"Əlimizdə dünyaya
çıxarılası əsər varsa,
maddiyyatdan başqa sədd
düşünə bilmirəm..."
"Fikir bucağı" layihəsinin
qonağı yazıçı Şamxal Həsənovdur
- Xoş gördük, Şamxal bəy.
Necəsiniz? İşləriniz necə gedir?
- Dəvətiniz
üçün təşəkkür edirəm, Tural bəy!
İşlər də yaxşıdır, çox sağ olun.
- Bir romanınız çap olunub. Ədəbi tənqid tərəfindən kifayət
qədər maraqla qarşılandı. Sizcə,
uğurlu mətnin sirri nədir?
- Hələlik kifayət qədəri dırnaq içərisinə alardım. Düzdür, romanımı Azərbaycanda son dövrlər iki il ərzində peşəkar mənada haqqında ən çox yazılan, müzakirələr yaradan roman hesab etmək olar, lakin maraqlanmaqdan, münasibət bildirməkdən çəkinən, məbədlərdə susqunluq və etinasızlıq andı içən, romanın unudulması üçün dualar edən qələm adamların olduğuna da inanıram.
Əlbəttə, "Səs və ya Qırmızı"ya kifayət edəcək maraq tədricən yaranacaq. XX əsrin hazırlıqlı, intellektual oxucularını bayağı və ya səthi əsərlərlə çox məşğul edə bilməzsiniz. Azərbaycanın təhsilində, iqtisadiyyatında az-az irəliləyişlər də olduqca, artmaqda olan tərcümələr sayəsində dünya ədəbiyyatını izləyən, onu mənimsəyən, ağıllı, doyumsuz, hətta qısqanc oxucular yetişməkdədir. Onların yerli ədəbiyyatdan (bir romandan) gözləntiləri son 60 ildə olduğundan yüksək olacaq. "Səs və ya Qırmızı"nın oxucu kütləsi ilk növbədə onlardır.
Uğurlu mətnin sirri geniş bir mövzudur. Ancaq bu
söylədiklərimi də nəzərə alsaq, onun sirrini
"zəka, zəhmət və zövq"də axtara bilərik.
Yaxşı təhsil almadan, üzrlü və ya
üzrsüz səbəblərdən ağır əsərlərin
mütaliə əziyyətinə qatlaşmadan, əsasən
öz aralarında təqdir görmək üçün
"yeniyetmə" hekayələr yazıb özünü
dükətməklə, yaxud ən pisi, 3 aya, 6 aya, birnəfəsə,
hətta "təblə" irihəcmli, uğurlu mətni
yaratmaq çətindir.
- Ədəbi
yaradıcılığınızın mətbəxi haqda nə
deyə bilərsiniz? Bir az yazı prosesi haqqında...
- Sevdiyim,
öyrəndiyim xarici müəlliflər var. Əvvəlki
müsahibədə bəzilərinin adlarını çəksəm
də, diqqətli oxucuları romanın özünü
oxumağa dəvət edirəm.
Yazı prosesi şəxsi və dəyişkəndir. Son bir ildir
vaxtımı ikinci romanı işləməkdən daha
çox mütaliəyə həsr etmişəm. Buna baxmayaraq,
mümkün olduğu qədər də nəsnələrlə,
məsələn, evdəki əşyalarla məşğul
olmağa, bir sözlə, yazmaq naminə düşünməməyə,
hadisələrin özü ilə arama "yaradıcı pərdə"
çəkməməyə çalışıram.
Yaradıcılığımın növbəti yeni
sütunları qoyularkən öz "kulisimin"
forlamaşdığından daha çox əmin olmaq, yəni
daha çox özüm olmaq, yaxud ağlın ezoterik mənbəyindən
daha çox qidalanmaq istəyirəm.
Ümumiyyətlə
isə hansı fikri niyə və nə qədər ifadə
etmək uğurlu mətnin "sirrinə"
yaxınlaşdırar, şair Rəvan Cavidin romanım
haqqında yazdığı essesində də
vurğuladığı kimi, harada saf, harada "mühəndis"
olmalı kimi suallarla, az qala hər cümləni on dəfələrlə
işləməklə, onların təkamülünü kənardan
aylarla müşahidə etməklə keçir yazı
prosesim.
- Yazıçı Şərif
Ağayar sizin romanınız haqqında "Azərbaycanın
Prustu" adında dolğun bir yazı yazıb. Yazıda bir
məqam diqqətimi çəkdi: "Saday Budaqlının
yığcam hekayələrini istisna etsək, bizim ədəbiyyatda
duyğuların bu müstəvisinə enən, yaxud qalxan, ən
başlıcası, orda o qədər qalan yazıçı
görməmişəm". Bu fikrə
münasibətiniz necədi?
- Təəssüf
ki, Saday Budaqlını oxumaq hələ də qismət
olmayıb. Deyəsən, bir hekayələr
kitabı var, ancaq kitab mağazalarında rastıma
çıxmır. Şərif bəyin bədii
duyumuna və ədəbi vicdanına güvənirəm.
- Duyğuların müstəvilərinə
yazıçı necə enməlidir?
