"Həyat faciə, xoşbəxtlik
illüziya, sənət təsəllidir"
Əsəd Cahangirlə müsahibə
- Əsəd müəllim,
sizi incəsənət və ədəbiyyat məsələlərinə
dair yeni işıq üzü görən və ictimaiyyət
tərəfindən maraqla qarşılanan "Dionisin şərəfinə"
kitabınız münasibətilə təbrik edirik. Hər şey addan başlayır, gəlin, söhbətə
kitabın adından başlayaq.
- Təbrik üçün sağ olun. Teatr
və ümumən sənət antik şərabçılıq
tanrısı Dionisin şərəfinə keçirilən
misteriyalardan başlayır. Odur ki,
"Dionisin şərəfinə" deyimi "sənətin
şərəfinə" anlamına gəlir.
- Sizcə, tənqidçinin incəsənətə
bu marağının səbəbi nədir?
- Sənətlə
ilk tanışlığım beş
yaşında baxdığım "Mahnı dağlarda
qaldı" tamaşasından başlayır, onda hələ
tənqid nədir, bilmirdim. Amaliya Pənahovanın
xatirəsinə həsr elədiyim "Mahnı dağlarda
qalmadı" adlı məqalədə bu barədə
geniş söz açmışam. Üzündən
oxumağı bacarmayam uşaq niyə İlyas Əfəndiyevin
adını, "Mahnı dağlarda qaldı" sözlərini
eşidəndə belə təsirlənməli,
yaşından-başından böyük tamaşaya
baxmalı və hətta onu "başa düşməliydi"?
Bu sualların cavabını günün bu
günü də bilmirəm. Bu cavablar həyatın o
üzündə, metafizik tale qatındadır. Flober
yaxşı deyir ki, əgər bütün səbəbləri
bilsək, Allah olardıq.
- Bu yaxınlarda "Mədəniyyət"
kanalında yayımlanan "Üçüncü zəng"
proqramında da Amaliya Pənahova haqda
danışırdınız.
- "Mahnı dağlarda qaldı"dan sonra yüzlərlə
tamaşa və filmə baxmışam, amma bu tamaşa mənim
üçün indi də dünyanın ən sehrli
nağılı, İlyas Əfəndiyev ən böyük
nağıl yazarı, Amaliya Pənahova ən sevimli
nağıl qəhrəmanıdır. İlk təəssürat
heç vaxt unudulmur. Yəqin, buna görə
Amaliya xanım mənə "ən sadiq pərəstişkarım"
deyirdi.
- Sizcə, sənətin mahiyyətində
nə durur?
- Gözəllik!
Mən, əlbəttə, bunu deyəndə hər
dürlü cismani aşqardan təmizlənmiş füzuliyanə,
cavidanə gözəlliyi göz önünə alıram.
Bu gözəllik ruhu saflaşdırır.
- Saflaşdırma deyəndə, yəqin
ki, Aristotelin "katarsis"indən danışırsınız.
-
Doğrudan da, Aristotel "katarsis" deyəndə antik
"ujas"a baxan tamaşaçıda qorxudan yaranan içsəl
saflaşmanı nəzərdə tuturdu. Məsələn, təsəvvür
edin ki, atasını öldürdüyünü və
anası ilə evləndiyini bilən Edip sancaqla gözlərini
deşir və Afina teatrının çoxminlik auditoriyası
buna eyni vaxtda içini çəkməklə reaksiya verir. Adam bu heyrət dalğasında nə hala düşərdi?
- Sizcə, Edipin gözlərini
deşməsində gözəllikmi var?
- Aktyor bu
faciəni məharətlə oynayanda o, gözəlliyə
çevrilir.
- Edip demişkən, kitabda həcmcə
ən böyük yazını - "Bəhramnamə"ni vaxtilə "Çar Edip, yaxud alın
yazısı" tamaşasını hazırlamış
görkəmli rejissor Bəhram Osmanova həsr eləmisiniz. Bu kəmiyyət amili rejissorun gördüyü
işlərin keyfiyyəti ilə bağlıdırmı?
