Dünən idi

 

Çarpazlandı bələk bağım,

Elə bil ki, dünən idi.

İlk qədəmdə yıxılmağım

Elə bil ki, dünən idi.              

 

Qaya yardı buz bulağım,

Gözü qıydı quzqulağım.

Qarğı atdan yıxılmağım

Elə bil ki, dünən idi.

 

Gündöyənə sərilmədim,

Yüz ölüb bir dirilmədim.

Sevdiyim günü bilmədim,

Elə bil ki, dünən idi.

 

Günlər keçdi növbə növbə,

Yenə gəldi, yeni növdə

Təzələndim, köhnə evdə

Elə bil ki, dünən idi.

 

Sağdan qalxır, solda bitir,

Nəvələrim azı ötür.

Balalarım qırxa yetir,

Elə bil ki, dünən idi.

 

Əl boyda kağız, kimlikdi,

Yoxa çıxsa yetimlikdi.

Atam, anam çoxdan getdi,

Elə bil ki, dünən idi.

 

Gümüş qındadı qara tel,

Daha sıyrılası deyil.

Ömür sürdüyüm 70 il

Elə bil ki, dünən idi.

 

Ay ellər

 

Payızda göydə daranır,

Durna tellər, ay ellər.

Görüş üçün sıralanır

Toppuş əllər, ay ellər.

 

Gözümüzün yağıdılar,

Qol-qola yurd tağıdılar.

İlanboğan çağıdılar,

Bilən bilər, ay ellər.

 

Dağlara de, yaylaq versin,

Yanğı kəsən, bulaq versin.

Səsimə səs-soraq versin,

Əsən yellər, ay ellər.

 

Hamısı əl quzusudu,

Allahın bir ruzusudu.

Gözlərində duru sudur,

Lilli sellər, ay ellər.

 

Uçmaq olmur, yox qanadım,

Əlim yetmir addım atım.

Yaxınlarım amanatı,

Uzaq ellər, ay ellər.

 

Elin elə köçməsidi,

Nənə-baba təşnəsidi.

Turş sözlərin səhnəsidi,

Şirin dillər, ay ellər.

 

P.S.

 

Bu şeirin nə atəşi var,

Od ələdi dağlar, daşlar.

Gizli ağlamağım, aşkar,

Mənə gülər, ay ellər.

 

Görüş

 

Gizli arzu-istəyinə,

Aşkar xərac olan qızlar.

Bir cavanın ürəyinə

Min ehtiyac olan qızlar.

 

Uçun gənclik illərinə,

Qonun qızıl güllərinə,

Xına yaxıb tellərinə,

Qızılı tac olan qızlar.

 

Nənə çağırıldı adınız,

Nəvələr qol-qanadınız.

Özünüz qocalmadınız,

Ay yaşı qocalan qızlar.

 

İndi bildim!..

 

Axan ulduz yerə bəd xəbər yaydı,

Baxan ulduz qaranlığı güllədi.

Çətin tapdığımı barmağım saydı,

Asan itirdiyim, saya gəlmədi.

 

Sinəmdən yapışdı, dözüm səksəkə,

Ovcumun içindən qabar dikəldi.

Mən bir görmədim,

            başımdan yekə,

Ağlıma gəlməyən, başıma gəldi.

                                

 

Bulaq qayçıladı şəklimi yellə,

Üzən ləpikləri pərən düşdülər.

Uçuq daldalarda verib əl-ələ,

Bayquşla xaraba cikkildəşdilər.

 

İtənlər, batanlar yada düşəndə,

Dadı-tamı qaçdı muştuluğun da.

İlana ehmalca bal verdim mən də,

Gedib zəhər oldu diş tuluğunda.

 

Yalanlar sularda tonqal qaladı,

Bir yola gəlmədi dili haçalar.

Yönümü təzə bir oyuna saldı,

Evdə nəvələrim, çöldə qocalar.

 

Açıq qapılarda qıfıllandı iş,

Tərs-avand fırlayıb, açarı əydim.

Yaşamaq özünü aldatmaq imiş,

Mən indi bildim ki!..

Kaş bilməyəydim.

 

Adam

 

Cod əlləri yorğun, üzgün,

Çəkilmədi dincə adam.

İtirdilər, amma bir gün

Tapılacaq külçə adam.

 

Doğru naçar qalan yerdə,

Yalan həqiqətə pərdə.

Adamlarla çək-çevirdə

Adam olur, məncə, adam.

 

Bir qaməti yüz qatlamış,

Lələksiz qol qanadlamış,

Ayağını uzatmamış

Yorğanını ölçə adam.

 

Qaçaqaç yurdun içində,

Tənə var yardım içində.

Yeddi milyardın içində

Görən vardır neçə adam?

 

Sonranın işi

 

Dedim ki, bu yoldan əl çək,

Yollar yoranın işidir.

Buz qılıncla hədələmək

Qarın, boranın işidir.

 

Gümüş bulud, gümüş kuzə,

Yağış dolar, qayıq izə.

Yandırdığın öləzisə,

Küləyin, qorun işidir.

 

Axtarsalar neçə izi,

Tapılan yollar bir inci.

Döyüşədək söz birinci,

Güllə son anın işidir.

 

Lap istəsən dünyanı gəz,

Aləm gözəl, doyarmı göz?

