Türkcə altı kəlmə

 

Bir gün söhbət zamanı ustadım Əkrəm Cəfər məndən soruşdu: - "Müəllimlərindən ən çox kimi istəyirsən?". Mən "Təbii ki, Sizi", - deyə cavab verdim. O, "Bu aydındır", - dedi. "Sonra kimi?" -  yenə sordu. Bu dəfə mən "Tofiq Hacıyevi", - deyə cavab verdim. Əkrəm Cəfər: "Onu niyə?". Mən daha məsələni uzatmadım: "Məni tez başa düşür, nə deyəcəyimi sanki əvvəldən duyur. Onunla həmsöhbət olmaq mənə həm xoşdur, həm də asandır...".  Bu məqaləni hər iki müəllimimin əziz xatirələrinə ithaf edirəm.

İran filoloji tarixi  olduqca qədim və zəngindir. Bu elm sahəsinin başında ilk növbədə poetika haqqında, yəni bədi, bəyan, əruz, qafiyə haqqında yazılmış əsərlər durur. Belə əsərlər sırasında, təbii ki, ilk növbədə Məhəmməd Ömər bin ər-Raduyaninin "Tərcümanül-bəlağə", Rəşidəddin Vətvatın "Hədayiq əs-sehr fi dəqayiq əş-şeir", Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin "Əl-Möcəm fi məayir əşar əl-Əcəm" kimi əsərlərinin adlarını çəkmək olar. Xüsusilə, sonuncu əsər, XIII əsrin birinci yarısında qələmə alınmış Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin "Əl-Möcəm fi məayir əşar əl-Əcəm" əsəri öz elmi dəyərinə görə İran filoloji fikir tarixində müstəsna yer tutur. Yeri gəlmişkən qeyd edək ki, biz elə "Ədəbiyyat qəzeti"nin səhifələrində bu müəllif, onun "Əl-Möcəm" əsəri, müəllifin bu əsərdə Nizami Gəncəvi barədə dediyi fikirlər haqqında zaman-zaman oxuculara məlumat vermişik. Bu imkanı bizə yaratdığına görə biz qəzetin baş redaktoru hörmətli Azər Turana öz təşəkkürümüzü bildirir və gələcəkdə bu əsərdə yer tutan başqa şairlərimiz - orta əsrlərə məxsus Xaqani Şirvani, Fələki Şirvani, Qətran Təbrizi, Qivami Gəncəvi, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi kimi Azərbaycan şairləri haqqında da məlumat verməyi planlaşdırırıq.

"Əl-Möcəm"də, əsasən, Şərq poetikasının üç sahəsinin - əruz, qafiyə, bədi elmlərinin nəzəri əsaslarının izah olunmasına baxmayraq, bu kitab özündə, ilk növbədə, fars dilinin, daha sonra ərəb dilinin və hətta türk dillərinin qrammatik xüsusiyyətləri haqqında o qədər dəyərli məlumatlar daşıyır ki, İran alimləri bu əsərin İran filoloji fikrində fars dilinin ilk qrammatika kitabı olduğunu söyləməkdən  belə çəkinmirlər. Maraqlıdır ki, İran filoloji fikir tarixində qələmə alınma zamanına görə ilk yerlərdən birini tutan və elmi dəyərinə görə ən qiymətli əsərlərdən sayılan bu əsərdə türk dili, onun qrammatik xüsusiyyətləri haqqında da məlumatlar və hətta  bu dildən gətirilən nümunələr də öz əksini tapır.

