"Yarımçıq nəğməmizi səsləndirir küləklər..."

 

Bəsti Əlibəylinin şeirləri haqqında

 

Söz Tanrı payıdır. Sevib köynəyindən keçirdiyi bəndələrinə ehmalca pıçıldayır ilahi nurundan. Və yer ömrünü yaşamağa məhkum olan iki ayaqlı naçar bəndə çırpına-çırpına qalır.  Nə ilahi nura çevrilib Ay adamı ola bilir, nə yer həqiqətlərinə söykənməyə özündə güc tapır.  Olur müəllif  Bəsti Əlibəyli söyləmiş "öylə aşiqi qəmxar. Qüssə təngə gəlir, qəm çərləyir əlindən...". O yolun yolçuluğu çətin olduğu kimi, onnan qaçmaq, ondan da betərdi. İçin, ruhun məngənəsiylə elə cidarlanırsan ki, sanki keçilməz dağ, dərə yolunu kəsir... Yerdə özün olursan, bir də nur selinə bələnmiş öz Allahın, öz Tanrın! Başqa heç kim. Başqa heç kimə bəndəlik eləmirsən. Heç o fikirdə də bulunmursan. Çünki Tanrının əta elədiyi o nur seli amiranəlik eləyən hər bir kəsin içini, ruhunu sənə birər-birər açıb göstərir. Duyursan ki, itaət üçün gəlməmisən yer dünyasına... Necə şair yazır:

 

tirana itaət,

bütə biət etdi.

Aydan gəlmiş qonaqdı;

göynən gəldi,

göynən getdi...

 

Yaşarkən yalqız olur göyxislətlilər. Yerdə elə də duyulmur, önə çəkilmir. İçindəki ləl-cəvahiri görən, duyan, qiymətləndirən az olur, bəzən heç olmur. Öz yurdunda qəribə, öz adında duyulmaz sıra nəfərinə dönürsən. Onda da belə olur:

 

Yaşarkən yalnızdı,

yadlara alışmadı.

Ölüb getdi torpağa,

Torpaq

torpağa qarışmadı...

 

Bütün bu ilahi məqamları mənə ədəbiyyatşünas, tənqidçi kimi tanıdığımız Bəsti Əlibəylinin "Ədəbiyyat qəzeti"nin 14 may 2022-ci il tarixində çap olunan bir səhifəlik şeirləri pıçıldadı. Özü də "son nəfəsin şəkli" kimi asta, usta dedi. Sonra əlavə elədi ki, söz Tanrı nurundan süzüldüyü üçün kağızı andırmalıdır. Bu üzündən o üzü görünən işığı. Dil dirənməməlidir. Su kimi axmalıdır fikrin bu başından o başına... Bunu da səhifədəki şeirlər pıçıldadı...

Deyilən söz yadigardı - deyiblər... Əsas olan odur ki, nə deyirsən, necə deyirsən? Yadigar qoyduğun sözün ömrü haracandır... Nahara qədərdir, yoxsa qəbir evinəcən... Deyilməyən söz, fikir yoxdu - kəlamıyla razılaşmaq olar, o mənada ki, dediyin forma həm də sözə, ürəyə xoş gələ, sözün estetik gözəlliyini, duru, məna çalarını ifadə eləmək səmimiyyətini qoruyub saxlaya bilə. Söz yüklənməyə, ifadə çaları ilkinliyini itirməyə. Gözlə deyilən fikrin rəsmi bütün çalarına qədər incələnə. Bədii tablonu ruhunla hiss eləyəsən. Duru dilin ifadə elədiyi məna çaları ilk baxışdan anlaşıla - baş yormadan, ürəyin alt qatlarına təsir göstərmədən... müəllifin - Bəsti Əlibəylinin dediyi kimi:

 

Dəniz çəkmək istəyirəm -

                        alınmır,

Gəmi çəkmək istəyirəm -

                        alınmır...

Torda balıq çəkirəm,

                        alınır...

