İndi oxuyan var?
Hekayə
88 nömrəli avtobusa
daxil olan kimi bir-birimizi o dəqiqə tanıdıq. F. müəllimə universitetdə
orta əsrlər tarixindən bizim qrupa dərs demişdi. Ona tərəf əyildim,
boynumu qucaqlayıb marçamarç üzümdən
öpdü, mən də onu (marçamarçsız)
öpdüm.
On ildən çoxuydu
universiteti bitirdiyim. Biləndə
ki, diplom alandan bu yana özəl universitetlərin birində
dərs deyirəm, üstəlik, müdafiə
edib tarix üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almışam,
bu gün-sabah dosent olacam, dedi ki, ay oğul,
biləsən, tələbələrim
uğur qazananda, əsas da hardasa
işləyəndə necə
sevinirəm. Ailəli olub-olmadığımı soruşdu, "Evliyəm,
iki qızım var". - "Nə gözəəl.
Nə gözəəl",
ardınca təsəlliyə
keçdi: "Vallah,
hamısından yaxşı
elə qız uşağıdı. Qocalanda ata-anaya
qız baxır".
Bilmirəm, doğrudan
ürək-dirək verdi, ya yox, onsuz da
iki qızımın olmağını özümə
dərd etmirdim. Sonra gözlərini qıyıb soruşdu:
"Ay oğul, tələbələrin
oxuyur?" - "Həmişə olduğu
kimi, oxuyanı da var, oxumayanı
da". - "Yox, ay bala, sizin vaxtınız
tamam başqaydı, onda tələbələr
əməlli-başlı dərs
oxuyurdu. Qrupun yarısı
seminarlara hazırlıqlı
gəlirdi". Ona
qulaq asa-asa doxsanıncı illərin
əvvəlləri tələbə
olanda, Axundov kitabxanasına həftədə
bir dəfə gedib kataloqlarda lazım olan kitabların, elmi jurnalların adlarını,
şifrələrini tapıb
balaca dördbucaq kağızlara (zayavka) yazmağım, kitabların
gəlib çıxmasını
yarım saat, qırx dəqiqə gözləməyim, onlar gələn kimi oxumağa başlamağım,
vərəqdə qeydlər
etməyim yadıma düşdü. Sonra F. müəlliməyə dedim
ki, indiki tələbələrin çox
vaxt Axundov kitabxanasına tez-tez getmələrinə xüsusi
ehtiyac yoxdu, evdə oturub lazım olan monoqrafiyaları, məqalələri
saytlardan rahatca endirib oxuyurlar, təhlil edə-edə buraxılış, magistr
işlərini yazırlar.
Üstəlik, indiki tələbələr
Avropa İttifaqının
Erasmus, Sokrates proqramları
vasitəsilə Avropa
universitetlərində bakalavra,
magistraturaya qəbul olurlar, gedib orda konfranslarda çıxış edirlər.
"Yox, ay bala, kim
nə deyir desin, o vaxtkı tələbələrdən indi
yoxdu", - narazı-narazı
başını yelləyərək
bunları deyən, təqaüdə çıxmış
qoca müəlliməm
hələ də doxsanıncı illərin
xiffətini edirdi. Yadıma düşdü ki, bu pedaqoq
o zamanlar tələbələrə
mühazirələrdə evlənmək,
boşanmaq məsələlərindən
danışırdı, oğlanlara
məsləhətlər verirdi:
bu gün-sabah evlənəcəksiz, ona görə xarakterli olun, bilin ki,
evdə son söz kişinindi, lazım olanda yumruğunuzu stolun üstünə vurun, arvada
öz yerini göstərin. Bir dəfə o, qızların
eşitməməsi üçün
qabaq partada yan-yana oturmuş dörd oğlana pıçıltıyla demişdi:
"Yeri gələndə,
yumruq-şilləyə də
keçmək lazımdı,
yoxsa başınızda
oturarlar. Amma qədərində, şikəst eləməmək
şərtilə". Müəlliməmiz arada qızlara öz məsləhətlərini verirdi:
ailə qurandan sonra ərinizin sözünə qulaq asarsız, qayınana-qayınatanızın
hörmətini saxlayarsız,
ən yaxşı sənət müəlliməlikdi,
ay nə bilim, karyera qurum, cəmiyyətdə məni
tanısınlar, belə
şeyləri unudun getsin, yoxsa ərinizlə
problemləriniz olacaq.
Bir dəfə
iki-üç qız
tələbəyə pıçıltıyla
toy gecəsinin məziyyətlərindən
danışmışdı, öz məssəbiynən
indidən onlara həyəcanlarını yenməsiyçün
məsləhətlər vermişdi,
qızlardan arxada oturan oğlanlarsa qulaqlarını şəkləyib
xısın-xısın gülmüşdülər. Bir sözlə,
F. müəlliməyə maraqla
qulaq asırdıq, suallar verirdik və bu cür
"mühazirələrə" görə onu dərs oxumayan, elə dərs oxuyan tələbələr
də sevirdi. Bircə arxada oturub sakitcə
öz aralarında
poker oynayan üç-dörd
oğlan ona qulaq asmırdı.
Günlərin bir günü qəfildən öz müaviniylə auditoriyaya
girib vəziyyəti yerindəcə anlayan dekan hirslə ona dedi: "Bu nə biabırçılıqdı?!
Niyə dərs keçmirsiz?!
Niyə tələbələrin qabağında
dəftər, qələm
yoxdu? Nə vaxta qədər
belə davam edəcək?" - "Başa düşdüm, başa düşdüm, indi hər şey
qaydasında olacaq",
- qorxa-qorxa, əsə-əsə
cavab verən müəlliməmiz tez çantasını eşələməyə
başladı, guya (olmayan) mühazirə mətnini axtarırdı.
Əsəbi-əsəbi başını bulayan dekan və
müavini auditoriyadan çıxdı.
İlk dəfəydi F. müəllimə qrup qarşısında pərt olmuşdu, açığı, onun düşdüyü bu vəziyyətə tələbələrin demək olar, hamısı acıyırdı. O isə pərtliyini gizlətməyə çalışırdı, baxışlarımızdan yayınmaqçün gözlərini tavana zilləyərək, hazırlaşmadığı mühazirəsinin orasından-burasından danışa-danışa, məntiqsiz keçidlər edə-edə, hərdənbir gözü qapıda "Birdən yenə gələrlər" həyəcanıyla zəng vurulana qədər birtəhər dərsi yola verdi. Dekanın onu tənbeh etməsinə baxmayaraq, növbəti dərslər əvvəlki "qaydada" davam etdi.
"Ehh, getdi o vaxtlar, ay bala. İndiki
tələbələri ancaq
kompüter, feysbuk maraqlandırır", - dərindən
köks ötürüb
dedi. Soruşdum, feysbukda varsız, həvəslə "Hə,
əlbəttə varam",
- dedi, profil adını deyib ona dostluq göndərməyimi
xahiş etdi. Sağollaşdıq, axşam dostluq
göndərdim, tezcə
məni dostları siyahısına qəbul elədi, dörd-beş saniyənin içində
on iki şəklimi bəyəndi, qızlarımın
şəklinin altında
"Allah bəxtlərini versin"
yazdı. Profilinə
girib baxdım ki, ən azı,
gündə üç-dörd
status yazır: təzə
ailə quranlara məsləhətlər, "Yaşasın
vətən!" tipli
şüarlar, indiki zəmanədən giley və s. və s.
17 dekabr, 2015 - 15
may, 2022
Bakı
Alpay AZƏR
Ədəbiyyat qəzeti.- 2022.-
4 iyun.- S.30.