İsa Muğanna, Həzrəti Mehdi və
Xızır Peyğəmbər...
Sabah İsa Muğannanın doğum günüdür
"Əgər
ki, həyatınızdan vaz keçilməz dedikləriniz
köç edir, "itki" kimi sandığınız
artırsa, bilin ki, Hicrətdəsiniz və gedən hər kəs
sizin tək Həqiqət olan Allaha qanadlanıb
uçmağınıza yük olan
ağırlıqlardır". (Dəniz Ərtən
"İşarət").
Haradan gəlib haraya köç etdiyimizi bilirikmi? Hicrət, köç,
hicran... Hicrət kəlməsi sevgili Peyğəmbərimizin
Məkkədən Mədinəyə köçünü
ifadə edən kəlmədir əslində. Hicran nəyin hicranıdır? Bu kəlməni
tam ağırlığı ilə ən yaxın əzizimizi
əbədi dünyaya yola salarkən daş olub sinəmizin
üstünə çökdüyündə hiss edirik. "Əbədi" həsrət keçir qarşımıza
və "Mən gəldim, oyan!" deyə əl
sallamağa başlayır bizə. Heç bitmir bu
duyğu, ömrü boyu kimlərəsə, nəyəsə
həsrət...
1996-cı
il... Mustafamızı yola
saldıq 24 yaşında. Bir neçə
gün sonra bir xəbər, bir bilgi umuduyla özümü
Hüsü Hacıyevdəki yazıçıların
binasında pilləkənləri qalxarkən bildim. O ana
qədər sadəcə bir tək sual dolaşırdı qəlbimdə:
"Niyə Mustafa, niyə mən yox, Mustafa?".
Qapını İsa əmi özü açdı və
qucaqlayaraq qulağıma pıçıldadı:
"Çatıbdı və geri gələcək"...
O zamanlar
mistik, ezoterik ədəbiyyatdan uzaq idim. Düzdür,
Puşkini, Bulqakovu oxumuşdum və əsərlərindəki
gizli mistik mənaları az-çox İsa əmi mənə
açıqlamışdı, amma əsl mistikaya yolçuluq
mənim üçün İsa Muğannanın
"İdeal" əsərindən başlamışdı.
Əslində, XIX yüzildən tendensiya olan ezoterik
bilgilər materialist dünyagörüşünə malik
SSRİ-də qadağan edilmiş, əlaltı tapılan
qısa məlumatlardan ibarət fantaziya ədəbiyyatından
başqa bir şey deyildi. "Quran" ancaq yas
mərasimlərində oxunan ölülərə aid bir kitab,
içərisindəki bəzən simvolik, bəzənsə
açıq dillə verilən informasiyalar bizə tamamilə
yad idi. Bu daha geniş mövzunun söhbətidir,
əlbəttə. Mən bu cür məlumatları
ancaq Muğannanın "İdeal" əsərində təsiri
altında qaldığım bilgilərlə müqayisə edərək
axtarışa çıxmışam. Son əldə
edilən bilgiyə əsaslanaraq kainatın sadəcə 25
faizinin materiya, geridə qalan 75 faizinin isə enerji
boşluğundan ibarət olduğunu öyrəndiyimdə
"İdeal" əsərində adıçəkilən
SafAğ elminin varlığına şübhə qalmadı.
Tam hər şey gün işığına
çıxdığında o 25 faiz də qalacaqmı, əmin
deyiləm!
"Hər hansı bir insan SafAğ elminin əsasını
mənimsəyibsə, OdƏr-həqiqət
işığı olursa, eyni zamanda ƏlEyə-Uca Ələ,
yəni ƏlAğa-"Əllah"a bağlanır. Budur məhəbbət,
baba!". Deməli, var olan hər şeyin
təməli məhəbbətdir, sevgidir, işıqdır,
geridə qalan isə bizi material dünyanın
işıltılarına alışdıran və aldadan
illüziya, ilğım... Hər kəs öz
"yalan"ını özü uydurur. Necə
düşünürsə gerçəkliyi də o
cürdür. Məhəbbətin Ağ işıqla
bağlantılı olması da təsadüfi deyil. Nuranilik, nur kəlmələri ruhumuzda sevgiylə
bağdaşlaşan kəlmələrdir.
