"Qəfil yaxalayır sevgi adamı"

 

Şair Fəxrəddin Teyyubun "Ruhların sevinən günü" adlı şeirlər kitabı haqda

 

Ötən həftə Yazıçılar Birliyində şair Fəxrəddin Teyyubun "Ruhların sevinən günü" adlı şeirlər kitabının təqdimatı oldu. Fəxrəddin Teyyubun dövri mətbuatda az görünən, lakin həyat dolu, pozitivliyi ilə yadda qalan şeirlərinə ehtiramım məni "Natəvan" klubunda düzənlənən həmin tədbirə apardı.

Bəri başdan deyim ki, Fəxrəddinin bu şeirlər kitabı toplu halında mənə bir neçə qatda bəstələnmiş duyğuların simfoniyasını xatırlatdı. Adətən, yaradıcı insana onun yaşadığı mühitin rəngləri, dünyagörüşü, mütaliəsi, ən əsası da genetik yaddaşı və inancları dayanmadan enerji ötürür. Düşünürəm ki, şairlərdə olduğu kimi, yaradıcılığa təkan verən bu cür enerji qaynaqları yazıçılara, rəssamlara, bəstəkarlara, memarlara da eyni qaydada enerji ötürərək ilham mənbəyinə çevrilir.

"Ruhların sevinən günü"nü oxuyarkən kitabdakı şeirlərin bir neçə qədim və genetik enerji mənbəyini özüm üçün təyin edə bildim. Təbii ki, genetik baza insanın çox qədimlərdən gələn yaddaşında olduğuna görə əksər vaxtlar bu cür enerji mənbəyinin haradan qaynaqlanmasından yaradıcı şəxslərin özlərinin də xəbəri olmur. Bu mənada Fəxrəddin Teyyubun şeirlərində duyduğum enerji qaynaqlarından ən birincisi qədim əcdadlarımızdan, şamanlarımızdan gələn ağac kultudur. Həmin ibtidai inancımıza görə, ilkin insan səmadan çiçəkli yaşıl bitkilərlə bəzənmiş torpağa enən Umay Ananın qucağında və Qayın ağacının himayəsində böyüyür. Bu inancdan gələn genetik yaddaş Fəxrəddin Teyyubun poetik dünyasındakı bütün ağacları doğma bacı-qardaşa, Ananı isə unudulmaz həyat mənbəyinə çevirir. Əlbəttə, deyə bilərsiniz ki, Ana hər bir insan üçün ilkinlikdir, həyat mənbəyidir, müqəddəsdir. Doğrudur! Ancaq Fəxrəddin öz şeirlərində, hamımızdan fərqli olaraq, Ananı sonsuz sayda xatırlayır, şamanlar kimi onun qutsal ruhunu daima başının üstündə həyatına nəzarət edirmiş kimi düşünür. Şair xeyirxah Anasının ruhunun nəzarəti altında ləyaqətlə yaşayır və özünün həmin ruh tərəfindən qorunduğuna inanır.

 

Döyünür sinəmdə yaxşılıq ilə,

Ürəyim anamın yadigarıdır.

 

Odur ki, həssas oxucu da şairin poetik fikrinin məhsulu olan hər bir şeirində Ananın ruhunun nəzarətini hiss edir. 

 

Anam deyərdi ki, obaşdan durun,

Könül oxşamağa bir az tələsin.

Ürəyə dəyməyin, uzaq, yan durun,

Qayğılı kəslərin üstündə əsin.

 

Genetik yaddaş, üstəgəl, sevimli Ananın insanlara məhəbbət bəsləmək tapşırıqları şairin hər misrasında ürək kimi döyünür. Hər anını Ana həsrətində yaşayan şair başqa bir şeirində deyir:

 

Nə səsim, nə də ki, ünüm yoxdu ki...

Necə yoxluğuna yanmayım, ana!

Elə bir saatım, günüm yoxdu ki,

Səni düşünməyim, anmayım, ana!

 

Biz doğuluruq, iməkləyirik, uşaq oluruq, gəncləşirik, yaşa doluruq, qocalırıq... Analar isə hər zaman elə Ana olaraq qalır. Hansı Ana? Təndir çörəyi qoxuyan Ana!

 

 

Ətri məst edirdi uzaqdan bizi

Təndirdə anamın isti çörəyi.

 

Hansı Ana? İmkansıza əl tutmağı öyrədən Ana!

 

Bir kasıb öləndə deməyin "sağam",

Açın çörək dolu əllərinizi.