-
Şübhəsiz! Bəhram Osmanovun başqa rejissorlardan bir
neçə fərqi var: insan xarakterinin səhnədə
bütöv təcəssümü; aktyor potensialının
maksimum açılması; traktovkanın
konseptuallığı; ideyanın aktuallığı! Onun tamaşalarında bəzi aktyorları sanki ilk dəfə
görürük. O, lazım olan anda lazım olan
sözü deməyi bacarır, hətta Sofoklu səhnələşdirəndə
də çağdaş problemlərimiz haqda
danışır. Görkəmli rejissorun "Çar
Edip", "Kral Lir", "Köhnə ev",
"Mesenat", "Kaş araba aşmayaydı",
"Uçqun", "Müharibə" və digər
tamaşaları olmadan müstəqillik dövrü
teatrımızı təsəvvür eləmək olmur. O,
klassik rejissuranın milli teatrımızdakı son nümayəndəsidir.
Məncə, belə rejissorlarımız daha
olmayacaq.
- Müsahibləriniz arasında
Barat Şəkinskayaya xüsusi münasibət hiss olunur.
- Barat
xanımı uzun müddət başa düşməmişəm.
Çünki "Nazirin xanımı"nda
Jivkodan başqa, onu səhnədə görməmişəm.
"Məşədi İbad"dakı Sənəmi
çıxmaqla isə onun kinodakı rolları özəl
uğuru ilə seçilmir. Kiminsə arvadı, kiminsə
anası, kiminsə nənəsi... Bunlar onun
üçün deyildi. Hətta Sənəm
obrazı da uşaqlıqda mənə yad olub, çünki Məşədi
İbadın başına oyun açanlardan acığım
gəlirdi. Buna görə Cəfər Cəfərovun
"Azərbaycan Dram Teatrı" kitabında 30-50-ci illər
tamaşaları, özəlliklə də, Şekspir
tamaşalarında Barat Şəkinskayanı ayrıca
vurğulaması mənə qəribə
görünürdü. Sonralar Barat
xanımın xatirələrini oxudum, zamanla onun
özünün də, qəhrəmanlarının da taleyini
görməyə başladım. 90-ların
sonunda ondan müsahibələr alanda aktrisanı həm də
bir insan kimi tanıdım. 1928-ci ildə
Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni
bölüşən bir aktrisa ilə 1998-ci ildə həmsöhbət
olmağım mənə dünyanın səkkizinci
möcüzəsi kimi gəlir, əski çağlara
düşdüyümü hiss edirdim. Odan
son müsahibəni vəfatından üç gün öncə
"Ekspress" qəzeti üçün mən
götürmüşəm, onun haqqında ilk nekroloqu da mən
yazmışam. Görünür, dünyasını dəyişəcəyini
hiss elədiyindən o mənə teatrın pərdəarxası
sirlərini açır və deyirdi: "Bunları sənə
ona görə danışıram ki, bilirəm gələcəkdə
yazacaqsan".
- Yazdınızmı?
-
Yazmışam, amma hələ ki üzə çıxarmaq
fikrim yoxdur. Şok effekti doğurmaq istəmirəm.
- Deməli, Barat xanıma özəl
münasibətiniz onun sizi teatrın pərdəarxası sirlərindən
agah eləməsilə bağlıdır.
-
Əsla! Bu çox subyektiv bir şey olardı.