"İdeal"dan sonra mənim həyatımda iz
buraxan ikinci kitab "Kriya" yoqasını Hindistandan
Amerikaya qədər yaymış bir hind yoqunun - Paramahansa
Yoqanandanın "Bir yoqun avtobioqrafiyası" adlı
kitabı oldu.
"İdeal"dan fərqli olaraq bu kitab müəllifin
şəxsi həyatında yaşadığı real təcrübələrə
əsaslanır. Yəni roman deyil.
Yoqananda kitabında yazır ki, insan təkamül edərək
ruhani varlığını ən ali üst səviyyəyə
qədər çatdırmaqla özünü material
varlıqdan çıxararaq fiziki olaraq da İşıqlı
varlığa çevirə bilər, yəni ölmədən.
Absurd kimi görünən ifadələrin altında yatan həqiqətlərin
elmi isbatı yoxdur, amma dini tarixdə İsa Peyğəmbərin,
12-ci imam Mehdinin də qeybə çəkilərək
"göylər"ə çıxdığı bilgiləri
məlumdur. Yəni bir yerlərdə
yazılmış və dillərə dastandır bu şəxslər.
"İdeal"
kitabından: "...birdən Səməd son dərəcə
anlaşılmaz bir aydınlıqla atasını Abı ilə
yanaşı gördü, o üşütmə içində
tir-tir əsdi. Eyni anda içərisində
qışqırtı titrədi: "Bu nədi, bu nədi?!". Bədbəxt hardan biləydi
ki, uzaq OdAğÜz BağOdƏr (Yupiter) planetindən
SafAğ işıq içində göndərilən bu
canlı insan qədər canlı şəkil tək-tək
adamlara nəsib bir xoşbəxtliyin başlanğıcı
idi. Görüntü tezcə yox oldu".
Burada Muğanna Səməd obrazının rəhmətə
getmiş atasını yuxuda deyil, canlı olaraq
gördüyünü qələmə alır.
İndi isə "Bir yoqun avtobioqrafiyası"
kitabına nəzər salaq. Yoqanandanın müəllimi
Şri Yukteşvar "Müqəddəs elm" adlı
kitabıyla məşhurlaşaraq, XX əsrin əvvəllərində
yaşamış bir hindli filosof alimdir.
Yazdığı kitabda elm dünyasına daha yeni məlum
olan bəzi astronomik ölçümlər çox cüzi
faiz fərqlə
göstərilmiş, kainat bilgilərinə aid əvəzolunmaz
kitablardan birisidir desək yanılmarıq. Şri Yukteşvar
dünyasını dəyişdikdən sonra onunla necə
yenidən qarşılaşdığını Yoqananda
kitabında belə təsvir edir: "19 iyun 1936-cı il tarixində saat 15-də Bombeydə otelimdə
çarpayımda oturarkən (Krişnanı canlı olaraq
gördüyümdən bir həftə sonra) meditasiyamdan
oyananda mübarək bir işığı hiss etdim. Gözlərimi açdım və bütün
otağın necə qəribə bir dünyaya - günəş
işığının ilahi bir parıltıya
çevrildiyini görüb təəccübləndim.
Ekstaz dalğaları məni bürüdü: Şri
Yukteşvarın fiziki təcəssümü peyda olmuşdu!".
Bunları oxuduqdan sonra belə hadisələrin bir
çox insanların başına gəldiyi haqda əsərlərə,
kitablara, sənədli filmlərə rastladım. Təsadüfi ola bilərdimi? Mən uzun
zamandır ki, həyatda nəyinsə təsadüfi
olduğuna inanmıram. İsa Muğanna kim
idi? Özünün də dediyi kimi, BağÜnEvƏrmi, yəni
"İşıq Evi"nin səsini
eşidən işıqlı İnsanmı? Mənim
üçün xüsusi missiyayla planetimizə gələn
ruhi Varlıq idi əmim. Bəlkə
də yaşının və həyat təcrübəsinin
onda buraxdığı ağrılı izlərinin təsiri
ilə dünyanı "fəth" edə bilmədi İsa
Muğanna... Yoqananda kimi tanına bilmədi məsələn.
Halbuki hər ikisinin yazdığı, demək
olar ki, eyni məsələlərdir. Birisi çox
böyük hörmətlə yüz ildir ki, Ustad kimi
tanınır, digərinin yazdığına isə hələ
də "xəstə uydurması" kimi baxanlar da var.