"Hansı yıxılanı qaldıracağam" -

Düşünün açanda səhərinizi.

 

Hansı Ana? Evə gələnləri xoş çöhrəsilə qarşılayan Ana!

 

Hanı darvazanı açıb-bağlayan,

Sənsiz həyət-baca daha yetimdi.

 

Hansı Ana? İnsanlara yaxşılıq etməyi öyrədən Ana!

 

Döyünür sinəmdə yaxşılıq ilə

Ürəyim anamın yadigarıdır.

 

Fəxrəddin Teyyubun şeirlərindəki Ana obrazı qutsal, Ananın sözləri, xatirəsi, nişanəsi müqəddəs sayılır.

 

Bəzən inciyirəm özüm özümdən,

Sən hardan biləsən halımı, ana.

Gərək qoruyaydım yaylığını mən,

Gərək saxlayaydım şalını, ana.

 

Psixologiyaya qalarsa, Ananın yaylığı ilə insanın uşaqlığı assosiativdir. Ananın yaylığını arzulayan övladın yaşı bu gün yetmiş olsa da, insan bəzən özünü daxilən başqa yaşda hiss edir. Yəqin, razılaşacaqsınız, buradakı ana istəyi, buradakı duyğu yetmiş yox, yeddi yaşlı uşağın duyğusudur. Və görünən budur ki, Fəxrəddin özünün daxili saflığının sayəsində poetikanı uşaq səmimiyyətinə qədər qaldıra bilmişdir.

Şair öz nənəsinin ölümünü xatırlayanda da biz onu yenə Anasının yanında uşaq görürük:

 

Gecədən... yağan qar yolu bağladı,

Hardan bu qar gəldi, bu sazaq gəldi.

Nənəm köç edəndə yer-göy ağladı,

İlk dəfə anama yazığım gəldi...

 

Dediyimiz kimi, bu şeirlər simfoniyasının başqa bir qatı isə ağaclardır. Müqəddəs ağaclar! Ağaclar haqqında yazılmış şeirlərində şair hər ağacla onun öz dilində danışır, onları öz biçimlərinə, gözəlliklərinə uyğun əzizləyir. Həmin şeirləri oxuyanda görürsən ki, boyunu sevdiyi hər bir ağac şairi dinləyir, onu başa düşür və onun bu sevgisindən fərəhlənir. Otlarla, ağaclarla, çiçəklərlə, küləklərlə - ümumən təbiətlə pıçıldaşan, dərdləşən şair qoca şamanlar kimi qavalın üst tərəfini, yəni qutsal ruhların uyuduğu yeri döyəcləyir. Qavalın ruhlar məskən saldığı üst qatını isə yalnız ruhlarla və dilsiz təbiətlə danışa bilən yetkin şamanlar döyəcləyə bilər.

 

Tutun yarpağından öpüb gedirəm,

Yaşıl xatirədir ömrün hər günü.

Səhər gözlərimə təpib gedirəm

Titrəyən yarpağın təbəssümünü.

 

Metaforaya baxın: titrəyən yarpağın təbəssümü!  Doğrudan da, titrəməyən yarpaqda təbəssüm duymaq mümkün deyilmiş.

Ərik ağacı ilə söhbət:

 

Hər səhər dayanıb baxıram sənə,

Nə gözəl boyun var, ərik ağacı.

Necə də doğmasan, əzizsən mənə,

Gəl bir az dərdləşək, ay ağac bacı...

 

Kitabdakı "İlahi, çox görmə bu bağı mənə" adlı şeiri oxuyanda göz önünə hər ağacla öz dilində söhbətləşən mifik gücə malik bir şair obrazı film kadrları kimi göz önündən keçir.

 

...Əzgil gül açanda yuxusu gəlir,

Heyvanın duruşu - xanım duruşu.

 

Əncirə alınmaz qalam deyirəm,

Bu il bala verib, gərək ayıram.

Səhər gedib tuta salam deyirəm,

Budaq əllərini sığallayıram.

 

İnnabı sevmirəm barın xətrinə,

Ağamdı, bəyimdi əli belində.

Nə vaxtsa dəymişəm narın xətrinə,

Sancır hərdən məni tikan dilində.

 

Alma ağacı da məni unudub,

Varından yarınıb, gəlhagəlidi.

Yarpaq duvağını üzünə tutub,

Xurma elə bil ki, sarı gəlindi.

 

Ağrın mənə gəlsin, zoğal, ağrıma,

Susun görüm, alça, badam nə deyir.