Barat xanım Barat xanımdır. Mən onun ifasında Cülyettanın balkon səhnəsindəki
monoloqunun səs yazısını eşidəndən sonra
teatrşünas Cəfər Cəfərovun nə dediyini
başa düşdüm. Bu nəsə
insan nitqinin ötəsində bir səs, mələklərin
nəğməsi idi. O, təkcə elə Şekspirdə
dörd rol oynamışdı - Cülyetta, Kardeliya, Viola və
Dezdemona. Ona "Şekspir aktrisası"
deyirdilər. Romeo rolunun
ifaçısı Ülvi Rəcəb tamaşadan sonra səhnəyə
aktrisanın özü boyüklükdə gül dəstəsi
qoydurmuşdu. Hüseyn Cavid onun
Cülyettasına baxıb, pərdə arxasına gəlmiş,
"Gözəl oynayırsınız, çox gözəl
oynayırsınız, sizin üçün "Nüşabə"
adlı bir pyes yazıram" demişdi. Rejissor
Mehdi Məmmədov həmişə "Ən xoşbəxt
teatr odur ki, orda Barat var" deyirmiş. Adil İsgəndərov
onu Dezdemona rolunda qala bürcünün üstündə, ağ libasda görmək üçün
"Otello"nu səhnələşdirmişdi. Mərziyə Davudova "Otello"
tamaşasından sonra onun alnından öpmüş və -
"Mən indi səhnəni arxayınca sənə təhvil
verib, gedə bilərəm", - demişdi. Rus teatrşünası Obraztsov onun Violasına
baxıb heyran qalmış, - "Mən bu oyun, bu geyim, bu
qrimlə dünyanın bütün səhnələrini gəzərəm",
- demişdi. Yəni söhbət, sadəcə,
mənim münasibətimdən getmir.
- Sizcə, onun müstəsnalığı
nədə idi?
- Bir tərəfdən
antik və intibah dönəmi Qərb saray xanımları, o
biri tərəfdən, milli qulluqçular - "Hacı Qənbər"də
Yetər və "Məşədi İbad"da Sənəm!
Bir tərəfdən italyan xalq meydan komediya teatrı
üslubunda Mirondalina, o biri tərəfdən,
başdan-başa tragizmlə süslənmiş Şirin!
Kişi rolu - Napoleon, uşaq rolu - Til-til, kişi
paltarı geymiş qadın rolu - Viola! O janr, yaş, cins,
baş qəhrəman və ikinci dərəcəli rol, mənfi
və müsbət qəhrəman, qulluqçu və
xanım, milli və dünya dramaturgiyası baxımından
amplua məhdudiyyəti tanımayan çoxtərəfli
istedad idi. Teatr tariximizdə ikinci belə aktrisa
olmayıb. Amma onun qədər haqqı
tapdalanan da yoxdur. Respublikanın o vaxtkı
rəhbəri Vəli Axundov küsüb getmiş aktrisanı
teatra qaytarmaq üçün ona SSRİ Xalq artisti fəxri
adı vəd eləmiş, amma sonra bu adı öz həmyerlisi
Hökümə Qurbanovaya vermişdi.
- Hökümə xanım bu ada
layiq deyildi?
- Bundan
artığına da layiq idi, amma indi söhbət kimin daha
haqlı olmasından, Respublika rəhbəri kimi ali görəv sahibinin öz vədinə xilaf
çıxmasından, hər addımda üzləşdiyimiz
yerlibazlıq sindromundan gedir. Hökümə
xanım Azərbaycan teatrının ən şahanə 2-3
aktrisasından biri, vizual fakturası, çılğın
temperamenti, özəlliklə də, gözəl tembrli səsiylə
səhnəmizdə fenomenal təzahür idi. Amma o, daha çox qəhrəman rolları oynayan,
amplua məhdudiyyəti olan monoton aktrisa idi. Onun Şirin,
Oliviya, Hermiona, Kleopatra kimi kübar və hökmdar qadın rolları
vardı, amma qulluqçu, kişi, uşaq
rolları yox idi. Yəni onun səhnədə
başqalaşma imkanı Barat xanım qədər geniş
deyildi. O, rus təhsilli olduğu, şəhərdə
doğulub böyüdüyü üçün kəndli
qız və qadınların rolunu o qədər də
uğurla oynamırdı. Bir faktı yada salım.
Hökümə xanımın baş rolu - Bənövşəni
oynadığı "Kəndçi qızı"
tamaşasından sonra dramaturq Mirzə İbrahimov demişdi:
"Barat mənim belimi qırdı!".
Mirzə müəllim bu sözlərlə obrazın səhnə
təcəssümündən narazı
qaldığını, səhhətindəki problemlə
bağlı sürətlə çəki alan
Baratın gənc Bənövşəni oynaya bilməməsindən
dolayı təəssüfünü bildirmişdi.
- Kitabda Hökümə
Qurbanovaya yer ayırmamısınız.