Yaxın və Orta Şərq xalqları tarixində XIII əsr daha çox monqol hücumları ilə yadda qalır. Lakin XIII əsrin əvvəllərində Orta Asiyada  Xarəzmşahlar dövləti (1097-1231) mövcud idi. Bu dövlət Əlaəddin Məhəmməd bin Tekiş Xarəzmşahın hakimiyyəti illərində (1200-1220) inkişafının - iqtisadi-siyasi, hərbi qüdrətinin  zirvəsinə yetmiş, Orta Asiya əyalətlərini, torpaqlarını öz dövlətinin ərazisində birləşdirməkdən əlavə, eyni zamanda nəinki İraqi-Əcəmi, həmçinin Mazandaran, Arran, Azərbaycan, Şirvan, Fars, Kerman, Mekran, Manqışlaq, Keş, Sicistan, Hur, Qəznə, Bəymən torpaqlarını öz dövlətinə tabe etdirərək, hətta Hindistan sərhədlərinə qədər çatmışdı. Eyni zamanda Əlaəddin Məhəmməd bin Tekiş Xarəzmşah hətta 1217-ci ildə uğursuzluqla nəticələnməsinə baxmayaraq,  xilafətin paytaxtı Bağdada da yürüş etmişdi. Lakin onun Çingiz xanla yola getməməsi nəticəsində Çingiz xan  təqribən 1219-cu ildən etibarən Xarəzmşahlar dövlətilə müharibəyə başlamış və bunun yekunu olaraq Xarəzmşahlar dövləti, eyni zamanda bütövlükdə Yaxın Şərq monqol hücumlarına məruz qalmışdır. Monqol hücumları nəticəsində Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekiş bir-bir öz torpaqlarını itirərək Orta Asiyadan qaçmağa məcbur olmuş və nəticədə 1220-ci ildə Xəzər dənizində yerləşən adaların birində vəfat etmişdir. Onun vəfatından sonra hakimiyyət oğlu Cəlaləddin Manqburnıya (1220-1231) keçmişdir.  

Xarəzmşahlar dövlətində elm, mədəniyyət, təhsil, incəsənət yüksək səviyyəyə çatmışdı. Təsadüfi deyil ki, XII-XIII əsrlərdə yaşamış bir çox görkəmli alimlər və şairlər ya Xarəzmşahların sarayında yaşamış, yaxud da dövlətin başqa ərazilərində yaşayaraq, Xarəzmşahlara əsərlər ithaf etmiş, onların mədhinə şeirlər qoşmuşlar. Rəşidəddin Vətvat Xarəzmlə bağlı demişdir: "Xarəzm həmişə elm adamlarının yaşadığı və müdriklər karvanının dayandığı yer olmuşdur". Xarəzmşahlar dövləti zamanı yaşayıb-yaradan belə görkəmli alim və şairlərdən Rəşidəddin Vətvatın, Cəmaləddin Məhəmməd İsfahani və onun oğlu Kəmaləddin İsmayıl İsfahaninin, Zəhirəddin Faryabininn, şair Əsirəddin Əxsikətinin, Əbül Həsən əl-Xarəzminin, Fəxrəddin ər-Razinin, əz-Zəməxşərinin , ən-Nəsəvinin, əs-Səkkakinin və onlarca başqa görkəmli alimlərin adlarını çəkmək olar ki, bunlar da bütün Şərq aləmində məşhur olmuşlar. Bu faktlar bir daha Xarəzmşahlar dövlətində elmin, mədəniyyətin yüksək səviyyəyə çatdığını və dövlət xadimlərinin bu görkəmli şəxsiyyətləri himayə etmələrindən xəbər verir.

Xarəzmşahlar sarayında yaşayıb-yaratmış alimlərdən biri də adını bir qədər yuxarıda qeyd etdiyimiz "Əl-Möcəm fi məayir əşar əl-Əcəm" (Əcəm şeirinin qanunlar toplusu)  əsərinin müəllifi Şəmsəddin Məhəmməd bin Qeys ər-Razidir. O, əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə, orta əsr mənbələrində demək olar ki, Şəms Qeys Razi haqqında heç bir məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun özünün verdiyi bilgiyə əsasən "əl-Möcəm fi məayir əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik. Buradan məlum olur ki, Qeys ər-Razi  uzun müddət Mavərənnəhr və Xorasanda, təqribən 1204-cü ildən sonra beş-altı il Buxarada, 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından hesab edilirdi və hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən, Qeys ər-Razi də onun yanında olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys ər-Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra, Şəms Qeys ər-Razi bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır. Çingiz xanın oğlanları Sabutay və Cəbə 1220-ci ildə Xarəmşahı təqib edərkən, Xarəzmşahla monqol qoşunları arasında Həmədan və İsfahan şəhərləri arasında yerləşən Fərrəzin qalası yaxınlığında döyüşdə Qeys ər-Razi də olmuş və həmin qarmaqarışıqlıqların nəticəsində əsərlərini itirmişdir ki, sonradan bir qədər pul müqabilində həmin əsərlərin bəzi səhifələrini əldə etmişdir. Ümumiyyətlə, Qeys ər-Razi monqol hücumlarının bütün dəhşətlərini öz gözlərilə görmüş və hətta iki dəfə monqollara əsir düşmüşdür ki, ancaq təsadüf nəticəsində onların əlindən xilas ola bilmişdir. Miladi tarixlə 1226-cı ildə Şəms Qeys ər-Razi Şiraza gəlmiş, burada fars vilayətinin hakimi Səd ibn Zəngiyə (1195-1230) sığınmış və onun vəfatından sonra onun oğlu məşhur fars şairi Sədi Şirazinin himayəçisi olan Əbubəkr ibn Səd ibn Zənginin (1230-1258) yanında yaşayıb-yaratmışdır.