Elə ki, gilası basdım bağrıma,

Şaftalı qısqanır, ərik inciyir.

 

Ağac kultu, ağaca çevrilmə Fəxrəddin Teyyubun duyğularına çöküb, poeziyasının mayasına çevrilib. Buna görədir ki, onun şeirləri yaşıl rəngə çalır, rahat nəfəs alır.

Şairin təbiətlə qaynayıb-qarışmaq həvəsinə baxın:

 

Bənövşə, bir az da çəkil o yana,

Qoy bitim yanında, mənə yer elə.

 

Sözsüz ki, Fəxrəddin Teyyubun poeziyasında bol fərəh olduğu kimi, kədər də az deyil. Lakin onun poetik kədəri insana neqativ duyğu ötürən, depressiv kədərlərdən deyil. Çünki həmin kədərin arxasınca mütləq işığın gələcəyini hiss edirsən, gözləyirsən. Onun  şeirlərindəki kədər motivləri kainatın qanunu, xaosun naxışı, taleyin qaçılmaz payı kimi gəlir adama, ona görə heç vaxt oxucunu narahat eləmir.

Fəxrəddin öz oxucusu ilə o qədər səmimi və açıq "oynayır" ki, onun şeirlərinin qatlarında gizlənmiş bəzi fikir və duyğulardan şairin xarakterini, şəxsiyyətini də müəyyən etmək olur. Məsələn, həssas oxucu təkcə aşağıdakı bənddən şairin nə qədər təvazökar və öz şəxsiyyətini qoruyan bir insan olduğunu dərhal duymalıdır:

 

Mənim öz yolum var, demə "sür ordan",

Tanrıya yaxınam, gəlir nur ordan.

Hələ deməyiblər mənə "dur ordan",

Əzəldən yerimi bilən şairəm.

 

Bu iki misrada isə böyük bir sufi könlü yatır:

 

Özüm öz yaxama qarğış tökmüşəm,

Demişəm, İlahi, var vermə mənə.

 

Yaxud başqa bir sufiyanə açılım:

 

Kisəsi boş qalar bir məmləkətin,

Olsa mənim kimi xəzinədarı.

 

Özündən sonranı düşünən, bizdən sonra dünyaya gələnlərin taleyi üçün narahat olan bir şəxsiyyət:

 

Dünyanın işləri xoşuma gəlmir,

Bizdən sonrakılar necə olacaq?

 

Başqa bir şeirində şairin nə qədər bütöv xarakterə malik  olmasını anlayırsan:

 

Ömrümü özümə haram eylərəm,

Ürəyim deyəni dilim deməsə.

 

Kitabda başqa ritmə köklənmiş kamil duyğulu sevgi şeirləri də var. Giziltili payız ritmində qələmə alınmış bu şeirlərə gecikmiş sevgi etirafları da demək olar. Poetik duyğularla süslənmiş həmin sevgi şeirləri mənə bir vaxtlar poçt qutusu ilə yola saldığımız sevgi məktublarını xatırlatdı. Elə bil, sevən bir gəncin məktubunu hansısa gizli əl, görünməz qüvvə poçt yollarında ləngidərək qocaltmış və bu gün onları bir neçə vərəq şəklində "Ruhların sevinən günü" kitabının arasına səpələmişdi.

 

Mən səni hardasa görmüşəm, gözəl,

Elə bil nə vaxtsa biz görüşmüşük.

Mən də bir xəzələm, sən də bir xəzəl,

Ömrün payız çağı yerə düşmüşük...

 

Yaxud başqa bir sevgi vərəqində yazılıb:

Hicranın yolunu qurutmuşam mən,

Yenə yağacaqmış yağış, qar, demə.

Səsinin rəngini unutmuşam mən -

Bəzən ögey olur doğmalar, demə...

 

Ancaq ömrün payızından, qışından asılı olmayaraq istənilən yaşın duyğularının şahə qalxdığı vaxtlar da olur:

 

Bir ömür sevgimə baş əyəcəyəm,

Tanrı bir eyləyir iki adamı.

Könül, bir də demə sevməyəcəyəm,

Qəfil yaxalayır sevgi adamı.

 

Şair Fəxrəddin Teyyub həm də bu kitabdakı patriot şeirləri ilə Vətənini, onun insanlarını sevən, döyüş qələbələrimizi vəsf edən, dövlətçilik təfəkküründə olan bir yaradıcı şəxsiyyət kimi yaddaşımda qaldı.

 

Murad Köhnəqala

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.19.