"Xosrov və Şirin"in yeni tərcüməsi
və digər mətləblər
haqqında
Xəbər verildiyi kimi, bu yaxınlarda Dövlət Tərcümə Mərkəzində N.Gəncəvinin "Xosrov və Şirin" əsərinin yeni filoloji tərcüməsi işıq üzü görüb. Əsərin tərcüməsi
"Nizami İli" ilə bağlı həyata keçirilən
tədbirlər çərçivəsində həyata
keçirilib. Aşağıda
yazıçı, tərcüməçi Etimad
Başkeçidin kitaba yazdığı ön sözü təqdim
edirik.
"Xosrov və Şirin" əsərinin tərcüməsini
zəruri edən nədir?
Tərcümə prosesində hansı prinsiplər əsas
götürülüb?
Bu tərcümə Azərbaycanın mədəni həyatında
nə kimi rol oynayacaq?
Hər
şeydən öncə bilməliyik ki, min il
əvvəlki, ondan da qədim dövrlərə aid mətnlərin
zaman-zaman yenidən tərcüməsi zərurətdən irəli
gələn praktikadır. Bu, bütün
dünyada belədir. Vaxt keçir, tərcüməçilik
diskursunun ənənəvi çərçivələri
genişlənir, təsəvvürlər və yanaşmalar,
dilin özünün intonasiyası belə dəyişilir.
Tərcüməşünaslıq elmi də yerində
saymır və nəticə etibarilə bütün parametrlər
üzrə orijinala daha yaxın tərcümə mətnləri
ilə tanış olmaq imkanları
çoxalır. Ona görə Azərbaycan ədəbi
mühitində "filan əsər artıq tərcümə
olunub, yenidən tərcümə etməyə nə ehtyac
var?" yanaşması kökündən
yanlışdır.
Təsadüfi deyil ki, ötən əsrin sonlarından
etibarən tərcüməşünaslıqda "Təkrar
tərcümə nəzəriyyəsi" ən dinamik elmi
istiqamətlərdən birini təmsil edir. Bu istiqamətin əsasını
qoyanlardan biri, fransız tərcüməçi, tarixçi
və tərcümə nəzəriyyəçisi Antuan
Bermana görə, ilk tərcümə yalnız giriş səciyyəlidir,
sonrakı təkrar tərcümələr isə
"orijinala doğru hərəkət"dir, yəni birinci tərcümədə
buraxılan, gözdən qaçırılan mətləblərin
mətnə qaytarılması prosesidir. Dolayısı
ilə yalnız təkrar tərcümələrlə mükəmməl
tərcümə mətni əldə etmək
mümkündür.
Tərcüməçilər
üçün nə qədər kədərli olsa da, fakt
faktlığında qalır: tərcümə mətnləri
yalnız hansısa tarixi mərhələdə aktuallıq kəsb
edir, yəni orijinaldan fərqli olaraq, bu mətnlər köhnəlir.
Təbii, elə dahi sənətkarlar var ki,
onların tərcüməsi uzun müddət öz dəyərini
itirmir. Bununla belə, təkrar tərcümələrə
hər zaman ehtiyac duyulur.
"Köhnə tərcümə"lərdə istənilən
qədər səhvlər, yanlışlıqlar, təhriflər
tapa bilərsiniz. Amma bu, tərcüməçinin
kvalifikasiyasından xəbər vermir. Təbii,
əgər bu, açıq-aşkar zəif tərcümə
deyilsə. Köhnə tərcümələrdəki
yanlışlıqlar təbiidir, o üzdən onlarda səhv
tutmaq bir mənada açıq qapıya təpilmək kimidir.
Ona görə biz həmin sənətkarların
əməyini yüksək qiymətləndirir, haqqını
verir və heç kimdə səhv tutmağa
çalışmırıq.
Bir sözlə, bu tip mətnlər vaxtaşırı
yenidən tərcümə olunur ki, bu da tamamilə təbii
prosesdir. İngilislər "Boevulf"u və Şekspiri əski
ingiliscədən, ruslar "İqor polku haqqında
dastan"ı qədim rus dilindən dəfələrlə,
hər dəfə yenidən tərcümə edirlər.
Yeri gəlmişkən, Nizaminin poemaları öz epizmi,
söyləyicinin obrazı, bədii detalların seçimi
etibarilə daha çox dastan poetikasına istinad edir.