Mənbələr və Şəms Qeys ər-Razinin həyat və yaradıcılığı ilə məşğul olan tədqiqatçılar onun qələminə aid bir neçə əsərin adlarını çəkirlər: "Kitab əl-kafi fil əruzeyn vəl qəvafi", (Əruz və qafiyə elmlərində qaneedici kitab), "əl-Mörəb fi məayir əşar əl-Ərəb" (Ərəb şeiri qanunlarının izahı), "əl-Möcəm fi məayir əşar əl-Əcəm", "Hədayiq əl-Əcəm" (Əcəm bağçaları) və bir də "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı". Qeyd edək ki, bu əsərlərdən bizim dövrümüzə yalnız "əl- Möcəm fi məayir əşar əl-Əcəm" əsəri gəlib çatmışdır.

Tədqiqatçılara görə, Qeys ər-Razi "Kitab əl-kafi fil əruzeyn vəl qəvafi" əsərini hələ 1217-ci ildə Mərvdə olarkən yazmağa başlamışdır. Adından da məlum olur ki, bu kitab ərəb  fars əruzları haqqında, onların birgə nəzəri əsaslarından bəhs edən bir əsər olmuşdur. Görünür, Fərrəzin qalası yaxınlığında da bu əsərin əlyazmaları dağılıb və itib-batmışdır. Sonralar Şiraza gələn Qeys ər-Razi 1232-ci ildə bu əsəri tamamlamış, sonra yerli alimlərin, fars şeirinin bilicilərinin xahişi ilə bu əsəri iki yerə bölmüş, ərəb əruz və qafiyəsindən bəhs edən hissəni "əl-Mörəb fi məayir əşar əl-Ərəb", fars əruz və qafiyəsinin nəzəri əsaslarından bəhs edən hissəni isə "əl-Möcəm fi məayir əşar əl-Əcəm" adlandırmışdır. Beləliklə, Qeys ər-Razi "əl-Möcəm fi məayir əşar əl-Əcəm" əsərini təqribən 1235-ci ildə Şirazda tamamlamışdır. Tədqiqatçıların qeydinə görə, Qeys ər-Razinin 1235-ci ildən sonrakı taleyi məlum deyildir.

Qeys ər-Razi özü öz əsərləri haqqında da məlumat vermişdir. Belə ki, o, "əl-Möcəm" əsərində bir yerdə " Kitab əl-kafi fil əruzeyn vəl qəvafi" əsərinin, iki yerdə isə "əl-Mörəb fi məayir əşar əl-Ərəb" əsərinin adını çəkmişdir ki, bu qeydlərdən sonra bu əsərlərin Qeys ər-Razinin qələminə məxsus olması barədə heç bir şübhə yeri qalmır. Eyni zamanda bu qeydlərdən o da aydın olur ki, bu əsərlər "əl-Möcəm"dən əvvəl yazılmış və bütöv, tam bitkin əsərlər şəklində mövcud olmuşdur ki, Qeys Razi də "əl-Möcəm"də onlara istinad edə bilmişdir.

XIX əsrdə Nəsrəddin Tusinin "Miyarül-əşar" əsərinə Məhəmməd Sədullah Muradabadi tərəfindən şərh kimi yazılmış "Mizan əl-əfkar fi şərhi  Miyar əl-əşar" əsərində adıçəkilən, lakin bizə gəlib çatmamış "Hədayiq əl-Əcəm" əsərinə gəldikdə isə Avropa şərqşünası Çarlz Riyö bu əsərin  "əl-Möcəm" əsərinin qısa variantı olduğunu söyləmişdir.