İsa Muğanna həqiqətən bu bilgiləri uyduraraq
yazammazdı. Bəs necə alırdı
onları? Qeybdən səs eşitmək, informasiya almaq
kimi bilgilər hər zaman vardı, amma elm dünyasında
buna ciddi yanaşılmayaraq beyin
çatışmazlığı kimi baxılsa da, rus
akademiki, professor, psixologiya və tibb elmləri doktoru Valentina
Mironova verdiyi müsahibələrin birində bu hadisəni belə
izah edir: "İnsan verdiyi suallara daxilində necə cavab
tapır və ya necə informasiya alır? Bu,
haradansa eşitdiyi səslər deyil əslində. Bu, şüurun enerjisidir. Şüur
Yüksək Mənlə ünsiyyətə girdiyində onu səslər
şəklində qavrayır insan. Səs
gəldiyi illüziyasına qapılır. Amma bu "səs"lərin
aşağı (dinimizdə
cinlərdən, məsələn) dünyalardan gəldiyini də
heç kim təkzib edəmməz". İsa
Muğanna səsi planetimizin sahibi kimi bildiyi İsa peyğəmbərdən
- EySardan eşitdiyini söyləyirdi, Yoqananda isə bilgiləri
hind mistik dünyasının avatarlarından biri Himalay
dağlarında yaşayan ölümsüz yoq Mahavatar Babacidən
aldığını yazırdı. Bu şəxsin bəzilərinə
görə islam dünyasının Xızır Peyğəmbər
kimi tanıdığı, hələ də missiyasını
davam etdirən bir şəxs olduğunu söyləyən də
var. Yeri gəlmişkən, "İdeal" romanında da
Xızır adlı obraz var.
Yaşadığımız
dünyanın kainatda
insan ruhunun (başqa canlı varlıqlar
üçün də keçərlidir) təkamülə
uğradığı keçid dünyasının
olduğunu təkcə Yoqananda və Muğanna demirlər,
sufizm, Uzaq Şərq ruhani inancları da bu haqda ətraflı
məlumat verir. XX əsrdə amerikalı filosof
və psixoloq Reymond Moudinin araşdırmaları isə
Muğannanın yazdıqları ilə üst-üstə
düşür. İnsanın
ölümlü bir varlıq olmayıb, əbədi
yaşayan ruhi varlıq olduğuna aid dəlil-sübutlarla
toplanmış "Həyatdan sonra həyat" adlı
kitabını oxumağa dəyər.
"Niyə mən yox, Mustafa?" sualına cavab isə
daha yeni açılmağa başlayır mənimçün. Bu cavabın ən gözəl
ifadəsini isə 25 yaşında dünyasını dəyişmiş
gənc alim Əbil Əbilovun "Sevda türküsü"
kitabına şərqşünas alim Vasim Məmmədəliyev
yazdığı ön sözdə bir neçə cümlə
ilə qələmə alıb: "Ölüm haqdır və
hamı bu şərbəti içəcəkdir. Hərənin öz vaxtı var ki, onu ancaq Allah bilir.
Lakin bir həqiqətdir ki, Allah sevib-seçdiyi
bəndələrini özünə daha tez qovuşdurur,
çünki uca Tanrı da kamil insanları çox sevir,
onlar ücün darıxır və həmsöhbət olmaq
üçün onları öz dərgahına dəvət
edir. Necə deyərlər:
Kuyi
canandan nəhayət gəldi bir dəvət sənə
Məlum oldu vəslə yetməkçün
çatıb növbət sənə".
Bu dünyanın ruhlarımız üçün
mükəmməl bir keçid dünyalarından biri
olduğunun fərqinə varıram. Çünki haradan gəldiyimizi,
hansı dünyalardan gəlib haralara gedəcəyimizi bilməyən
varlıqlarıq. İnsan "unudan"
deməkdir. Amma "ruhu olan bədən
deyil, bədəni olan ruhlarıq" kimi düşünsək
bəlkə daha düzgün olardı. Təməl
olaraq isə Allahdan gəlib Allaha geri dönəcəyimiz kəsindir.
Bəlkə həsrət deyə hiss etdiyimiz elə Allahın
özünədir?!. Hicrətdəyik...
"Eheeey,
oyan dağlar!
Nə
yatmısan, oyan, dağlar!
Bu
yanın zülmətxanadı,
Necədi
o yan, dağlar?!".
Afaq Muğanna (Aras)
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.9.