 

İfadə təzə və aydındır, sadə olduğu qədər də dərinə işləyə bilir. Bütün varlığı sonsuza qədər yoxluğuyla ifadə eləyir...

 

Səma çəkmək istəyirəm,

                        alınmır,

Uşaq çəkmək istəyirəm,

                        alınmır,

Qəfəsdə quş çəkirəm,

                        alınır...

 

Zövqlü bədii informasiya şeirin oxunaqlığını artırır. Ayıq oxucu "torda çəkilən balığın alındığını, qəfəsdə çəkilən quşun alındığını" bədii detalın incəliyilə, aydınlığıyla anlayır, bu tale çabasını bütün ziddiyyətiylə başa düşür. Bu məqamları asanlaşdıran müəllifin aydın bədii obrazlar sistemi və bulaq suyu kimi dupduru dilidir. Soyuqqanlı ifadə tərzini də buraya əlavə eləsək, onda alınır sevilən bədii parça. Adına şeir deyirik. Qu quşunun son nəğməsi də demək olar buna. Çünki düzəlməz tale oyununun dalınca səfərə çıxan müəllif, təbiidir ki, yarıtmaz biri kimi qayıdacaq. Çünki arxada bu taleni əkib-becərən, bəsləyib yetişdirən ömür yolu dayanır.  O ömür yolu, o düşüncə ki, yolu yox, yolda qəzanı özünə çəkir, qəfəsdə quş kimi çırpınır, torda balıq kimi çabalayır.

 

Havadan, qurudan, sudan

həyata yol çəkirəm, alınmır.

Ömrə əlvida deyib

son nəfəs çəkirəm

                        alınır...

 

 Öz ömürlüyündə ağrıya, acıya qapı açan, özünüdərkin bütün məqamlarına abunəçi olan qələm adamının taleyinə hakim kəsilən bu məqamlar aydın bədii dillə öz bədii ifadəsini tapanda olur düşüncəli oxucunun halal payı.

Bu, tale payıdırmı, yoxsa ulu yaradanın öz köynəyindən keçirdiklərinə bu geniş varlığı dar elədiyidi, nədi? Ya yaradanın yer genişliyinə etirazıdı? "Yarımçıq nəğməmizi səsləndirir küləklər" podborkası Bəsti Əlibəylinin könül nəğmələridi, daha doğrusu, ömür-gün, tale çırpıntılarıdır.  Hər sözün, hər misranın arxasında müəllifin özü dayanır. Dünyanı, varlığı sinirə bilməmək, onun köntöy, nizamsız bölgüsünü qəbul eləməmək fərdiliyi dayanır. Şairin obrazlar sistemi kövrəkdi, kənar baxışdan tez sınır.

 

Yağış göz yaşıyla yarışa bilmir,

gülür bu yarışı udan çiçəklər...

...Odlanır ürəyim alışa bilmir,

olub bitənlərlə barışa bilmir...

 

Hər şey alışmamaqdan, barışmamaqdan başlayır. Həyatı, dünyanı dərk eləmək də, onun gözü yarıtmayan işləkləriylə yola getməmək də... Hətta düşən axşama - qaranlıqlara, açılan işıqlı sabahlara da... könül etirazı yorğun misradan boylanır.

 

Altı məzar, üstü bağça

hər şey yalan, yalan çiçəklər...

 

Nədir bu inamsızlıq? Bunun yarısı varlığın dialektikasını incəliyinə qədər dərk eləməkdən gəlirsə, bir hissəsi də dövrün, zamanın, əsən sərt ruzigarların kövrək taleyə vurduğu zədələrdən qaynaqlanır. Duyan ürək, həssas qəlb soyuqluğu maqnit kimi özünə tez çəkir. Sezilən sərt baxış, biganə yanaşma könül evində öz qara izlərini yazır. Yerin, göyün, qəlbi daş ikiayaqlının "mərhəməti"ndən yarımayan duyğusal söz adamı varlığı qara rəngdə görür... Xırda ölçülü paltar bədənə olmadığı kimi, qara-qara baxışları götürməyən insan "böcək arkadaşıyla" bu fani dünyaya çox rahatca göz yumur.  Vida nəğməsini oxumağa başlayır.

