Yarımçıq süjet
Hekayə
Dekoru butalı
çayxana İçərişəhərin
Murad qapısının
qarşısında tikilmişdi. Şişpapaq
bəy misalı
görkəmi, qala divarlarının dibinə
kölgə kimi düşürdü. Deyirdin çayxananın
kölgəsi indicə
silkinib, üzüyuxarı
buludlara tərəf dırmanacaq.
Görüşə yarım saat tez gəlmişdim. Kəklikotu ilə
dəmlənmiş çay
sifariş vermişdim,
yanında da qoz mürəbbəsi.
Hava hələ qaralmamışdı
deyə, çayxanada
müştəri çox
deyildi. Qəlyan tüstüsü bir əlçim bulud kimi başımın
üstündə halələnmişdi.
Hərdən bir qoca kişi
kimi xırıltıyla
öskürürdü.
Qarşımdakı mizin arxasında iki ərəb oturmuşdu. Animasiya filimlərinin qəhrəmanları
kimi "pafosluydular".
Ağ əbalı, bığlar
daralı, saçlar yağlı. Çox
güman ki, indi tanış
olduqları yerli qızla pozuq ingilis dilində mübahisə edirdilər.
Qız gözəl, sağlam kənd qızıydı.
Ucuz makiyajla şəhərlənmişdi.
Əlində sellafana bükülü
qızılgül tutmuşdu.
Ərəblərlə mübahisə edə-edə
qoxulayırdı. Qızın üzündə
qəribə bir təbəssüm vardı.
Yanaqları allanmışdı. Onun titrək səsindən, ərəblərin əsəbi
əl hərəkətlərindən
və aramsız danışığın sinirindən
söhbətin nədən
getdiyini təxmin etmək olurdu. Ərəblər qızın onlardan
tələb etdiyi pulu vermək istəmirdilər. Qız da
sözünün üstündə
möhkəm durmuşdu.
Məsələ aydın olsa
da, nədənsə,
mənə çöçün
gəlirdi. Axı
bu kiçik qızcığaz hardansa uzaqdan gəlmiş iki kök kişi ilə necə belə sərbəst danışa
bilirdi? Onun iyirmi yaşı
ancaq olardı. Bəlkə də heç olmazdı. Su bokalından
içməyə çalışdığı
alma şirəsini tez-tez sinəsinə axıdırdı. Bununla belə
fikrini ərəblərə
sərbəst izah edə bilmişdi və qərarında qətiydi. Hiss olunurdu
ki, belə işlərdə artıq
təcrübəsi də
var.
Hardansa eşitmişdim
ki, ən qədim peşə sahibləri "qadın aşiqi" turistlərlə
görüşə adətən
tək gəlmirlər. Onların
yanında danışıq
aparan bir kişi də
olur. Amma bu dəfə
qız tək idi. Və üst-başlarından o qədər də varlı olmadığı
bilinən, uzaq başı ölkələrində
kiçik əsnaf dükanları olan bu iki ərəblə
əməlli-başlı "alver" edirdi.
Mənim də işimin adı nəydi? Görüşəcəyim qonaq gələnə
qədər ərəbləri
mənfi ədəbi personaj kimi şəkilləndirmək.
Görüşəcəyim qonaq alman idi. Onu bilərəkdən
araxçınlı, butalı,
folk - çayxanaya dəvət
etmişdim. Onlar bizim
nağıl süstlü
yerlərimizi, insanımızın
real dərdi olan yalxı məkanlarından
daha çox görmək istəyirlər
axı.
Ərəblər, deyəsən, qızın
təklifi ilə nəhayət ki, razılaşdılar. Onlar birlikdə ayağa
qalxıb yeyin addımlarla qarşıdakı
otelə doğru getdilər. Qız tələsdiyindən gülünü masanın
üstündə unutdu.
