Fatehin Avnidəki gizli
ruhu və Selcuk
Bayraktarın
Kızılelma PUA-ları
Bu
yazı Fateh Sultan Mehmet barədədir. Amma Selcuk Bayraktarın
"Kızılelma" adlandırdığı PUA ilə
bağlı xəbərin dövriyyəyə girməsi
düşüncələrimi sövq-təbii
qızılalmaya yönəltdi. "Kızılelma"
PUA-sı Türk Cahan Hakimiyyəti məfkurəsini yenidən
aktuallandırır. Çünki Qızıl Alma türk məfkurəçiliyinin,
özünüdərkinin, qurtuluş (və birlik!)
idealının müqəddəs simvoludur və o, hələ
də fəthediləcək yerlərin varlığından
soraq verir.
"Türk
Cahan Hakimiyyəti məfkurəsi" kitabında Osman Turan
yazır ki, "Ayasofiyanın önündə dikili bir
sütun üzərində, at üstündə bulunan
Konstantinin heykəlinin əlində qızıl bir küpə
olub, Türk Qızıl Alması və cahan hakimiyyətinin hədəfi
idi".
Bu gün Türkiyə həm də simvolların dili ilə
danışır. Bakıda keçirilən "TEKNOFEST"
Festivalına iki min kilometr səma yolunu qət edib gələn
AKINÇI PUA-sının ardıyca Azərbaycan Texniki
Universitetində keçirilən tədbirdə Selcuk Bayraktar
yeni yaratdıqları "Kızılelma" PUA-sı barədə
informasiya verdi...
Ziya Gökalpın 1912-cü ildə yazdığı
"Qızıl Alma" poemasında Bakı türk
dünyasının İstiqlal Beşiyi, Azərbaycan isə
Turanın üç fışqıran qaynağından biri
və birincisi kimi təqdim olunurdu. Qızıl Alma da Bakıdaydı...
Ərtoğruldan 110 il sonra, yəni ötən
həftə Qızıl Alma PUA-ları barədə məlumat
da Bakıda verildi.
Konstantinopolda
baş verən zəlzələdə indiki Çəmbərlitaşın
üstündə qoyulmuş Konstantinin at belindəki heykəli
əlində tutduğu kürə ilə birgə yerə
çırpılır... Osman Turan yazır ki,
"heykəlin və kürənin (qızılalmanın)
düşməsi bir çox ölkələrin itirilməsinə,
yəni türklər tərəfindən fəthinə və
Bizans imperatorluğunun süqutuna bir işarət
sayılmışdır".
1453-cü ildə İstanbul fəth olundu. "Ya İstanbul məni
alır, ya mən İstanbulu" - deyən Fateh İstanbula
can içrə canı (Hacı Bəktaşi Vəli) bilməklə
daxil oldu... "Təcəlli eyləməzsən, pərdədə
bən var ikən, // Şərti-izhari vücudumdur adim olmak
bana". (Fateh).
Fateh dünyanın düzənini dəyişdi. Amerikanın kəşfinə
vəsilə oldu. "Türklük, Əsgərlik və
İstanbulda 31 mart vəqəsi" məqaləsində
Əli bəy Hüseynzadənin yazdığı kimi,
"Fateh Sultan Mehmet Avropaya ayaq basdı. İstanbul
denilən "ikinci Romayı" aldı. Bütün
Avropayı, o qoca aləmi titrətdi. Üzlərini
Qərbə doğru çevirib, dənizlərdə ayrı
sığınacaq ararkən Amerikayı kəşfə məcbur
etdi".
Ardıyca
Roma Papası II Pius Fatehə məktub göndərir: "Siz
Şərqi Roma imperatorusunuz. Lakin bu, sizin
qabiliyyət və dühanıza uyğun gəlməz.
