İllərin ardında öldürdüm
səni,
bu gün torpaqlara gömürəm,
qağam.
bu qəhbə dünyanın çıxacağında
üryan olduğunu
görürəm, qağam.
İllərin ardında, hərəmə
doğru,
beşiyin yürüyür
ölümə doğru,
sən yalan oldun ha, bu dünya
doğru,
demirdin hər şeyi bilirəm, qağam?
Ömür yağmalanır, can talan
olur,
bu dərd nə çəkilir, nə bir yan
olur,
can candan olunca haqq
əyan olur,
mən də bu fitvaya gedirəm,
qağam.
***
Gəl kirmiş, fağır könlüm,
halındımı, dəmindimi?
Allah, Məhəmməd yolunda
yağmanan yurd sənindimi?
Qara dərviş düşüb
kənd-kənd,
nələr oxumur sinəbənd,
üzütüpürcəkli həpənd
yenə həmin-həmindimi?
Di haydı, fərman verilir,
Mizan-tərəzi qurulur.
təqsirlər üzə
deyilir,
birdimi, beşdimi, mindimi?
Mirsədi Mirlərə
Hər şey öz çevrəsində fağır,
göy qübbəsi,
yer üzü,
can mücrüsü,
it əl-ayağı yemiş
kimi rüzgar,
çevrələrə hökm
və fərman daşıyır.
Hər şey öz çevrəsində qısır,
ölüm hər şeyi birləşdirir, budur -
payız budaqdan üzülən yarpaq kimi,
insan da öz kölgəsinə qovuşur.
Hər kəs öz çevrəsində qoçaq,
hər şey öz çevrəsində
fağır,
göz yaşlarıyla
maddiləşir yalnızlıq,
hər şey öz çevrəsinə
qısılır.
Haçan ki, yer göylə birləşəcək,
min səbəb olacaq bir ucuz ölümə,
tox toxundan öləcək,
ac acından,
İt yalnız
itin günündə
öləcək.
İndi
də axar su misalı
əcəmi,
bir qədər nəşəli,
havalı bir az,
yürürkən əl havası,
ay qarası,
kor atın belində, baxta şah Abbas.
Hənüz başdadır tarix,
yenə başda:
Allahın ən fağır
bəndəsi - su,
Səni
çovdarlıqda qoruyan
tək nəsnə:
Günəşin qiyamı,
səcdəsi,
rukusu.
bəlli, dünəndən
möhürlüdür indi,
dünyanın dəngəsi
çoxdan pozulub.
çoxdan olmuşlar
hələ olacaqlar,
onunçün yuxular tərsinə yozulur.
Yer əcəmi,
insan qərib,
söz qərib,
bəlli, bilinməyən
bir yer burası.
İnsandan, sözdən, ibadətdən
ötəri
kainat bir nöqtəyə hörüklənib.
Oysa, nəymiş bu bihudə çabalar,
kor baxtın izinə düşməkdən
yana,
darnan gorun arası, əlamanda,
yüz cür sifət cəmləşmiş
bir insanda -
Kimisiz-kimsənəsiz, yetim və öksüz,
zalım, qaniçən,
yolkəsən və xırsız,
yaltaq, yaramaz, laqeyd və abırsız,
suru yeriyən, suru düşmüş, yolsuz...
Qərəz ki, çör-çöpə,
çır-çırpıya yüklü,
elə bir ucdan daşlanır bir-bir...
bulanıq suya suyulmaq nə deməksə,
insandan baş açmaq da o deməkdi.
***
Bir ömür yetərmola,
yahu kim söylər ona,
ələyi ələnmişdən
bizim ulusa kimi,
yolların yedəyində
pələsəng olmuş
hərif,
xam atın quyruğuna bağlanmış
tərsa kimi.
Allah saxlamaz olsa, ha de "Allah saxlasın",
vecsiz qara gününə bir damcı "ah" saxlasın,
zalım min bir tədbirnən sağ,
sol, cinah saxlasın,
Musa ilan gəzdirir
əlində əsa kimi.
Dedik deməmiş olaq,
bizləri eşidən
kim,
yeddi yolun ayrıcı baxtına ilişən kim,
rəng alıb rəng verən kim,
haldan hala düşən kim
yasdan düyünə
kimi, düyündən
yasa kimi.
***
Yenə
də heç şey oxuya bilmirsən, gördün ki,
axşamın birrəngli,
birmənalı üzündən
və kirimişcə
(hətta bir qədər mütiliklə
deyərdim),
cismini yatağına uzadırsan -
(onsuz da
bu ömrü yaşayıb
tükətmək mümkün
deyil,
başına belə sovursan).
Fikirləşirsən ki, nolar, ölümlük ha deyil,
axı sən heç kəsə yenilməmisən,
sadəcə yorulmusan,
uzanırsan, çarpayının
baş tərəfi qəbir daşı kimi
üstündə dikəlir
və bu mənzərə yeni bir koordinat əmələ
gətirir.
Bir azdan gözlərin qapanır,
qulaqların eşitməkdən
qalır,
bir canlı kimi bütün imtiyazların alınır,
və yox edilirsən dünyadan ansızın,
Yox və Var arasında
aralıq atı kimi
(səndən nəm - nişan adına)
yalnızca nəfəsin
qalır.
Səhər-səhər obaşdan göz qapaqlarını
aralayır mələklər:
ölümün ertələndi,
dur!
və budur, dünən sənin qeyb olduğun yerdən
bir başqası durur...
***
Dost ordusumu, düşmanmı
-
hər baxdığın
yerdə
bozqırlara səpələnmiş
intəhasızlıq,
eynən bir çocuq misalı ölümsüz,
çocuq dilimin ucundakı söz misalı.