Azərbaycanda sakral və tarixi mətnlərin, Nizaminin
poemaları tipli əsərlərin tərcüməsini
obyektiv olaraq çətinləşdirən məqamlar
haqqında ayrıca danışmaq lazım gəlir. Bunlardan ən
vacibi sözügedən mətnlərin tərcüməsi
zamanı, başqa ölkələrdən fərqli olaraq, istinad
edə, əldə rəhbər tuta biləcəyin hər
hansı fundamental əsərin olmamasıdır. Ona görə tərcüməçilərin
çoxu, necə deyərlər, əlhavasına hərəkət
etməli olur. Nəticədə çox
zaman sabit söz birləşmələri, allyuziyalar,
metonimiyalar, idiomatik ifadələrin tərcüməsində
böyük anlaşılmazlıqlar ortaya çıxır,
hər kəs öz bildiyi kimi davranır.
Tərcümənin ümumnəzəri qaydalarında
idiomatik ifadələrin analogiyasını və ya heç
olmasa ekvivalent qarşılığını tapmaq məsləhət
görülür. Bunun digər yolu hər şeyi olduğu
kimi saxlamaq, bir növ əsərin surətini çıxarmaq
və bunların izahını şərhlərdə verməkdir.
Amma bu halda izahların ümumi həcmi əsərin
özündən böyük ola bilərdi;
farsdilli araşdırmaçıların, şərhçilərin
çox zaman fərqli mövqelərdən
çıxış etdiyini, eyni ibarələrin, sabit birləşmələrin
və beytlərin yozumunda fikirlərinin
uzlaşmadığını nəzərə alsaq, məsələ
daha da qəlizləşərdi.
Nizamini tərcümə
edərkən nəzərə almaq lazımdır ki, bu, əski
fars dilidir, bu əsərlər tamamilə
fərqli mədəni və tarixi kontekstdə ərsəyə
gətirilib, o dövrdə işlək olan sözlər və
ibarələr arasındakı assosiativ əlaqələr
haqqında təsəvvürə malik olmadan bu mətnləri
doğru-düzgün anlamaq və şərh etmək
mümkün deyil. Yeri gəlmişkən, bizdə
"kalka tərcümə"lər də var ki, "hər
şeyi olduğu kimi" verib, heç bir izaha ehtiyac görmədiyi
üçün, sadəcə, söz yığını təsiri
bağışlayır.
Tərcüməyə başlayarkən həll etməli
olduğumuz vacib məsələlərdən biri, bəlkə
də birincisi tərcümə strategiyasını müəyyənləşdirmək
idi.
Sözbəsöz və ya klassik sətri tərcümədə
sözlərin orijinaldakı ardıcıllığı,
nizamı və müəyyən mənada ifadə
formaları saxlana bilir. Lakin bu zaman, tərcümədəki hər
söz orijinaldakı sözləri maksimum düzgün ifadə
etsə də, ümumilikdə rabitəsiz,
anlaşıqsız bir mətn alınır. Bu cür tərcümələr
adətən dilçiliyin hansısa sahələri
üçün maraqlı ola bilər.
Hərfi tərcümədə də qaçılmaz
problemlərlə üzləşməli olursan. Bilindiyi kimi hərfi
tərcümənin vahidi kimi cümlələr, burada isə
misralar və onların ardıcıllığı
götürülməlidir. Bu zaman, istər-istəməz,
məcazların və digər bədii vasitələrin mənasının
dəqiqliklə ötürülməsi çətinləşir.
Ən azından ona görə ki, bunlar hərfi
tərcümənin vəzifəsi sayılmır. Lakin
bu tip tərcümələrin də öz auditoriyası var.
Məsələn, xarici dil öyrənənlər
üçün ilkin vəsait rolunu oynaya bilir.
Digər yanaşmanı şərti olaraq semantik tərcümə
adlandırmaq olar. Bu, nisbətən sadələşdirilmiş
variantdır, mətnə yerləşdirilmiş şərhlər
tərcümənin keyfiyyətinə xələl gətirir.
Tərcüməni uyğunlaşdırma yolu və ya
referativ üsulla da həyata keçirmək
mümkündür. Bu tərcümədə tərcümə
mətni müəyyən məqsəd üçün
formalaşdırılmış auditoriyanın ehtiyacları
üçün adəptə edilir. Təbii
ki, biz bu yolla da gedə bilməzdik.
İndiki halda bədii tərcümədən söhbət
getmədiyi üçün, bəzi hallarda müxtəlif tərcümə
tiplərinin kombinasiyasından da istifadə etməklə,
filoloji tərcümənin imkanlarından yararlanmağa
üstünlük verdik. Klassik əsərlərin üslubi və
bədii özəlliklərini qoruyub-saxlamağa və
böyük şairin əsərini bacardığımız
qədər aydın, anlaşıqlı dillə oxucuya
çatdırmağa çalışdıq.
