Söylə bunun sirrini
Akademik
Zemfira Səfərova haqqında yazdığım bu yubiley məqaləsinin
çapından beş il keçir. Bu gün musiqişünas-alim 85 illik yubileyi münasibətilə
ölkə Prezidentinin qərarı ilə "Şöhrət"
ordenilə təltif olunub. Beş il
öncə yazdığım məqaləni təzədən
oxuyanda və bu gün yubileyini qeyd edən alimin
bioqrafiyasına, yaradıcılığına, mühüm
elmi araşdırmalarına yenidən nəzər salanda
başa düşürəm ki, bunlar hamısı
bütöv halda məktəbdi, örnəkdi, yeni gələn
nəsillərin tərbiyəsi üçün
faydalıdır. Əslində, məqaləmin əsas tezisini
- hesabat məqamını davam etdirsək, elə son beş ildə də Zemfira xanımın həyatında,
yaradıcılığında qeyri-adi yeniliklər olub. Yeni kitablar, çıxışlar,
görüşlər, tədbirlər və s. Amma ən
vacibi musiqişünas-alimin azad Qarabağın musiqi xəzinəsi
haqqında kitab nəşr etməsidir. Bu
mənada Vətənin qələbəsi onun bütün cəbhələrində
mübarizə aparanların, elə akademik Zemfira Səfərovanın
da qələbəsidir. Bu, ayrıca məqalənin,
araşdırmanın mövzusudur. İndilikdə
isə əziz Zemfira xanımı yubileyi münasibətilə
təbrik edir, ona cansağlığı, yeni
yaradıcılıq uğurları diləyir, məqaləmi
"Ədəbiyyat qəzeti" oxucularına təqdim edirəm.
Yuvarlaq rəqəmlər hesabat tələb edir insandan. Sanki bir
anlıq nəfəs dərmək, keçmişə
boylanıb elədiklərinə baxmaq, ya da "düz
yaşadımmı?" sualına cavab axtarmaq
üçündü yubileylər.
Vaxt
sayğacının sürətlə, fasiləsiz işləməsi
hüzn gətirir, nostalji keçirirsən, illərin o
tayında qalmış adamlardan ötrü darıxırsan, qəribsəyirsən
də bir az. Zaman kimlərisə alır əlindən,
ölüm əbədi ayrılıqların sayını
artırır, həyat qəlizliyi ilə yorur da bəzən!
Yaşa dolduqca sevincin azalır, qayğın artır,
yükün çəkilməz olur... Hələ üstəlik,
kütlə deyilən toplumdan seçilirsənsə, hamı
kimi yaşamaq fikrin yoxdusa, axına qarşı getmək
istedadın varsa, heç kəsin bacarmadığını
etməkdə iddialısansa... Bax onda işin, yəni həyatın
yüzqat çətinləşir! İl-ildən
sevinc "bahalaşır", rahatlıq əlçatmaz
olur. Daha çox xərclənməli, daha artıq zəhmətə
qatlaşmalı olursan! Zamanını,
sağlamlığını xərcləyirsən... Amma dayanmaq, nəfəs dərmək də istəmirsən.
Çünki hər yeni uğurun, nailiyyətinlə
yeni hədəflər, yeni məqsədlər
açılır qarşında.
Və
günlərin birində yeni bir yuvarlaq rəqəmə
çatınca, fikrə gedirsən... Dəyərdimi?
Bir an da düşünmədən "bəli,
dəyərdi" - deyib cavab verirsən. Bax
budur qələm adamının üstünlüyü. Yazılardan, kitablardan, əsərlərdən
savayı hər şey mirasdı. Topladığın
sərvət də, qazandığın maddiyyat da sənin
üçün deyil. Səndən
sonrakılara qalır, bəzən heç qalmır da,
dağıdılır, talan olur. Qələm
adamının isə əbədiliyə, ölməzliyə
iddiasıdır yazdıqları. Əslində, elə
yazılanlar da sonrakı nəsillər
üçündür, onlara ötürülür, amma yenə
də sənin adınla, imzanla... Söhbət əlbəttə
ki, iddiası yazdıqlarının topuğuna çatmayan
cızmaqaraçılardan getmir... Sözün əsl
mənasında gördüyü işin fədaisi olan
adamlardan gedir. Zemfira Səfərova kimi!
Musiqişünas
alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, professor, Əməkdar elm və incəsənət
xadimi Zemfira
Səfərovanın bu gün 80 yaşı tamam olur. Bütün bu titulları, fəxri adları
sadalamaqda niyyətim 80 ilin əsas nailiyyətlərini göstərmək
deyil. Bu adlar, vəzifələr,
mükafatlar əslində böyük, çox böyük zəhmətin
təvazökar bir bəhrəsidir. Zemfira
xanımın bioqrafiyasına, yaradıcılığına
nəzər salanda bütün bu işlərin insan
ömrünə sığışmasına, həm də zərif
bir xanımın bunların öhdəsindən gəlməsinə
heyrətlənməyə bilmirsən. Sirr
nədədir görəsən? Güc, iradə, cəsarət,
işinə sevgi, özünə dəyər, qorxmazlıq...
