Millətimin alnından parladı

Bir il nədi, min bir ilin adamı,

Dilimizin şöhrətini ucaltmış

Uca sözün, şirin dilin adamı.

 

Sınanmış bir zəkasıdır zamanın,

Hüdudunu çəkir yaxşı-yamanın.

Sərrafıdır sazın, tarın, kamanın,

Sarı simin, gümüş telin adamı.

 

Bu əziz ad tarixə bir ad olsun,

Türk dünyası hər yağıya yad olsun.

Araz üstə "Yallı" tutub şad olsun

O sahilin, bu sahilin adamı.

 

Odur bu gün vətənə gün ağlayan,

Odur bu gün xain gözü danlayan,

Xəzər altdan bu dünyaya çağlayan

Qanımıztək yanar selin adamı.

 

Pənahımız əzəldən ər qılıncı,

Neylər bizə məkrli şər qılıncı!

Çıxdı qından iti Heydər qılıncı,

Məğlub olmaz Çənlibelin adamı.

 

Bütün  dünya bəli dedi sözünə,

Qüvvət gəldi məmləkətin dizinə.

Ata sayır, baba sayır özünə

Hər ocağın, hər mənzilin adamı.

 

Ərzi gəzir zamanın Qıratında,

Şölə saçır göyün yeddi qatında.

Qurban kəsir ayağının altında,

Başdan-başa bizim elin adamı.

 

Millətimin alnından parladı,

İstiqlalın qaya çapan fəryadı.

Qoy var olsun ustadların ustadı

Bir il nədi, min bir ilin adamı,

Bizim yurdun, bizim elin adamı.

 

Hüseyn Kürdoğlu.

 

"Min bir ilin adamı"

 

Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.3.