Qarabağım... "Tanrı
qonşuluğundakı şəhərim" - Şuşa
Bu zəfər donu geymiş bir ilin sevinci içində əlbəttə,
yada düşən, göz önünə gətirdiyimiz
gözəlliklər arasında əsas yeri şeir tutur. O düşüncəmizin,
zövqümüzün şeir guşəsində, təbii
ki, dost şairlərin öz yeri var; şair Əli Mahmud qələm
dostumuzdur. Amma onun haqqında düşünərkən
nə etsəm də, hayana baş vursam da öncə baş
redaktoru olduğu "Qarabağa aparan yol" qəzeti məni
bir ahənrüba kimi çəkir özünə. Nəhayət anlayıram ki, qəzetdən
başlamaq lazımdır... bizi tanışdıran,
yaxınlaşdıran, sonda bir əqidə, məslək
dostuna çevirən qəzetdən. Əvvəllər
qəzetin adında bir qəribəlik görür, onun
adını redaktə etmək fürsəti arayırdım.
Lakin Fariz özünəməxsus təmkinlə: Əli
müəllim bu adı sevir. Bir də
Qarabağsız olmaz, Əli müəllim üçün
Qarabağsız heç nə mümkün deyil. Axır ki, fikir tərəddüdlərimə son
verdim, adlıq cümlə şəklində olan bu ada öyrəşdim.
Qəzetin redaksiya otağı tezliklə mənə də bir
oxu zalı, kitabxana, nə bilim, qonaqpərvər dost evi kimi
doğma ocağa çevrildi. Gözlərimiz
önündə doğulub işıq saçan, böyük
azərbaycançılıq ideologiyası yolunda olan bir qəzetdən
danışarkən, nədənsə, həm kədərli səhifələr
çevirməli olur, həm də qürurlu duyğular ilə
dolursan. Elə o gündən mən də bu yolu tutub
düz Qarabağacan getmək, Kirs dağına qalxmaq,
"Üç Mıx", "Sarıbaba"
yaylalarında yaylamaq, "Ərimgəldi" qayasında
intizar çəkmək istədim. Qəzet sırf o
mövzuları dilə gətirir ki, sadə dillə desəm:
yəni o əziz yurdumuzu nə unutmayaq, nə də o gözəl
ellərimizin getməsilə barışa bilməyək.
İtirilən torpaqlarımızın xatirəsini bir an olsun
yaddan çıxmasına dözməyək, necə ki,
dözmədik... Necə ki, barışmadıq
da, dözmədik də.
Bu qəzetdə mənim həmfikirlərim, eləcə
də düşüncəmə, zövqümə hörmət
edən, öz növbəsində mənim də
yürütdükləri xəttinə, üslubuna sayqı bəslədiyim
insanlar çalışmaqdadır. "Qarabağa aparan
yol" gözlərim önündə yarandı,
işığını saçdı. Redaksiya
özü mənə elə o vaxtdan balaca bir Qarabağ
guşəsini xatırlatmağa başladı. Burada el-oba həsrətliləri
görüşür. Çox keçmədən
söhbət gəlib şirin, kövrək anların
üstünə çıxırdı. Buradakı
görüşlər mənə bu redaksiyanı doğma
yerim-yurdum, obam qədər məhrəm edirdi. Var olsun bu sadə güzəran içində
"ev" adlı böyük məsələlərin
ağırlığına umuzunu dayayanlar. Tək bir
guşəsinin deyil, Vətənin hər tərəfinin, hər
bir bucağının kişi qeyrətini
çəkənlər... Var olsun Qarabağ
yoluna sədaqət, vəfa göstərən qələm
sahibləri, ağrıların, acıların, məhrumiyyətlərin
verdiyi çətinlikləri eyninə almayan belə fədakar
qələm dostlarım. Əziz dostumuz
Əli Mahmud da ətrafına məhz belə qələmdaşları
toplayıb məsləkinə, yoluna tən gələn gəncləri.
Qəzet 30 ilə yaxın bir müddətdə ağır həsrət
yükünü çəkə-çəkə yol gəlib
"Xarıbülbül" festivalına, Şuşa
zəfərinə qədər... Şuşadakı
zəfər təntənəsində, hərbi qüdrətimizin
davamı olan 30 illik sükutu öz bayram hay-harayı ilə
qovub dağıdan "Xarıbülbül" festivalında
dostumuz Əli Mahmud da dəvətli idi, iştirak edirdi. Sanki biz də onunla dəvətli, onunla
iştirakçı idik. Əyilib
payızı baharı ilə qovuşan Cıdır
düzü çəmənliklərindən inci
toplayırmış kimi fərəh içində
çiçəklər döşürürdük. Sevinci sevincə qatarkən o artıb sel
olarmış; dönüb gəldi, bizi başına
yığdı, Qarabağ eşqinə Bayandır xanın
bayram süfrəsindən açdı, yedirtdi-içirtdi.
