Şükürlər olsun Allaha,

Bəxt bizlərə sarı gəldi.

Salamat çıxdıq sabaha,

Elin havadarı gəldi.

Bu tarixdir, həqiqətdir

Bu bər-bəzəkli söz deyil,

Bunu soruşun millətdən,

O daha doğru düz deyər.

Bu, tarixdir, həqiqətdir,

Gəlişigözəl söz deyil

Daha yazıq anaların

Saçı vaxtsız ağarmadı.

Daha şəhid məzarları,

Sürət ilə çoxalmadı.

Azalmadıq qoşun-qoşun

Hər gün dağılıb-sökülüb,

O şəxsin böyüklüyünü,

Siz şairlərdən soruşun,

Şairlər daha düz deyər!

 

***

 

O, doğma xalqın içində

Güllə batmaz Heydər olub.

Onunladır hara gedə

Bu başıbəlalı ölkə...

Bu torpağa onun qədər,

Xidmətçi olmayıb bəlkə...

Bu milləti onun qədər,

Ərzdə tanıdan olmayıb,

Məmləkətdə onun qədər,

Qurub-yaradan olmayıb.

Heydər Əliyev deyəndə

Bu kiçik millət böyüyür.

Heydər Əliyev deyəndə

Doğma məmləkət böyüyür.

 

Cabir Novruz.

 

"İxtiyarım olsa idi" poemasından

 

Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.2.