-
Hökümə xanımı həyatda görməmişəm.
O, dünyasını dəyişəndə mən hələ
tələbə idim. Mən onun
ömrünün son on ilində oynadığı Ledi Maqbet və
Günəş ana rollarına baxa bildim. Bu
rollar artıq o deyildi - günəş qüruba enmişdi.
Amma Mehdi Məmmədovun aktrisaya həsr elədiyi "Onun sənət
ulduzu" kitabını dönə-dönə oxuduğumdan,
aktrisanın əksər rollarını görmüş kimiyəm:
hüznlü Oliviya; günahsız Hermiona; ehtiraslı
Kleopatra... İndiyəcən aktrisa haqqında
Mehdi Məmmədov, Tələt Əyyubov, Tofiq Abidin,
İmran Axundovun kitabları dərc olunub. Allah
qismət eləsə, böyük aktrisamız haqqında bir
kitab da mən yazmaq istərdim.
- Mehdi Məmmədovdan sonra
Hökümə xanım haqda kitab yazmaq istəyirsiniz?
- Mehdi
müəllim bir sıra məsələlərin
üstündən sükutla keçib. Məsələn,
necə oldu ki, Mariya Tüdor rolu Barat xanım
üçün nəzərdə tutulduğu halda bu rolda səhnəyə
Hökümə Qurbanova çıxdı? O vaxt belə
məsələləri yazmaq yasaq idi - hər şey
ölçü-biçili, ütülü olmalıydı. Heç Hökümə xanım özü də
bunu istəməzdi. Bir sıra məsələləri
yazmağa isə rejissorun professional rəqabət hissi imkan
verməmişdi. Məsələn,
aktrisanın yaradıcılığının zirvəsi
Kleopatra roludur, amma müəllif kitabda bu rol üzərində
xüsusi dayanmır. Çünki
"Antoni və Kleopatra" tamaşasının rejissoru Tofiq
Kazımovla araları sərin idi. Kitabda belə problemlər
az deyil.
- Sənətlə bağlı
yazılarınız üslubi baxımdan ədəbi tənqidi
məqalələrinizdən fərqlənir. Bu nə
ilə bağlıdır?
- Ədəbiyyatşünaslıq yazılarıma
Yaşar Qarayevin, sənətlə bağlı
yazılarıma Mehdi Məmmədovun təsiri olub. Hiss etdiyiniz üslubi fərqlər
bundan irəli gəlir. Mehdi Məmmədovu
oxuyanda elə bil, zalda oturub tamaşanı izləyirsən.
Bu yazılar həm də bir az təmtəraqlı,
teatral bir dillə yazılıb. O, qollarını sinəsində
çarpazlayıb, Hamletin məşhur monoloqunu necə sakit,
aramla deyirdisə, elə də yazırdı.
- Sizcə, Amaliya Pənahova görkəmli
rejissorun tamaşalarında niyə rol almayıb?
- Mehdi Məmmədov Amaliyaya Tofiq Kazımovun aktrisası
kimi baxırdı. Bunlar fərqli rejissorlar, fərqli
üslublar, fərqli zövqlər idi. Bura
iki istedadlı rejissor arasında professional rəqabətdən
doğan soyuq münasibəti də əlavə eləsək,
hər şey aydınlaşar. Bununla belə,
aktrisanın rol dəftərindəki qeydlər göstərir
ki, o, Mehdi Məmmədovun quruluş verdiyi "İblis"
tamaşasında baş rolda səhnəyə
çıxmalıymış. Amma nədənsə,
bu plan baş tutmamış, İblisi Həsən Turabov
oynamış, Hamlet Xanızadə isə ona dublyorluq eləmişdi.
- Kitabda teatr, kino, musiqi, televiziya,
kulturologiya bölümləri var. Sizcə, sənətin mənbəyi
bunların hansıdır?