Haşiyə... Mənə tanış hisslərdi... ömrün qaynar çağlarında, on səkkiz, iyirmi yaşlarında "dünya qara bulud kimi" üstümə çökən çağlarımda, qorxu qarışıq bir hisslə dünyanın üstünə "yeridim"...

 

Ayağım dünyaya yeriyir -

dünya ürəyimə

Həmzəsilə, qara keşişilə...

Dünya ürəyimə yeriyir

dəli-dəli işləriylə...

Qoyma anam...

 

Bu hissin, duyğunun dünyayla tanış olmadığı çağların çırpıntısıydı. O vaxt bir tənqidçi, professor haray qoparmışdı ki, sovet gəncində bu inamsızlıq hardandır?..

O vaxt sükutla qarşıladım. İndi isə hayqırıram ki, cənablar, nə sovet quruluşu, nə milli müstəqillik, ürək yarımayanda, "dövran bisukun, tale zəbun" olanda adamın içi, çölü qan ağlayır.

 

Nə dinsiz ağrılar var,

dözüb yaşamaq olmur.

Bu dağdan anrılar var -

bilib yaşamaq olmur.

Hər bəla sənə gəlir,

güdür, qəsdinə gəlir,

Yer-göy üstünə gəlir -

belə yaşamaq olmur.

 

Fikrin, düşüncənin dumduru ifadəsi! Boyasız, rəngsiz, bir qaz da içi üzən ovqatın qəlbi göynədən səmimiyyəti. Dəruni heç nə yoxdu ey. Sadəcə, məhrəm sözlərlə yaşamağın mümkün olmadığının rəsmini cızır... Necə ki, sözü, ünvanı, dəyişilmiş bir xalq mahnısında deyildiyi kimi:

 

Mərənddən aşdım, Xoya qoymadılar,

Dolandım, gəldim, toya qoymadılar...

 

Sadəcə, isti sözlərin sıralanmasıdır, di gəl adamın ürəyini çəkir... Bəsti Əlibəylinin şeirləri də eynən elədi... Dartıb ürəyini üzür...

Məşədi İbad deməli, "Mən özüm "Tarixi-Nadiri" yarısınacan oxumuşam", eyni zamanda qəliz yazmağı, sözü, fikri, obrazı cin düyününə salmağı sevirəm. Şeirin, sözün üst üzündən başqa, alt layına varmağı özünə bilmərrə ədəbi yol seçsəm də, baxıb görürəm ki, nə yazarın, nə oxucunun baş sındırmasına elə də ehtiyac yoxdur. Hər şey üzdən, aydın, sadə və dərin isti sözlərlə yazılsa, oxucuya gedən yolu daha kəsə olar. Hər halda bu səhifədəki şeirlər bunu mənə dedizdirir.

"Qüssə dolu" bir qəhər, boğazı göynədirsə, yazdan dolan buluda son bahar bəhanəsə, onda Bəsti Əlibəyli demişkən:

 

Getmək,

fani dünyadan,

vaxtında çıxıb getmək.

Bir az da qumru kimi,

anadil kimi ötmək...

 

Bir türk xatınını da belə yola salın, ikiayaqlı bəndələr! Eləyin görək əlinizə nə gələcək? Ustad Vaqif Bayatlı Odər demişkən:

 

Güllələyin şairləri, cənab martınovlar,

dəlixanalar dəliyə həsrət,

ölüxanalar ölüyə...

 

P.S. Bu səhifədə iç şeirlərini daha çox qabartdım. "Zəfər lalələri" və "qara yağış"a toxunmadım. Elə bilirəm bu şeirlərdə onların hamısı deyilib. Şeirə, müəllifə və qəzetə dərin sayqılarla...

 

Avdı Qoşqar

 

Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.31.