Kəsmə, əcəl, üstümü tez,

O lap sonranın işidir.

 

Abbas müəllim

 

Rektorluq doğru yol tapdı seçimdə

Axşam şöbəsinə dekan oldu o.

Şəhərli olsa da, geyim-kecimdə

Yenə kəndli oldu, dekan oldu o.

 

Rahat yola saldıq bu gün dünəni,

İllər ötüb-keçdi məlum, naməlum

40 ildən sonra da tanıdı məni,

Yaddaşa mat qaldım, Abbas müəllim.

 

Qəlbim qəliblənib qaynar qanımdan,

Sinəmin altından boylanır mətin,

Sənin qənşərində, sənin yanında,

Mən müəlliməm deməyim çətin.

 

Dincəlmək özü də sənə iş idi,

Sənə təpə idi, aşılmaz dağ da.

Bir azca qabağa əyilmiş idin,

Hamıyla bərabər getdin qabaqda.

 

Sənə dümağ idi ömrün tünd üzü,

Yedəksiz işi yedəkləyirdin.

Dilindən düşmürdü "ay qardaş" sözü,

Elə qızlara da qardaş deyirdin.

 

Dağlarda azdırıb dumanı-çəni

Qaynar imtahana baxırdın sərin,

Çox yaxşı bilirəm, görəndə səni

Dili dolaşırdı müəllimlərin.

 

Pərvanələr yanan, şam öləziyən,

Gülləri firladan, ömrün pəridir

70-dən sıyrılan tələbəsiyəm?

Görən gələn günlər nətəhəridi.

 

Bir zərf göndərmişəm, yolu açıqdı

Bilmirəm, nədənsə, duyğum gərilib,

Məktubum üstümə qayıdacaqdır,

Deyirlər ünvanın dəyişdirilib...

 

Şagirdlərim təqaüdə çıxdılar

 

Beşiklərə qərq etdilər laylanı,

Körpələri darı-darı qalxdılar.

Eniş-yoxuş ömürlərə paylanıb,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Uşaqları rəngli qələm varaq,

İmtahanda qızıl bal da yığdılar.

Nəvələri yan-yörəyə yığaraq,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Sinif-sinif uçuşdular quş olub,

Sellər kimi titrədilər, axdılar.

İllər ötdü, ağırlığa tuş olub,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Addım-addım bölündülər səkidə,

Amma yenə qamətləri şaxdılar.

Pəhləvantək ağır-yüngül çəkidə,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Canlarında mərhəmətin canı var,

Bilirəm ki, gözü-könlü toxdular.

Gördülər ki, bekar gəzir cavanlar,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Xərcləməyə təqaüdün pulunu,

Onlara dərs keçəmmirəm, qorxu var.

Azdırdılar cavanlığın yolunu,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Adlarıyla özümü çox öyəcəm,

Təqaüdə çıxasılar çoxdular.

Sağlıq olsun, hələ yenə deyəcəm,

Şagirdlərim təqaüdə çıxdılar.

 

Bir boyu da...

 

Yaxşı etdin yaxşılığı

Demədilər itə atdı.

Əllə tutsan göz-qulağı,

Bu könüllü itaətdi.

 

Təkliyə imdad etməyin,

Kösövləri od etməyin,

Yad qalanı yad etməyin,

Özü bir ziyarətdi.

 

Nizam düşsə qarışığa,

Qəhmər çıxar qar işığa,

Ağsaqqalın barışığa,

Bir kəlməsi kifayətdi.

 

P.S.

 

Dərənin dağ gümanı var

İtən başın dumanı var

Sərvaz, Qəşəm dastanı var,

Orda bir boy Kəramətdi.

 

Daş qalağı, yaşıl ağac...

 

Şırımlanır ana torpaq,

Əsgər səngər silələyir.

Atılır daban basaraq,

Güllə-güllə güllələyir.

 

Xarabadan baxır göyə,

Göy yarpaqlı yamyaşıl tac.

Yerdən tutub qalxır göyə,

Daş-qalaqda bitən ağac.

 

Əl gözləyən qara daş da,

yollara göz dikibdi.

Görünməmiş quruluşda,

Torpaq təzə ev tikibdi

 

Didərgindi burdan tam da,

Bir daş tənha on daş qalaq.

Bu ev sona yetən anda,

Düşməni edib daşqalaq.

 

Gəlib çıxmır niyə köçüm,

Kim verdiyi sözü danıb.

Ağac ləngiyənlər üçün,

Yaşıl işığı yandırıb.

 

Ağacla daş həyəcanlı,

Həsrətini itiləyir,

Əhdə çatıb şəhid qanı

Torpağı vətən eyləyir.

 

Ömür

 

İşin çoxdu, a bəxtəvər,

Çalış-vuruş, bitməz işin.

Arxayın olma vaxta var,

Asta gəlir pərvərişin.

 

Şölə qalxır, əriyir şam.

Göllənir şamdan "tasında"

Mən alabəzək olmuşam,

Rəngarənglər dünyasında.

 

Hələ ömür çökən deyil,

Üstümə nələr çökəcək.

Yaxamdan əl çəkən deyil,

Son şəkli gözüm çəkəcək.

 

Məzahir HÜSEYNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.26.