Onun da Müşfiq kimi, məzarı yoxdur...

 

Repressiya qurbanı olmuş nakam şair Əlirza Xızılının xatirəsinə ehtiramla  

 

Tarixin qəribə işləkləri var. Ömürləri dəyirman kimi üyüdüb toza çevirir... Kimisini yaddaşında saxlayır, kimisini isə zamanın üfüqlərində itirir... Amma heç ola bilməz ki, yaradıcı insandan bu dünyada nəsə bir iz qalmasın. Tanrı özünün yaratmaq qüdrətindən insan oğluna da bir azca pay verir və o insanlar seçilmiş bəndələr hesab olunur.

Bu günlərdə Xalq yazıçısı Əzizə Cəfərzadənin xatirələrini oxuyurdum. Əlirza Xızılı imzası diqqətimi çəkdi, onun taleyilə tanış olduqca, şeirlərini oxuduqca həyəcan hissi məni bürüdü. Necə də coşqun təbli bir şair imiş... 30-cu illərin ən parlaq imzalarından olub. Erməni məkriylə həbs edilib və gedər-gəlməzə yollanıb. Vur-tut, 26 bahar yaşayıb... Ömrünün ən qaynar çağında... Taleyin amansızlığına bax!..

Əzizə xanım yazır:

"Əslində şəxsiyyətə pərəstişdən çox, satqınlıq qurbanı olub şair Əlirza. İndi oxucular təəccüblənərək məndən olmasa da, özlərindən və ya bir-birindən soruşacaqlar: "Bu şair Əlirza kimdir?". Deyəcəyəm ki, axtarmayın, izini heç yerdə tapmayacaqsınız, suallarınız cavabsız qalacaq... Gözəl şair idi, otuz-qırxıncı illərin İkinci Dünya savaşınacan çap olunan qəzet və jurnallarında lirik şeirləri, poemaları çap olunub. Həsəd aparanlar, istedadından çəkinənlər, lirikamıza ikinci Müşfiqin gəldiyindən ehtiyat edənlər bolluca tənqid, təqib ediblər". (Əzizə Cəfərzadə, "Tanıdıqlarım və sevdiklərim xatirələrimdə". Xan nəşriyyatı, Bakı, 2021, səh.201).

O, dövri mətbuatda "Ə. Abdullayev", "A. Əlirza", "Əlirza Xızılı" imzalarıyla müntəzəm çap olunurmuş. O dövrün tənqidçiləri Əlirza Xızılının yaradıcılığı haqqında yüksək fikirdə imişlər. "Gənc işçi" qəzetinin 1940-cı il 9 may tarixli 104-cü nömrəsində "Gənc şairlər" məqaləsində tənqidçi-alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayevin aşağıdakı qeydlərini oxuyuruq: "Biz son dövrdə ədəbiyyat sahəsinə gəlmiş və müvəffəqiyyətlə inkişaf edən Ə.Ziyatay, B.Qasımzadə, Z.Xəlil, Ə.Tələt, İ.Soltan, M.Sona, A.Əlirza kimi gənc şairləri xüsusilə nəzərdə tuturuq. Çünki bunlar ədəbiyyatımızın başqa (nəsr, dramaturgiya) sahələrində həvəs göstərən və yeni yazmağa başlayan gənclərə nisbətən daha tez inkişaf etmişlər. Bu gənclərin çoxu artıq respublikamız miqyasında tanınırlar. Bunların böyük gələcəyi vardır...".

Araşdırmaçı alim Qafar Əsgərzadə yazır ki, şair 1943-cü ildə, günahsız həbs olunduqdan sonra, saxta ittihamlarla qətlə yetirilmişdir. Müasirlərinin dediklərinə görə, onun həbsi qurama işlə əlaqəli olmuşdur. NKVD işçiləri şairin iş yerindəki masasının siyirtməsində oxunmamış bir məktub aşkarlamışlar. Guya bu məktub Əlirzaya ünvanlanıb və orada Sovet Ordusunun tezliklə məğlub olmasından, arxada insanlarda ruh düşkünlüyünün olmasından, hətta evində ailəsinin ac olmasından bəhs edilir... Beləcə, saxta, qurama üsulla bu gənc, istedadlı şairi də həbs etdirib, həyatına son qoyublar. 1943-cü ildə. Əzizə xanım yazır ki, NKVD-dən gəlib onun bütün arxivini aparıblar. Neçə-neçə şeiri, poeması, tərcümələri, məktubları həmişəlik məhv edilib... "Əlirza o gedən olur, Sibirə sürüldüyünü deyirlər. Sonrakı taleyindən xəbər tuta bilmədik".

Bu bizim ən yaxın tariximizin acı mənzərəsidir. Amma, nədənsə, repressiyaya uğramış yazıçı və şairlərimizin içərisində onun adı xatırlanmır. Halbuki, Əlirzanın şeirlərini oxuduqca onun əlahiddə bir istedad sahibi olduğu açıq-aşkar görünür. "Yadındamı" şeirini bütövlüklə sitat gətirirəm:

 

Yadındamı gül qoxulu gecəydi

Bir can kimi seyrə çıxdıq dəryanı.