- Məncə,
başlanğıcda incəsənətin bütün növlərini
özündə birləşdirən ana sənət olub. Bütün sənətlər bu "ana"dan
doğulub. Əski insan ovlayacağı heyvanın yerdə
şəklini cızırdı - bu, rəssamlıq idi; sonra
şəklin çevrəsində fırlanır, rəqs
edirdi - bu, musiqi idi; mahnı oxuyurdu - bu, musiqi və poeziya idi;
ovu imitasiya edərək çəkdiyi şəkillərə
nizələr sancırdı - bu, teatr idi; sonra bu səhnələri
qayalara, daşlara həkk edirdi - bu, heykəltəraşlıq
idi.
- İncəsənətə
olan bu marağınıza baxmayaraq, niyə bu sahəni
seçmədiniz?
- Atam hətta
filologiyaya gəlməyimə də razı deyildi, istəyirdi
ki, hüquqşünas olum. Sonralar mənə
iki dəfə ixtisasımı dəyişmək təklif
olundu, amma heç birini qəbul eləmədim. İncəsənət
İnstitutundan gəlmiş Ələkbər müəllim
universitet tələbələri ilə
"Aydın"ı hazırladı və mənə
baş rolu verdi. Tamaşa Aktyorlar Evi, sonra
Politexnik İnstitutunda göstərildi və razılıqla
qarşılandı. Mədəniyyət
Nazirliyinin əməkdaşı mənə İncəsənət
İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə
keçməyi təklif elədi. Razı
olmadım. Belə gözlənilməz,
radikal addıma hazır deyildim. Bundan təxminən on il sonra Lütfi Məmmədbəyovdan
müsahibə alanda dedi ki, gəl, səni Rejissorluq fakültəsinə
qəbul eləyək. Yenə razı olmadım
ki, artıq gecdir. Onda bilmirdim ki, rejissorluğa elə bir
az gec gəlməlisən, müəyyən
həyat təcrübəsi toplayandan, otuzu keçəndən
sonra, ikinci təhsil kimi. Bunu başa düşəndə,
doğrudan da, gec idi.
- Lütfi Məmmədbəyov
haqda yazınız "İlahi tamaşanın aktyoru"
adlanır. Niyə məhz
ilahi?
-
Lütfi müəllim "Bəxtiyar" filmində ilk dəfə
səhnəyə çıxan dostunun ayaqları altına
gül dəstəsi atan Həbibi oynamışdı. O, sadəcə,
kinoda deyil, həyatda da neçə-neçə gənc
aktyorun ayağı altına gül dəstəsi
atmışdı. Bu onun tale təyinatı, o
ilahi tamaşanın aktyoruydu. Bu sözləri
məndən eşidəndə Lütfi müəllim gözlənilmədən
durdu ayağa, getdi pəncərənin qabağına,
bayıra baxmağa başladı. Bir də
gördüm ki, çiyinləri atlanır -
ağlayırdı. Çox pərt
olmuşdum. Bir neçə dəqiqədən
sonra gözünü dəsmalla silib qayıtdı yerinə,
söhbətə davam elədik. Yazı dərc
olunandan sonra qəzetdən bir nüsxə götürüb
getdim teatra. Çox razı
qalmışdı. Mənə bir qutu
şokolad və bahalı bir içki bağışladı.
Sonralar məni uzaqdan görən kimi "Sənətkar!"
deyib əlini qaldırırdı yuxarı. Bu zarafat onun vəfatına qədər davam elədi.
Allah rəhmət eləsin!
- Ailənizdə sənət
mühiti olubmu?
- Valideynlərim
müharibə dönəmi uşaqları olduğundan öz
ömürlərini yaşamadılar. Amma hər
ikisi sənət zövqünə malik idi. Özəlliklə də, atamın rəyi mənim
üçün meyar idi. Kitabda Zeynəb
Xanlarovaya həsr olunmuş "Səhnəmizin
sultanı" portret yazısının kökündə
birbaşa atamın bu korifey sənətkara münasibəti
dayanır.
- Bir dəfə Zeynəb xanım əleyhinə
çıxış edən ünlü bir müğənniyə
sosial şəbəkədə etiraz etmişdiniz.