Qərbin və Şərqin - bütün dünyanın
sahibi ola bilməniz üçün bir
damla xaç suyu bəs edəcəkdir". (Ahmet Kabaklı
"Alpərən"). Fateh Sultan Mehmet isə
bir damla xaç suyunun hesabına baş verə biləcək
cahan hakimiyyəti məqamına göz yumub atlarını
İtaliya civarına sürdürür. Vəftiz
olunarsa qarşılığında ona təklif edilən
ümumdünya hakimiyyəti, cahan səltənəti gənc
Fatehin başını dumanlandıra bilmir. Ekrem
Memişin "Troya və Troyalılar" kitabında
Mişel de Montenin bir mülahizəsi xatırladılır:
"Türklərin Padşahı II Mehmet, Papa II Piusa
bunları yazmış: Biz də italyanlar kimi
troyalıların soyundanıq. Yunanlardan Hektorun
qisasını almaq mənim qədər onlara da düşər".
Təkcə Konstantinopol deyil, Troya da Fatehin Qızıl
Alma arealına daxildir. Beşir Ayvazoğlu "Tanrıdağından Hira
Dağına" kitabında Stefanos Yerasimosun qeydlərini yada
salıb: "Fateh Sultan II Mehmet şəxsi tarixçisi
Kritovulosun anlatdığına görə, 1462-ci ildə
Midillini almağa gedərkən Troyaya uğrayıb
"İliada"da adları keçən qəhrəmanların
məzarlarını aramış və yanındakılara,
illərdən sonra olsa da, bu şəhərin və bu şəhərdə
yaşayanların intiqamını aldığını
söyləmişdir". Doğrudan da, intiqam
almışdı. İsland ədibi və tarixçisi
Snorri Sturluson 1222-ci ildə (!) qələmə
aldığı "Edda" əsərində Troyanı
"Türklərin vətəni" adlandırır...
1453-cü
ildə artıq bürclərində bayquşlar ötən
Konstantinopolu fəth edib onu mədəniyyət və eşq
İstanbuluna çevirən gənc padşah saray hərəmlərində
məst olmadı, əvəzində səltənət
taxtında əyləşib qızılgül qoxladı... İlahi fərəh ona Peyğəmbəri
xatırlatdı. Gül və Fateh
qaynayıb-qarışdı. Evliya Çələbinin
babası rəssam Sinan bəy venedikli Bellinidən fərqli
olaraq, Fatehi Qızılgüllə birgə rəsm edib.
Gül irfanda fərəh və peyğəmbərlik
rəmzidir. Qızılgülün ətri,
Peyğəmbərə cazibə və eşq Fatehin ruhuna
Ağşəmsəddinin təlqinləri ilə
saçılırdı. İstanbulun fəthi
də bu irfan sirrinin içərisində gizliydi.
"Aşiqsən məşuqa, ey Şəms, əgər, //
Məşuqun sirrini pünhan eyləgil". Bunu
Fatehə eşq əsrarını təlim edən Ağşəmsəddin
deyir.
İtalyan rəssamı Zanoranın "II. Mehmetin Konstantinopola
girişi" tablosunda ordunun önündə İstanbulu Fatehə
təlqin edən Ağşəmsəddin addımlayır... Dünyanın ən gözəl çağları
da elə o zamanlar olub. Şeyxlər saraya
deyil, əksinə, sultanlar təkkəyə gəlib.
Şeyx Ədabalı ilə Osman Qazinin, Ağşəmsəddinlə
Fateh Sultan Mehmetin, Əziz Mahmud Xudayi ilə I Sultan Əhmədin...
könül irtibatı Osmanlının təkcə mənəvi
deyil, dövləti yapısının da təməlli
qalmasında əsas amil olub... Sultan II Murad
Bayrami Vəli ilə təkkədə görüşüb.
Konstantinopolun fəthi ilə bağlı niyyətini
Şeyxə söyləyəndə Bayrami Vəli ona
"Padişahım, İstanbulu şahzadəniz Mehmetlə
Ağşəmsəddin alacaqdır" - deyib.
Fateh sultandı, eyni zamanda Ağşəmsəddinin
müridiydi. Bu silsilədə Fatehin Hacı Bayram Vəli ilə
səhabə ruhu və əxlaqı Hacı Bayramın və
Avni təxəllüsü ilə irfani şeirlər yazan
Fatehin könül zirkrlərində əks olunub.
Bu,
Hacı Bayram Vəlinin zikrlərindəndir:
Noldu bu
gönlüm, noldu bu gönlüm,
Dərd ü qəm ilə doldu bu gönlüm.