Yadındamı, onda sahil necəydi?

Dalğalandı eşqimizin ümmanı.

 

Yadındamı, sən dedin ki, yetər, dur,

Dur ayrılaq, mən səninki deyiləm.

Bu gecəni öz qəlbinə unutdur,

Mən sevsəm , sevəninki deyiləm.

 

Yadındamı bir yaş axdı gözündən,

Gur saçından bir tel qırdın mənimçün,

Od qalxmazmı ürəyimin gözündən

Yuvasını tərk edərsə gövərçin?

 

Yadındamı bir-birinə sarıldıq,

Bir döyünən cüt qəlbimiz ağladı,

Bir-birini sevə-sevə ayrıldıq,

Arxamızca coşdu dəniz ağladı.

 

Mən o teli ipəklərdə gizlədim,

Axşam-səhər öpüb basdım sinəmə.

Yetim kimi ondan ümid gözlədim

Rast gəlirkən hər möhnətə, hər qəmə.

 

Ah... hər gecə ona ətir səpərdim,

Ürəyimin çeşməsindən inan, mən.

Mən bu gecə yenə onu öpürdüm,

Pəncərədən külək aldı əlimdən.

 

Qəlbim sındı sən ayrılıq deyirkən,

Əlim belə sustalmışdı əlində.

Boş yollara baxıb-baxıb dedim mən:

Özün kimi vəfasızmış telin də.

 

Ötən əsrin 30-cu illərində dilimiz hələ ərəb-fars izafətlərindən təmizlənməmişdi, durulmamışdı. Bu şeirdə zərrə qədər yad nəfəs, dolaşıq söz yoxdur. Fikir aydın, misralar metrik dəqiqliyində, məna və məzmun bitkindir. 30-cu illər poeziyası üçün kifayət qədər yeni, avanqard hesab oluna biləcək bir şeirdir. Bu da Əlirza Xızılının yeni dövrün ədəbi qaydalarına, dilə, poetik ülgülərə nə qədər dərindən bələd olmasını əyani şəkildə göstərir. Dilin yeniləşməsi prosesində Əlirza birbaşa yaradıcılığı ilə iştirak edib. Şair Tofiq Nurəliyə onun bir neçə şeirini oxudum, Tofiq müəllim heyrətləndi. "Ruhu, ifadə tərzi, üslubu hələ də təzədir, çağdaşdır" - dedi.

Əlirza Abdullayev (Xızılı) 1916-cı ildə, Dağlı məhəlləsində fəhlə ailəsində dünyaya gəlib. Cəfər Cabbarlı, Mikayıl Müşfiqlə qonşu olublar. Bu yazını işləyərkən qohumumuz Telmanla rastlaşdım, onlar dədə-babadan həmin Dağlı məhəlləsində yaşayıblar. Söhbət əsnasında Əlirza adlı şairin adını çəkdim. Telmanın gözləri parladı. Yeri gəlmişkən, onun atası Dadaş əmi "Dadaş Dağlı" imzasıyla şeirlər yazırdı. Bir neçə il bundan öncə səksən beş yaşında dünyasını dəyişdi. Telman mənə danışdı ki, atam həmişə onun adını çəkərdi, deyərdi ki, heyif Əlirzadan! Təbinin rəvanlığına görə Müşfiqdən heç də geri qalmırdı. Hamı onun şairliyinə heyran idi. Danışırdı ki, biz uşaq idik, Əlirza şəhərdə gəzəndə hamı barmaqla onu göstərib "böyük şairdir" deyirdi. Zövqlə geyinərmiş, ərəb, fars, rus dillərini mükəmməl bilirmiş. M.Qorki, İ.Aratovski, Y.Raynis, İ.Frankonun əsərlərini, Kalmık eposu "Canqar"ı dilimizə çeviribmiş. 30-cu illər onun yaradıcılığının ən məhsuldar dövrü olub. Telmandan xahiş etdim ki, atasının arxivinə nəzər salsın, bəlkə Əlirza ilə bağlı nəsə tapa bildi.

Onu dinlədikcə içimdə saysız-hesabsız suallar doğur. Bəs necə olub ki, həmin dövrün ədəbi mühitində kifayət qədər tanınan bir şair sonralar qəfildən unudulub?! Bəs nəsildaşları niyə bircə dəfə də olsun, onun adını şifahi danışıqlarında, yazılarında dillərinə gətirməyiblər?! Axı o, heç vəchlə unudulmağa layiq şair deyildi. Şeirləri lətif təranələr kimi səslənir, lirikası həzindir, misralarında bircə çiy söz tapmazsınız. Onun şeirlərində sıralanan sözlər istedaddan mayalanıb... Bu suallara müxtəlif cavablar tapmaq olar... Amma bəs görəsən, əsl həqiqət necəymiş?..

 

...Sevgilim, ləpələr oxşadıqca sahili,

Mən qısqandım onlara, əsdi könlümün teli.

Düşündüm, indi sahil o qədər bəxtiyar ki!..

Dedim: bizə var ki...