- Zeynəb
xanımın hər çıxışı bizim
üçün sənət bayramı idi. Marsel Prustun qəhrəmanı
öz uşaqlığına alma qoxusuyla
döndüyü kimi, mən də indi o illərə Zeynəb
xanımın səsi ilə qayıdıram. Onun
səsi epoxaldır. O, 1984-cü ildə Beyləqana
konsert verməyə gəlmişdi. Amma raykomun
binası qarşısında düzənlənən konsertdə
elə basabas düşdü ki, müğənnini zorla birtəhər
maşına əyləşdirib, meydandan
uzaqlaşdırdılar. Təsəvvür
edin ki, basabasda ayaq altda qalıb ölən olmuşdu. 1969-cu ildə Liviyaya qastrol səfərinə gəlmiş
məşhur Misir müğənnisi Ümmü Gülsümə
hörmət əlaməti olaraq inqilabçılar öz
çevriliş planlarını təxirə
salmışdılar. Təəssüf ki,
biz öz sənətkarlarımıza afrikalılar qədər
hörmət eləmirik.
- Bəzən deyirlər ki, Zeynəb
Xanlarova səhnəyə şənlik, şuxluqdan başqa
heç nə gətirməyib?
- Səhnəyə
şənlik, şuxluq, dinamizm gətirmək bəyəm
azdır? O özünəqədərki statik mahnı
ifaçılığına həyat nəfəsi verib. Orteqa-i-Qasset deyir ki, sənət dünyanı xilas
edə bilməz, o, uzaqbaşı insandakı şənlik
ovqatını oyada bilər. Umberto Eko
"Qızlgülün adı" romanında yazır ki,
insanın xilas yolu Aristotelin gülüş haqqındakı
itkin kitabını tapmaqdadır. Mən
Nizaminin "Şadlıqdır, eyhamdır sözün
arğacı" misrasını xatırlatmaq istəmirəm,
çünki özümüzünkülərə
inanmırıq, hökmən bir ispan, ya italyan deməlidir ki,
inanaq. Bu gün dəbdə olan fikrin əksinə,
sənətin mahiyyətində sevinc dayanır. İnsan sənətlə ünsiyyətdə sərt,
amansız həyatın gətirdiyi hər cür dərdi,
qayğını unutmalıdır. Buna
görə o illərin dinləyiciləri Zeynəbi belə
sevdilər. Sadə bir ailədən
çıxmış büllur səsli bu dağlı
qızı xalqın xoşbəxtlik arzusunun təcəssümü
idi.
- Xalq tapa bildimi o xoşbəxtliyi?
- Həyat
faciə, xoşbəxtlik illüziya, sənət təsəllidir.
- "Səs" essesində
yazırsınız: "Çağdaş musiqi daha çox
hay-küydən ibarətdir, onun ruhundan, melodiyasından daha
çox, cismi, ritmi var". Doğrudan
yəni durum bu qədər acınacaqlıdır?
- Mən
burda ən ümumi gedişdən danışmışam.
Əlbəttə ki, ruhu, melodiyası olan bəstələr də
var. Amma Səid Rüstəmov, Qənbər Hüseynli, Tofiq
Quliyev, Rauf Hacıyev, Şəfiqə Axundova, Cahangir
Cahangirov, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova,
Oqtay Kazımi, Tahir Əkbər artıq yoxdur. Daha Fatma Qədri,
Barat Şəkinskaya, Ələsgər Ələkbərov,
Hökümə Qurbanova, Əli Zeynalov, Həsən Turabov,
Amaliya Pənahova, Şəfiqə Məmmədova, Vəfa Fətullayeva
kimi qeyri-adi səs tembrinə malik aktyorlar meydana
çıxmır. Daha Cavidin, Cabbarlının qəhrəmanlarının
yeri-göyü titrədən monoloqları yazılmır. Daha efirdən Aydın Qaradağlının, ekrandan
Ofeliya Sənaninin səsi gəlmir. İndividual,
fərdi, təkrarsız səs faktoru aradan qalxır. Ümumi xor kapellasının içində solistlərin
səsi eşidilmir. Bu, istedad amilinin getdikcə
yoxa çıxması anlamına gəlir. Çünki istedad həmişə fərdi, təkrarsızdır.
Sənətdə robotlaşma, texnikiləşmə
prosesi gedir. İstedad öz yerini
postistedada verir.