Beləliklə, bütün bu məlumatlardan sonra, bizim İran filologiyasında ilk türkoloji qeyd adlandırdığımız və Qeys Razinin də "Əl-Möcəm"də "Kitab dər loğəte-Törki", yəni "Türk dili haqqında kitab" kimi qeyd etdiyi kitabdan və "Əl-Möcəm"ə də ondan, yəni "Türk dili haqqında kitab"dan daxil etdiyi  türk dili, onun qrammatik xüsusiyyətləri haqqında verdiyi məlumatlar və bu dildən gətirdiyi nümunələrdən də bəhs etmək olar. Belə ki, bu kitabın da Qeys ər-Razinin qələminə məxsus olduğunu, onun Qeys ər-Razinin yaradıcılığında mühüm yer tutduğunu və müəllifin  özünün "Əl-Möcəm"də "Türk dili haqqında kitab" kimi adlandırdığı kitabın elə tədqiqatçıların dediyi kimi "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı" ("Türk dilinin Qanqlı dilinə izahlı lüğəti") əsəri olduğunu güman etmək olar. Lakin maraqlıdır ki, Qeys Razinin "Əl-Möcəm"də qismən başqa adla da olsa bu kitab haqqında verdiyi məlumat, nədənsə, bu əsər haqqında tədqiqat aparan araşdırıcıların gözündən qaçmış, onlar müəllifin dediyi bu fikrə diqqət yetirməmişlər. Qeyd edək ki, "əl-Möcəm" və "ət-Tibyan" əsərlərinin hər ikisinin müəllifinin Şəmsəddin Məhəmməd bin Qeys ər-Razinin olmasına baxmayaraq, bu müəlliflər uzun müddət ayrı-ayrı şəxslər hesab olunmuşlar. Lakin görkəmli türk alimi Fuad Köprülü hələ 1928-ci ildə "Türkiyyat məcmuəsi" jurnalında çap olunmuş məqaləsində hər iki əsərin müəllifinin bir şəxs, yəni Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi olduğu fikrini söyləmişdir.

Beləliklə, qeyd etmək yerinə düşər ki, Qeys ər-Razi "əl-Möcəm" əsərində bu əsəri haqqında da məlumat vermiş, lakin sadəcə olaraq onu "Tibyan əl- lüğət ət-Türki ələ lisan əl-Qanqlı" kimi deyil, "Kitab dər lüğəti Türki" adlandırmışdır. Bu mənada, bu istiqamətdə iki mövzu ətrafında söhbət açmaq olar: birincisi, bu kitab haqqında orta əsrlərdə və müasir elmdə hansı məlumatlar var və ikincisi, bu kitab nə kitabdır və özündə nəyi ehtiva edir. 

Bu mənada, orta əsr alimləri və müasir tədqiqatçılar Qeys ər-Razinin qələminə  bu əsəri  - "Tibyan əl- lüğət ət-Türki ələ lisan əl-Qanqlı", yəni "Türk dilinin Qanqlı dilinə izahlı lüğəti"  əsərini də aid edirlər. Araşdırıcılara görə bu əsər Qeys ər-Razi tərəfindən 1223-1231-ci illərdə Cənubi Azərbaycanda hakimiyyətdə olmuş Cəlaləddin Manqburnıya ithaf olunmuş və 1223-1226-cı illər arasında yazılmışdır. Qeyd edək ki, Qeys ər-Razinin ərəb dilində yazılmış bu lüğəti hələ orta əsrlərdə alimlərə məlum olmuşdur. Belə ki, İbn Mühənna XIV əsrdə yazdığı "Hilyətül-insan və həlbətül-lisan" adlı lüğətində bu əsərə istinad etmiş, ondan müxtəlif nümunələr sitat gətirərək, bu əsərin Qeys ər-Razi tərəfindən Cəlaləddin Manqburnıya ithaf olunduğunu söyləmişdir. Məsələ burasındadır ki, rus türkoloqu Melioranskinin İbn Mühənnanın adıçəkilən əsərinə həsr etdiyi tədqiqatında dediyi kimi, İbn Mühənnanın öz əsərində Qeys ər-Razinin adının Məhəmməd ibn Qeys kimi iki dəfə çəkməsinə baxmayaraq, İbn Mühənnanın əsərinə görə bu müəllifin kim olduğu və türk dilindən bəhs edən bu əsərin adının tam şəkildə nə olduğu yenə də məlum olmur. Bu sahənin görkəmli tədqiqatçısı Yusif Ziya Şirvaninin verdiyi məlumata görə, bu müəmma yalnız,  Yusif  Ziya Şirvaninin hansı əsrə aid olduğunu demədiyi, lakin orta əsrlərə aid fars mənbələrindən olan İbrahim Qəvam Faruqun qələminə məxsus "Şərəfnameyi-Əhməd Müneyri" əsərində açılır ki, burada da bu əsərin adı ilk dəfə tam şəkildə "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı" kimi göstərilir. Lakin Yusif Ziya Şirvaninin dediyinə görə, İbrahim Qəvam Faruq "Şərəfnameyi-Əhməd Münyəri" əsərində Qeys Razinin əsərinin adını təkcə tam şəkildə çəkməklə kifayətlənməmiş, eyni zamanda öz əsərində qrammatik məsələlərlə əlaqədar olaraq, ondan iki dəfə nümunə də sitat vermişdir. Yusif Ziya Şirvaninin dediyinə görə, bundan əlavə İbrahim Qəvam Faruq "Şərəfnameyi-Əhməd Münyəri" əsərində Qeys Razinin adıçəkilən əsərindən xeyli sayda leksik vahidlər, etnoqrafik və coğrafi terminlər də sitat gətirmişdir. Başqa müəlliflərə görə isə bu lüğət orta əsrlərdə, elə İbrahim Qəvam Faruqun "Şərəfnameyi-Əhməd Münyəri" əsərində başqa adlarla, məsələn, "Fərhənge-İbn Qeys" adı ilə də tanınmışdır.