Qədim-qayım yurd yerlərini ziyarət edərkən
gözləri dolmuşdusa da o gün par-par parlayan səmanın,
öz isti təbəssümünü səxavətlə bəxş
edən günəşin sevinci qəlbinə nəğmə
sevinci doldurmuşdu amma. Gözləri
dolmuşdusa da ruhunda bir zəfər çırağı
yandırmışdı bu toy-büsat fərəhi. Bu çıraq Şuşada, Şuşanın
dağlarında, Cıdır düzündən üzü
Topxana meşələrinə baxarkən daha da gur bir
işıqla şölələndi, yandı; həyata həyat
qatıldı. Bu ruhumuzun, ruhumuzla birgə bədənimizin
də dincəlib aram olduğu gün idi. Səmadakı qatarlaşıb uçan
quşların bəxtəvər-bəxtəvər süzməsi,
payıza açan çiçəklərin rənglərinin
bir daha əlvanlaşması... hamısı təbiətlə
insanın burada sevinclərinin bir-birinə
qarışdığından xəbər verirdi. Bir
qanadlı ifadə düşür yadıma, amma onu azca dəyişdirirəm:
"Şuşanı, dağları görməmisənsə,
demə ki, görmüşəm Azərbaycanı".
Amma
sözün gerçək mənasında hicranın, həsrətin
od vurub yandırdığı illər də
vardı, olmuşdu, yaddaşda idi. Bilirəm ki, həssas, həm
də kövrək bir insan olaraq tanıdığım
Əli müəllim xəyallarında yaşatdığı
yaralı, nisgilli xatirələrin cana gəlməsi,
o ağır ayrılıq illərinin şairin qəlbində
açdığı şırımların sağalması
isə xeyli vaxt istəyəcək.
Az qala
30 ilə gəlib çatan yaxıcı, üzücü həsrət,
gəncliyini qoyub gəldiyi doğma torpaqlar, bir vaxt qədəm-qədəm
gəzdiyi-gördüyü yurdundan ayrı düşmək də
ona sözsüz ki, ayrılıq nəğmələri
yazdıracaqdı:
Şuşa
şəhərlərin baş şəhəriydi,
Yaddaş şəhəriydi, daş şəhəriydi.
Günəş
güllərini öpə bilirdi,
Ulduzlar göz yaşı səpə bilirdi.
O
Qızıl qayası səs qülləsiydi,
Allahın sonuncu möcüzəsiydi.
Əli Mahmud Vətən sevdalı, Vətən
ünvanlı bir şairdir. Ürək adamdır;
hər sətrində, hər misrasında mənhus
düşmənin yaraladığı, tapdaq-tapdaq əzdiyi
doğma yurd yerinin ağrısı dilə gəlib
danışır. Deyir ki, böyük zəfərimizə,
qələbəmizə yetməyimizdə ilk növbədə
Azərbaycan əsgərinə, Azərbaycan ordusuna, Ali Baş
Komandana və onun yürütdüyü beynəlxalq əhəmiyyətli
siyasətə borcluyuq. Şairin
sözünə qüvvət olaraq deyim ki, əlbəttə,
biz də bütövlükdə xalq olaraq əl-ələ
verdik, yumruq kimi birləşdik, bir olduq o hərb meydanında.
Ədəbiyyatımızla, mədəniyyətimizlə,
elmimizlə bütövlükdə səfərbər olduq o
açıq savaşa. Televiziyamız,
radiomuz, mətbuatın bütün sahələri, əli qələm
tutan hər kəsimiz, hər kəs bu savaşda
döyüşdü. 30 il
dünyanın ədalətinə bel bağladıq, Vətən
savaşında da, qələbəmizdə də kimsənin
payını kəsib kiçildə bilmərik.
Döyüşənlərin sırasında, zəfərə
imza atanların sırasında Əli müəllimin də
şeirlərində ruh verib, can verib yaratdığı əsgəri
vardı. Onu dinləyək:
Vətənə
bir gülə güllə dəyərsə,
Bütün ömrüm boyu günahkaram mən.
Bu torpaq mənə
də oğul deyibsə,
Oğulun gözündə yaşayır Vətən.
