Son nəfəs

 

Hərdən pəncərəmə toxunub keçir,

şüşədə rəqs edir küləyin səsi.

Sonra pərdələrin əlindən tutub

əl çalır evimdə külək nəğməsi...

 

Tənha baxışlarım yumur gözünü,

oynayır içimdə dəli küləklər...

Ürəyim yağışda yuyur üzünü,

sinəyə sıxılır yorğun biləklər...

 

Götürmür kirpiyim kədər yükünü,

düşür göz qapağım dizimin üstə...

Ağrılar tələsir, son addım kimi

kəfəntək bükülür sözümün üstə...

 

Qaynayır qazanlar, yanır od-ocaq,

bir ehsan verilir əlsiz evlərə...

Min əlin yumruğu birdən açılır,

Tanrının nurumu dəyir əllərə?

 

Gülür yad evlərin doğma səsləri,

içimdə bir yaşıl ağac bitirir...

Dodağım xəfif bir təbəssüm doğur,

bələkli körpəyə beşik gətirir...

 

Son nəfəs ümidlə qayıdır geri,

çıxır pillələrdən gülümsəyərək...

Üzünə qapılar açılan zaman

ruhu incik düşür, çıxıb gedərək...

 

***

 

Mən yolu tutub getdim,

Sənsə mənim izimi.

Mən səni qırıb getdim,

Sənsə mənim dizimi...

 

Günəşi saldıq tora,

Aya kələk gəldik biz.

Gah iblisin özüydük,

Gah da mələk gəldik biz.

 

Yolumuzu su kəsdi,

Bizsə əhdi, ilqarı.

Havalar soyuq keçir,

Günəş əritmir qarı...

 

Daş olub, başa dəydik,

Ovcumuzda sıxıldıq.

Nərdivanı adladıq,

Biz ürəkdən yıxıldıq.

 

Yollarmı yubatmışdı,

Yoxsa Tanrı, bilmirəm.

İrəli yox... geri isə

Addım ata bimirəm...

 

***

 

Tale yazdın qaçaraq,

Addımlar yorğun-arğın.

Bəxtimi oğurlayıb

zamanın oğruları.

 

Dodaqdan yox, ürəkdən

Aldın gülüş payımı,

Ortadan sındırmısan

Ox atmağa yayımı.

 

Darıxanda dərdimi

Dərdə qonaq edirəm.

Verdiyin xoşbəxtliyi

Ömrə sınaq edirəm.

 

Bir yazıb, min pozursan,

Mənə çatmır yazdığın.

Alnıma möhür vurub

Qələminlə qazdığın...

 

Gözümü qanla ovuram...

 

Məni məndə əsir tutan

Nəsə gəlmir ki, ağlıma.

Nəsə yazmaq istəyirəm,

Kəsəsi, gəlmir ağlıma.

 

Oyanıb yuxu görürəm,

Diksindirir səs gecəni.

Atıb dalıma qaçıram

Yanvar adlı dərs gecəni.

 

Əlimdə bir cüt qərənfil,

Qapının zəngin vururam.

Qırmızı gün doğub gecə,

Gözümü qanla ovuram.

 

Baxıram ki, göy üzündən

ələnir ələk-ələk.

Bir körpə uşaq ağlımda

İməkləyir bələk-bələk.

 

paltarlı gəlinin

Yuxusunu qatıb Tanrım.

Onun əllərindən tutub

Yarına aparıb Tanrım...

 

Bir azca o tərəfdəsə

Qan ağzında qan görürəm.

Donub daşa dönənlərdə

Özümdən bir an görürəm...

 

Soyuq addımlı gecədə

İsidir qarlı qış məni.

Bir mübarək yol üstündə

Bağrına basır daş məni.

 

Mələklərin görüş günü

Qanadını açıb gəlir.

Otuz illik yorğunluqdan

Üzlərə nur saçıb gəlir...

 

Qovub qatır qabağına

Güllə səsin azan səsi.

Dualarım uçur göyə,

Rahatlanır hürr nəfəsim...

 

Azadlığın anasına

Müjdə verin balasını...

Səndən doğulan igidlər

Aldı sənin qisasını.

 

Əlimdə bir cüt qərənfil,

Qapının zəngin vururam.

Qırmızı gün doğub gecə,

Gözümü qanla ovuram.

 

Sonsuzluqdu bu yollar

 

Tut yolun ətəyindən, sürü arxanca, sürü,

Ya üstündə çiçək , ya da altında çürü.

Bu yolun gətirdiyi ya ölüdür, ya diri,

Fərqi yoxdu, sonunda sonsuzluqdu bu yollar.

 

Ayrıcları fərqlidi, yönünü tapa bilsən,

Bəzən buğda bitirir, dənini tapa bilsən,

Kaşkiləri bitməz ki, sən onu tapa bilsən...

Gülər keçər üzünə, qansızlıqdı bu yollar.

 

Sağ-solu bəlli deyil, əvvəl-axır göz yaşı,

Ağlını harda salıb, itiribdi söz daşı,

Ha kəs, ha da belinə şələləyib, üz daşı,

ömürlük, anlıq, ansızlıqdı bu yollar...

 

***

 

Dindim, oğurlandı dilimin sözü,

Susdum, yağmalandı könül dincliyim.

Baxdım, yad baxışlar üşütdü məni,

Gördüm yaralandı ölən gəncliyim.

 

Güldüm, gülüşümün gözləri doldu,

Gəldim, gəlişimin izi yox belə,

Sildim, toz altında duman göründü,

Getdim, gedişimin özü yox belə...

 

Azdım öz dünyamın kələfçəsində,

Yozdum, yozulanı qarışıq gördüm.

Yazdım, yazdıqlarım yola çıxmadı,

Qazdım, yer altını dolaşıq gördüm...

 

Təranə ARİFQIZI

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.25.