Ədəbi layihələr fonunda "inkişaf",
yaxud
Azər Turanın "Janra
sığmayan mətnlər"i
Azərbaycan ədəbi mühitində
bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən
təsirlənən qələm
əhlinin fəallığının
göstəricisi deyil.
Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr
ətrafında baş
verən müzakirələr
buna rəvac verir.
Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr
arasında hələ
ki ən diqqətçəkəni Azər
Turanın "Janrın
sərhədlərinə sığan
və sığmayan mətnlər"idir. Göz önündə publisistikanın yaratdığı
ədəbi həyatın
al-əlvan çalarlarından
ibarət gözəl
mənzərə canlanır.
Təkcə son yeddi ilin
deyil, bəlkə də müstəqillik dövründən üzübəri
publisistikanın həyatımıza
necə daxil olmasını şərh
etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt
indiki kimi insan həyatında vacib rola malik
olmamışdır. Müasir
insanı bir an belə informasiyadan
kənarda saxlamağın
mümkünsüzlüyü həddinə gəlib çatmışıq.
Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək
istədiyi heç də bu deyil. Azər Turan
bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin
"Fürusəti-siyasət"indən
danışır, qiymətli
sənət əsərini
Anarın "Yaşamaq
haqqı" ilə müqayisələndirir. Qeyd edir
ki, "Yaşamaq haqqı" nəinki haqqında danışmağa,
eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla
bağlantılı şəkildə
təhlil etməyə
imkan verən əsərdir. (Sitatın sonu).
Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan "Ədəbiyyat qəzeti"nə
baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu
inqilabi dəyişikliklə
paralel, böyük bir işin də
bünövrəsini qoydu. Rüstəm
Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu,
Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi
həyatımıza biganə
qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin
aparılmasına start verdi,
hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə
aydınlıq gətirildi.
Böyük auditoriyalar həmin
müzakirələr nəticəsində
üzə çıxmış
materiallardan mənbə
kimi bəhrələndi.
Müzakirələr təkcə ədəbi
sahəni deyil, bütövlükdə ölkə
həyatını əhatə
etməyə yönəldi.
Müəllif özü
bunu belə qeyd edir: "..."Ədəbiyyat qəzeti"ndə
keçirilən müzakirə
saatlarında təkcə
ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın
müxtəlif problemləri
hər zaman diqqət mərkəzində
olub. Ədəbiyyatın ən müxtəlif
məsələlərini müzakirə
etmişik. Amma
biz bəzən bilərəkdən
ədəbiyyat sferasından
kənara adlamışıq,
məsələn...".
Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı,
Cənubi Azərbaycan
ədəbiyyatı barədə
fikirlər söylənmiş,
paralel və təhlillər aparılmış,
həmin dövrlərin
ədəbiyyatda öz
əksini necə tapması barədə müzakirələr keçirilmişdir.
Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir
şirin yalan hiss etmək mümkündür.
Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır,
həyat isə həm də siyasətdən ibarətdir.
Sözsüz ki, həyatımızın
bütün dövrləri
ədəbiyyatın vacib
bölməsi olan publisistikada öz əksini çılpaqlığı
ilə tapmalıdır.
Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində
bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən
bəhs etmişdir.
Bədii
publisistika növündən
söhbət açmış,
esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən
bu sərhədin elə asanlıqla "pozulduğu" məqamları
incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından
və ictimaiyyətə
çatdıra biləcəyi
peşəkarlıq səviyyəsindən
asılıdır.
Azər
Turan məruzə-məqaləsində
hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə
müstəqillik dövründə
olanlar arasında paralellər qurmağa çalışır və
ürək yanğısı
ilə qeyd edir: "Müstəqillik
dövrünün publisistikasında
sovet dövründə
yaranmış - Anarın
"Dünya bir pəncərədir", Qəzənfər
Paşayevin "Altı
il Dəclə-Fərat
sahillərində", Sabir
Rüstəmxanlının "Ömür kitabı" səviyyəsində əsərlər
yazılmadı. İndi
tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə
doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını
kim etiraf etməz?". Olduqca doğru və obyektiv yanaşmadır.
Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş
müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən
ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış
və gələcəyə
istiqaməti müəyyənləşdirmək
yolunda mayak rolunu oynayır.
Azər Turan daha bir
məsələyə toxunur. Bunu, ədəbi
proseslərin inkişafına
"planlı təkan"
da adlandırmaq olar. Madam ki,
sovet dövrü ilə müstəqillik dövrünün bəzi
müqayisəli təhlili
məqalədə yer
alıb, bunu da analiz etmək
mümkündür. Sovet
dövründə qələm
əhli qarşısında
müəyyən mənzərələr
canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş
sovet ailəsi, əmək cəbhəsində
yarışan mexanizatorlar,
ölkəni ağ günə aparacaq "ağ qızıl" ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr
etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq
üzünə həsrət
qalacaqdı. İndi, müstəqillik
dövrünün prizmasından
yanaşsaq, həmin
"planlı inkişaf"ı
əvəzləyəcək ədəbi layihələr
həyata keçirilir.
Publisistikanın missiyası layihələr
çərçivəsində həyatı canlandırmağa
məhkumdu. Azad yazıçı çox
zaman həmin layihələrdən kənarda
qalır. Çünki
layihə irəli sürən təşkilat,
yaxud adam
əvvəlcədən çəkəcəyi
məbləği müəyyənləşdirdiyi
kimi "öz qəhrəmanını" da
planlayır. Nəticədə, göz önündə
canlandırılan mənzərə
qənaətbəxş olmur.
Real nümunələr kifayət qədərdir.
Hətta
QHT-lər hesabına indiyə kimi "zəfərnamələr" silsiləsindən
neçə-neçə kitab
çap olunsa da, 44 günlük Vətən müharibəsini
üzdə tutacaq əsl Zəfərnamə
hələ yazılmayıb.
Deməli, belə layihələrin
xeyrindən çox, ziyanını görürük.
Elə Azər Turanın da diqqət çəkmək istədiyi
məqam budur.
Əli bəy AZƏRİ
Ədəbiyyat qəzeti.- 2022.-
4 iyun.- S.28.