Odur ki,
adında Qarabağ adı daşıyan qəzetimiz
"Qarabağa aparan yol"un yükü
də daha ağır idi. Bütünlüklə Qarabağa,
onun qayğılarına, habelə mədəniyyətinə,
tarixinə aid mövzuları işıqlandıran qəzet
haqqında, elə Əli müəllimin şirin Qarabağ ləhcəsində
ərməğan etdiyi səmimiyyətilə, dost sədaqətilə,
keçənlərin ana-ata xatirəli vətən sevgisilə
oyatdığı təəssüratla həmişə
arzulamışam ki, Qarabağ zəfərlərini
işıqlandırdığı günün də səadətini
yaşamaq ona qismət olsun. Budur, indi həmin
günlər gəlib çatıb. Lakin
yenə durub demək olmaz ki, qəzet öz missiyasını
yerinə yetirib, gəlib mənzil başına yetişib.
Çünki "Qarabağa aparan yol"un
missiyası daha böyükdür. Şah
babamızın qılıncının su içdiyi ərazilərimiz
xəritəmizdə bütövləşməyənə qədər
"Qarabağa aparan yol" da mənzil başına yetdim deyə
bilməz. Belə bilirəm ki, qələm
dostum Əli Mahmudun illərin ağrı-acısına
qatlaşaraq mütəmadi nəşr etdirdiyi qəzet
dövlətçilik prinsiplərinə, milli mentalitetimizə,
milli varlığımıza, milli əxlaqımıza bundan
sonra da sədaqətlə xidmət etmək əzmindədir.
O da həqiqətdir ki, torpaqlarımızın işğal
edildiyi 30 ilə yaxın bir müddət ərzində qəzetin
problemi təkcə Qarabağ problemi deyildi, çünki Azərbaycansız
Qarabağ, Qarabağsız da Azərbaycan ola bilməzdi. Bu
üzdən daima harda olmasından asılı olmayaraq Azərbaycan
insanının taleyi, gələcəyi məsələsi
"Qarabağa aparan yol"un gündəlik
səhifələrində
işıqlandırılırdı. Qəzetdə
mənəviyyat məsələri, yeni insan tərbiyəsi ən
müxtəlif mövzuların ana xətti kimi
görünürdü. Görünürdü, amma
Qarabağ baş mövzu idi:
Sarıbaba
bu dağların ulusu,
Çarıqbulaq
bulaqların sulusu,
Bu yerlərdə
gülsən ürək dolusu,
Qayalarda səsin
qalar əbədi
Mənim Şuşam qədim sənət məbədi.
Yadımdadır, tədbirlərin birində xəfifcə
bir təbəssümlə cibindən Şuşadakı mənzilinin
açarlarını çıxarıb göstərmişdi. Ümidlə
qorunan o açarlar bir gün geri dönəcəyimizə
işarə idi, o çağlara böyük inam tərbiyə
edir, qəlblərimizdəki şübhəni vurub
çıxarırdı. Nikbin bir xarakterə,
təsəlli verəcək təlqinedici, ürəkdən
tikan çıxaracaq qədər mərhəmanə
sözü-sovu var Əli müəllimin. Şair
hər zaman çalışıb ki, qəzetdə dərc
olunan yazılar ruhnəvaz, nikbin ovqata köklənsin. Ümidsizliyi, bədbinliyi, nə də
küskünlüyü heç vaxt yaxına qoymayıb - nə
özünün, nə də naşiri olduğu qəzetin.
Amma xatırlatdığım o görüşdəki
çıxışı dinləyiciləri yaman kövrəltmişdi. Sanki bu anda dərd ilə
diz-dizə oturub qalmışdılar... Şairin
iztirablı halı hamının yadına bülbülləri
tərk edib getmiş viranə bağları
salmışdı. Daha necə olmalıydı; həm
şair olasan, həm də bir ev
böyüyü kimi öz evinin açarını
gözdağı kimi saxlayıb özünlə gəzdirəsən,
buna dözmək varsa, dözən varsa... daha sözüm yox.
Bir vəfalı
qarabağlı olaraq şeirlərində,
yaradıcılığında Qarabağın poetik
izharı, dəqiq salnaməsi, əzbər bildiyi tarixi var. Bu
səbəbdən həqiqətlərə, gerçəkliklərə
daha bir qədəm də yaxın olan həssas bir şairin
könül ahları hopan şeirlərinə kədər,
ağrı qonmazmı? Axı ayrılıq
müddəti uzandıqca dözüm, ümid, təsəllilər
də kəsilər, azalarmış. Bunlar şeirə
çevrilərkən bilirsən yara nədir, yaralanmaq nədir:
Bir
körpə görmüşəm
gözlərində
yaş
gilələnmişdi,
elə
bil körpənin
gülüşü güllələnmişdi.
Şairin
belə beşik başındakı laylalar misalı
təsirli, yanqılı şeirləri çoxdur. Təkcə şeirlərində deyil, bədii-publisistik
yazılarının özündə də el-oba dərdinin təsirli,
acı həqiqətləri var. Erməni vəhşiliyi,
onların törətdiyi Xocalı dəhşətləri
şairin misralarına da vəhşət rəngi qatıb.