Bütün bunlardan sonra bir qədər yuxarıda qarşımıza qoyduğumuz ikinci suala cavab veməyin vaxtının da gəldiyini demək olar: beləliklə, bu əsər nə əsərdir və özündə nəyi ehtiva edir. 

Hər halda, ilk növbədə bura qədər deyilənlərdən məlum oldu ki, bu əsər dövrümüzə qədər gəlib çatmamışdır və biz onun haqqında məlumatları digər mənbələrdən alırıq. Və eyni zamanda o da məlum oldu ki, bu əsər qrammatik, nəzəri hissəsi ərəbcə yazılmış lüğətdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, XIII-XVI əsrlər Şərq filoloji elmi-nəzəri fikri müxtəlif lüğətlərlə, xüsusilə ikidilli, ərəbcə-türkcə, farsca-türkcə və əksinə yazılmış lüğətlərlə zəngindir. Və təbii ki, bu lüğətlərin başında da ilk növbədə Mahmud Kaşğarinin ərəb dilində qələmə aldığı məşhur türkcə-ərəbcə lüğət olan "Divanü lüğat-it Türk" əsəri durur. Lakin Qeys ər-Razinin, qeyd etdiyimiz kimi ərəb dilində qələmə aldığı bu lüğət, öz sələflərinin əsərlərindən bir qədər fərqlənir. Belə ki, bu lüğət ərəb-fars və yaxud özgə bir dildən türk dilinə lüğət olmayıb, türk dilindən türk dilinə, başqa sözlə desək, Türk dilinin Qanqlı dilinə olan izahlı lüğətidir. Yəni Qeys ər-Razi bu lüğətdə türk sözlərini qanqlı dilinə, qanqlı şivəsinə tərcümə etmiş, türk sözlərini qanqlı dilində şərh etmişdir. Tədqiqatçıların fikirlərinə görə, Cəlaləddin Manqburnunun ana, nənə tərəfdən şəcərəsi qanqlılara-qıpçaqlara çatdığına və ümumiyyətlə qanqlılar XIII əsrin əvvəllərində türk boyları arasında böyük nüfuz sahibləri olduqlarına görə Qeys ər-Razi də bu əsəri bu şəkildə qələmə almış və onu  Cəlaləddin Manqburnuya ithaf etmişdir. Lüğətin adında və məzmununda rast gəldiyimiz türk dilinə, yəni lüğətdə qanqlı dilinə tərəf müqabil kimi verilən türk dilinə və onun XIII əsrin birinci yarısında türk dillərindən daha çox məhz hansını təmsil etdiyi məsələsinə gəldikdə, tədqiqatçılar bu dilin daha çox Azərbaycan türkcəsi olduğu qənaətini söyləyirlər. Buna səbəb kimi isə Azərbaycan türkcəsinin sözügedən əsrlərdə daha geniş arealda yayılmasını və bu əsərin 1223-1226-cı illər arasında Azərbaycanda yazılmasını göstərirlər. Qeyd edək ki, Azərbaycan dilinə tərcümədə "Türk dilinin Qanqlı dilinə izahlı lüğəti" adlanan bu əsəri araşdıran tədqiqatçılar, bu əsərdən çıxış edərək, Qeys ər-Razinin Azərbaycan dilini, Qanqlı dilini və eyni zamanda türk dillərinin bir neçə qolunu yaxşı bildiyinə görə onu türk-azərbaycanlı saymışlar. "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı"nın tədqiqatçısı Yusif Ziya Şirvaninin İbrahim Qəvam Faruqun "Şərəfnameyi-Əhməd Münyəri" əsəri ilə tanış olduqdan sonra verdiyi məlumata  görə,  "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı"da adıçəkilən türk dili, həqiqətən də, Azərbaycan türkcəsidir. Belə ki, yenə də Yusif Ziya Şirvaninin gəldiyi qənaətə  görə  İbrahim Qəvam Faruqun "Şərəfnameyi-Əhməd Münyəri" əsərində Qeys Razinin "Tibyan əl-lüğət ət-Türki ələ lisan əl-Qanqlı"da əsərindən gətirdiyi nümunələr - "ayıldı", "ağırladı", "ağardı", "bəyəndi", "bəzədi", "özgə", "çattaq kasə", "tələ" kimi leksik vahidlər,  doğrudan da,  yüzdəyüz Azərbaycan dilinin nümunələridir.