Yandı
bu gönlüm, yandı bu gönlüm,
Yanmada dərman buldu bu gönlüm.
Bu isə
Avni təxəllüsü ilə şeirlər yazan Fatehin
"Divan"ından:
Sevdün ol dilbəri söz esləmədün, vay
gönül.
Eylədün kəndözünü aləmə
rüsvay, gönül.
Sana cevr
eyləmədə qılmaz o pərvay, gönül,
Cevrə
səbr eyləyəməzsən nideyin hay gönül
Gönül, eyvay gönül, vay gönül, eyvay
gönül.
Fateh, şübhəsiz ki, Ağşəmsəddinin
yaratdığı şəmsiyyə təriqətində
olub.
Ağşəmsəddinə həsr olunmuş mənbələrin
birində Fatehin belə bir etirafı var: "Mən şeyxə
təzim eyləmədə ixtiyarsızam. Digər
şeyxlər gəlib mənimlə söhbət edəndə
onların əli titrər, Ağşəmsəddinlə
söhbət eyliyəcək mənim əlim titrər".
Bu, orta əsrləri sona çatdıran, Bizansı
çökdürən, Şərqi Roma imperatorluğunu yer
üzündən silən 22 yaşlı sultanın
etirafıdır...
İtalyan intibahının klassikləri Leonardo da
Vinçinin və Mikelancelonun ya Fateh, yaxud II Bəyazid tərəfindən
İstanbula dəvət edilməsi tarixən təsbit
olunmuş faktdır. Bəzi mənbələrdə isə
Leonardo Bəyazidin dəvətinə razılıq versə də,
Papanın təkidli etirazı ilə onun bu dəvətdən
imtina etdiyi qeyd olunmaqdadır. Rus alimi Yevgeni Boqat
"Leonardo dünyası" adlı kitabında daha real tarixi
mənbəyə istinad edir, Leonardo da Vinçinin II Bəyazidə
göndərdiyi məktubun mətnini təqdim edir:
"Eşitdiyimə görə, Qalatadan İstanbula
körpü çəkdirmək istəyirsiniz. Bu işdə
sizə yardımçı ola bilərəm...".
Bəyazid
Leonardoya "yox", - deyir, onu İstanbula dəvət etmir:
"Şayət bunu qəbul edərsək, ölkəmizdə
üslub və ruh etibarı ilə kilsə
memarlığının təsirinə düşmüş
bir üslub hakim olar, öz islam memarlığımız
inkişaf etməz və nüfuz qazanmaz".
Orta əsrlərdə türklərin Qızıl
Alması Romadaydı.
Hətta İstanbulun fəthindən sonra bəziləri
Fatehi Şərqi Roma imperatoru kimi görür. Amma Zəki Vəlidi
Toğan deyir ki, "kəndi mazisini (keçmişini) əski
zamanlarda Batı (Qərb) heyranlığı içində
keçmiş kimi zənn etmək türkiyəli
aydınlarda da vardır. Türk
aydınlarından bəzilərinin Fateh Sultan Mehmeti Avropa,
bilxassə İtaliya Renessansının aşiqi kimi görmək
istəmələri tarixə uyğun deyildir. Fateh mənsub olduğu islam mədəniyyətinin
tam bir müməssili idi, o Avropalıların mədəniyyətinə
yuxarıdan baxır və öz mədəniyyəti ilə
qürur duyurdu".
Fatehin
dünyanı vəcdəgəlmiş ruhani bir enerji ilə
ram edə bilməsinin səbəbini Əhməd Kapaklı
belə şərh edib: "Ağşəmsəddin əfəndinin
önündə diz çöküb haqq divanına
durmağı sarayında kef çəkməkdən
üstün tutan, İstanbulun fəthi sabahı Topqapı
ordugahında yüz minlərlə əsgərinə, bəyinə,
paşasına imam olub zəfər namazı qıldıran
odur... Amma dualarla, təkbirlərlə bərabər Urban ustaya, Müslihiddin bəyə
tökdürdüyü topları Bizansın qatil bürclərinə
yönəldən də Sultan Mehmet olub. Dolmabağçadan
Bəyoğlu təpələrinə gəmilər
çıxarıb donanmanı xizəklərlə Halicə
endirən də yenə odur. Yəni məna-maddə
birliyini, örnək tutduğu Peyğəmbərimiz kimi o da
saxlamış, uyğulamış, Alpərənlik törəsinin
timsal insanı olmuşdur".
