Ömrün qara qutusu

 

Mən qara qutuda bəyaz vərəqəm,

Ölçüsüz, sətirsiz, küncsüz, bucaqsız.

Sadəcə, boş qutu bir vərəq,

Görəsən, hərflər sığarmı ora?

Fikirlər özünü taparmı orda?

Hər halda var olan qara qutudur.

İçi qaranlıqdır üzü qaradır.

Onu aydınladan bir vərəqin

Mənası həyatda yer tapmasıdır.

Ömrün sətirləri məna yüküdür.

Qısadır, uzundur, bəzən bilinməz.

Abzası yeni bir nəfəs gücüdür,

Yaxını bilinməz, uzaq görünməz,

Nəfəs harda bitər, bilinməz.

Bəlkə bir ömür qara qutudur.

Vərəqi bəzəyən qara qələmsə,

Əslində vərəq, ömrün sonunda

Qara qutuda qara bəzəkdir.

Sadəcə, təsəlli bir vərəqdir...

 

Ayxan HÜSEYNLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.11.