Ərəblərdən sonra masanı
sahmana salan ofisiant armudu stəkanları, mürəbbə
qabını siniyə
düzdükdən sonra
uca səslə çayxananın müdirini
səslədi. Müdir giriş
qapısının ağzında
oturmuşdu. Kök, bəstəboy
kişiydi. Pul kimiydi.
İstədiyin zaman sənin
üçün xırdalanardı.
Bu dəfə də bədəninə uyuşmayan cəldliklə
səsə doğru tələsdi. Ofisiant
əlində tutduğu
gülü müdirə
uzadıb pıçıltı
ilə qulağına
nəsə dedi. Deyilmiş sözə hər ikisi ucadan güldülər.
Elə bu vaxt qonağım araxçınlı çayxananın
gün əritmiş qapılarından içəri
keçdi. Çayxananın havası onu
da bizdən biri etmişdi. Qonağın rəngi də
elə bil dəyişmişdi. Gözləri daha axıcı və daha suallı
olmuşdu. Nağıllaşmışdı.
Onunla Ay yatana
qədər, ədəbiyyatdan,
kinodan danışdıq. Fikirlərimi çox bəyəndi və sonda anlaşdıq.
Alman qonaq romanım əsasında film çəkəcəkdi.
Amma bir şərtlə, dialoqları onun üçün nağıl
dilində yazmalıydım.
Süjet ancaq folk olmalıydı, reallıqdan
uzaq bir şey...
Ayağa qalxanda ərəblərlə
"bazarlıq" edən
qızın təngnəfəs
çayxanaya qayıtdığını
gördüm. O, ofisiantdan öz gülünü tələb edirdi. Ofisiant qıza kobud cavab verdi. Onu pis söyüşlərlə
söyüb çayxanadan
qovdu. İşə qarışdım. Qızın gülü masanın üstündə unutduğunu
öz gözlərimlə
gördüyümü söylədim.
Ancaq bundan sonra ofisiant
qızın gülünü
gərtirməkdən ötrü
müdirinin otağına
doğru getdi.
Qız ilə birlikdə dayanıb gülün qayıtmasını
gözləyirdim. O, hərdən-hərdən
gözlərindən gözlərimə
kiçik ehtiras oxları atırdı. Baxışları o qədər saf
idi ki, bu
ciddi cağırışlar
belə mənə əyləncəli görünürdü.
Qız ərəblərlərdən qazandığı
pulu unudub, uşaq hədiyyə gözləyən kimi gülünü gözləyirdi.
Və ona bu işdə
yardım etdiyim üçün mənə
minnətdar idi.
Bəlkə ona ilk dəfəydi gül bağışlayırdılar. Bəlkə gülləri
uşaqlıqdan çox
sevirdi, bilmirəm.
Hər nədirsə gül onun üçün deyəsən çox əhəmiyyətliydi.
Nəhayət, ofisiant qızın qızılgülünü gətirdi. Sellofanı əzilsə
də, gül təzə-tər idi.
Qoxusu uzaqdan duyulurdu.
Qız gülü
ofisiantın əlindən
alıb sevinə-sevinə
İçərişəhərin qaranlığında şam
kimi əridi. Üzündəki sevincin işığı
qaranlıq küçələri
fanar kimi işıqlandırdı.
Çayxanadan çıxanda alman
dostum məndən qızın kim
olduğunu soruşdu.
Mən Xəzri olub dənizə əsmiş qızın arxasınca baxıb: -
"O, qıza indicə
sevgi etirafı ediblərmiş!" - pıçıldadım.
Alman dostum: - Sizdən fərqli olaraq o, sevinə bilir! Belə qızları qoruyun.
Onlar sizin üçün yeni insanlar doğacaqlar!"
- dedi.
Alman qonağın
bu "öncəgörənliyindən"
sonra başımı
aşağı salıb
bir xeyli susdum.
Bir qədər
sonra isə tini burulanda onunla birlikdə daha film çəkə bilməyəcəyimi anladım.
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
4 iyun.- S.13.