən,
zəhərlə məntiqimi
uydurma konsepsiyalarınla.
Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm.
Bu sadəcə bədənlərin görüşməsi
deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.
Mənə heç kim o cür toxunmağı bacarmadı.
Heç
kimin baxışları
ağlımı başımdan
o cür almadı.
Heç
kimin gülümsəməsi
ruhumu o cür sığallamadı, ağrılarıma
antidepresant olmadı.
Bəlkə də mən demiseksual idim... Amma yox, bu başqa
bir şey idi. Bu haqda
düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram
hər şeyi, küllərindən yenidən
doğulur yaşadıqlarım.
Bu çox ağrılı
prosesdir. Dözmək
mümkün deyil... Yaşamaq da olmur, ölmək də... Başqası ilə deyib-gülmək də... Ona duyduğum eşq
digər bu tərz münasibətlərə
qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən
onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi...
Nəfəsim kəsilirdi ona doğru atdığım
hər addımda. Əlləri
saçlarımı hər
sığallayanda, ruhumu
könüllü təslim
etmək keçirdi içimdən... Saatlarla susurduq.
Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər...
Qızıldır deyirlər...
Fikrimcə, susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur...
Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq
ağlamaqdır. Susmaq onun adını
qeyri-iradi bağırmaqdır,
boşluğa baxıb
onu səsləməkdir.
Susmaq ağlını
getdikcə qaçırmaqdır...
dəli olmaqdır... Boşluğa təslimiyyətdir...
- Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür
o ölünü tabutda
daşımaq ürküdücü
deyil. Nə qədər ki, o, tabutdadır mühafizə
olunur, qorunur... Düzü də budur bəlkə də... Ancaq bunu hədəflənən
nöqtəyə çatdırmaq
üçün güvənilən
çiyinlər, qeyri-toksik
münasibətlər gərəkdir.
Çiynin biri xəfif büdrərsə,
tabut yerə dəyib parçalanar bu isə ürküdücü
olar... Bütün hisslər muncuq ədası ilə laqeydcə çıxmazlara
səpələnər...
- Hər dəfə çiynin büdrəyir sənin. Bilirsən axı, mən
hər dəfə yaralanıram. Hər şeyi
hər kəslə rahatlıqla müzakirə
etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini
insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər
anlayarmı? Anlamaz, əlbəttə,
anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları
ilə zincirləyəcəkdilər,
əzizim... Bundan qorxmuram əlbəttə,
sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma hər gün sıxılan qurşundur.
Ancaq o zincirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də
elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə
bir uydurmaya təslimiyyətdir... Susmaq
əzizim, imitasiya olunmuş cəmiyyətin
nəzəriyyəsinə əlimdən
axıb gedərkən
əllərin danışmamaqdır...
Qürurundan ürəyini,
mənliyini mühafizə
edərək ruhunu deşik-deşik etmək,
lezvalamaqdır... Hiss edirəm
axan qanın istiliyini... Tükəndiyimi...
Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O biri tərəf digər tərəfdə unutmurmuş
bütün mənliyini.
Ara-ara yox, elə tez-tez
oyanırmış bu
"qəflət" uyqusundan.
Sorğulamırmış belə
bu oyanışını...
Fiziki dünyaya daha çox aludəçiliklə də
əlaqələndirmirmiş...
Digər yarısını yuxulu-yuxulu
uçurum kənarında
unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.
- Bəli, əlbəttə,
haqlısan, əziz oxucum... Yuxulu olan, oyanmaq istəməyən,
mənim kimi yuxularında qalmağı
seçən düşürmüş
uçurumun dibinə...
Yaralanırmış, məhv
olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş... Bir müddət sonra qartalların zirvələri
sevdiyi kimi sevirmiş uçurumun ən dibini... Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər.
O, ruhunu bu dərinlikdə sakitləşdirir,
ovundururmuş. Qayıtmaq
istəmirmiş insani
sevginin hegemaniyasına,
qeyri-səmimiliyinə... Onu
artıq maraqlandırmırmış
zirvələr, o uçurumun
dərinliklərinə məhkum
edirmiş könlünü...
İnanırmış ki, bu əslində ikisini də qorumağın ən gözəl yoludur.
Çoxları eşqi daddığını
iddia edir. Ancaq uçurumun
dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları
sevir, bəli, ancaq onlar uçurumun
kənarlarından baxır
diblərə... dərinliklərə...
Tanrısal sevgidə hər şey başqa cür olur... Fiziki dünyada qazanılan
bütün kimliklərindən
soyunur insan, ruhu səmalaşır.
İnsanı Tanrıya
duyulan eşqlə sevir... Tanrı da Liliti elə sevməmişdimi?
Tanrısal eşq həm
də yaşayarkən
ölmək deyilmi?
Bəli,
tanrısal eşqdə
belə bir tərəf daha məntiqli olur... Öncəlikləri fərqli
olur... Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir... Gəlsə belə, gəlmir... Gəldiyini düşünsə belə
gəlmir...
Gəlmirsən, əzizim, çoxdandır
gəlmirsən... Hiss edə
bilmirəm səni... Harda qoymusan ruhunu... Bu fani vücud mənə gərək deyil... Soyuqsan... Ölüm soyuqluğu sığınıb
barmaqlarına...
Tanrısal eşqdə belə
bir tərəf daha qəddar olurmuş...
Düşünməzmiş bəs o nə haldadır? Necədir?
- Axı bütün yollarımı əzbər
bilirsən... Məni ən
çox sən tanıyırsan. Özüm
kimi olduğum yeganə yer də, ev
də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?
Sənə duyduğum hisslər
məni aşıb, okeanlaşıb... səmalaşıb...
- Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi... Mən
o keçidlərdə hər
gün gözləyirəm
səni... Ruhunun zindanlarına qapatmışam
ruhumu...
Ölüm də diləmək olmur.
- Ölüm ruhun gedişi deyilmi? Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?
- Bağlasam da yollarımı sənə...
Bilirsən bütün
gizli keçidlərimi...
Gəlsən gələrdin, əzizim,
gəlsən gələrdin,
əzizim...
NARGİS
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.9.