Yaxud bütün bunların cəmi. Hər halda Zemfira Səfərovanın
gördüyü işlər bunu deyir. Həm
özünün yazdıqları, həm də haqqında
yazılanlar bu son dərəcə istedadlı, öz
işinin peşəkarı olan xanımın iradəsindən,
böyük məsuliyyətindən xəbər verir. Elə özü də müsahibələrindən
birində "Ömrüm boyu mənə xarakterim və
yüksək məsuliyyət hissim kömək olub" -
deyir. Məncə, bu təvazökar
siyahıya cəsarəti də əlavə etmək mütləqdir.
Çünki indi yox, hələ lap erkən gəncliyindən
Zemfira xanım elə yüklərin altına girib ki... Musiqişünaslıq tarixində, elmində bir
çox ilklərə imza atıb, yeniliklər edib və
bunları inamla, özünə, tutduğu yola əminliklə
həyata keçirib.
Hər şey ordan başlanır ki, 1945-ci ildə, balaca
Zemfira gözəl səsi olan, dahi bəstəkarı "Qaragöz"
mahnısını yazmağa ilhamlandıran anası Cəvahir
xanımla "Koroğlu" operasına baxmağa gedir. Üzeyir Hacıbəyovu
görür orda... "Ardı yaşanılır" xatirələr
kitabında Zemfira xanım bu qısa görüşü belə
təsvir edir: "Lojada Üzeyir bəyi görəndə o mənə
dedi: "Bax o lojada əyləşən Üzeyir bəydi".
Mən o vaxt dahi bəstəkarı birinci və
axırıncı dəfə gördüm". Əslində isə Zemfira xanım dahi bəstəkarla
hələ çox "görüşəcəkdi",
çox dərdləşəcəkdi, ömrünün ən
gözəl illərini ona sərf edəcəkdi. O
qısa görüşü isə sanki Tanrıdan göndərilən
ismarış da saymaq olar. Amma həm də uzun və çətin
yolun başlanğıcı... Elə həmin
ildən başlanır o yol. Zemfira xanım əvvəlcə
Konservatoriya nəzdindəki (indiki Bülbül adına)
Musiqi Məktəbini, sonra Konservatoriyanı Musiqi nəzəriyyəsi
ixtisası üzrə əla qiymətlərlə oxuyub
bitirir.
Zemfira xanımın həm ciddi, çoxşaxəli
elmi araşdırmalarını, həm kiçikhəcmli məqalələrini,
həm də "Ardı yaşanılır" bioqrafik əsərini
oxuduqca başa düşürsən ki, burda təsadüfi
heç nə yoxdur. Yəni sanki lap əvvəldən
cızdığı, düşündüyü plan üzrə
yaşayıb bu insan. Və
qarşısına məqsəd qoyub; yalnız dəyəri
olanı təbliğ etmək, inandığını demək
və heç vaxt kiməsə, nəyəsə görə
danışmamaq. Yəqin ki, bu həqiqətsevərlik,
dürüstlük elə ailədən, tərbiyədən
gəlir. Atası, neftçi-alim, Neft daşlarının
ilk yaradıcılarından biri Yusif Səfərovun çətin
həyatı, dövrün qəlizlikləri ucbatından
yaşadıqları - sürgün, həbs heç
şübhəsiz ki, bu evdə böyüyən
uşaqların da xarakterinə təsir edib. "Ardı
yaşanılır" kitabında atasının
sürgündən qayıdışını müəllif son dərəcə prozaik
şəkildə təsvir edir. Amma mənə
görə ən təsirli olan Yusif Səfərovun öz
nüfuzundan istifadə edib, əla oxuyan qızını məktəbi
bitirəndə qızıl medal alması üçün
tapşırmamasıdı. Görünür, Zemfira
xanımın həyatı boyu üzləşəcəyi
haqsızlıqlar o zamandan başlanıb, elə bu
haqsızlıqlarla mübarizə də... Həm də
heç kəsə yox, məhz özünə, öz
gücünə arxalanaraq mübarizə...
1962-ci ildə dahi bəstəkar Qara Qarayevə imtahan
verib aspiranturaya daxil olan Zemfira Səfərova elm yoluna qədəm
qoyur. Bitib-tükənməyən, sonu görünməyən,
zaman və zəhmət tələb edən, amma həm də
çox şərəfli işi - musiqimizin tarixini, nəzəriyyəsini
araşdırmağı öz boynuna götürür. "Üzeyir Hacıbəyovun musiqi estetik
konsepsiyası" mövzusunda dissertasiya müdafiə edir.