- İnadkarlıqla, bel ağrılarıyla. Bir də bəzi
tilsimlər və iksirlər var, onları açıqlaya bilmərəm
indi (gülür).
- Müşahidə, həyat təcrübəsi,
yaşantı yoxsa?
- Bunlar nə
mütləq şərt, nə də yetərli bəhanə
olmalıdır. Böyük yazarlar mənə
başqa dünyaların ruhları ilə əlaqə
saxlamağı bacaran şaman, yaxud xəstəliklə
potensial xəstə arasındakı məsafəni dəqiqliklə
ölçə bilən həkim kimi gəlir.
Sizin sadaladıqlarınız yazı prosesində
doğru seçilməli və qədərincə istifadə
edilməli elementlərdir. Sizə mənalı gələn
təcrübəniz (müşahidəniz) özlüyündə
bir o qədər mənalı olmaya bilər. Deməli, siz o qədər də "maraqlı"
insan olmaya bilərsiniz. Bundan dərhal
depressiyaya düşmək lazım deyil. Ayaq
saxlamalı, gözü götürmədiyi şagirdinə
gizlin göz qoyan soyuqqanlı müəllim kimi bu
müşahidənizi də müşahidə etməlisiniz.
Necəsə səhifəyə
düşmüş o həyat təcrübəsini "qiymətləndirən"
özünüzə də həmişə güvənməməli,
bəzən ona da ironiya etməlisiniz. Bütün
bunlar həqiqətənmi maraqlıdır, dəyərdimi
yazmağa, böyük bir yanılmanın içində,
özünüzü alçaq dağları
yaratdığınıza inandırmısınız bəlkə?
Müasir yazarlarımızın çoxu ilə tez-tez bu
problemi yaşayıram: "Təəssüf ki, xəyalını
qurduğun qədər maraqlı insan deyilsən, seçimlərin
bayağı, formaların klişedir".
Almaniyada yaşayan dəyərli filosofumuz Ağalar Məmmədovun
mənə söylədiyini illərdir unutmuram -
"Maraqlı insansınızsa, maraqlı da
yazacaqsınız".
- Müasir romançılıq deyəndə
nəzərdə tutulan nəsnələri çox vaxt
qarışdırırıq. Məsələn,
dil baxımından. Romanın dili, daha doğrusu,
müasir romanın dili necə olmalıdır?
- Şəxsi fikrim budur ki, istər roman olsun, istər
hekayə, müasir dildə yazılmalıdır, mövcud
formalar buna imkan vermirsə, yeniləri yaradılmalıdır. Süni pafosa,
bəlağətli, "şirəli" ifadələrə
qaçanları, bir-birilərilə "dil"
yarışına girənləri anlamaqda çətinlik
çəkirəm. Hətta köhnələrin
təsirindən bu gün də çıxa bilməyən gənclərə
rast gəlirəm bəzən. Bu kompleksdən
qurtula bilmədiyimizə təəccüblənmişdim.
Hər halda, fikrimcə, psixoloq və ədəbiyyatşünaslarımız
bu məsələyə fərqli aspektlərdən
aydınlıq gətirə bilərlər.
Məni
çox vaxt "müasir" mətnlərimizdən
uzaqlaşdıran səbəblərdən biri də budur: hədsiz
bər-bəzəyə görə dilin daşımağa
gücü yetmədiyi məna yükü. Üstəlik, buna
zəif yumor və sönüklüyü heç cür
ört-basdır edilə bilməyən zəka da əlavə
olunanda, Nabokovu bir kənara qoyub bizdən kimisə oxuya bilmirəm...
Daha doğrusu, çox vaxt öz şəxsi məqsədlərim
üçün, enerjimdən qurbanlar verə-verə oxuyuram.
Mən romanımın öz yeni dilini yazdıqca inşa
edərkən bəzən cümlələri ağlımda
başqa dillərə çevirməyi, buna oyun gözüylə
baxıb cümlələrə fərqli intonasiyalar
(tonallıqlar) qatmağı sevirəm. Bu da romanımı az qala qrammatika, izahlı lüğət
kitabları ilə birlikdə oxuyanlar tərəfindən bəzən
birmənalı qarşılanmır. Bitməyən dil, redaktə
söhbətləri... Yorucudur, amma yəqin,
lazımdır.
- Oxucular niyə fəlsəfi
romanları az oxuyur, ya da heç oxumurlar?
-
Oxucuları qorxutmayaq. Yaxşı romanlar deyək.
Min bir əziyyətlə
yazıldığı kimi, səbrlə oxunmalı olan
kitablar. Çətini bir dəfə tanış
olmaqdır, onsuz da sonra digərlərini, yəni "fəlsəfi"
olmayanları oxumaq oxucuları da doyurmayacaq.
- Bu gün Azərbaycan nəsrində
nə çatmır ki, onu görə bilmirik? Yaxud
dünyaya çıxmaq üçün qarşımızda
sədd olub?
- Məsələn,
fərqli obrazların öz dilindən, yəni birinci şəxsdə
işlənmiş roman çatışmırdı, onu bizdə
də görə bilirik bu gün. Hazırda
işlədiyim ikinci roman da məzmun və formasına görə
bir ilk olmalıdır. Yəni ümid edirəm,
ağlımda qurduğum kimi yazıb bitirə biləcəyəm.