Bu misralar Ana tariximizi qana boyayan fəlakətlərin bədiyyata
çevrilən üzü, silinməz yaddaşıdır. Şairin məqsədi
də yaddaşı ölməyə, itməyə
qoymamaqdır. Yaddaş kirşəlsə,
bundan qarı düşmən qazanacaqdır, şair bundan əmindir.
Gəlin bunu da deyək ki, Əli Mahmud əqidəsində
də, düşüncəsində də, qələminin
yaddaş gücündə də dönməz üzlü,
ötkəm, barışmaz bir şairdir.
Əli Mahmud heç də təqvim şairi deyil, yəni
vətən, yurd sevgisi bu 30 illik tarixə sığmayır,
sığışmayır heç də. Bu sevgiylə
birləşən qayğının, borcun tarixi onun
özüylə yaşıddır. Gənclik
illərində yazdığı misraları
xatırlayıram. Şeir 1977-ci ildə qələmə
alınıb. Bu, o dövrlər idi ki, sən
tarixi torpaqlarının əzəli ərazilərə malik xəritəsi
haqqında danışa bilməzdin. Amma qorxulara,
qadağalara baxmayaraq tarixçilərin demədiyini Əli
Mahmud deyib:
Deyirlər
ki,
Vətənimiz böyük olmuş.
Hanı Vətən?
Xəritədə parası var.
...Mən
bilirəm kimliyimi,
Məni məndən
gizlətməyin,
Məni belə inlətməyin.
Şairin belə bəndləri, belə misraları
ara-sıra deyil, şeirlərinin mövzu, mahiyyət dərinliyini
ifadə edən belə misraları çox-çoxdur. "Vətəndaş
şair"imiz deyə biləcəyim şairimizin əsgəri
ruhda, qələbə inamlı bir şeirini oxuyum sizə:
Mən əsgər
gedirəm, darıxma, ana,
Mənə tapşırırsan axı Vətəni.
Südünə
and olsun, inan oğluna,
Gözümün içində gizlərəm səni.
Şair o məsuliyyətə işarə edir ki, əgər
yağı düşmən evimizə güllə atmaq qədər
həyasızlaşıbsa, o, hamının, hər kəsin
yerinə fədakar əsgəri ilə birgə
özünü günahkar hesab edəcəkdir. Şairin
çiyinlərinə qoyulan vətəndaşlıq
yükü, onun poeziyasının səciyyəsi də, mahiyyəti
də məhz bu məqamlarda üzə çıxır.
Ümumiyyətlə,
yaradıcılığının bütün məzmununda
Qarabağın zəngin mənəvi həyatı, irsi, mədəniyyəti,
onun coğrafiyası, təbiəti canlanır. Şair əksər
şeirlərində, bədii
yaradıcılığının bir çox məqamlarında
keçmişin ən yaxşı keyfiyyətlərini gələcəyə
daşıya bilib. "Daşıya
bilib"... ifadə qəribə görünməsin. Keçmişi gələcəyə daşımaq,
tanıtmaq üçün irsi, mənəvi yaddaşı
qorumaq üçün şairin özünün
körpüyə çevrilməsi gərəkdir. Əli Mahmud Qarabağın köhnə,
"ağırtaxta" kişilərindəndir. Özü də, poeziyası da bu mənada
etibarlı, sədaqətli bir zaman körpüsüdür.
Köhnə
söz xiridarları ifadəsincə "hüsnü-xitam"
üçün Əli Mahmud dostumuzun çoxdankı -
"başına daş düşmüş"
ayrılıq çağlarında Şuşanın,
Cıdır düzünün həsrətilə
yazılmış şeirindən (belə şeiri çoxdur
şairin) misal gətirmək istəyirəm:
Cıdır
düzü igidlərin oylağı,
Maral
yalı gözəllərin yaylağı,
Ceyranqaçan
ovçuların ovlağı,
Hər
qayanın, hər cığırın adı var,
Çiçəklənir, ləçəklənir
arzular.
O gözlər
indi xoşbəxt, nurlu baxışları ilə o
ucalıqdan qoruqsuz-qaytaqsız hər yanı seyr edə bilir. "Tanrı qonşuluğundakı şəhərim"
dediyi zirvədəki qartal yuvasını andıran, qoynunda Xan
taxtı qurduran Şuşası da azaddır, mutludur
şairin. Və bu yazıda məqsəd əslində
şairin yaradıcılığını təhlil etmək
deyil, şairə doğma diyarının,
Şuşasının azadlığı üçün
gözaydınlığı verməkdir. "Gözün
aydın, şair!" demək üçündür.
Minaxanım
Nuriyeva TƏKLƏLİ
Ədəbiyyat qəzeti.- 2022.- 4
iyun.- S.24-25.