- Amma müsahibləriniz arasında gənc
xanəndə Murad Laçınlı da var.
- Hər
bir prosesdə və sistemdə istisnalar olur, Murad da klassik səs
tembri və ifa ruhunu yaşadan istisnalardan biridir. Onun gələcəkdə korifey sənətkar
olacağına inanıram.
- "Səs" essesində
Azərbaycanı üç hissəyə
bölürsünüz: söz, səs və rəng bölgələri. Bu bölgünün əsasında nə
durur?
-
Bölgünü coğrafi və mədəni amillərin bir
araya gəlməsi ilə şərtlənən geokulturoloji
prinsiplə aparmışam. Bu bölgüyə
görə dağlıq ərazilər daha çox söz sənəti,
çökəkliklər rəng incəsənəti ilə
bağlıdır, səs bu ikisinin arasında yerləşir.
Ona görə Naxçıvan, Göyçə,
Qazax və Borçalını söz, Bakı və onun ətrafını
rəng, bu ikisi arasında yerləşən Qarabağı isə
səs bölgəsi kimi səciyyələndirməyə
çalışmışam.
- "Səs"iniz səs
sala bildimi?
- Anar
müəyyən razılaşmadığı məqamları
qeyd etməklə yanaşı, esseni maraqla, Elçin
razılıqla qarşıladı, Nizami Cəfərov hətta
"kəşf" adlandırdı. Qulu
Ağsəs öz təşəbbüsü ilə
"Ulduz"da dərc etməklə, Azər Turan isə
"Ədəbiyyat qəzeti"ndə verməklə essedən
razı qaldıqlarını bildirdilər. Gənc şair Fuad Cəfərli esse haqqında
ayrıca yazı ilə çıxış elədi. Çoxlu rəylər oldu. Amma
essenin səs saldığını desəm, mübaliğəyə
yol verərəm.
- İran rejissorlarından Məcid
Məcidinin "Peyğəmbər", Əsgər Fərhadinin
"Satıcı" filmləri haqqında
yazılarınız var. Qonşu ölkənin
kinematoqrafiyasına bu özəl maraq nədən irəli gəlir?
- Məcidinin "Peyğəmbər" filmindən
mövzusuna görə yazmışam. Onun filmləri arasında ən
çox sevdiklərim, əslində, "Sərçələrin
nəğməsi", "Cənnətin
çocuqları", özəlliklə də
"Allahın rəngləri"dir. İran kinosu tarixində
ən bahalı film olan, çəkilişi illərlə
sürən "Peyğəmbər" öz süjet
yayğınlığı, kompozisiya
dağınıqlığı, poetik idealizəsiylə, məncə,
o qədər də uğurlu alınmayıb. Filmin önəmi
o oldu ki, onu görəndən sonra Misir rejissoru Akkadın
1976-cı ildə ekranlaşdırdığı "Peyğəmbər"inə
yenidən baxdım. Fərhadinin Oskar
almış "Satıcı" filimindən isə
rejissorun amerikanpərəst mövqeyi ilə razı
olmadığım üçün yazmışam. Bizdə də sənətin və ümumən həyatın
qibləsini Qərbə tərəf çevirmək istəyənlər
var, özəlliklə də, gənclər arasında
manqurtlaşma gedir. "Satıcı"
barədə yazmaqdan əsas məqsədim Oskar
oyunlarının ideoloji tələ olduğunu demək idi.
- Akkadın filminə yenidən
baxıb nə qərara gəldiniz?
- Mənim Peyğəmbər haqqında təsəvvürüm
bu filmdəkindən fərqlidir. Məsələn,
çox istəyərdim, Həzrəti Cəbrayılın
ilk dəfə Peyğəmbərin gözünə
üfüqlərdən görünməsi, yaxud Bədr
döyüşündə mələklər ordusunun göydən
enərək müşrikləri pərən-pərən
salması filmdə canlandırılaydı. Rejissorun təsəvvürü isə qanadsız,
prozaikdir. O, realizmə konseptual yanaşmayıb,
reallığın hamının gördüyü bəri
üzünü çəkib, o biri üzünü isə
göstərməyib. Ya buna inanmayıb, ya ekran
həllini tapmayıb, ya da sadəcə, imkan verilməyib.