Başqa bir yazımda qeyd etdiyim kimi, nəzərə
almalıyıq ki, tərcümə mətni istənilən
halda kommunikativ səciyyə daşıyır. Odur ki, tərcüməçi
hər hansı bir paradiqmaya əsaslanıb, oxucuyla mətn
arasında əngəl olmamalı, əksinə, vasitəçi
rolunda çıxış etməlidir.
Hörmətli oxucu, tərcümə nəzəriyyəsi
və praktikasına nəzərən, əgər tərcümə
mətni açıq-aşkar profanasiya deyilsə, deməli,
bütün tərcümə mətnləri kimi, tərcüməçinin
öz ixtisasına uyğun versiyasıdır.
Güman edirik ki, bizim mətn bütün tərcümə
standartlarına və günümüzün tələblərinə
cavab verir.
Böyük şairin həyatı, əsərlərinin
taleyi, milli və ədəbi kimliyi ilə yaxından maraqlananlar
üçün də xeyli diqqətçəkən məqamlar
var. Məsələn, bəllidir ki, Nizaminin öz əlyazması
ortada yoxdur, tərcüməçi istər-istəməz
onun hansısa üzü köçürülmüş əsəri
ilə işləməli olur. Bu zaman
çoxsaylı köçürmələrdən
hansının müəllif mətninə daha yaxın
olması barədə yalnız mülahizələr
yürütmək olar. Bundan başqa, bu mətnlərdə
bir-birindən fərqli xeyli məqamlar var: çox güman
ki, ayrı-ayrı mirzələr tərəfindən əsərə
müəyyən parçalar əlavə olunub, müəyyən
yerləri əvəzlənib, bəzi parçaların yeri dəyişdirilib,
kiçik də olsa, manipulyasiyalar edilib. Bunu öz təcrübəmdən
bilirəm: tərcümə prosesində dəqiqləşdirmələr
aparmaq üçün bir neçə fərqli nüsxələrdən
istifadə etməli olduq. Bu səbəbdən tərcümə
üçün hansı mətnin əsas götürülməsi
məsələsi də həmişə müzakirə
mövzusuna çevrilir.
Nizaminin əsərlərini
oxuduqdan sonra onu beynəlxalq aləmdə fars
ədəbiyyatının nümayəndəsi kimi təqdim
etməyə çalışanların arqumentləri tamamilə
gülməli görünür. Əvvəla
ona görə ki, müəllifin yazdığı dil onun hər
hansı mənsubiyyətini müəyyənləşdirmir.
Bu məntiqlə XI-XIV yüzilliklərdə, yəni
Nizaminin dövründə İngiltərədə fransız
dilində yaradılmış zəngin ədəbiyyatın
ingilislərə aidiyyatı olmamalıdır. Xatırladım ki, həmin dövrdə İngiltərə
kral sarayının, feodal, dünyəvi və ruhani aristokratiyasının
dili fransız diliydi, parlamentdə və məhkəmələrdə
fransız dilindən istifadə olunurdu, bu dildə ədəbiyyat
yaradılırdı.
Bütün
orta əsrlər boyu Qərbi Avropada latın
dilində yaradılmış ədəbiyyat da onun kimi.
Yüzilliklər boyu bütün Qərbi Avropanın əsas
yazı dili latın dili idi. Rotterdamlı
Erazmdan tutmuş, Con Miltona, Petrarkaya və Spinozaya qədər
müxtəlif millətlərin nümayəndələri latın dilində yazıb-yaradırdı. Amma
onların hamısını latın elan
etmək heç kəsin ağlına gəlmir.
Nizaminin
poeziyasında heç bir fars şairində
olmayan bir özəllik var: onun simvollar sistemində
"türk" - mərdlik, gözəllik, işıq,
qorxmazlıq, xilqətin bütün müsbət cəhətlərini
özündə ehtiva edən bir anlayışdır. Nizami
peyğəmbərin ehtişamını,
böyüklüyünü göstərmək istəyəndə
belə onu "türk" adlandırır:
"Seçilmişlər seçilmişi, Rəbb
üçün xas Ayazdır o". Cəbrayıl
mələyi belə türkə bənzədir.
Oğlu Məhəmmədi
nəzərdə tutub yazır ki: "İlahi, sən
özün hifz elə türkzadəmi".
Bu mətnin
yaranması üçün orijinalın sözbəsöz tərcümə
versiyasını və müxtəlif mənbələrə
istinadən dəqiqləşmiş şərhləri təqdim
etmiş fars dili mütəxəssisi
Əli Şükrüyə təşəkkür edirik.
Bu tərcümə mətninin Azərbaycanda qədim mətnlərin
tərcüməsi praktikasının zənginləşməsi,
tərcümə məktəbinin formalaşması işinə
öz kiçik töhfəsini verəcəyinə ümid
edirik.
Etimad
BAŞKEÇİD
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.20.