Bir vurduqca qəlbimiz

Daha bəxtəvərik biz.

Bax, sevgilim, ləpələr sahilə yaxlaşınca,

Sahil susdu, dinmədi... öpüb uzaqlaşınca

Gördüm küskün ləpələr o qədər intizar ki...

Dedim: bizə var ki...

Döyündükcə qəlbimiz,

Ayrılan deyilik biz.

De, sevgilim, bu sahil eşq anlamazmı, bəlkə

Yoxsa öz canına etdiyi nazmı bəlkə.

Bildim, qumsallı sahil o qədər qəlbi dar ki...

Dedim: Bizə var ki...

Hiss etdikcə qəlbimiz

Hələ sevəcəyik biz.

Gör, sevgilim, ləpələr mənimlə tay olurmu?

Onlar bəzən susur da... heç könlüm yorulurmu?

Duydum çılğın qəlbimin atəşi o qədər ki...

Dedim: bizə var ki...

Odlandıqca qəlbimiz

Daha mehribanıq biz.

Eh... Sevgilim, ləpələr oxşadıqca sahili

Mən qısqandım onlara, əsdi könlümün teli.

Düşündüm indi sahil o qədər bəxtiyar ki...

Dedim: bizə var ki...

Bir vurduqca qəlbimiz

Daha bəxtəvərik biz...

 

Bu şeirdə Müşfiq rüzgarı əsir. Şeirin intonasiyası şairin "Yenə o bağ olaydı" şeirini xatırladır. Müşfiq bu məşhur şeiri 1936-cı ildə yazıb. Əlirzanın yuxarıda sitat gətirdiyim "Bizə nə var ki..." şeiri "Ədəbiyyat qəzeti"nin 15 iyul, 1940-cı il sayında çap olunub. Təbii ki, təsirlənmə normaldır. Deyilənə görə, Müşfiqlə möhkəm dost imişlər. Müşfiqi də bu yazıda sevgiylə, sayqıyla anırıq.

Bu şeir şairin gələcəklə bağlı coşqun arzularının ifadəsidir, şeirin hər misrası gələcək günlərin səadətini müjdələyir. Nə yazıqlar ki, cəmi iki ildən sonra repressiya maşını Əlirzanın çağlar təbini susdurdu...

Əzizə xanım Cəfərzadənin oğlu Turan İbrahimov mənə onun biblioqrafiyasını təqdim etdi. Şeirləri ən çox "Ədəbiyyat qəzeti"ndə çap olunub. Bir də "Gənc işçi", "Kommunist" qəzetlərində, "Revolyusiya və kultura" jurnalında... İnternet resurslarında Qafar Əsgərzadənin məqaləsini çıxmaq şərtilə heç bir məlumat yoxdur. Yenə Əzizə xanıma istinad edək:

"Mən Xalq şairi Nəbi Xəzri və o dövrün başqa gənclərindən soruşdum, bir məlumat toplaya bilmədim. Əgər məqaləni oxuyan varsa, Əlirzanın qohumlarından, dostlarından, tanışlarından, həmyerlisi və kim olsa, bir şey bilirsə, xəbər versin. Gənc tədqiqatçılar 1935-ci ildən 1942-43-cü illərə qədərki latın və kiril əlifbası ilə nəşr olunmuş qəzet və jurnallardan Əlirzanın əsərlərini toplayıb xalqımıza çatdırsalar, xeyirxah iş olar. Xalqımız itmiş övladını, unudulmuş gözəl şairini yenidən tanıyar" (səh.202-203).

Əzizə xanım bu yazını 2001-ci ildə yazıb və o dövrdə çıxan qəzetlərdən birində çap etdirib. Təbii, həmin dövrdə internet, sosial şəbəkələr mövcud deyildi. Aradan iyirmi il keçib və Turan bəy bu yazını Əzizə xanımın "Tanıdıqlarım və sevdiklərim xatirələrimdə" kitabına daxil edib. Görünür, nakam şairin varislərindən bir kimsə qalmayıb. Onun ədəbi irsini toplayıb çap etdirmək missiyası bizlərin üzərinə düşür. Güman edirəm ki, bu yazıdan sonra tədqiqatçılar Əlirza Xızılı yaradıcılığı ilə maraqlanacaq və xalq repressiya qurbanı olmuş nakam şairini tanıyacaq.    

Əlirza Xızılı dünyadan doymadı. Yazmaq istədiklərinin hamısını yazmağa imkan vermədilər. Qara əllər onun da təmiz, ləkəsiz ömrünə uzandı, parlaq bir istedadı beşiyindəcə boğdular. Onun da Müşfiq kimi məzarı yoxdur... Amma o da nə vaxtsa yazdıqlarının bir gün oxunacağına ümid edib... Gələcək illərdə kiminsə bu həzin, sevgi dolu şeirləri oxuyacağına inanıb... Əks halda, yaza bilməzdi.

26 yaş nədir ki!..

Tanrı həyat eşqiylə coşub çağlayan bu şeirlərin itib-batmasına izn vermədi... Ruhuna rəhmətlər!

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.15.