Sənətşünas-alim
Aida Tağızadə Zemfira xanım haqqında qələmə
aldığı "Ömrün bəhrəli
çağları" məqaləsində yazır: "Z.Səfərova
musiqi sənətinin müxtəlif sahələrində ilk təşəbbüslər
etmiş, bunun da nəticəsində çoxşaxəli
yaradıcılığa malik cəfakeş, təmkinli, təvazökar,
istedadlı tədqiqatçıdır". Əslində,
Zemfira xanımın ömrünün "bəhrəsiz
çağını" tapmaq mümkünsüzdü,
çünki elə sadəcə, əsərlərinin
biblioqrafiyasına nəzər salanda fasiləsiz işlədiyini,
yeni-yeni mövzular ətrafında araşdırmalar
apardığını görürük. Həm də bunlar elə-belə, sadə məsələlər
deyil. Səfiəddin Urməvi, Mir Möhsün Nəvvab,
Əbdülqadir Marağayi, Üzeyir Hacıbəyov, Qara
Qarayev, Cabbar Qaryağdıoğlu və başqa bu kimi sənətkarların
yaradıcılığını araşdıran alim
musiqişünaslıq elmində bir çox ilklərə
imza atıb. Və təsadüfi deyil ki, bu böyük
işləri Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov,
Tofiq Quliyev kimi bəstəkarlar dəyərləndirib, məqalələr
yazıb, çıxışlar ediblər.
Dahi Üzeyir Hacıbəyovun əsərlərinin
akademik nəşri də Zemfira xanımın adıyla, zəhmətilə
bağlıdır. Hələ 1985-ci ildə, bəstəkarın
yüz illiyi ərəfəsində gənc xanım bu məsuliyyətin
altına girib və işin öhdəsindən uğurla gəlib.
Bu faktları sadaladıqca düşünürəm ki, əsas
şərt vətəninə, millətinə sevgidir... Həm də
başqasının bunu bacarmayacağını, etməyəcəyini
dəqiq bilir Zemfira Səfərova. Eyni
zamanda, bütün bu məsələləri, problemləri,
araşdırmalarını beynəlxalq aləmə
çıxarması da xüsusi vurğulanmalıdır.
Elə Üzeyir bəy haqqında yeddi dildə
çıxan kitab, həmçinin müxtəlif şəhərlərdə,
Səmərqənddə, Tbilisidə, Parisdə, İstanbulda,
Kayseridə, Ankarada, Tehranda, Sankt-Peterburqda edilən məruzələr
musiqimizin təbliğatı istiqamətində böyük
işlərdir. Vətənpərvərlikdən
danışmışkən "Qarabağın musiqi mədəniyyəti"
məqaləsini də xüsusi qeyd etmək istərdim. Həm də Zemfira xanımın bu məqaləni
çətin, itkilərlə dolu 93-cü ildə yazması
da çox mühüm məqamdı.
Musiqişünaslar Zemfira xanımın uzun illik
araşdırmalarının, əsərlərinin dəyərini,
əhəmiyyətini daha yaxşı bilirlər əlbəttə. Amma mənə
elə gəlir ki, bu əsərlər sadəcə millətini
tanımaq, dərk etmək istəyən, zəngin mədəniyyətindən
xəbərdar olmaq istəyən hər kəs
üçün əhəmiyyətlidir. Şəxsən
mənim üçün "Dədə Qorqudun musiqi
dünyası", "Füzuli və Azərbaycan
musiqisi", "Musiqi və ədəbiyyatın vəhdəti",
"Rəsul Rza və musiqi" kimi məqalələri xeyli
maraqlı və faydalıdır. Və bu məqalələri
oxuyarkən müəllifin təkcə musiqi yox, həm də
söz duyğusuna, ədəbiyyat bilgilərinə heyrətlənməyə
bilmirsən. Elə "Ardı
yaşanılır" xatirə-memuarının da son dərəcə
təsirli, maraqlı yazılmasının əsas səbəbi
söz duyğusudur. Müəllif bu əsərlə
sadəcə öz həyatını, keçmişini,
yaşantılarını yazmır, həm də
dövrün mənzərəsini yaradır.
Yazımın əvvəlində yuvarlaq rəqəmlərin
insandan hesabat sorduğunu söylədim. Yəqin,
Zemfira xanımın bu yubileyinə aid "hesabatı"
çox geniş və irihəcmli olar. Gördüyü
işləri, yaşadıqlarını, kitablarını,
yetişdirdiyi alimləri bir yox, bir neçə kitabla ifadə
etmək lazım gələr. Amma
yalnız bunlardımı onun qazancı? Heç
şübhəsiz ki, yox. Əslində,
ömrünü elmə, sənətinə həsr edən
insanlar tarixdə çox olub. Amma bu
adamların çoxu birtərəfli həyat sürüb.