Məcidi Peyğəmbərin ayağını
yerdən çox üzdüyü kimi, Akkad da onu yerə
çox bağlayır. Peyğəmbər
isə yerlə göy arasında qərar tutan mediatordur.
- Dünya kinosu və ədəbiyyatımız
mövzusunda nəsə yazmaq fikriniz varmı? Çünki
son dövrdə bu əlaqə qabarıq hiss olunur.
- De Sika,
Kurosava, Antonioni, Tarkovski, Mel Gibson, Haneke, Balabanov və digər
rejissorların çağdaş nasirlərimizin
yaradıcılığına təsiri mövzusunda yazsam da,
hələ ki çapa verməyə tələsmirəm. Dünya kinosu ənənələrini milli ədəbiyyata
gətirməyə mütərəqqi hadisə kimi
baxıram. Bu təsir getdikcə
vizuallaşan zamanın kulturoloji səciyyəsinə
uyğundur.
- Kitabın
"Televiziya" bölümündə Həmid-İlhamiyyə
dueti və sənət proqramlarının aparıcısı
Vidadi Hüseynovdan yazmısınız. Bu seçimi necə izah edərdiniz?
- Bir dəfə
Mehdi Hüseyn ezamiyyətdən atası haqda oçerklə
qayıdan İsa Hüseynovdan soruşur ki, niyə öz
atandan yazmısan? Gənc yazıçı
cavab verir ki, çünki onu yaxşı tanıyıram.
Mənim də məhz bu adamlardan yazmağımın
birinci səbəbi onları yaxşı
tanımağımdır. Amma bu yeganə
səbəb deyil. Orijinallıq cəhdləri
ilə seçilən bu şəxslər hər biri öz
işinin həm ustası, həm də fanatıdır.
- Artıq neçə illərdir
ki, müxtəlif telekanallarda fərqli proqramlarda
çıxışlar edirsiniz. Bunların
hansında özünüifadə imkanı daha çoxdur.
Ümumən, televiziyanın hazırkı durumu
barədə nə düşünürsünüz?
-
İlqar Fəhminin aparıcılığı ilə bir
neçə il iştirakçısı
olduğum "Məclisi-üns" proqramını yada salmaq
istəyirəm. Bu, xalqımızın yüksək
materiyasından söz gedən intellektual proqram idi. Flora
Xəlilzadənin "Yadigarlar", Sayman Aruzun
"Körpü", Turan Uğurun "Güzgü",
Mintac Elsevərin "Üçüncü zəng", Səyyarə
Səyyafın "Ovqat" proqramlarının
iştirakçısı və ya tamaşaçısı
olmaq maraqlıdır. Məncə, televziyada
müasir ədəbi proseslə bağlı proqrama ehtiyac var.
- Son illərdə oxuduğunuz sənətşünaslıq
kitablarından hansı sizə daha maraqlı gəlib?
- Ədalət Vəliyevin "Teatr, ruh və əqidə"
kitabı təxminən son on ildə oxuduğum ən dəyərli
sənətşünaslıq işlərindən biri, bəlkə
də, birincisidir. Cəfər Cəfərovun teatr tariximizlə
bağlı fundamental kitabından sonra bu, teatr tariximizin dərkində
yeni mərhələdir. İlham Rəhimlinin
bir çox kitabları, özəlliklə də Barat
xanımın portretini yaratdığı "Baratın
özü, İlhamın sözü" kitabı öz
müəllifinin düşüncə sərbəstliyi və
faktoqrafik incəliklərə bələdliyi ilə
maraqlıdır. Son bir ildə rus və
dünya sənətşünaslığından Tovstonoqov,
Tarkovski, Piter Brukun kitablarını oxumuşam.
- Əsəd müəllim,
maraqlı söhbət üçün sağ olun. Sizə gələcək fəaliyyətinizdə
başarılar diləyirik.
- Diqqətiniz
üçün minnətdaram.
Söhbətləşdi: İradə
AYTEL
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.16-17.