Əlimizdə dünyaya çıxarılası əsər
varsa, maddiyyatdan başqa sədd düşünə bilmirəm. Tərcümə
etdirib göndərirsiniz xarici nəşriyyatlara. Onlar da münasibət bildirirlər.
- Bəlkə tərcümələrlə
bağlı nələrsə düz getmir?..
- Ola bilər.
Hər halda axtarsaq yaxşı tərcüməçini
də taparıq. Fransada yaşayan türk əsilli
fransız tərcüməçi çevirib romanımı.
Esra Tuncer, Strasburq Universitetinin Türk Etütleri
bölümündə doktorantura tələbəsidir. Tədqiqatında Türk dillərində ortaq dil məsələsini,
xüsusilə də Azərbaycan və Türkiyənin dil
siyasətlərini araşdırır. Tərcümədən
sonra isə fransız tərcüməçi-redaktor Şirin
Sayar Melikoff romanı redaktə edib. Xanım
təkcə nüfuzlu Gallimard nəşriyyatı ilə 20 ilə
yaxın əməkdaşlıq edib, Zülfi Livanelinin,
İlber Ortaylının əsərlərini çevirdiyini
bilirəm.
Həmişə belə xoş təsadüflər, bu
insanları Fransada tapıb razı salan, böyük maraqla
oxuduğum "Madam Floranın Rəngli Daşları"
romanının müəllifi Nicat Kazımov kimi dostlar da
olmur.
Yerli tərcüməçilərin xarici dilə bədii
tərcüməçilik sahəsində təcrübələrinə,
peşəkarlığına bələd deyiləm,
araşdırmalıyam, baxmalıyam. Əminəm tapmaq
olar. Hər halda düşünürəm
ki, növbəti mərhələdə bədii redaktəni məhz
bu işlə məşğul olan xarici redaktor etməlidir.
- Nəşriyyatların işi
müəlliflərin işini yoluna qoya bilmir. Ya qonorar az olur, ya da ümumiyyətlə olmur. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın
ən prestijli nəşriyyatı "Qanun"dan razıyam. Müqaviləmiz var, hüquq, vəzifələrimiz,
qonorar məsələləri aydın yazılıb. Hətta müqaviləmizi danışıqlar
aparmaqla, qarşılıqlı işləyib hazırlamışıq.
Hər ay hesabat göndərilir. Təbii ki, çatışmazlıqlar və buna
bağlı problemlər də var, amma bu ölkədə
heç bir günahı yalnız bir nəfərin
üstünə atmaq doğru deyil.
- Bəlkə dövlətin kitabla
bağlı mövqeyində yeni nələrsə nəzərdə
tutulmalıdır?
- Naşirlər,
mətbəə və kitab satışı biznesində olan
mötəbər insanlar vaxtaşırı olaraq müxtəlif
platformalarda təkliflərini, iradlarını dilə gətirirlər.
Zamanla dövlətin və özəl sektorun
kitabın stimullaşdırılmasında daha aktiv mövqe sərgiləyəcəyinə
ümid edirəm.
- Marsel Prust haqqında nəinki
yazmaq, danışmaq da asan məsələ deyil. Niyə məhz Prust?
-
Razıyam sizinlə. Mənə də Prustu sevdirən onun bizə
həyatı mənalandırmağı, təbiətə,
insan davranışlarına, onun hisslərinə rəssam incəliyi
ilə yanaşmağı, kiçik şeyləri görməyi
və onlardan zövq ala bilməyi, nə qədər canlı
və həssas ola biləcəyimizi,
zamanın təbiətini və xatirələri necə tədqiq
etməyi öyrətməsidir. Bütün
bunlardan həzz almaq üçün ədəbiyyat oxuyuruq və
bunu ondan yaxşı bacaran yoxdur.
- Bəlkə bu, diqqəti özünə
çəkmək üçün atılmış
addımdır? Yəni intellektual mətnin yeni təqdimatı
belə olmalıdır?
- "Azərbaycanın Prustu" ifadəsini nəzərdə
tutursunuzsa, bu, Nicat Kazımovla Şərif Ağayarın
tapıntısıdır. Əlbəttə,
bütün məziyyətləri ilə, fikrimcə, insan təbiətinə
hamıdan daha yaxın, onu hamıdan ən dolğun ifadə
edən Prustu hər dəfə oxuyanda, mən də hər səhifədə
öz-özümə "Monsieur Proust, c'est moi!" deyirəm.
- Ədəbi mükafatlara
münasibətiniz necədir?
- Əldə etməli olduqlarımın qısa
siyahısı var. Xüsusilə Fransada (gülür).
- Ədəbi qurumlara
üzvlüyünüz varmı?
- Xeyr. Hələlik belə bir niyyətim də yoxdur.
- Son olaraq oxuculara
sözünüz...
- İzləməyənlər varsa, Stranger Things-i izləsin. Yeni sezonu da
çıxdı. Netflixdə var.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.4.