Beləliklə, bütün bu deyilənlərdən sonra bir qədər yuxarıda xatırlatdığımız suala,  məqaləmizin əsas məğzinə, məramına bir daha qayıtmaq istəyirik. Belə ki, bizim İran filologiyasında ilk türkoloji qeyd adlandırdığımız və Qeys Razinin də "Əl-Möcəm"də "Kitab dər loğəte-Törki", yəni "Türk dili haqqında kitab"dan gətirdiyi nümunə nədir və nə ilə bağlıdır? Bu suala cavab axtararkən ilk növbədə onu nəzərə almaq lazımdır ki, "Əl-Möcəm" bütövlükdə daha çox əruzla bağlı olduğuna və əruz da öz növbəsində daha çox dilin səs quruluşu, fonetikası ilə əlaqəli olduğuna görə təbii ki, "Əl-Möcəm"də Qeys Razi də ilk növbədə bu məsələlər ilə məşğul olmağa çalışmış, ərəb, fars və türk dillərinin daha çox fonetikaları haqqında, onların əruzla qarşılıqlı münasibətləri barəsində məlumat vermək istəmişdir. Bu məqamda isə o, öz yeni fikirləri ilə bərabər, vaxtı ilə yazdığı əsərlərə də bir mənbə kimi əsaslanmış və onlardan sitat kimi istifadə etmişdir. Bütün bu fikirlərin məğzi isə bir fonetik hadisənin üzərində cəmləşir: belə ki, Qeys Razinin dediyinə görə, istər ərəb, istər fars və istərsə də türk dillərində bəzi sözlər hərəkəsiz hərflərlə bitsə də, tələffüzdə bəzən hərəkədən istifadə olunur ki, ərəb-fars dillərində yazıda bu məqamda ha, türk dillərində isə daha az nəzərə çarpan əlif hərfindən istifadə edirlər. Və bu məqamda dediyi nəzəri fikirlərə ərəb-fars dillərindən nümunə gətirən Qeys Razi, türk dilinə də əlif ilə yazılan aşağıdakı sözləri nümunə göstərir: "ey ay", "altun an", "külah" və "yuca".  Üzərindən səkkiz yüz il keçdikdən sonra XII-XIII əsrlərə aid hər bir türk kəlməsinin mövcudluğunun bizim üçün nə qədər qiymətli olduğunu söyləmək bizcə artıqdır.  Lakin Qeys Razinin verdiyi qrammatik izahatı və türk dilinə aid leksik vahidləri  düzgün şəkildə oxuyub başa düşmək də olduqca çətindir. Biz isə bu qrammatlk izahatı və leksik vahidləri bu şəkildə oxuyur və qiymətləndiririk. Və İran filologiyasında ilk türkoloji qeyd adlandırdığımız bu faktın gələcəkdə hardasa daha başqa variantlarda oxunacağını da istisna etmirik.

 

Tərlan QULİYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.10-11.