Söz bir arı misalı - gen dünyaya
inad,
bircə yol sancmağı üstlər
yaşamaqdan.
Azmı
duyduq bu öfkəli vızıltıları
arı yeşiyi misalı açılan hər kitabdan.
Kitabsa...
evi tikilsin kitabın,
neçə adla, ayamayla çağırılarmış.
nəymiş kitab -
qoca şəhvət
zor gələndə,
gözlərdən oğurlanıb
üzünü köçürtdüyün
yüngül əxlaqlı
qadın...
***
Bu, cənnətdə candan bezmək kimidir,
hər şey öz həddinə doyar, tökülər,
qarşı yatan qara dağın binası
axşam-axşam quzulayar,
tökülər.
Uğraşınca qılınc qalxan
üstünə,
ömür adlı
möhlət başa varınca,
qara ilan yuvasına dolunca,
şahin-şonqar izi bular, tökülər.
Dəlmədeşik,
paramparça,
çilməçilik,
ötələrdən varaqlanan
gündəlik,
illər ili yürdük, könül
bəslədik,
gör nə təhər çatdar, sınar, tökülər.
***
Qəflə-qatırına hay vuruldumu,
nə davran, nə dalan, nə cinas eylə,
bir şəhər
verilsin sultan könlünə,
endir Allahından, iltimas eylə.
Bu Haqqın divanı, bu da tufanı,
hul gedir gələnlər dəli-tərsinə,
yalvarıb Allahdan aldığım canı,
verdim bu çöllüyün haramisinə,
Ağlaya-ağlaya öldü Tamaşa,
oxşadım, kiritdim,
olmadı, lələ,
Gözəgörünməzin özündən
haşa
hansı gül açdı da solmadı, lələ...
Orxan Vəliyə
Doğum
ili 1970.
atası...
anası...
nə qardaşı var, nə bacısı
orta məktəbi
1988-də bitirmiş.
Getmək
varkən durub-durmağa
nə hacət,
18 yaşında evi tərk edib getmiş
(hankı səmtə,
hankı yana - Allah bilir),
Qırmızı Vəli derlərmiş
adına -
hər kəsin haqqında üzünə
deyirmiş.
Ardı-sıra gələnə-gedənə, ötənə
atası şəklini
göstərirmiş
anası həftədə,
on gündə bir,
onun evdəki paltarlarını
yuyurmuş, sərirmiş...
Öldüyü il 1995,
hər kəsin başına gələcək
bir iş,
1995-in qışında
Rusiyanın hansı vilayətindəsə
vurub öldürüblərmiş...
***
Bu hər üzü bəlli dünyada,
dünyada, dün...
usandım açıq
qapılara təpilməkdən.
nə gördün,
hey, qara öfkə mənə ulaşan?
Gedib də geriyə dönməyəcəyim günün
sağlığına içmək
istəyirəm bu axşam.
Gəl,
sevdiciyim dost,
bəs hal bu, qəziyyə bu,
qeyb olmuş birdən-birə,
heç olmamış
kimi,
ikram qəbilindən
endirilmiş o xüsus.
Buyur, oysa, bu mən,
bu yeyib-içəcəklər,
könül süfrəsi
deyil əlbət, deyil əfsus,
...Bu qara-qışa qənim tumurcuq alayı,
ağacın dalları
səpmiş üzdən
dolayı.
Tumurcuq kimisən sən də,
hələlik tən içrə tənsən.
don vurmasa,
ya sərçələr
dimdikləməsə,
xəyallar necə
şəkillənir, görəcəksən...
***
"Ey Nur daşı,
daşların sevgilisi,
sən sən ol,
ol kafirin niyyətini dayandır"
Kamal
Abdulla
...Yerdən yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş,
elə bir yurd, elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış.
Bilinməzin bitməyən şövqü,
işbu,
bir yol öcəşmiş çölünə-düzünə.
elə bir sevgili ki, ürəyi
daş
elə bir dost ki, daş yamanmış
üzünə.
Harda pir,
harda niyyət,
harda Əhlət!
Yolçu istəməsə də
yol gözləməz
-
qədərilə baş-başa
qalmış yolun
ən sadiq yolçusu daşdır əlbət.
Yerdən-yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş.
elə bir yurd,
elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış...
***
Yanlarını basa-basa
bir araba da keçdi ömrümdən
bir misir eşşəyinin yedəyində.
sənin gözəlliyin,
yahu,
arabanın ləngərinə
bulaşdı.
Bəbək arzumanı, çocuq
dərdlisi,
yer hay, məlum, dərdlisi, broy.
iblisin qanlısı, xudaya - tərəf
Xudaya broy, broy!
büründü, büküldü
nimdaş kəfənə,
yer hay, məlum, dərdlisi, broy,
üz qoydu peşiman üqbaya tərəf.
üqbaya, broy, broy!
Göylərə uçmaq iddiasilə
bir ölü də soxuldu torpağa,
ancaq bununla da tamamlanmadı
bir damcı bulanıq suyun tarixçəsi.
qoca qurdun yırtıq-yamaq səsi
aşağı kolluqlara
ilişib qaldı,
Amma, yol güdənlər, bərə pusanlar,
yer hay, məlum, pusanlar, broy,
Tanrı
tanımazlar, laf anlamazlar,
laf broy, broy!
kimlər ölümünə
pənah aparır,
yer hay, məlum, heç anlamazlar,
ölsə ölüsünü
urvatlamazlar,
qal, broy, broy!
Etimad BAŞKEÇİD
Ədəbiyyat qəzeti.- 2022.-
11 iyun.- S.8.