Saqiya, mey
ver ki, bir gün laləzar əldən gedər,
Gün irər fəsli-xəzan, bağü bahar əldən
gedər.
...Gırrə
olma, dilbəra, hüsn ü cəmala qıl vəfa,
Baqi qalmaz kimsəyə nəqş u nigar əldən gedər.
Yar
üçün əğyar ilə mərdanə cəng etsəm
gərək,
İt kimi murdar rəqib ölməzsə yar əldən
gedər.
22 yaşlı Osmanlı sultanının şeiridir. Avni belə
düşünürdü. Sultan Mehmet Yar
üçün əğyarla cəng edib İstanbulu fəth
edir və ona öz ruhunun möhürünü vurur.
Nihal
Atsız yazır: "Fatehin adını İstanbula verib onu
Fatehkənd adlandırsaq yenə də azdır". Atsız haqlı olsa da Fatehin şəxsiyyəti bir
şəhər, bir İstanbul, bir Ayasofya, bir Türkiyə
tarixi ilə məhdudlaşan hadisə deyil. Fateh böyük bir tarix çevrəsinin, yeni
dünya düzəninin banisidir. 1453-cü
ildən etibarən dünyanın Fateh dövrü
başlayır və hətta bir neçə ictimai formasiya, Xristofor
Kolumb, Amerika bu dövrün içərisində cərəyan
edir. Dünyanın siyasi ahəngi, mədəniyyətlərin,
sivilizasiyaların qarşılıqlı münasibəti
Fateh dövrü ilə yeni məzmun kəsb edir, sonrakı fəlsəfələr,
müharibə və inqilablar Fateh dövrünün təsiriylə
baş verir. Yahya Kamal Bayatlının "Əziz
İstanbul" əsərində yazdığı kimi:
"İstanbulun fəthi mənəvi bir hadisə olaraq
çox dərindir, siyasi, hərbi, milli və mədəni təsirləriylə
hüdudsuz bir qiymətə malikdir".
Tanmıdır
etsə gönül naləvü əfğan bu gecə,
Gəlmədi məclisə ol dilbəri-fəttan bu gecə.
...Nə əcəb
ağlar isə bülbüli-can, çünki gəlib
Gülüb əylənmədi ol yüzi gülistan bu
gecə.
Fatehlər
heç zaman gənc olmur... Arif Nihat Asya demişkən:
...Üzünə
çarpmaq gərək zəmanənin fəndini,
Göstər
qabaran sular nasıl yıxar bəndini;
Kiçik
görmə, xor görmə dəliqanlım kəndini,
Şu
qırıq abidəni yüksəldəcək daşdasan,
Fatehin
İstanbulu fəth etdiyi yaşdasan!
Şu
kitablar Fatehdir, Səlimdir, Süleymandır,
Şu mehrab Sinanüddin, şu minarə Sinandır.
Haydi,
artıq uyuyan dastanını oyandır!
Bilməm
nədən gündəlik işlərlə təlaşdasan,
Qızım,
sən də Fatehlər doğuracaq yaşdasan...
Fateh 48-dən
bir az artıq yaşayıb. "Quran"ın 48-ci surəsi
Fəth surəsidir. Hələ Peyğəmbərə istinad
edilən belə bir hədis: "Qənstəntiniyyə
(Konstantinopol, İstanbul), əlbəttə, fəth ediləcəkdir.
Onu fəth edən komandan nə gözəl
komandan, onu fəth edən əsgər nə gözəl əsgərdir".
***
İstanbulda Laləli səmtindəydim. Bir az
aralıda Fəth Şəhidlərinin uyuduğu kiçik
bir bağça var. 1453-cü ildə İstanbulun fəthi
zamanı ilk şəhid olan 18 alpərənin məzarı
burdadır...
1453-cü
ildə olduğu kimi, bu gün də Ayasofyada azan verilir...
Türk hərbinin
son nailiyyətlərindən biri isə ötən həftə
təqdim olunan Kızılelma PUA-larıdır...
1 iyun 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.12-13.