Yəni özünü, şəxsi həyatını
kənara qoyub, zamanını yalnız sənətinə həsr
edib. Zemfira Səfərovanın qeyri-adiliyi
bütün bunları - həm şəxsi həyatını,
həm də sənətini birgə, bütöv
YAŞAMASIDIR. Mən yaşamaq
sözünü təsadüfən böyük hərflərlə
yazmıram. Çünki zamanını
keçirmək, vaxt öldürmək, illərini bada verməklə
sözün əsl mənasında yaşamaq xeyli fərqlənir.
Zemfira xanımın isə
"yaşayışı" çoxşaxəlidir.
Həm ailəsi, əzizləri, doğmaları, həm də
elmi araşdırmaları, kitabları, ictimai fəaliyyəti...
Bu isə hər Qadının yaşaya biləcəyi həyat
deyil...
Yanvar ayında yazıçı Anarla Zemfira
xanımın evliliyinin 55 illiyi tamam oldu. Ustad Anar
Zemfira xanım haqqında yazdığı məqaləsində
həyat yoldaşını həm çətin, həm də
xoşbəxt günlərinin rəfiqəsi adlandırır.
Zemfira xanım istər Anar haqqında məqalələrində,
istərsə də müsahibələrində belə
böyük istedad sahibi ilə bir damın altında
yaşamağın zövq, rahatlıq olduğunu qeyd edir.
Hələ musiqi məktəbindən bir sinifdə
oxuyan, sonralar da yolları ayrılmayan, ailə quran, övlad,
nəvə, nəticə sahibi olan bu iki ziyalını
bir-birindən ayrı təsəvvür etmək
mümkünsüzdü. Və doğrusu ayırd etmək
çətindir, kim kimə daha çox təsir
edib? Ədəbiyyatımızda ən fərqli xarakterli
qadın obrazlarının yaradıcısı olan Anar
gözünü açıb bu qadını görübsə...
Daha doğrusu, o məktəb partası arxasında
gördüyü uzun hörüklü qız onunla birgə,
gözünün önündə böyüyübsə...
Demək ki, o yaratdığı, yazdığı qeyri-adi
qadınların hər birində Zemfira xanımdan nə isə
var... Eyni zamanda, dərin intellekt sahibi olan, sənətə
baxışı ilə, analitik düşüncəsi ilə
heç kəsə bənzəməyən Anarın Zemfira
xanımı elmi araşdırmalarında ilhamlandırması
da şəksizdir... Bu mənada həyatda təsadüfi
heç nə yoxdur.
Bütün
bu sadaladığım və sadalamaqla bitməyən
uğurlar, nailiyyətlər yarımçıq olardı...
Əgər Tural və Günel olmasaydı! Zemfira
xanımın bioqrafik memuarından da bu fikir duyulur... İki istedadlı, bacarıqlı, cəmiyyət
üçün gərəkli övlad böyütmək sadə
məsələ deyil. Həm Tural Anaroğlu, həm də
Günel Anarqızı cəmiyyətdə özlərinin
bacarıqları, istedadları, yazdıqları əsərlər,
müəllifləri olduqları layihələrlə
tanınır, sevilirlər. Turalın uğurlu diplomatik fəaliyyətindən
başqa həm də maraqlı
bir yazıçı kimi, satirik hekayələr ustası kimi ədəbiyyatda
öz yerini tutması, Günelin isə müxtəlif dillərə
çevrilən hekayələri ilə, redaktə etdiyi dərgiləri
ilə, həmçinin müasir zamanla ayaqlaşan layihələri
ilə nüfuz, söz sahibi olması onlardan daha çox, Anar
müəllimin, Zemfira xanımın sevincidir.
Zemfira xanım "Ardı yaşanılır"
kitabında həmişə sevinci kədərlə,
qazancı itkiylə qoşa, yanaşı
yaşadığını yazır. Bu il həm nəticəsinin
dünyaya gəlməsi, həm də Akademiyanın həqiqi
üzvü seçilməsi ilə əlamətdardır. Bir
də yubiley... Arzum budur ki, bu böyük sevincləri kölgələyə
biləcək kədər, narahatlıq Zemfira xanımın
özünə, ailəsinə, əzizlərinə yaxın
düşməsin! Həm də axı elə
yazıçı Anarın da söylədiyi kimi...
Yaz
ötüb, yay bitsə də,
Payız - hələ qış deyil.
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.6-7.